Bayat çörəyi dəyərləndirməyi öyrənməliyik

0
379

Azərbaycanın iri şəhərlərində, xüsusən də Bakıda çörək israfı problemi var. Halbuki çörəyə qənaət etməklə həm də büdcəmizə qənaət etmiş olarıq. Çörək israfının bir çox səbəbləri var. Məsələn, kimisi deyir ki, sexlərdə bişirilən çörəyə qatılan maddələrin təsiri nəticə- sində tez xarab olur, kimisi deyir ki, çörək bütöv satılır deyə lazım olan normadan artıq almağa məcbur qalırsan və s. Bir müddət öncə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bizimlə söhbətində demişdi ki, çörəyə qənaət təkcə ailə büdcəsinə müsbət təsir göstərmir, həm də ölkəmizdə taxıl ehtiyatını artıra, xaricdən taxıl idxalını isə azalda bilər. Vüqar Bayramovun sözlərinə görə, “iqtisadiyyat” sözünün bir mənası da “qənaət” anlamına gəlir. Onun sözlərinə görə, ölkəmizdə qənaət ənənəsinin olmamasının bir çox səbəbləri var: “Onlardan ən birincisi sovet dövründən qalma ənənədir. Bildiyiniz kimi, həmin dövrdə kommunal xidmətlərin qiyməti həddindən artıq ucuz olub. Ona görə də insanlar bu barədə düşünməyiblər və qənaət amili zamanzaman unudulub”.
Ekspertin fikrincə, bu ənənənin formalaşması üçün, ilk növbədə, valideynlər öz övladlarını bu ruhda tərbiyələndirməlidirlər: “Valideyn bu mənada övlada həm də nümunə olmalıdır. Övlad görəndə ki, valideyn suya, çörəyə, elektrik enerjisinə, ərzaq məhsullarına qənaət edir, onda o da buna əməl edir”. Ümumiyyətlə, çörək israfı problemi dünyanın bir çox ölkələrində var. Məsələn, bəzi məlumatlara görə, hər gün dünyada milyonlarla çörək atılır. Əksər insanlar bayat çörəyi atmaq istəməsələr də, ondan necə istifadə edəcəklərini bilmirlər. Bu dəfə mövzuya biz də məhz bu prizmadan yanaşdıq yəni artıq qalan, bayat çörəkdən necə istifadə etmək olar? Bu yolla çörək israfının qarşısını almaq olarmı? Kulinarların fikrincə, soyumuş çörək heç də bayat çörək demək deyil. Başqa sözlə, orta dərəcəli bayat çörək təzə çörəkdən heç də (istər ləzzəti, istərsə də qidalılığı ilə) geri qalmır. Çörəyi uzun müddət saxlamağa gəlincə, bunun üçün onu soyuducuda saxlamaq tövsiyə olunur. Belə ki, çörəyi 18 dərəcə temperaturda, hətta bir neçə ay saxlamaq da olurmuş. Kulinarlar bildirirlər ki, bayat çörəkdən kotlet bişirərkən də istifadə etmək olar. Bunun üçün bayat çörəyi ovmaq və soyuducu torbasına qoyaraq dərin dondurucuda saxlamaq lazımdır. Digər tərəfdən, bayat çörəkdən kotletdə istifadə etmək üçün un da hazırlaya bilərsiniz. Bunun üçün bayat çörəyi sobada qurutmaq, sonra isə mətbəx robotundan keçirmək kifayətdir. Bundan başqa, bayat çörəyi yağda və ya sobada qızardaraq şorba ilə də istifadə etmək olar. Başqa bir yol isə bayat çörəyi kub şəklində doğramaq və sobada qurutduqdan sonra şorbalarda istifadə etməkdir. Əgər bayat çörəyi yumşaltmaq istə- yirsinizsə, üzərinə su səpin və alü- minium folqaya bükərək 5-10 dəqiqə sobada saxlayın. Çörəyiniz əvvəlki kimi təptəzə olacaq. Bundan başqa, çörəyinizi buxarlı suda da yumşalda bilərsiniz. Bayat çörəklərdən istifadə etməklə şirni, şorba və s. hazırlamaq da mümkündür. “Ailəm” jurnalında yayınlanmış bayat çörəklər üçün reseptlərin bəzilərini təqdim edirik: 1. Çörək şorbası. Lazım olan ərzaq: 150 qr çörək içi, 200 qr qatıq süzməsi, 10 stəkan ət suyu, 1 çay qaşığı qırmızı istiot, 1 xörək qaşığı kərə yağı, 1 desert qaşığı duz. Hazırlanma qaydası: əlinizdə ovduğunuz çörək içini axşamdan qatıqla bir qabda yaxşıca qarışdırın. Ertəsi gün yenidən qarışdırın. Bir qazanda ət suyunu qaynadın və qatıqlı çörək içinin üzərinə əlavə edin. Duzu da əlavə etdikdən sonra vam odda 5 dəqiqə qaynadın. Bir tavada kərə yağını və qırmızı istiotu qarışdıraraq qızdırın. Qızdırdıqdan sonra şorbaya əlavə edin. 2. Pendirli bayat çörək kotleti. Lazım olan ərzaq: 1 ədəd bayat çörək, yarım qəlib bərk ağ pendir, 1 dəstə cəfəri, 2 ədəd yumurta, 1 ədəd soğan (orta böyüklükdə), kotlet üçün ədviyyat, duz, qırmızı istiot, bayat çörək unu. Hazırlanma qaydası: 1 ədəd bayat çörəyin üzərinə su səpərək yumşaldın. Üzərinə sürtkəcdən ke- çirilmiş bərk ağ pendiri əlavə edin. Sonra üzərinə doğranmış cəfərini, sürtkəcdən keçirilmiş soğanı və yumurtanı əlavə edin. Duzu, kotlet üçün ədviyyatı və qırmızı istiotu əlavə etdikdən sonra alınan tərkibi “yoğuraraq” kotlet formasında hissələrə ayırın. Kotletləri, əvvəlcə, una, sonra çırpılmış yumurtaya, daha sonra isə bayat çörəkdən hazırladığınız una bulayıb, qızmış yağda qızardın. 3. Bayat çörək şirnisi. Lazım olan ərzaq: 2 ədəd bayat çörək, 6 ədəd yumurta, 1 fincan süd, bir tavalıq günəbaxan yağı, 2 kq şəkər. Hazırlanma qaydası: çörəklərin qabıqlarını bıçaqla soyun. Sonra dilimləyin. Yumurtaları bir qabda sındırın və südlə qarışdırın. Dilimlə- nən çörəkləri südlü-yumurtalı qarışığa batıraraq günəbaxan yağında qızardın. Qızardılan çörəklərin yağını süzün. Sonra 2 kq şəkər tozundan hazırlanmış şərbətlə 15 dəqiqə qaynadın. Soyuduqdan sonra qaymaqla süfrəyə verin.