Generalın öldürülməsinin üstü niyə açılmadı?

0
208

Əziz Mustafa
Onun adı bir vaxtlar Rusiyanın ali dairələrində ən istedadlı, özünü korrupsiyaya bulaşdırmamış, təmiz və vicdanlı generallardan biri kimi çəkilirdi. O həmin dövrdə Kremldə Müdafiə naziri vəzifəsinə əsas namizədlərdən biri idi. Onun simasında hətta Rusiyanın yeni Suvorovunu görənlər də az deyildi. Həqiqətən də, o, istedadlı, eyni zamanda vicdanını heç nəyə satmayan və həmişə həqiqətin tərəfində dayanan bir general idi. Amma o, ölkəni idarə edənlərin bəzi siyasəti ilə razılaşmır və bunu Rusiyanın dövlətçilik maraqlarına vurulan ən böyük zərbə olduğunu cəsarətlə bəyan edirdi. O, bütün bunların bir nəticə vermədiyini görəndə istefaya çıxaraq siyasətə qoşuldu və Dövlət Dumasının deputatı seçildi. Bununla da o özü də bilmədən onu faciəli bir ölümə aparacaq həyat yolu seçmiş oldu. Dəfələrlə təhdidlərə, təzyiqlərə məruz qalsa da, cəsarətlə Yeltsin və ətrafındakıların Rusiyanın Qafqazda yeritdiyi yanlış, ermənipərəst siyasəti cəsarətlə pislədi və bunun əleyhinə çıxdı. 1994-1996-cı illərdə Rusiya tərəfindən Ermənistana 1 milyard dollarlıq silahla bağlı günahkarların məhkəməyə cəlb edilməsini və onların cəzalandırılmasını istədi. Bununla da özünə çoxlu düşmənlər qazandı və günlərin birində müəmmalı şəkildə onun həyatına son qoydular…
Müəmmalı qətl və məhkəmə “oyunu”
1998-ci il, iyul ayının 3-də general Lev Roxlin Naro-Fominsk rayonunun Klokovo kəndindəki bağ evində qətlə yetirildi. Dərhal istintaq başladı və şübhəli qismində generalın həyat yoldaşı Tamara saxlanıldı. Ertəsi gün qısa sorğu-sualdan sonra Tamara ərini qətlə yetirdiyini etiraf etdi. Tamara Roxlina həbsə alındı, ancaq bir müddət sonra Tamara Roxlina istintaqa verdiyi ifadəni danaraq ərini öldürmədiyini iddia etməyə başladı. Bundan sonra istintaq orqanları Tamara Roxlinanın psixi cəhətdən normal və ya anormal olmasını müəyyən etmək üçün bu sahə üzrə ixtisaslaşan Serbski adına Məhkəmə Psixiatriya İnstitutuna göndərdilər. İnstitutda isə generalın həyat yoldaşının anlaqlı, psixi cəhətdən sağlam olduğunu bildirdilər. Beləliklə, “istintaq” zamanı Tamara Roxlinanın “günahı” sübuta yetirildi. 1999-cu il mart ayının 19-da Rusiya Baş Prokurorluğu generalın ölümü ilə bağlı istintaq işini başa çatdıraraq, Tamara Roxlinaya qarşı ittihamnamə ilə çıxış etdi. İttihamnamədə Roxlinanın günahı tam şəkildə sübuta “yetirilmiş” və o, qəsdən adam öldürməkdə ( Rusiya Federasiyası Cinayət Kodeksinin 105-ci maddəsinin 2-ci bəndi) günahlandırılmışdı. Roxlina “etiraf” etmişdi ki, ərini öldürməsinə səbəb ona qarşı olan nifrəti olub. Baş verən cinayətin ağırlığını nəzərə alaraq, bu əsasda da Roxlinanın həbs müddəti, əvvəlcə, 1999-cu il iyul ayının 3-nə kimi uzadıldı. 1999-cu il oktyabr ayının 18-də Baş Prokurorluq bu müddəti 2000-ci il yanvar ayının 3-nə kimi uzatdı. 1999-cu il dekabr ayının 30-da Rusiya Baş prokuroru Moskvadan kənara çıxmamaq şərti ilə Roxlinanı həbsdən azad etdi. Bu, çoxları üçün gözlənilməz oldu. Çünki dəhşətli şəkildə qətlə yetirilən general sağlığında kifayət qədər yüksək vəzifələr tuturdu. Üstəlik, bu qətl xüsusi amansızlıqla həyata keçirilmişdi. Həbsdən azad edildikdən sonra Tamara Roxlina yenidən açıqlama verərək bildirdi ki, o, ərini öldürməyib və bu işi zorla onun boynuna qoyublar. 2000-ci il, noyabr ayının 16-da Naro-Fominsk Rayon Məhkəməsi Roxlinanı ərini, general və Dövlət Dumasının deputatı Lev Roxlini öldürməkdə təqsirli bildi və onu 8 il müddətinə azadlıqdan məhrum etdi. Amma Roxlinanın vəkilləri məhkəmə qərarından narazı qalaraq işə yenidən baxılması üçün yuxarı orqanlara müraciət etdilər. Bununla əlaqədar 2000-ci il, dekabr ayının 21-də Moskva Vilayət Məhkəməsi işə yenidən baxdı və Rusiya Federasiyası Cinayət Kodeksinin 64-cü maddəsinə istinadən Roxlinanın cəza müddətini 8 ildən 4 ilə endirdi. Amma müttəhimin vəkilləri bu qərarla da razılaşmadılar. Onlar ərinin ölümündə Roxlinanın əli olmadığını iddia edərək, bu dəfə Rusiya Federasiyasi Ali Məhkəməsinə müraciət etdilər. Cinayət işini bir daha yenidən araşdıran Ali Məhkəmə isə, öz növbəsində, 2001- ci il iyun ayının 7-də işə baxaraq, Roxlina haqqında çıxarılan həbs cəzasını ləğv etdi və onu yenidən geriyə Naro-Fominsk Rayon Məhkəməsinə göndərdi. 2001-ci il dekabr ayının 3-də Naro-Fominsk Rayon Məhkəməsi işə yenidən baxmalı idi. Ancaq Roxlina xəstə olduğu üçün növbəti məhkəmə bir il sonra, 2002-ci il noyabr ayının 15-də keçirildi. Məhkəmədə Roxlina yenidən ərini öldürmədiyini və bu işi 3 nəfər maskalı şəxsin həyata keçirdiyini bildirdi. Bundan sonra məhkəmə Roxlinanı yenidən psixi ekspertizadan keçməyə yolladı. Yenə də Serbski adına Məhkəmə Psixiatriya İnstitutu müttəhimin ağlının başında olduğunu bildirdi. Məhkəmə isə məsələ ilə bağlı qəti qərar qəbul etməkdə çətinlik çəkərək işə baxılmasını yenidən təxirə saldı. 2003-cü il aprel ayının 22-də Roxlina üzərində yeni məhkəmə keçirildi. Amma məhkəmə gedişində Roxlinanın halı gözlənilmədən pisləşdi və onu təcili yardımla xəstəxanaya göndərməli oldular. Məhkəmə prosesi isə növbəti dəfə təxirə salındı. 2003-cü il oktyabr ayında Roxlina yeməkdən zəhərlənərək qospitala yerləşdirildi və uzun müddət burada müalicə olundu. 2004-cü il oktyabr ayının 25-də Naro-Fominsk Rayon Məhkəməsi generalın öldürülməsi ilə bağlı istintaq işini yenidən başlatmaq qərarına gəldi. Buna səbəb isə Rusiya Federasiyası Cinayət Kodeksinə edilən dəyişiklik oldu. Halbuki cinayət törədilən vaxt başqa qanun qüvvədə idi və məhkəmənin qanuna edilən yeni dəyişiklik əsasında baxmağa hüququ çatmırdı. Yaranmış vəziyyətdən istifadə edən Roxlinanın vəkilləri bu dafə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etdilər. Avropa İnsan Hüquqları məhkəməsi isə Roxlinanın işinə baxaraq, məhkəmə prosesində onun hüquqlarının pozulduğunu ( insan hüquqları üzrə Avropa Konvensiyasının 3-cü paraqrafı, maddə 5) bildirdi. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi işə baxılmasının 6 il davam etməsini İnsan Hüquqları üzrə Avropa konvensiyasının 1-ci maddəsinə zidd olduğunu bəyan etdi Məhkəmə Rusiya hökumətinə Roxlinaya ödəmək üçün 8000 avro cərimə kəsdi…

 

 

Roxlinin yaratdığı quruma həmin dövrdə kifayət qədər tanınmış hərbçilər, o cümlədən keçmiş Müdafiə naziri İqor Rodionov, keçmiş Hərbi Desant Qüvvələri komandanı Vladislav Açalov, Dövlət Təhlükəsizliyi Komitəsinin eks şefi Vladimir Kryuçkov və digər tanınmış simalar daxil idilər. Hərbi çevrilişə hazırlıq məqsədi ilə regionlara səfər edən Roxlin orada keçirdiyi görüşlərdə sərt bəyanatlar verirdi və o, bununla nəinki Yeltsin və ətrafındakıları, həm də komministləri və liberalları da qorxuya salmışdı.

Açalovun sözlərinə görə, əvvəlcə regionlara səfərlər zamanı dövlət çevrilişi məsələsi gündəmdə yox idi: “Biz regionlara səfərlər zamanı həm də hərbi qarnizonlarda olur, əsgər və zabitlərlə görüşürdük. Bu görüşlər zamanı on minlərlə insan bizi ayaqüstə alqışlayırdı. Mən onunla Kazanda və digər yerlərdə keçirilən görüşlərdə iştirak etmişəm. O, bu görüşlər zamanı hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirirdi və bu da xalq tərəfindən rəğbətlə qarşılanırdı. Biz həm də hərdən 5-6 nəfərlə birgə Roxlinlə onun bağ evində görüşürdük. Əvvəlcə, hərbi yolla hakimiyyəti ələ almaq məsələsi müzakirə edilmirdi. Amma sonra ölkədə başlayan iqtisadi böhran və tərəfdarlarımızın sayının gündən-günə artması nəticəsində özümüzü az qala qalib kimi hiss etməyə başladıq. Bunun ardınca isə ölkədə xaosa son qoymaq məqsədi ilə bəzi planlar ortaya çıxdı. Son nəticədə biz dövləti gözləyən təhlükədən xilas etmək üçün çıxış yolunu hərbi çevrilişdə gördük.

Roxlinin digər silahdaşı Batalovun sözlərinə görə, hərbi çevriliş baş verəcəyi halda, onlara Kremldəki mühafizə polkunun böyük hissəsi, Qara dəniz donanması, Ryazan Hərbi Desant Məktəbi, Taman və Qantemir diviziyaları yardım etməli idi. Bundan əlavə, xalqa müraciət edilməsi və əyalətlərdən on minlərlə insanın Moskvaya Roxlini dəstəyə gələcəyi planlaşdırılmışdı. Xarici ölkələr qismində isə əsas kömək Lukaşenkodan gəlməli idi. Amma artıq Yeltsin və ətrafındakılar Roxlinin hərbi çevriliş planından xəbər tutmuşduar. Ona görə də tələm-tələsik Roxlini müdafiə edən hərbi hissələri ölkənin ucqarlarına göndərdilər. Generala yaxın olan zabitləri isə müxtəlif bəhanələrlə işdən çıxarmağa başladılar. Batalovun sözlərinə görə, bütün bunlara baxmayaraq, Roxlin hərbi çevriliş planını həyata keçirməkdə israrlı idi. Lakin bu planı həyata keçirməyə ona imkan vermədilər… Bu işdə isə Yeltsinə həm də kommunistlər yardım etdilər.

Dövlət Dumasında ifşaedici çıxış

1997-ci il aprel ayının 2-də Lev Roxlin Dövlət Dumasının qapalı keçirilən iclasında Azərbaycan-Ermənistan münaqişəsində ermənilərin tərəfini tutan və bu məqsədlə 1992-1996-cı illərdə onlara 1 milyard dollarlıq silah verən Yeltsin administrasiyasını kəskin şəkildə tənqid etdi. O, qeyd etdi ki, Rusiyada həkimlərə və müəllimlərə maaş, təqaüdçülərə təqaüd verilməsinə pul tapılmadığı halda, Ermənistana 1 milyard dollarlıq silah hədiyyə edilməsi cinayətdir və bu, bölgədə Rusiyaya olan ümidləri daha da azaldaraq münaqişədə olan tərəflərdən digərini çıxış yolunu Qərbdə axtarmağa məcbur edəcək. Sonradan məlum oldu ki, Ermənistana bu silahlar Rusiyanın Vazianidəki ( Gürcüstan) və Gümrüdəki hərbi bazalarından, həmçinin Şimali Qafqazdakı hərbi qüvvələrindən verilib. Ermənistana 1 milyard dollar dəyərində silahı daşımaq üçünsə “Ruslan” və “İl-76” hərbi yük təyyarələrindən istifadə edilib. Ermənistana həmin dövrdə yalnız tanklar və adi artilleriya qurğuları deyil, həmçinin müasir hava hücumundan müdafiə sistemləri, o cümlədən operativ taktiki təyinatlı R-17 raketləri vermişdilər. Bununla əlaqədar general tərəfindən hazırlanan hesabatda göstərilirdi ki, Ermənistana hədiyyə edilən R-17 operativ-taktiki təyinatlı raketlərlə Bakı şəhərinin altını üstünə çevirmək olar. Roxlinin bununla bağlı Rusiya rəhbərliyini sərt tənqid atəşinə tutması və Ermənistana verilən 1 milyard dollarlıq silahla bağlı məsələ tezliklə mətbuata sızaraq böyük hay-küyə səbəb oldu. Azərbaycan bununla bağlı Rusiyaya etiraz edərək, məsələnin araşdırılmasını tələb etdi. Belə bir vəziyyətdə fakt qarşısında qalan Yeltsin və ətrafındakılar Azərbaycanın etirazını nəzərə alaraq, Ermənistana silah verilməsi ilə bağlı məsələni dırnaqarası araşdıran komissiya yaratdılar. Amma bu komissiyanın hər hansı nəticə verməyəcəyi öncədən aydın idi. Elə də oldu. Amma artıq Roxlinin Dövlət Dumasındakı ifşaedici çıxışı Kremli ona qarşı ciddi tədbirlər görmək üçün addımlar atmağa məcbur etməkdə idi. Bu çərçivədə də Yeltsin və ətrafındakılar, o cümlədən Ermənistan kəşfiyyatı Roxlini aradan götürmək qərarına gəldilər. Çünki Roxlin alınan və satılan generallardan deyildi. Üstəlik, o, hərbi çevriliş fikrinə düşmüşdü və belə bir şəraitdə ondan xilas olmağın ən yaxşı yolu onu aradan götürmək idi. Bu arada, 1997-ci ilin iyun ayında Roxlin hərbi hissələrə məktub yazaraq ordunun ağır vəziyyətdə olduğunu bildirdi. O, bunun günahının isə Prezident Boris Yeltsində olduğunu bildirdi. O, eyni zamanda orduda baş verən korrupsiyada Müdafiə Nazirliyinin yüksək səviyyəli məmurlarını günahlandırmışdı. Onun bu məktubu Rusiyanın ali dairələrində bomba kimi partlamışdı. Bundan sonra Yeltsin və ətrafındakılar Roxlini aradan qaldırmaq prosesini daha da sürətləndirmək qərarına gəldilər.

1998-ci il aprel ayının 7-də Roxlinin və Dövlət Dumasının Təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İlyuxinin təşəbbüsü ilə Rusiya Federasiyasının Beynəlxalq Haaqa Məhkəməsində impiçmentinin qaldırılmasına hazırlıq qərargahı yaradıldı. Qərargah rəisi vəzifəsinə isə A. Morozov təyin edildi. Amma buna imkan verilmədi. Roxlin müəmmalı şəkildə aradan qaldırıldı və bununla da Yeltsin və ətrafındakı ermənipərəst güclərə ondan gələn təhlükə aradan qaldırılmış oldu.

İlyuxin isə “ürək tutması”nın qurbanı oldu

Lev Roxlinin müəmmalı şəkildə öldürülməsindən sonra, onun tərəfindən yaradılan “Ordunun müdafiə sənayesinin və hərbi elmin inkişafına yardım” hərəkatına Viktor İlyuxin rəhbərlik etməyə başladı. İlyuxin də olduqca ədalətli, haqqı nahaqqa qurban verməyən, rüşvətxorlara qarşı amansız mübarizə aparan şəxs idi. Professional hüquqşünas olan İlyuxin uzun müddət SSRİ Prokurorluğunda işləmiş, ötən əsrin 80-ci illərinin sonlarında “qaynar nöqtə”lərdə, o cümlədən Dağlıq Qarabağda, Ermənistanda, Azərbaycanda, Fərqanədə ( Özbəkistan), Pridnestrovyedə və Gürcüstanda istintaq komissiyalarına rəhbərlik etmişdi. O hər yerdə haqqı müdafiə edən adam kimi tanınırdı. Buna görə də təzyiq və təhqirlərə dözməyərək hüquq-mühafizə orqanlarını tərk etməyə məcbur olan İlyuxin həmin dövrdə baş verən faciəli hadisələrdə Mixail Qorbaçovun əli olduğunu dönə-dönə vurğulayırdı. Ona görə də Kremldə İlyuxini ermənilər və Qorbaçovun ətrafındakılar sevmirdilər. 2010-cu ildə Azərbaycandakı KİV-dən birinə verdiyi müsahibəsində o demişdi ki, Özbəkistanda pambıq işini təhqiq edən komissiyanın rəhbəri Qdlyan rüşvət olaraq aldığı milyonları Qarabağda ermənilərin silahlandırılmasına sərf edib.

Bu müsahibədən sonra ermənilər İlyuxinin ünvanına hədələyci, təhqiredici məktublar göndərməyə başladılar. İlyuxin onlara cavabında isə belə yazmışdı: “Mən üzərimə atılan bu çirkablara cavab verməyə də bilərdim. Ancaq onlar həddindən artıq canfəşanlıq edir, mənə münasibətdə “qırmızı xətt”i keçməyə başlayıblar. Mən erməni “ziyalıları”nın onlara məxsus olan eqoizmini, hər şeyə üstdən aşağı baxmalarını, yalan danışmağı və onu həqiqət kimi qələmə verməyi özlərinin sağalmaz xəstəliklərindən birinə çevirməsini yaxşı bilirəm. Amma onlar Azərbaycanı, Bakını faşizmdə günahlandıranda deməyə söz tapa bilmirəm. Bax bu yerdə də susa bilmirəm. Kimləri isə faşizmdə günahlandırmaq üçün ən azından gərək əlində əsasın olsun. Cənablar, bir anlığa ayaq saxlayın və ağlınızı başınıza yığın. Siz bununla da millətlərarası münaqişəyə benzin tökürsünüz. Mən rus xalqının nümayəndəsiyəm və həm Azərbaycan, həm də Ermənistan xalqlarına hörmətlə yanaşıram.. Təkrar edirəm siyasi demaqoqlara, əclaflara deyil, sadə azərbaycanlılara və ermənilərə hörmətlə yanaşıram. İki xalq arasında baş verən qanlı faciələrdə xalqlar günahkar deyillər. Onu xatırladım ki, mənim uşaqlarımın qanında həm rus, həm də erməni qanı ( İlyuxinin həyat yoldaşı erməni olub) axır. Amma mən həmişə həqiqəti deməyə can atmışam”.

2011-ci il mart ayının 19-da Viktor İvanoviç İlyuxin şəhər ətrafındakı Kratovo qəsəbəsindəki evində gözlənilmədən “ürək tutması”ndan vəfat etdi. Halbuki o, bütün həyatı boyu ürəyindən şikayət etməmişdi. Bununla əlaqədar mətbuata açıqlama verən Dövlət Duması Sədrinin müavini İvan Melnikov demişdi: “Biz İlyuxinin ürək tutmasından ölməsi ilə bağlı həkimlərin diaqnozuna hörmət edirik, ancaq bizi yalnız mərhumun fizioloji vəziyyəti deyil, infarktın səbəbləri maraqlandırır”.

Dövlət Dumasının deputatı Sergey Obuxov isə İlyuxinin qəfil ölümü ilə bağlı belə demişdi: “Rusiya Federasiyası Kommunist Partiyası rəhbərliyi İlyuxinin ölümü ilə bağlı müstəqil tibbi ekspertizanın keçirilməsini tələb edəcək. O heç vaxt ürəyindən şikayət etməmişdi və biz onun gözlənilmədən ölməsinin arxasında hansısa müəmmanın dayandığını düşünürük”.

Amma İlyuxinin də müəmmalı şəkildə “ürək tutması”ndan ölməsinin səbəbləri araşdırılmadı və bununla da əsl həqiqətlərin ortaya çıxmasına imkan vermədilər… Bir sözlə Rusiyada həqiqəti deyəni sevmirlər və bu ölkədə rejimə qarşı çıxanları Roxlinin, ilyuxinin və digərlərinin taleyi gözləyir. Buna baxmayaraq, Rusiyada yeni Roxlinlərin, İlyuxinlərin ortaya çıxacaqları gec-tez baş verəcək.