Gömrükdəki sıxlıq kimin xeyrinədir: vətəndaşın, yoxsa qaçaqmalçıların?

0
278

Allahverdi Cəfərov
Ötən həftə Gürcüstan Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları tərəfindən Batumi limanında içərisində 213 kiloqram heroin olan yük maşını saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayımlayıb və qonşu ölkənin mətbuatında bu barədə geniş məlumat verilib. Həmin məlumatda qeyd olunur ki, saxlanılan yük maşını Azərbaycan ərazisindən keçərək İrandan Hollandiyaya gedirmiş. Rəsmi məlumatda deyilir ki, yük maşınına yerləşdirilən heroin hər biri 600 qram olan 356 bağlamada ibarət olub. Hollandiya vətəndaşının idarə etdiyi ağır tonajlı yük maşını İrandan Azərbaycana, Azərbaycandan da Gürcüstana keçmək üçün məlum məsələdir ki, gömrük keçid məntəqələrindən istifadə edib. Ancaq hadisənin baş verməsindən bir həftə ötsə də Azərbaycan Dövlət Gömrük Komitəsindən bu məsələyə rəsmi münasibət bildirilməyib. Məlumat üçün onu da xatırladaq ki, düz 2 il əvvəl, 2014-cü ilin iyun ayının 11-də də Gürcüstan ərazisində 2 ton 790 kiloqram heroinin Avropaya aparılmasının qarşısı alınmışdı. O zaman da bu heroinin Azərbaycan ərazisi ilə daşındığı bildirilirdi. Düzdür sonradan Gürcüstan tərəfi bunu təkzib etdi. Amma ötən həftə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı məlumat bu günə kimi təkzib olunmayıb və müsadirə olunan heroinin Azərbaycan ərazisindən Gürcüstana daxil olduğu rəsmi şəkildə bəyan edilib. Azərbaycan tərəfindən isə bu məsələyə heç bir münasibət açıqlanmayıb. Dövlət Gömrük Komitəsi də mətbuatın sorğularına cavab verməkdən yayınır.
Azərbaycana məxsus “Qırmızı Körpü” gömrük keçid məntəqəsi

Yeri gəlmişkən qeyd edək ki, bu ayın əvvəlində “Zaman-Azərbaycan” qəzeti olaraq Dövlət Gömrük Komitəsinə rəsmi sorğu ünvanlamışdıq. Sorğumuz gömrük keçid məntəqələrində yaşanan sıxlıqla bağlı olub. Qeyd edək ki, redaksiyamıza ünvanlanmış məktubların birində iddia olunurdu ki, Azərbaycanın gömrük keçid məntəqələrindən fərqli olaraq həmsərhəd ölkə olan Gürcüstan Respublikasının gömrük keçid məntəqələrində sıxlıq müşahidə olunmur.
Gürcüstana məxsus gömrük keçid məntəqəsi

Məktub sahibi hər iki ölkəyə məxsus gömrük keçid məntəqələrindən çəkilən şəkilləri də bizə yollamışdı. Biz də həmin şəkilləri Dövlət Gömrük Komitəsinə göndərərək şəkillərdə əks olunan mənzərəyə aydınlıq gətirmələrini xahiş etmişdik. Ancaq həmin müraciətimizdən 20 gün ötməsinə vaxmayaraq hələ də cavab ala bilməmişik. Halbuki Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 8-ci maddəsində açıq şəkildə göstərilir ki, məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Dövlət Gömrük Komitəsindən yazılı sorğumuza cavab verilmədiyi kimi qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundova məxsus olan 404 22 62 nömrəli xidməti telefona etdiyimiz zənglərə də cavab verilmir. Yazılı sorğumuza və telefon zənglərimizə cavab ala bilmədiyimiz üçün sualımızı və barəsində bəhs etdiyimiz şəkilləri qəzet səhifəsi vasitəsilə bir daha Dövlət Gömrük Komitəsinin rəhbərliyinə ünvanlayırıq. Bilmək istəyirik ki, gömrük keçid məntəqələrində yaranan sıxlığın səbəbi nələrdir? Əgər bu sıxlığın səbəbi avtomobillərin daha yaxşı yoxlanılması ilə bağlıdırsa, o zaman 213 kiloqram heroin gömrük keçid məntəqələrindən necə keçirilib? Bəlkə heroin daşıyan TIR-lar gömrük keçid məntəqələrində yaranan sıxlıqdan istifadə edərək “yoxlamadan” yayınırlar? Ümid edirik ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi bu dəfə suallarımıza aydınlıq gətirəcəkdir.