“Enerjidən çox istifadə etməklə də ətraf mühiti pis vəziyyətə salırıq”

0
263
“Bayırda və mənzilin içərisindəki temperatur fərqi nəticəsində xarici konstruksiyalar, məsələn, qapı, pəncərə, tavan, döşəmə və s. vasitəsilə özümüz də bilmədən evdəki enerjini itiririk. Bundan əlavə, küləklər şəhəri olan Bakıda binanı düzgün istiqamətdə tiksək, yəni binanı hakim küləklərin gəldiyi tərəfdən qorusaq, onun daxilində nəmişlik olmaz, həm də enerjiyə 25 faizə qədər qənaət edə bilərik”.
“Hazırda respublikamızda istehsal olunan enerjinin 50%-dən çox hissəsi bina və qurğuların isidilməsinə və onların daxilində tələb olunan hava parametrlərinin (mikroiqlim şəraitinin) yaradılmasına sərf olunur. Lakin bundan səmərəli istifadə edilmir. Bu isə həm də ekologiyanı korlamaq deməkdir”. Bu sözləri bizimlə söhbətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin İstilik, qaz təchizatı və ventilyasiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının Enerji Effektliyi Mərkəzinin direktoru, professor Nurməmməd Məmmədov dedi. O, fikrini əsaslandırmaq məqsədilə konkret fakta da müraciət etdi: “Bakı şəhərində iki binanın enerji auditini aparmışıq. Buzovna qəsəbəsindəki 144 saylı uşaq bağçasında apardığımız audit nəticəsində aydın olub ki, ikimərtəbəli bu binanın enerji effektivliyi 17%-dir (sadə dildə desək, hər 100 Kvst enerjinin 83 Kvst-ı atmosferə atılır). Binəqədi rayonundakı Naxçıvanı küçəsi, 27 ünvanında yerləşən doqquzmərtəbəli, 8 bloklu, 162 mənzilli “Leninqrad” layihəli yaşayış binasında isə enerjinin 51 faizi atmosferə atılır (enerji effektivliyi 49%-dir). Halbuki az miqdarda maliyyə hesabına bu binada enerji effektivliyini 90%-ə qədər qaldırmaq mümkündür. Digər tərəfdən, hesablamalarımıza görə, bir ildə uşaq bağçasında yandırılan qazdan ətrafa atılan zərərli maddələrin miqdarı 191, “Leninqrad” tipli binada isə 442 ton təşkil edir. Görün enerjidən düzgün istifadə etməməklə ətraf mühitə nə qədər zərərli tullantılar atılır. Əgər Bakıdakı bütün binaların tullantılarının miqdarını hesablasaq, onda fantastik bir rəqəm alınar. Bu isə odeməkdir ki, düzgün istifadə olunmayan enerji də paytaxt sakinlərinin qəniminə çevrilir”.

“Binanı düzgün tikməklə enerjiyə qənaət etmək mümkündür”

N. Məmmədov daha bir maraqlı fakta da müraciət etdi: “Bakı şəhərində tikilən müasir binaların istilik enerjisinə olan tələbatının analizi göstərir ki, həmin binalarda isitmə, ventilyasiya, kondisioner və isti su təchizatı sistemlərinə il ərzində bir kvadratmetr yaşayış sahəsi üçün 125 kq şərti yanacaq sərf olunur. Müqayisə üçün qeyd edim ki, bu rəqəm Rusiyada 84-ə, İsveçdə isə 27-yə bərabərdir (Bakı şəhəri üçün qış dövründə xarici havanın hesabi orta beşgünlük temperaturu -4 ºC, Moskva üçün -26 ºC, Stokholm üçün -32-yə bərabərdir). Biz enerjini ona görə qənaət etməməliyik ki, çatışmır. Yenə təkrar edirəm: ona görə qənaət etməliyik ki, ətraf mühit, yumşaq desək, pis vəziyyətdədir. Neft və qazımız var və ucuzdur deyə onu geninə-boluna istehlak etməməliyik. İmkanımız var ki, enerjidən 3 dəfə az istifadə edək. Bir binanı enerji effektivli tikmək üçün 10-15 faiz əlavə xərc çəkmək lazımdır. Yeri gəlmişkən onu da deyim ki, enerji effektivliyi qızdırıcıları söndürməklə enerjiyə qənaət etmək demək deyil, xarici konstruksiyaları düzgün qurmaqla, binanı düzgün tikməklə enerjiyə qənaət etməkdi. Başqa sözlə, enerjidən effektiv istifadə az enerji işlətməklə, çox enerji sərfi zamanı əldə olunan effekti almaqdır”.

Onun sözlərinə görə, bayırda və mənzilin içərisindəki temperatur fərqi nəticəsində xarici konstruksiyalar, məsələn, qapı, pəncərə, tavan, döşəmə və s. vasitəsilə özümüz də bilmədən evdəki enerjini itiririk. Bundan əlavə, küləklər şəhəri olan Bakıda binanı düzgün istiqamətdə tiksək, yəni binanı hakim küləklərin gəldiyi tərəfdən qorusaq, onun daxilində nəmişlik olmaz, həm də enerjiyə 25 faizə qədər qənaət edə bilərik”.

“Ətraf mühitin çirklənməsi, qlobal istiləşmə və s. bu kimi problemlər bilavasitə enerji ehtiyatlarından necə istifadə edilməsindən də asılıdır”, – sözləri ilə söhbətini davam etdirən Nurməmməd müəllim vurğuladı ki, “insan gün ərzində 1,5-2 kq yemək, 2-3 kq su və 25-30 kq hava qəbul edir. Yeməyin və suyun təmiz olmasını tənzimləsək də, udduğumuz havanın təmizliyinə nail ola bilmirik. Aparılan araşdırmalar göstərir ki, müasir mənzillərin və ofislərin havası xarici havadan 4-6 dəfə çirkli, 8-10 dəfə toksikdir. 1992-1997-ci illərdə ABŞ, İtaliya və Rusiya alimləri birlikdə yaşayış və ictimai binalarda havanın keyfiyyətini yoxlamaq üçün xüsusi tədqiqatlar aparıblar. Tədqiqatların nəticələri müasir binalarda xəstəlik sindromunun yaranmasına səbəb olan risk faktorlarını müəyyənləşdirib. Bu siyahıya yanacağın yanma məhsulları (məsələn, qazın yanmasından alınan), zəhərli inşaat materialları, otaqlar daxilində yüksək nisbi nəmlik və s. daxildir. Odur ki, müasir binaları layihələndirərkən qarşıya qoyulan əsas tələblərdən biri ondan ibarət olmalıdır ki, insanların yaşayış, istirahət və iş yerlərində onların fizioloji, mədəni və məişət tələbatları üçün əlverişli şərait və mikroiqlim yaradılsın. Nəzərə almaq lazımdır ki, yaşayış şəraiti insan sağlamlığına təsiretmə dərəcəsinə görə yemək və əmək şəraitindən sonra üçüncü yeri tutur”.

“Avropada havanın temperaturu aşağı olsa da, enerji bizdən daha qənaətlə işlədilir”

Ekspertin sözlərinə görə, otaqlara verilən xarici hava təhlükəli viruslardan lazım olan dərəcədə təmizlənmir: “Son iki onillikdə bizim apardığımız tədqiqat işlərinin nəticələri göstərir ki, Bakı şəhərində tikilən yaşayış və inzibati binaların isitmə, ventilyasiya və kondisioner sistemləri otaqlar daxilində insan həyatı üçün təhlükəli olan bakteriya və virusların inkişafı və artması üçün optimal mühit yaradır. Belə ki, otaqlara verilən xarici hava təhlükəli viruslardan lazım olan dərəcədə təmizlənmir, əksər hallarda tam dövretmə aparılır və otaqlara xarici hava vurulmur (qeyd edək ki, qüvvədə olan inşaat norma və qaydalarına görə əqli əməklə məşğul olan və ya sakit vəziyyətdə olan insanların normal fəaliyyəti üçün bir saat ərzində 25-30 m3, ağır fiziki işlə və ya idmanla məşğul olanlar üçün isə 80 m3 təmiz hava lazımdır).

Bakı daxil olmaqla Azərbaycan mülayim iqlim şəraitində yerləşir. Yəni qışda bayırda havanın temperaturu çox aşağı olmadığından evlərin qızdırılması məsələsinə o qədər də fikir verilmir. Digər tərəfdən, bizdə elektrik və qaz ucuzdur deyə, bu vasitələrdən geninə-boluna işlədərək evlərimizi qızdıra bilirik. Nəticədə çox enerjidən istifadə etməklə Bakı şəhərinin ətraf mühiti, ekologiyasını çox pis vəziyyətə salırıq. İşlətdiyimiz hədsiz dərəcədə enerjinin sayəsində havada insanın normal fəaliyyətinə, sağlamlığına ziyan vuran zərərli maddələrin konsentrasiyası digər ölkələrdən dəfələrlə artıqdır. Avropa ölkələrində hava çox təmizdir. Orada havanın temperaturu bizdəkindən dəfələrlə aşağı olmasına baxmayaraq, enerji bizdən az, qənaətlə işlədilir, alternativ enerjiyə üstünlük verilir”.

N. Məmmədov bildirdi ki, dünyanın, eləcə də keçmiş Sovetlər İttifaqının əksər ölkələrində “Enerjidən səmərəli istifadə haqqında Qanun” fəaliyyət göstərdiyi halda, bizim respublikada belə bir qanun, hələlik, qəbul olunmayıb (məsələn, Belarus respublikasında enerji effektivliyi haqqında Qanun 1998-ci ildə qəbul olunub). Ona görə də hələlik ölkəmizdə bu məsələyə o qədər də ciddi fikir verilmir. Onun sözlərinə görə, ölkəmizin ekoloji siyasəti, ilk növbədə, ətraf mühitin sağlamlaşması və ekoloji təhlükəsizliyin təminatına yönəlib. Qeyd olunan məqsədə nail olmaq üçün prioritet ekoloji problemlər müəyyənləşdirilib və bu problemlər Azərbaycan Respublikasının Hökuməti tərəfindən 1998-ci ildə təsdiq olunmuş Ətraf Mühitin Mühafizəsi üzrə Milli Planda öz əksini tapıb. Onu da deyim ki, artıq Enerji effektivliyi haqqında qanun layihəsi yazılıb. Çox güman ki, yaxın zamanlarda qəbul olunacaq”.

Azərbaycan

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here