“Fransada keçiriləcək çempionatın aşkar favoriti yoxdur”

0
476

“Avro-2016”da hansı milli komandalara azarkeşlik edəcəklər?. Onların fikrincə, qrupların favoritləri hansı komandalardır?

“Qruplarda zəif komanda yoxdur”

Ağasəlim Mircavadov: “Ümumiyyətlə, yaxşı oyun nümayiş etdirən komandalara azarkeşlik edəcəyəm. Hazırda İspaniya yığması mənə maraqlı gəlir. Hər çempionatda onlar nə isə yenilik edirlər. Bir də İngiltərə yığması diqqətimi cəlb edir. Düşnürəm ki, bu yığma çox yaxşı nəticələr göstərəcək. Fikrimcə, builki Avropa çempionatında çox ölkə nəticəyə oynayacaq. Bu da turniri daha da maraqlı edəcək. Mənə elə gəlir ki, qruplarda zəif komanda da yoxdur. Bu yığmalar hər an sürpriz edə bilərlər. Ona görə gözləmədiyin ölkə də çox yaxşı nəticə verə bilər. Ağıllı məşqçilərin hazırlıqlarından çox şey asılıdır”.

“Ən çətin dəstə Türkiyənin qrupudur”

Arif Əsədov: “Hamımızın ürəyi Türkiyə ilə döyünəcək. Bu da boş yerə deyil: “Biz bir millət, iki dövlətik”. Türkiyəyə azarkeşlik edəcəm. Ondan başqa, favoritim İspaniyadır. İspaniya və Türkiyə yığmaları da eyni qrupdadırlar. Düşünürəm ki, bu qrupdan elə ikisi çıxacaq.

Yeri gəlmişkən, qruplar haqqında hərə bir söz deyir, kiminə görə çətin olan qrup kiminə görə asandır. Məsələn, mənə görə ən çətin dəstə eelə Türkiyənin qrupudur: Çexiya, Türkiyə, Xorvatiya və İspaniya. Ən asan qrup isə fikrimcə, B qrupudur: Rusiya, Slovakiya, İngiltərə və Uels. B qrupunda Slovakiya və Rusiya futbolu təxminən eyni tiplidir. Digər iki komanda isə Britaniya futboludur. Burada iki müxtəlif futbolun dueli olacaq. Bu qrupda da İngiltərə və Rusiyanı favorit sayıram.

E qrupunda (İsveç, İtaliya, Belçika və İrlandiya) bütün komandaların qrupdan çıxmaq çansı realdır. İtaliya yığmasının qrupda oyunları çox vaxt alınmır, amma mən bu komandanı favorit sayıram. Qrupu keçəndən sonra isə İtaliya özünü toplayır. Belçika sürpriz edən kollektiv ola bilər.

C qrupunda da Almaniyanı favorit sayıram. Digər üç komanda – Polşa, Şimali İrlandiya və Ukraynadır. Bunların arasından isə Ukraynanı şanslı görürəm.

Avstrya, Portuqaliya, İslandiya və Macarıstan yığmalarının yer aldığı F qrupunda isə adama elə gəlir ki, Portuqaliya favorit ola bilər. Amma bu komanda yoldaşlıq görüşlərində çox da yaxşı təsir bağışlamırlar. Ola bilər Ronaldonun hələ də zədəli olması təsir edir. Fikrimcə, Portuqaliya və Avstrya yığmaları qrupdan çıxacaq.

Albaniya yığmasının olduğu A qrupunda da (Fransa, İsveçrə və Rumıniya) oyunlar maraqlı olacaq. İstər-istəməz o yığmanın oyunları da ölkəmizdə maraqla izləniləcək, burada həm də “Qarabağ”ın futbolçusu Ansi Aqolli amili də var. Əlbəttə, bu komandanı favorit kimi görmək çətindir. Bu qrupda Fransa növbəti mərhələyə vəsiqə qazanacaq.

“Turnirin əsas favoritləri Fransa və Almaniya yığmalarıdır”

Kənan Məstəliyev (”rekord.az” saytının baş redaktoru): “Avropada həmişə İtaliya və Fransa yığmalarına azarkeşlik etmişəm. Bu turnirdə daha çox fransızların oyununu diqqətlə izləyəcəyəm. Çünki ev sahibləridilər, eyni zamanda formalaşan yeni nəslin oyunu mənə maraqlıdır. Qruplar barədə ayrı-ayrılıqda yox, ümumi çempionat haqda danışa bilərəm. Fikrimcə, turnirin əsas favoritləri Fransa və Almaniya yığmalarıdır. Düzdür, almanların heyəti bir az zəifləyib, ancaq onlar həmişə qələbəyə əsas namizədlərdir. İtalyanların uğuruna inam azdır. İngiltərə, Belçika və Portuqaliyadan sürpriz gözləmək olar. Sonuncularda daha çox Kriştiano Ronaldonun hazırlıq durumu ön plana çıxacaq. O, var gücünü ortaya qoya bilsə, portuqalları finalda belə görə bilərik”.

Qardaş ölkə yığmasının – Türkiyənin yanındayam.

Mahir Rüstəmli (”Futbol+” qəzetinin baş redaktoru): “UEFA-nın AÇ iştirakçılarının sayını 16-dan 24-ə çatdırmaq haqqında qərarının hansı effekti verəcəyi, yəni builki qitə birinciliyinin necə keçəcəyi çoxları kimi, mənim üçün də maraqlıdır. Qruplarda 3-cü yeri tutan 4 komandanın da növbəti mərhələyə çıxacağı reallığının bütövlükdə turniri müəyyən qədər nüfuzdan salacağını düşünürəm. Təsəvvür edin ki, AÇ-də birdən-birə 5 debütant mübarizə aparacaq. D qrupu “ölüm qrupu”, F qrupu isə çox mənasız qrupdur. Bütövlükdə favoritlərin çətinlik çəkmədən növbəti mərhələyə adlayacağına inanıram. Azarkeşliyə gəlincə, təbii ki, qardaş ölkə yığmasının – Türkiyənin yanındayam. Terimin bu dəfə də dünyanı nə iləsə təəccübləndirəcəyinə əminəm. Qalan azarkeşlik edəcəyim yığmalar tarixin bəxtsizi – ingilislər, Aqollinin albanları, bir də müəyyən səbəblərdən simpatiya bəslədiyim macarlar olacaq”.

“Türk qardaşlarımız bizi sevindirəcəklər”

Saleh Arslan (“korner.az” saytının baş redaktoru): “Türkiyə, Almaniya və İngiltərə milli komandalarına azarkeşlik edəcəyəm. Türkiyəyə azarkeşlik səbəbi bəllidir. Digər ikisi uşaqlıqdan sevdiyim və daim izlədiyim milli komandalardır. “Ay-ulduzlular”ın qrupdan çıxmaq şansı kağız üzərində çox çətin iş kimi görünür. Ancaq türk qardaşlarımız meydanda dişə-diş mübarizə ilə indiyədək bizi çox sevindirib, ümid edirəm, bu dəfə də sevindirəcək. Almaniya və İngiltərənin isə qrupdan çıxmaq şansı yüksəkdir. Məncə, bu iki komandadan biri finaladək irəliləyə biləcək”.

“Avro-2016-dan sürpriz çempion çıxa bilər”

Emin Abbasov (futbol şərhçisi): “İlk növbədə Türkiyə millisini qeyd edərdim. Hamıya məlumdur ki, bu millinin oyunları Azərbaycanda maraqla izlənilir. Türkiyə yığmasının matçlarını izləyəndə sanki Azərbaycan millisini izləyirəm. Türkiyə, sadəcə, sirli bir qutudur. Bu millinin real gücünü bilmək olmur. Hətta finala qədər də irəliləyə bilər, qrupda da qala bilər. Şəxsən mən proqnoz verib, Türkiyənin hara qədər gedəcəyini deyə bilmərəm. Digər tərəfdən, Rusiya millisi də nəzərimdə olacaq. Çünki uzun illərdir Rusiya futbolunu da yaxından izləyirəm.

Digər azarkeşlik edəcəyim komanda Albaniya olacaq. Həm Ansi Aqolli həmin yığmada çıxış edir, digər tərəfdən bu komanda da baş məşqçiləri böyük işlər görür. Onları final mərhələsində izləmək mənə çox maraqlı gələcək. O ki, qaldı komandaların sayının çox olmasına, mən düşünmürəm ki, bu ümumi mənzərəni korlayacaq. Bu gün demək olar ki, Avropa futbolunda bütün komandalar bir-biriləri ilə başa-baş mübarizə apara bilirlər.

Ümumi qruplara gəldikdə isə hər qrupun öz favoritləri var. Meydan sahibləri Fransa öz qrupunda, İngiltərə, İspaniya, Almaniya və s. Ancaq məsələ burasındadır ki, tək-tək nəzər yetirsək, Fransa ancaq 1998-ci ildə ev sahibi olanda uğur qazanmışdı. Onda da Zidan kimi oyunçu var idi. Bu gün Fransa millisində Pol Poqbanın adı çəkilir, ancaq bu futbolçu Zidan səviyyəsində deyil. Heç o səviyyəyə qalxmasını da real görmürəm. Mən düşünmürəm ki, fransızlar ev sahibliyi etdiyi turnirdə çempion ola bilərlər. Almanlarda geriləmə hiss olunur. İspanlar əvvəlki illərə nisbətən o qədər də göz oxşamırlar, son dünya çempionatında da çox zəif çıxış elədilər.

Bu çempionatda ingilislərdən böyük gözləntilər var. Proqnoz verirlər ki, nəhayət ki, ingilislər bu çempionatda adlarına yaraşan şəkildə çıxış edəcəklər. Digər tərəfdən ötən dünya çempionatında Belçikanı favoritlər sırasına daxil edirdilər. Elə real favoritim yoxdur. Yəqin ki, çempionatın gedişində hansı komanda ab-havanı daha tez tuta bilsə, oyunlara daha yaxşı köklənsə çempion ola bilər. Bu elə bir çempionatdır ki, bu turnirin aşkar favoriti yoxdur. Əvvəlki çempionatlarda favorit kimi Almaniya, İspaniya demək mümkün idisə, indi elə deyil. Bu baxımdan Avro-2016-dan bizə sürpriz çempion da çıxa bilər.

“Turnirin sürprizini Almaniya edəcək”

Gündüz Abbaszadə (futbol şərhçisi): “Əlbəttə, İtaliya və Türkiyə yığmalarına azarkeşlik edəcəyəm. Türkiyənin səbəbi bəllidir. İtaliyaya isə uşaqlıqdan azarkeşlik edirəm. Və bir də Aqolliyə görə Albaniyanın uğur qazanmsını istəyərəm. Çempionata gəlincə, zənn edirəm ki, çox maraqsız çempionat olacaq. Səbəbi odur ki qolların az vurulduğu, müdafiə futbolunun ön plana çıxacağı bir turnir izləyəcəyik. Fransa və İngiltərəni şanslı görürəm. Avropa çempionatının sürprizi Almaniya olacaq. Almaniya qrupda qalmaqla izləyicilərə sürpriz edəcək”.

“Türkiyə millisi ürəklə oynayanda nəticə əldə edir”

Ayaz Mirzəyev (tele-jurnalist): “Əlbəttə, Türkiyə yığmasına ürəkdən azarkeşlik edəcəyəm. Düşünmürəm ki, Azərbaycanda elə bir adam olsun ki, o Türkiyəyə azarkeşlik etməsin. Aqollinin olduğu Albaniya yığmasının oyunlarını da izləyəcəyəm. A qrupundan Albaniyanın çıxacağını gözləmirəm. Bu qrupda əsas favorit Fransadır. Rumıniya əvvəlki kimi deyil. İsveçrə qrupdan çıxa bilər. B qrupunun favoriti İngiltərə çox güclüdür, birdə Slovakiyanı şanslı görürəm. C qrupunda, sözsüz Almaniya və Ukraynanı favorit sayıram. D qrupunda , birincilik uğrunda yəqin ki İspaniya və Xorvatiya arasında mübarizə aparacaq, bu qrupu ölüm qrupu adlandırıram. İstərdik ki, Türkiyə də qrupdan çıxsın. Türkiyə millisinin buna gücü çatacaq ya yox, bu mübahisəli mövzudur. Amma bu milli komanda onu sübut edib ki, onlar ulduz oyunçularla yox, ürəklə oynayanda nəticə əldə edirlər. Ümid edək ki, bu dəfə də belə uğur qazanacaqlar. Çexiya yığması da sürpriz edə bilər. Heyətin güclü futbolçulardan ibarət olması qrupda yaxşı oynamaq anlamına gəlmir. E qrupunda, İtaliya və Belçikanı şanslı sayıram. F qrupunda isə Portuqaliya və Avstrya komandalarını şanslı görürəm”.a