Mingəçevir futbolunun qızıl səhifəsi

0
352

SSRİ-nin gənclərdən ibarət yığma komandasına qalib gəlmiş Mingəçevir komandası (sağdan-sola): qapıçı E. Podlaboşnikov, müdafiəçilər V. Martirosov, A. Sirulnik, yarımmüdafiəçilər R. Şəmilov, G. Qəhrəmanov, müdafiəçi B. Mustafayev, hücümçular Ş. Əhmədli, R. Şəmilov, R. Kamalov, yarımmüdafiəçi T.Nəbiyev .
Ötən əsrin 60-cı illərinin ortaları idi. Mingəçevir özünün inkişaf dövrünü yaşayırdı. Yeni-yeni sənaye müəssisələri, sosial-mədəni obyektlər tikilib isifadəyə verilir, park və xiyabanlar salınırdı. Öz təmizliyi ilə seçilən şəhərimiz ilbəil libasını dəyişir, adambaşına düşən yaşıllığa görə nəinki respublika, hətta keçmiş ittifaq göstəriciləri üzrə öncül yerləri tuturdu. Cəmi 50 min əhalisi olan şəhərdə 30-dan çox millət və xalqın nümayəndəsi yaşayırdı. Mingəçevir dəryaçası sahilində fəaliyyət göstərən turist bazası qısa bir zamanda əlverişli istirahət məkanı kimi ölkə daxilindən kənarda da tanınmağa başlamışdı. Onun ətrafında salınmış şəhər çimərliyinin isə regionda bərabəri yox idi.
Şəhərdə yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün həftənin 3 günü teatr binasının arxasındakı meydançada rəqs axşamları təşkil edilir, idman və bədən tərbiyəsinə xüsusi diqqət yetirilirdi. O illərdə Mingəçevirdə xüsusilə sərbəst güləş, voleybol (kişilər və qadınlar), basketbol, motobol (respublika çempionu olmuşlar), stolüstü tennis, şahmat, yüngül atletkanın ayrı-ayrı növləri və futbol kifayət qədər inkişaf etmişdi. Bu idman növləri üzrə mingəçevirli gənclər respublika yarışlarında uğurlu nəticələr əldə edirdilər. Bütün müəssisələrin şəhər birinciliklərində, və spartakiadalarda iştirak etməsi vacib sayılırdı. Hansı müəssisənin ki, rəhbəri özü bilavasitə idmanı sevirdi, orada işlər daha yaxşı qurulmuşdu. Şəhərin bir sıra müəssisə rəhbərləri, ələlxüsus “Azərkabel”, “Azərelektroizolyasiya”, “Azyolmaş” zavodlarının rəhbərləri Nikolay Suprin, Çingiz Ağayev və Nazim Əliyev belə rəhbərlərdən idilər. “Azərkabel”, “Azərelektroizolyasiya” zavodlarında güclü futbol komandaları yaradılmışdı. Şəhər birinciliklərində bu zavodların komandaları əsasən finalda qarşılaşardılar. Odur ki, başda direktorlar olmaqla, stadionun bir tribunasında “Azərkabel”, qarşı tribunada isə “Azərelektroizolyasiya” zavodlarının kollektivləri əyləşər və çox çılğın azarkeşlik edərdilər. Elə şəhər yığma komandasının heyətini də əsasən bu komandaların oyunçuları təşkil edirdilər. Onda mənim 17 yaşım vardı, oyunumu çox bəyənən N. Suprinin dəvətilə “Azərkabel”də oyanırdım. Həm futbol, həmdə voleybol üzrə şəhər yığmasının tərkibində idim.
Futbolla bağlı
küçə vardı
Yeri gəlmişkən, onu da qeyd edim ki, o vaxtlar hər məhəllənin öz futbol meydançası və komandası vardı ki, onların arasında keçirilən şəhər birincilikləri əsl futbol bayramına çevrilərdi. Bəzən düşünürəm ki, bu şəhərin əsasını qoyanların da futbola böyük sevgisi olub. Belə ki, Mingəçevir bəlkə də dünyada barmaqla sayılacaq şəhərlərdəndir ki, burada futbolun adı verilmiş küçə vardı. Stadiona gedən küçə (hazırda Şəhriyar küçəsi) “Fütbolnaya” adlanırdı. Zənnimcə belə küçələrin adlarının dəyişdirilməsinə lüzum yox idi. Şəhərin bütün tanınmış futbolçuları bu məhəllə futbolunun “məhsulları” idilər.
Məşqlərə Baba Mustafayev rəhbərlik edirdi
Əlbəttə, uşaq və yeniyetmə futbolunun vüsət alması, kiçik bir şəhərin “Ulduz” komandasının keçmiş SSRİ kimi nəhəng bir ittifaqın şəhərləri sırasında bir dəfə gümüş, iki dəfə bürünc medal qazanmasında neçə-neçə usta futbolçunun, o cümlədən “Neftiyanik” (Bakı), “Cernomorets” (Odessa), “Dinamo”(Kiyev) və SSRİ yığma komandasının qapısnı qorumuş Yuri Romenskini yetişdirmiş, cəmi 29 yaşında “Əməkdar məşqçi” adına layiq görülmüş, idman ustası Baba Xanlar oğlu Mustafayevin heç vaxt unudulmuyacaq əməyi vardır. Və bu gün yazıma belə geniş giriş verməyim də 51 il əvvəl baş vermiş bir idman hadisəsinin hec də təsadüfü olmadığını catdırmaq istəyimdən qaynaqlanır.
1965-ci ilin may ayı qədəm qoymuşdu. Şəhərin allı-yaşıllı, güllü-çiçəkli vaxtı idi. Çiçəkləmiş yasəmən ağaclarının ətri, həmişəyaşıl zeytun, Eldar şamı, küknar ağacları şəhərə xüsusi gözəllik, əhval-rühiyyə verirdi. Artıq şəhərin idman ictimayyətinə məlum idi ki, sovet futbolunun təbliği, habelə 1966-cı ildə İngiltərədə keçiriləcək Dünya birinciliyinə hazırlıq məqsədilə SSRİ-nin gənclərdən ibarət yığma futbol komandası Zaqafqaziya respublikalarına yoldaşlıq görüşləri keçirməyə gələcəklər. Odur ki, şəhər yığma komandasının heyətində olan futbolçular bütün işlərdən azad olunaraq məşqlərə cəlb olunmuşdular. Məşqlərə Penza şəhərində əsgəri xidməti zamanı və sonra çıxış etdiyi ustalardan ibarət komandasından ayrılaraq doğma Mingəçevirinə qayıtmış Baba Mustafayev rəhbərlik edirdi.
Nəhayət, gözlənilən gün gəlib çatdı. 5 minlik şəhər stadionuna 7-8 min futbolsevər gəlmişdi. Hətta ağacların qol-budaqları da uşaqlarla dolu idi. Bu futbol bayramına ətraf rayon və kəndlərdən də gəlmiş tamaşaçılar vardı.
Mingəçevirdən əvvəl qonaqlar Bakıda olmuş və “Neftyanik” komandasının əvəzedici heyəti ilə heç-heçə (2:2) oynamış, Kirovabadın “Dinamo” komandasına 3:2 hesabı ilə qalib gəlmişdilər. Oyundan bir gün əvvəl bizimlə görüşən şəhər rəsmisi C. Ağayev qonaqlara qarşı diqqətli olmağı, komandanın gələn il Dünya birinciliyində çıxış edəcəyini və bu oyunun sadəcə yoldaşlıq görüşü olduğunu nəzərimizə çatdırdı.
Qonaqların heyətində sonralar SSRİ-nin olimpiya və əsas yığma komandasında oynayacaq qapıçı Yuriy Dekteryov, müdafiəçi Murtaz Xurtsilava, hücumçular Vladimir Rudenko, Revaz Şengeliya, Vladimir Suslaparov, Vladimir Plipcuk və başqaları çıxış edirdilər.
Bizim komandamız da beynəlmiləl idi. Belə ki, komandanın kapitanı Mixail Kulaçenko ukraynalı, Yevgeni Podlaboşnikov, Nikolay Rikutinrus, Anatoliy Sirulnik belarus, Gilyan Qəhrəmanov ləzgi idi. Komandada başqa millətlərin nümayəndələri də vardı.
Oyunu Bakıdan gəlmiş hakimlər idarə edirdi, yan xətt hakimlərindən biri mingəçevirli, respublika dərəcəli hakim Adil Sultanov idi. Oyun çox sürətlə başladı. Qonaqlar olduqca texnikalı oyun nümayiş etdirirdilər. Açığı onların futbol köynəyində yazılmış “SSRİ” sözü, şəhər rəsmisinin ciddi tapşırıqları və nəhayət, bu gənc ulduzların bir il sonra Dünya çempionatında çıxış edəcəkləri, hamımızı ehtiyatlı oynamağa sövq edirdi. Oyunun 1-ci hissəsində qapıçımız E. Podlaboşnikovun fədakar oyunu bizi azı üç real qoldan xilas etdi. Bizim hücumçular da iki dəfə əlverişli vəziyyətdən yararlana bilmədilər.
Şahin Əhmədli elə bu oyunda da şahin idi
Fasilə zamanı Baba müəllim heç kimi soyunub-geyinmə otağına buraxmamağı tapşırdı və bizi ruhlandıraraq: “Siz onlardan heç də pis oynamadınız, ancaq nədənsə çox ehtiyat edirsiniz. Cəsarətli oynayın, amma kobudluğa yol verməyin. Kənardan baxanda elə mənzərə yaranır ki, siz qonaq, onlar ev sahibidirlər. Heç nə sizi çəkindirməsin, sərbəst oynayın. Bir şeyi nəzərə alın ki, tanışlar, doğmalar sizin oynunuza baxmağa gəliblər, onları məyus etməyin. Siz bu oyunu udmalısınız, vəssalam!”- dedi. Və heyətdə bəzi dəyişikliklər etdi.
Beləliklə, komandamız görüşün 2-ci yarısına dörd hücumçu ilə başladı. Artıq birinci hissədəki komandadan əsər-əlamət qalmamışdı. E. Söhrabovun driblinqləri, N. Rikutinin sürətli hücumları qonaqları çaş-baş salmışdı. Şahin Əhmədli bu oyunda da şahin idi, Mingəçevir futbolunun heç vaxt unudulmaycaq Şahini! Tahir Nəbiyev və Ramiz Şəmilov texnikalı oyun nümayış etdirir, müdafiədə təcrübəli M. Kulaçenko, A. Sirulnik cəsarətli oyun nümayiş etdirirdilər. Mən müdafiədə 4 nömrə ilə, sonralar Donetskin “Şaxtyor” komandasının kapitanı olmuş V. Plipçuka qarşı çıxış edirdim. Açığı bəzi oyunçularımız kimi məndə də “publikaya” oynamaq həvəsi vardı. Mənim hər “nojnitsa” (qayçı) zərbəm, qarşıdan gələn topu hücümçunun çiyni üzərindən atılaraq, başla vurmağım adətən tribunalardakı azarkeşlərimin sürəkli alqışlarına hesablanırdı.
Artıq oyun sona yaxınlaşırdı və 88-ci dəqiqədə, görüşün başa çatmasına cəmi 2 dəqiqə qalmış Şahin Əhmədlinin cinahdan ötürdüyü topu M. Xurtsilava başı ilə geri qaytarmağa cəhd etsə də, topa çata bilmədi və bu an qonaqların cərimə meydançasına daxil olan Rafiq Kamalov əlverişli vəziyyətdə topu qapıdan keçirdi. Beləliklə, Mingəçevir – SSRİ yoldaşlıq görüşü 1:0 hesabı ilə bizim xeyrimizə başa çatdı.
Mən əminliklə deyərdim ki, ötən 51 ildə şəhər stadionunda çox sayda müxtəlif səpkili tədbirlər, idman yarışları olub, ancaq tamaşaçıların bu sayaq coşqusuna heç vaxt rast gəlinməyib. Bu möhtəşəm qələbədən sonra şəhər əhli bizə qəhrəmanlar kimi baxırdı. Bütün oyunçulara iş yerlərindən pul mükafatları verildi. Oyundan bir gün sonra şəhərdə o vaxtlar yeganə olan restoranın banket zalında (hazırda, “Mingəçevir” qəzeti redaksiyası yerləşir) bizə ziyafət təşkil edildi və ünvanımıza xoş sözlər söylənildi.
Sözardı
Növbəti 1966-ci ilin aprel ayında Mingəçevirdə SSRİ birinciliyinin “B” qrupunda çıxış edəcək “Toxucu” futbol komandası yaradıldı. Komandanın heyətini formalaşdırmaq üçün kənar və yerli futbolçular dəvət olundu və seçim görüşləri təşkil edildi. Toplantıya o vaxtlar “Neftyanik” komandasının əvəzedici, arabir isə əsas heyətdə də uğurla çıxış edən və yetərincə texnikalı bir oyunçu, idman ustaları Yusif Allahverdiyev və Baba Mustafayev rəhbərlik edirdilər. Qeyri-təvəzökar səslənsə də, bu toplantıya, yerli futbolçulardan əsas namizədlərdən biri kimi mən də dəvət almışdım. Çox təəssüf ki, seçim görüşlərinin birində sol dizimdən ciddi zədə aldım və bununla da mənim böyük futboldakı gələcək karyerama son qoyuldu.
Hərbi xidmətdə olarkən müalicə olunub Qazaxıstanda – Türküstan hərbi dairəsinin birinciliyində çıxış edirdim. Oyunların biri zamanı ikinci dəfə zədə aldım və ordu sıralarından qayıtdıqdan sonra doğma şəhərimin ustalardan ibarət komandasında oynamaq mənə nəsib olmadı.
… İllər bir-birini əvəz edir. Hamımızın kirayəşini olduğumuz bu gəlimli-gedimli dünya isə öz işindədir. Çox kədərlidir ki, bu qələbənin təminatçılarının bir çoxu artıq dünyasını dəyişib. Hamısına Ulu Tanrıdan rəhmət diləyirəm! Hazırda bu komandadan və bu tarixi görüşü xatirələrində yaşadan cəmi 3 nəfər qalıb. Fəxr edirəm ki, Mingəçevir futbolunun bu möhtəşəm qələbəsinin iştirakçısı olmuşam.
Bayram Mustafa, idman, turizm və dövlət qulluğu veteranı