“Köhnə maşınların kondisionerləri hər il texniki baxışdan keçirilməlidir”

0
330

Vüqar Nəbiyev Gəncə
Havaların temperaturunun qalxması ilə əlaqədar maşınlarda olan kondisionerlərə ehtiyac daha da artır. Sürücülər maşınların kondisionerini texniki baxışdan keçirmək üçün ustalara üz tuturlar. 8 ildir ki, maşın kondisionerlərinin təmiri və qaz əlavə edilməsi ilə məşğul olan usta Vüqar Novruzov deyir ki, maşınların kondisionerlərinə xidmət əsasən aprel-may aylarından başlayır: “Müştərilər əsasən bu aylardan başlayaraq, maşınların soyutma sistemi olan kondisionerlərini ustaya göstərməyə başlayırlar”.
Daha çox uzaq məsafələrə sərnişin daşıma ilə məşğul olan taksi sürücülərinin müraciət etdiyini deyən Vuqar usta qeyd etdi ki buna səbəb sərnişinlərin kondisionerli nəqliyyat vasitələrinə üstünlük vermələridir: “Bu səbəbdən sərnişin daşıma ilə məşğul olan taksi sürücüləri maşının soyutma sisteminin yaxşı işləməsinə daha çox diqqət göstərirlər”.
“Əgər yol tozludursa…”
Vüqar ustanın dediyinə görə, istehsal ili yeni olan xarici istehsallı avtomobillərin soyutma sisteminə 3 il zəmanət müddəti qoyulur: “Bu müddət istehsalçı zavod tərəfindən qoyulur. Bu müddətdə soyutma sistemi uçun əsas olan kondisionerin qazını, kompressorun yağını dəyişməyə ehtiyac olmur. Sadəcə olaraq, əgər hər hansı bir qəza hadisəsi zamanı kondisioner zədələnərsə, ona qaz və yağ əlavə etməyə ehtiyac yaranır. Bundan başqa, kondisionerin hava filtrini də dəyişmək lazımdır”. Ustanın sözlərinə görə, filtrin dəyişmə müddəti maşının sürüldüyü şəraitdən asılıdır: “Əgər yol tozludursa, 3 aydan bir kondisionerin filtrini dəyişmək lazımdır”.
Vüqar usta deyir ki, sürücülər ili köhnə olan maşınların soyutma sistemini hər il texniki baxışdan keçirməlidirlər: “Ümimiyyətlə, maşının kondisionerini təkcə yayda deyil, qışda da işlətmək lazımdır. Bu zaman kompressorda yağ çöküntüsü yaranmır, həm də kondisionerin radiatorunda çürümə getmir. Adətən, kondisioner bir il işləmədikdə onun radiatorunda çürümə prosesi başlayır və sonda da sıradan çıxır. Bu da maşın sahibi üçün əlavə xərcdir. Ona görə də kondisionerləri qışda da ay ərzində bir-iki dəfə işlətmək lazımdır”.
Qiymətlərə gəlincə, usta bildirdi ki, markasına görə maşınların kondisionerlərinə qaz vurulması, kompressora yağ əlavə olunması və filtrin dəyişdirilməsi, hamısı bir yerdə 40-45, bəzilərində isə 50-60 manat arasında dəyişir.
“Qazın hansı səbəbdən azaldığı müəyyən olunur”
“Buraxılış ili köhnə olan maşınların kondisionerlərinə hər il nəzarət edilməlidir. İstehsal ili 2005-ci ildən köhnə olan maşınlarda kondisionerin qazı 200-300 qram azalıbsa, bu normaldır; yox, əgər daha çox azalıbsa, onda soyutma sisteminə texniki baxış keçirmək lazımdır. Bu zaman qazın hansı səbəbdən azaldığı müəyyən olunur və bu problem aradan qaldırılır”,-deyə həmsöhbətimiz qeyd etdi.
Rusiya istehsalı olan maşınlarda kondisionerlərin olmasına fikir bildirən usta qeyd etdi ki, onların effektivliyi digər xarici istehsal olan maşınlardakı kimi deyil. Kondisioner işləyəndə maşının mühərrikinə əlavə güc düşür, bu isə əlavə yanacaq sərfinə səbəb olur: “Rusiya istehsalı olan maşınların mühərrikinin gücü az olduğu üçün daha cox yanacaq sərf olunur. Bu da maşının daha çox yanacaq yandırmasına gətirib çıxarır”.
Avtomobillərdəki kondisionerlərin isti havada insanı sərinlətməsi nə qədər yaxşıdırsa, bir o qədər də təhlükəlidir. Mütəxəssislər bildirirlər ki, soyutma sistemindən düzgün istifadə etmədikdə bu, bir sıra fəsadlara səbəb olur. Belə ki, isti havada maşına daxil olan kimi kondisionerin temperaturunu mümkün qədər aşağı salırıq ki, daha tez sərinləyək. Bu isə bir çoxlarımızın sağlamlığına ciddi zərər yetirir. Kondisioner havanı nə qədər sərinləşdirib bizə rahatlıq versə də, bir müddət sonra maşının salonundakı hava ağırlaşır. Buna görə də uzaq yola sürəndə maşının pəncərələrinin açın ki, daxildə hava dəyişsin.
Kondisionerin mümkün fəsadları
Yuxarıda qeyd etdiyimiz məqamlara əməl olunmadıqda, əsasən də isti havadan içəri daxil olarkən çox ciddi temperatur fərqi ilə qarşılaşdıqda, həmçinin maşının havasını uzun müddət dəyişmədikdə insanda nəfəs çatışmazlığı, qrip, iflic, burun qanaması, yuxarı nəfəs yolu xəstəlikləri, farengit, bronxit, əzələ spazması və göbələk kimi xəstəliklərə səbəb olur. Bunlardan qorunmaq üçün kondisionerdən mümkün qədər az və düzgün istifadə etmək lazımdır.
Mütəxəssislərin fikrincə, kondisionerlər insanın təbiətə adaptasiya prosesinin qarşısını alır. Belə ki, qışın soyuğunda bir düyməni basmaqla yay fəslinə, yayda isə əksinə keçmək mümkündür ki, bu zaman da insan orqanizmi təbiətə öyrənə bilmir. Kondisionerdən düzgün istifadə edin ki, sağlam olasınız.