Surxay Mirzəyev: “Burada təhsil axsamamalıdır”

0
449

Esmira Hidayətova, Rövşən Əşrəfov, Tərtər
Tərtər Rayon Təhsil Şöbəsi cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, təhsildəki uğurları ilə digər rayonların təhsil müəssisələrindən geri qalmır. Burada düşmənin təxribatı təhsilə təsir edə bilməyib. Bu günlərdə Tərtərdə olarkən Rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyevlə görüşdük. Çox səmimi qarşılandıq. Surxay müəllimlə söhbətimizdə rayonda təhsil sahəsində görülən işlər, əldə olunan uğurlar, orta məktəblərdəki vəziyyətlə maraqlandıq.
Təhsil sahəsində səmərəli fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən müxtəlif fəxri fərmanlara layiq görülən və digər bir neçə uğura imza atmış Surxay Mirzəyev deyir ki,başlıca məqsədləri cəmiyyət üçün faydalı vətəndaşlar yetişdirməkdir.
“Bura təyin olunanda təhsildə bir sıra problemin şahidi oldum”
Məlumat üçün bildirək ki, təcrübəli pedaqoq Tərtər Rayon Təhsil Şöbəsinə ötən ilin sentyabr ayından rəhbərlik edir. Onunla söhbət zamanı zəngin dünyagörüşünə və yüksək intellektual səviyyəyə malik olan bir müsahib olduğunu müşahidə etdik. Surxay Mirzəyev dedi ki, Tərtər rayonunda 47 ümumtəhsil məktəbi var: “Onlardan 34-ü tam orta, 10-u ümumi orta, 3 ibtidai ümumtəhsil məktəbi və 4 məktəbdənkənar müəssisə kimi fəaliyyət göstərir. Mən bura təyin olunanda təhsildə bir sıra problemin yaşandığının şahidi oldum. Belə ki, neçə illər idi ki, bu rayonun təhsil ocaqlarından “İlin ən yaxşı məktəbi” müsabiqəsində iştirak edən məktəblər olmamışdı və mükafat alınmamışdı. Mən bununla barışa bilməzdim. Cəbhə bölgəsi olmasına baxmayaraq, burada təhsil axsamamalıdır. Təhsilin inkişafı, dünya təhsil sisteminə Azərbaycan təhsilinin inteqrasiyası bu gün təhsildə əldə etdiyimiz nəticələrlə ölçülür. Bizim Tərtər rayonunun təhsil işçilərinin uğurlu nəticələri niyə olmasın? Ona görə də təhsil sistemini günün tələbləri səviyyəsində quraraq, bizim də məktəblərimiz fənn olimpiadalarında, müsabiqələrdə iştirak etməyə başladılar. Belə ki, 2015-2016-cı tədris ilində Əsəd Məmmədov adına Şəhər 1 saylı Tam Orta Məktəbi “İlin ən yaxşı təhsil müəssisəsi” müsabiqəsinə qatıldı və qalib olub, 10 min manat mükafat qazandı. Bundan başqa, ən mühüm problemlərdən biri son 3 ildə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Respublika Fənn olimpiadalarında iştirak etməmələri idi”.
“Təlim-tərbiyənin vəziyyətini öyrənmək məqsədi ilə monitorinqlər keçirilib”
Müsahibimiz onu da bildirdi ki, istedadlı şagirdlərin aşkar olunmasında və onların potensialının inkişaf etdirilməsində fənn olimpiadaları və bilik yarışmaları müstəsna rol oynayır: “Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, rayonda keçirilən fənn olimpiadasında fərqlənən 27 şagird Mingəçevir şəhərində keçirilən zona turunda iştirak etdi və 5 nəfər şagird (Qurbanov Cümşüd – Cəmilli kənd orta məktəbi, Kərimova Nuranə – şəhər 2 saylı məktəbi, Həsənov Cavanşir – Qapanlı kənd tam orta məktəbi, Bayramova Kübra – Dəmirçilər kənd orta məktəbi, Hüseynov Tural – şəhər 1 saylı məktəbi) respublika turuna vəsiqə qazanıb və ikinci-üçüncü yerlərə layiq görülüblər.
Surxay Mirzəyev Tərtər Rayon Təhsil Şöbəsinə müdir təyin olunandan sonra tədrisin səviyyəsinin yüksəldilməsi, təkmilləşdirilməsi sahəsində mühüm işlər həyata keçirilib və bu, müntəzəm olaraq davam etdirilir. Belə ki, 2016-cı ilin birinci rübündə şəhər 1, şəhər 6 nömrəli, Hacıqərvənd, Cəmilli, Qazyan, Sarıcalı kənd ümumi orta kənd məktəblərində təlim-tərbiyənin vəziyyətini öyrənmək məqsədi ilə monitorinqlər keçirilib və müvafiq qərarlar qəbul edilib.
Təhsil Şöbəsinin müdiri onu da bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Bakı şəhərində keçirilən “Ən yaxşı təqdimat” respublika müsabiqəsində şəhər 6 saylı tam orta məktəbinin şagirdi iştirak edib və respublika üzrə birinci yerə çıxıb.
“Hədəfimiz 700 baldır”
Surxay Mirzəyev təhsil sahəsindəki digər uğurlardan da danışaraq, idman sahəsi üzrə, inşa yazı müsabiqəsi, milli bayramlar münasibətilə məktəblər arasında keçirilən intellektual oyunlar, açıq qapı günü, vətənpərvərlik mövzusunda hərbi hissələrdə tədbirlər və s. barədə geniş məlumat verdi: “Məktəblərimizdə təşkil olunan bütün tədbirlər rəhbərliyin göstəriş və tapşırığı əsasında olur. Əsas məqsəd şagirdlərin oxuma vərdişlərinə necə yiyələnməsidir. Əlbəttə, şagirdlərimizin cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsində pedaqoji kollektivin fəaliyyəti daha çoxdur. Bütün bu uğurlar onu göstərir ki, cəbhə bölgəsində olan məktəblərimiz düşmənin heç bir təxribatından çəkinməyərək mübariz, mətin dayanaraq təhsilini davam etdirib.
Problemlərdən də söhbət açan müsahibimiz qeyd etdi ki, hazırda düşmən təxribatı nəticəsində rayonda atəşkəsin pozulması ilə əlaqədar iki məktəbə ciddi ziyan dəyib: “Təhsil Nazirliyindən məlumat göndərilib ki, 7 ümumtəhsil məktəbimiz əsaslı təmirə dayandırılsın. Rayonda yaxın günlərdə həmin məktəblərdə təmir işlərinə başlanılacaqdır”.
Təhsil Şöbəsinin müdiri bu il də ali məktəbə qəbulla bağlı bu rayondan olan şagirdlərin yüksək nəticə göstərəcəklərinə əminliyini bildirdi: “Hədəfimiz 700 baldır. Yeri gəlmişkən, qeyd edim ki, ötən tədris ilində ali məktəbə qəbul zamanı 6 şagirdimiz 600-dən yuxarı, 22 şagirdimiz 500-dən yuxarı bal toplaya bilib. Ən yüksək bal isə 674 olub”.
Düşmənlə üz-üzə…
Surxay müəllim qeyd etdi ki, düşmənlə üz-üzə olan məktəblərdə çətinliklərə baxmayaraq, dərslər mütəmadi olaraq keçirilib: “Atəşkəsin pozulması nəticəsində 4 məktəbimizdə 2 ay dərslər dayanıb, amma həmin şagirdlərin dərsdə olan geriliyini aradan qaldıqmaq üçün günün ikinci yarısında keçirilən məşğələlərdə onların bilik səviyyəsinin normallaşması üçün əlavə köməklik göstərilib. Biz təhsil işçiləri bundan sonrakı fəaliyyətimizdə uğurlarımızı artıracaq, dövlətimizin inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik”.
Sonda belə qənaətə gəldik ki, Surxay müəllimin rəhbərliyi ilə Tərtərdə təhsilin inkişafı istiqamətində atılan addımlar bu gün artıq reallığa çevrilib. Belə ki, 9387 nəfər şagirdin təhsil aldığı rayonun tədris ocaqlarında böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi yüksək səviyyədə qurulub. Biz də rayonun təhsil işçilərinə bu şərəfli işlərində uğurlar arzulayırıq.