Regionlarda kredit faizləri əmanət faizlərini dəfələrlə üstələyir

0
367

Allahverdi Cəfərov
Kredit təşkilatlarında yerləşdirilən əmanətlərin həcmi cari ilin əvvəlindən may ayının əvvəlinə kimi 18,9% və ya 1 milyard 788,9 milyon manat azalaraq 9 milyard 473,9 milyon manatdan 7 milyard 684,9 milyon manata düşüb. Mərkəzi Bankdan (MB) açıqlanan sonuncu statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, kredit təşkilatlarında yerləşdirilən əmanətlərin 18,3%-i və ya 1 milyard 407,6 milyon manatı milli valyuta, 81,7%-i və ya 6 milyard 277,3 milyon manatı isə xarici valyuta ilə cəlb olunub. Əmanətlərin 93,1%-i və ya 7 milyard 157,3 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakıdan sonra banklarda ən çox əmanət Abşeron, Gəncə-Qazax və Aran iqtisadi rayonlarından yerləşdirilib. Banklara ən az əmanət qoyan iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Yuxarı Qarabağ və Dağlıq Şirvan olub. Onu da bildirək ki, bəzi regionlarda milli valyuta ilə yerləşdirilən əmanətlər xarici valyuta ilə yerləşdirilən əmanətlərdən çox olub.
Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Bakı və Abşeron iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 6% və 6,9% təşkil edib. Ən aşağı faiz dərəcəsi isə Naxçıvan (3,2%) və Yuxarı Qarabağ (3,4%) iqtisadi rayonlarında müşahidə olunub.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin əvvəli ilə müqayisədə əmanət faizləri 1,4 faiz bəndi azalaraq 7,4%-dən 6%-ə düşüb. Əmanət faizləri istisnasız olaraq bütün regionlarda azalıb. İlin əvvəlinə olan məlumata görə, xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri milli valyutada yerləşdirilən əmanətlər üzrə fazi dərəcələrindən üstün olub. Ancaq Mərkəzi Bankın may ayının əvvəlinə olan məlumatında həm milli, həm də xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri 0 və 0,1% həddində göstərilib. Bu səbəbdən də milli və xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri arasında müqayisə aparmaq mümkün olmur.
4 ay ərzində Bakıda xarici valyutada verilən kreditlərin həcmi isə 15,3% azalıb
Əmanətlərdə olduğu kimi banklar tərəfindən verilən kreditlərin həcmində də azalma baş verib. Bu ilin əvvəlindən ötən 4 ay ərzində kredit qoyuluşu 13,6% və ya 2 milyard 959,3 milyon manat azalaraq 21 milyard 717,9 milyon manatdan 18 milyard 758,6 milyon manata enib. Kredit qoyuluşları da istisnasız olaraq bütün regionlar üzrə azalıb. Əmanətlərdən fərqli olaraq kreditlərin milli və xarici valyutadakı payı təxminən bərabər olub. Belə ki, kreditlərin 51,8%-i və ya 9 milyard 723,1 milyon manatı milli valyutada, 48,2%-i və ya 9 milyard 35,5 milyon manatı xarici valyutada verilib. Əmanələrdə olduğu kimi verilən kreditlərdə də Bakı şəhərinin payı yüksək olub. Ümumi kreditlərin 83,8%-i və ya 15 milyard 729,6 milyon manatı paytaxtın payına düşüb. Bakıdan sonra ən çox kredit Aran, Abşeron və Gəncə-Qazax iqtisadi rayonlarında verilib. Kredit təşkilatlarından ən az kredit götürən iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Yuxarı Qarabağ və Dağlıq Şirvan olub. İlin əvvəlindən ötən 4 ay ərzində Bakı şəhərində milli valyutada verilən kreditlərin həcmi 11,4%, xarici valyutada verilən kreditlərin həcmi isə 15,3% azalıb.
Kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Lənkəran və Aran iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 22,3% və 21,9% olub. Ən aşağı faiz dərəcəsi isə Bakıda (10,8%), həmçinin Naxçıvan (13,6%) və Abşeron (16,9%) iqtisadi rayonlarında müşahidə olunub. Məlumat üçün bildirək ki, əmanət fazilərindən fərqli olaraq Mərkəzi Bank milli və xarici valyuta ilə verilən kreditlərin faiz dərəcələrini normal şəkildə təqdim edib. Açıqlanan rəqəmlərdən belə görünür ki, kreditlər Bakı şəhəri istisna olmaqla digər bölgələrdə xarici valyuta ilə daha yüksək faizlə verilib. Kreditlərin böyük hissəsi Bakının payına düşdüyü üçün ümumi kredit faizlərində də milli valyuta ilə verilən kreditlərin faiz dərəcəsi yüksək olub. Belə ki, milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 13,1%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 11,4% olub. Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcəsi Şəki-Zaqatala, Kəlbəcər-Laçın və Aran iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcələri müvafiq olaraq 24,1%, 23,9% və 23,4% təşkil edib. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcsi isə Bakı şəhərində qeydə alınıb -10,2%. Milli valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcsi isə Lənkəran (22,3%) və Dağlıq Şirvan (21,4%) iqtisadi rayonlarında, ən aşağı faiz dərəcəsi isə Bakı (11,4%) və Naxçıvan (13,3%) iqtisadi rayonunda qeydə alınıb.
Yuxarı Qarabağ bölgəsində kredit faizləri əmanət faizlərini 5,6 dəfə üstələyib
Qeyd olunan rəqəmlərdən açıq şəkildə görünür ki, paytaxt Bakı istisna olmaqla digər iqtisadi rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi əmanətlər üzrə orta faiz dərəcəsini dəfələrlə üstələyir. Məsələn, Yuxarı Qarabağ iqtisadi rayonunda əmanətlər 3,4%-lə cəlb olunduğu halda, kreditlər 19%-lə verilib. Göründüyü kimi Yuxarı Qarabağ bölgəsində kredit faizləri əmanət faizlərini 5,6 dəfə üstələyib. Bundan başqa kredit faizləri əmanət faizlərindən Şəki-Zaqatala iqtisadi rayonunda 4,6, Aran iqtisadi rayonunda 4,4, Naxçıvan iqtisadi rayonunda 4,2, Quba-Xaçmaz iqtisadi rayonunda 3,5, Gəncə-Qazax iqtisadi rayonunda 3,4, Dağlıq Şirvan iqtisadi rayonunda 3,3, Lənkəran iqtisadi rayonunda 3,3, Kəlbəcər-Laçın iqtisadi rayonunda 2,9, Abşeron iqtisadi rayonunda isə 2,4 dəfə çox olub.