Yunis Hüseynov: “Çempionatımızın təməli düzgün qoyulmadı”

0
392

– Yunis bəy, sizə elə gəlmirmi “Xəzər Lənkəran”ın bu günə düşməsi onun legionersiz fəaliyyəti ilə bağlıdır?

– Mən elə deməzdim. Bizim komandanın zəifləməsi UEFA-nın məlum qadağası (Qeyd edək ki, FİFA-nın transfer qadağası üzündən “Xəzər Lənkəran” 2015-ci ilin nə qış, nə də yay transfer dövründə oyunçu transfer edə bilib – Q.M.) ilə bağlıdır. Ötən mövsüm başa çatan kimi bəzi oyunçular komandadan ayrıldılar. Klub yeni heyət formalaşdırmaq istəyirdi. Bu niyyətlə də komandaya yeni futbolçular cəlb etmək niyyətində idi. Amma həmin qərar… Nəticədə elə oldu ki, ilk dövrəni 12 futbolçu ilə keçirməli olduq. Məcburiyyətdən 15-17 yaşlı uşaqları meydana buraxdıq. Onlar da öz sözünü deyə bilmədilər. Halbuki nəzərdə tutulmuş transferlər olsaydı, “Xəzər Lənkəran” birinci, ikinci yerə oynayan komanda olardı.

– Bir vaxtlar Azərbaycan Premyer Liqasında və ölkə kubokunda birincilik uğrunda yarışan komanda hazırda ölkə liqasında sonuncu pillələrdə qərarlaşıb. Bu gedişlə “Xəzər Lənkəran” I Diviziona yuvarlana bilər?

– Hər şey ola bilər. Çalışırıq ki, komandamız I Diviziona yuvarlanmasın. Gələn mövsüm “Xəzər Lənkəran”ın çempionluğa oynayan bir komanda olacağı deyilir.

– Şayiələr gəzir ki, “Xəzər Lənkəran” dağılmaq üzrədir…

– Bu barədə heç nə deyə bilmərəm. Amma yaxşı olmalıdır. Həmişə yaxşıya doğru getmək lazımdır.

– Bəs komandadakı baş məşqçi dəyişiklikləri nə ilə bağlıdır? Siz niyə baş məşqçilikdən istefa verdiniz?

– Bu klubun rəhbərliyinin qərarı ilə baş verdi. Başqa şey yoxdur, yəni Yunis özü getdi, yaxud işləmək istəmədi, bu kimi fikirlər boş şeylərdir. Amma onu deyə bilərəm ki, məşqçiyə 3-4 il şans vermək lazımdır ki, normal bir komanda formalışdıra bilsin. Məsələn, Qurban Qurbanov neçə ildir ki, “Qarabağ”da çalışır və bu müddətdə nəzərdə tutduğu komanda yarada bilib.

– Sizin dediklərinizdən belə başa düşdüm ki, rəhbərlik istədiyi vaxt baş məşqçini postundan uzaqlaşdıra bilər… Bəs bizim məşqçilər klub rəhbərliyi ilə müqavilə imzalamırlar?

– Məsələ bundadır ki, bu kimi proseslər UEFA çərçivəsində aparılmır. Əgər aparılsa, klub rəhbəri baş məşqçini işindən uzaqlaşdıra bilməz. Biz bunu bilirik, amma deyirik: “Əşi, müsəlmançılıqdır”.

“Təməli düz qoyulmadı”

– Sizcə futbolumuzda bir inkişaf varmı?

– Demək olar ki, inkişaf yoxdur.

– Amma bu sahəyə milyonlarla pul xərclənir.

– İş pulda deyil ki… Bəli, həqiqətən də, bu sahəyə milyonlar xərclənib, yaxşı infrastruktur yaradılıb. Amma problem odur ki, yaxşı futbolçular yetişmir.

– Niyə?

– Deyim ki, məşqçilər məşq keçmir, yalan olar, canla-başla işləyən məşqçilərimiz var. Fikrimcə, gərək futbol oynayanın qabında da bir şey ola. Hər top qovanı gətirib futbolçu edə bilməzsən ki…

– Bəlkə bu problemin bir qədər dərinliklərinə varaq?

– O vaxt müstəqil çempionatımızın təməli düz qoyulmadı. Əgər həmin illərdə futbolun inkişafına düzgün baxış olsaydı, indi onun bəhrəsini görə bilərdik. Doğrudur, indi meydançalarımız var, amma bütün bunlar zamanında olmalı idi. İndi gecdir. Biz bu gün gecikmişiksə, sabah edəndə yenə gec olacaq. Adi bir misal: ötən əsrin 90-ci illərinin ortalarında Türkiyə futbolunda canlanma yarandı. Bilirsinizmi bu canlanmaya səbəb nə idi? Çünki oradakılar elə ilk illərdə UEFA kubokunu almağı və ya finala çıxmağı fikirləşmədilər. Onlar uşaq futbolundan başladılar, bu sahəni inkişaf etdirdilər. Orada kimlər yetişdi? Hakan Şükür, Əmrə, Hasan Şaş, Bülənd. Nəticədə, “Qalatasaray” UEFA kubokunu qazandı, Türkiyə millisi dünya çempionatında 3-cü yeri tutdu. Yeri gəlmişkən, sonra onlarda da axsama oldu. Amma biz fikirləşdik ki, heç bir iş görmədən yuxarı yerləri tutaq. Halbuki hər şey mərhələ ilə olmalı idi.

– Problem uşaq futbolundadır?

– İndi kimdən soruşsan deyəcək ki, uşaq futbolumuz var. İndi sizə bir sual verim: uşaqlar növbəti yarış üçün gecə saat 12-də məsələn, Zaqatalaya, yaxud Gəncəyə yola düşürlər, yəni səhərə qədər yol gedirlər. Elə həmin gün də meydana çıxıb oynayırlarsa, o uşaqlar hansı futbolu göstərəcəklər? Özü də belə bir problem, demək olar ki, əksər komandalarda mövcuddur. Di gəl, biz hələ də zəif olmağımızla barışmırıq. Gərək barışaq. Bilirsiniz niyə? Barışsaq, onda bilərik ki, həqiqətən də, futbolçu yetişdirmək lazımdır.

– Yunis bəy, məşqçi karyeranızı (“Karvan” “Standart”, “Xəzər Lənkəran”) uğurlu saymaq olarmı?

– “Standart”ı da, “Karvan”ı da mən sıfırdan yığmışam. Hər iki komanda əla futbol sərgiləyirdi. Onu da deyim ki, “Karvan” ilə bir çox nailiyyətlərimiz oldu. “Karvan”a gümüş, bürünc qazandırdım, komandanı kubokın finalına çıxardım. İlk dəfə Azərbaycan adına UEFA kubokunda mərhələ adladıq. Davamı gəlmədi, bunu qoyaq kənara. Amma “Xəzər Lənkəran”a hazır bir komandaya gəldim. Hansı ki bu komanda mənə qədər çempion da olmuşdu, kubok da almışdı. Lakin mənim burada çalışmağım “Standart”dakı kimi cəmi 6 ay oldu. 6 ayda isə gözəl komanda yaratmaq çətin məsələdir. Burada bir məqama da toxunum. “Xəzər Lənkəran” UEFA-nın yarışlarına qatılırdı. Amma etap keçməmişdi. Mənim vaxtımda ilk etap keçdi.

– Buna görə təəssüflənirsiniz?

– Əlbəttə. Həmin vaxtdan indiyədək işləsəydim, bəlkə də “Xəzər Lənkəran” qrup mərhələsinə çıxardı. Çünki komandada bunun üçün bütün şərait vardı.

– Sizcə xarici məşqçilər futbolumuza nəsə verə biliblər?

– Yox, ancaq pul qazanıblar.

– Bəs millimizə rəhbərlikk etmiş Torres, Hacıyevski, Foqts?

– Sizcə nə verdilər?

– Məncə, heç nə.

– “Vsyo” da… Bilirsən, məndən niyə soruşursan?

– Bəs Prosineçkidən nə gözləyirsiniz?

– Onlar tanınmış məşqçilərdir. Heç vaxt onlar barədə demərəm ki, bacarıqsızdırlar, savadsızdırlar. Onlar da istəyərlər ki burada nəsə eləsinlər. Ümumiyyətlə, məşqçi hər yerə gedəndə istəyər ki nəticə versin. Heç bir məşqçi demir ki, mən kef etməyə gəlmişəm. Onlar da gəldilər ki, nəticə versinlər də… Amma, əgər belə demək mümkünsə, material olmayandan sonra nə təhər nəticə verə bilsinlər? Olanımız üzdədir. Həmişə demişəm, yenə deyirəm: onlara görə milyonlar verib məşqçi gətirməyin nə xeyiri var axı? Bir də indi ad futbol oynamır. Futbolçunun pasportu meydançadır. Məsələn, Foqts Avropada tanınmış məşqçidir. Onun adı o demək o deyil ki, baş məşqçisi olduğu Azərbaycan hər komandaya 5 qol vuracaq. Onun qarşısında istədiyi futbolu verə bilməyən oyunçu varsa, o, nəticə verə bilməz. Material yoxdursa, Prosineçki də heç nə edə bilməyəcək. Daha bir məqam. Bir var 16 komandadan futbolçu seçəsən, bir də var 10 komandadan. Bizim çempionatın səviyyəsi indi zəifdir. Əvvəlki kimi pul da yoxdur. İndən belə “voobşe” zəifləyəcək.

Haşiyə

– Hər oxuyan Molla Pənah olmaz, bəs hər top qovan?

– Futbolçu olmaz.

– Alıcı quş dimdiyindən bilinər, bəs yaxşı oyuncu?

– Qaçışından.

– Yaxşı at nalı gözlər, yaxşı igid dalı, bəs yaxşı oyunçu?

– Hər tərəfi…

– Tək əldən səs çıxmaz, bəs tək ayaqdan?

– Tək ayaqdan səs çıxar.

– Abad kənd tüstüsündən bilinər, bəs abad komanda?

– Futbolçularından.

– Söz bir olsa, dağ oynadar yerindən, bəs komanda bir olsa?

– Hər şeyə nail olar.

“Qarşımı kəsdilər”

– Yunis bəy, futbolçu var, bir ildə 6-7 komanda dəyişir, siz çox komanda dəyişməmisiniz: “Neftçi”, “Kəpəz”, “ANS Pivani”də çıxış etmisiniz… Hansı komanda sizə daha doğma olub?

– Mən futbola Gəncədə başlamışam. “Neftçi”yə dəvət olunanda 18 yaşım tamam deyildi. Yunis Hüseynov kimi tanınmağımda 15 illik kapitan sarğısı daşıdığım “Neftçi”nin rolu böyükdür.

– İlk qol sevincini necə xatırlayırsınız?

– Nə ilk qolum, nə də son qolum yadıma gəlmir. Bəzilərinə isə belə sual veriləndə elə basıb bağlayırlar ki… Ay “doqquzluğu” belə vurdum…

– Bəs hansı qolunuz daha çox yaddaşınızda qalıb?

– O qədər qol vurmuşam ki… Onları bir-birindən ayırmaq istəməzdim.

– Ötən günləri həmkarlarınızla çox xatırlayırsınız?

– O günləri xatırlayanda adam kövrəlir. Mən də kövrək adamam. Deyirsən, filan vaxtı belə olsa idi, yaxşı olardı. Ona görə də çalışıram, xatırlamayım.

– Eşitdiyimə görə, 1988-ci ildə sizin SSRİ Olimiya yığmasının heyətində çempion olmaq şansınız da olub.

– Mən SSRİ-nin olimpiya komandasında iştirak etmişəm. 1988-ci ildə olimpiyadaya 3 ay qalmış Koreyanın Seul şəhərində olimpiya oyunları qabağı turnir keçirilirdi. Bütün milli komandalar Seula gəlmişdi. 25 günlük bu turnirdə oynadıq və 2-ci yeri tutduq. Bütün oyunlarda meydana çıxaraq əla oynadım. Turnirdən sonra məşqçilər korpusu mənimlə söhbət zamanı olimpiyadada çıxış edəcəyimi bildirdilər. Ay yarımdan sonra olimpiada başlayırdı. Sevinə-sevinə Bakıya qayıdıb öz üzərimdə daha da çox çalışmağa başladım. İşlər elə gətirdi ki, mənim işimi “burdular”. Mənim əvəzimə komandaya İqor Ponomaryovu göndərdilər.

– Bu necə baş verdi axı?

– O zaman 28 yaşlı İqorun bizim İdman Nazirliyinin rəhbərləri ilə əlaqələri yaxşı idi. Hətta bir yerdə oturub-dururdular. Mən də Gəncədən gəlmiş bir uşaq idim də… Dedilər, Yunis kimdir axı, qoy getsin işinin dalınca. Uzun sözün qısası, Moskvaya zəng edib mən pislədilər, hətta “pyaniskə” kimi qələmə verdilər, amma Ponomaryov özgə aləmdir dedilər. Halbuki mən həmin oyunlara dəvət olunsaydım, olimpiya çempionu olacaqdım. Buna görə çox təəssüflənirəm.

– İndi deyərdilər ki, Yunis Hüseynov olimpiya çempionu olub.

– Bəli, amma qarşımı kəsdilər.

– Səhv etmirəmsə, siz legioner həyatı da yaşamısınız….

– Mən 92-ci ildə Tehranın “Kəşavərzi” komandasında çıxış etmişəm. Həmin mövsümdə bu komanda 3-cü yerə çıxdı. Onu da deyim ki, o zaman həmin komandada İran millisinin 6 oyunçusu oynayırdı.

– “Kəşavərzi”yə sizi kim dəvət etmişdi?

– O vaxt həyat yoldaşım Aynur xanımı məşqçi kimi İrana dəvət etmişdilər. Onda Aynur xanımdan həyat yoldaşının nə işlə məşğul olduğunu soruşmuşdular. O da demişdi ki, bəs peşəkar futbolçudur. Nə isə… komandanın rəhbərliyi bir məşqdən sonra məni heyətə daxil etdi.

– O illərdə başqa komandalardan da dəvətlər alırdınız?

– Moskvanın “Lokomotiv”inə, Odessanın “Çernomorets”inə, Vladiqafqazın “Alaniya”sına da dəvətlər almışdım. Hətta komandaların düşərgələrində də olmuşdum. Lakin həmin yerlərdə qala bilmədim. Fikirləşdim, kefim istəyəndə çayxanada oturub dostlarla çay içə bilməyəcəyəmsə, daha bu nə oldu? Elə bizim bədbəxtçiliyimiz belə şeylərdədir də… Bax bu kimi səbəblərdən bizimkilər xaricdə oynamırlar…

Haşiyə

– Yiyəsinə baxıb atı nallayarlar, bəs məşqçiyə baxıb?

– Komandasına qiymət verərlər.

– Könlü balıq istəyənin quyruğu suda gərək, bəs bombardir olmaq istəyənin?

– Bombardir olmaq istəyən həmişə cərimə meydançasında olmalıdır.

– Araba aşanda yol göstərən çox olar, bəs komanda müflis olanda?

– Hamı ağıllı olar. Yəni məsləhət verəni çox olar.

– İtən baltanın sapı qızıl olar, bəs itirilən xalın?

– Dərdi böyük olar. Mövsümün sonunda onları hesablayanda adam dəhşətə gəlir.

Kostya əmi,

Hamlet Zeynalov və…

– Futbola gəlişiniz necə olub?

– Bəri başdan deyim ki, biz 3 qardaş olmuşuq. Üçümüz də futbol oynamışıq. Mənim böyük qardaşım İsmayıl Hüseynov neçə illər “Kəpəz”in kapitanı olub. O biri qardaşım İsrail isə həvəskar kimi çalışıb. Mən də küçədə səhərdən axşamadək futbol oynayardım. 5-ci sinfə kimi əlaçı olmuşam. Evdən deyirdilər, futbola getmə, dərslərini oxu. Bir ara getmədim. Orta məktəbdə idman müəllimim qıvraq uşaq olduğumu görüb məndə güləşə həvəs oyatdı. İki il güləşlə məşğul oldum. Güləşin mənlik olmadığını başa düşəndən sonra, getdim futbol məşqçisi Kostya əminin (hamı onu belə çağırırdı) yanına. Onun rəhbərliyi ilə ilk dəfə “Dəri top” turnirində oynadım. 15-16 yaşımda futboldan uzaqlaşdım.

– Səbəb…

– Evimiz bazarın yanında yerləşdiyi üçün küçəmiz şəhərin ən qaynar yerlərindən biri idi. Məhəllə sakinlərinin çoxu alverçilər idi. Onlar o vaxtlar defisit hesab olunan malları satırdılar. Mən də başladım alverə, deyəsən, onda onuncunu bitirmişdim. Yaxşı pul qazanırdım. Bir gün Gəncə Şəhər İdman Komitəsinin sədri Hamlet Zeynalov küçəmizdən keçəndə məni gördü. (Mənim yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasında oynadığımı bilirdi). O mənə dedi: “Niyə burada durmusan? Dedim, evin yanındayam. Dedi ki, saat 3-4-də butsilərini də götür gəl stadiona. Sən demə, həmin gün Kəpəz “Xəzər Lənkəran”la (lənkəranlıların baş məşqçisi Kazbek Tuayev idi) yoldaşlıq görüşü keçirirmiş. Mən bunu stadiona gedəndən sonra bildim. Hə, Hamlet müəllim dedi ki, (“Kəpəz”in baş məşqçisi, deyəsən, Zahid Hüseynov idi) bəs Yunisi də oyuna buraxarsınız. Matçın başa çatmasına yarım saat qalmış məni oyuna buraxdılar. Oyunum yaxşı alındı. Oyundan sonra soyunub-geyinmə otağında Hamlet Zeynalov dedi ki, Yunisə məşq üçün forma da verin, onu ştata da salın. Bu təsadüf nəticəsində mən 16 yaşımda peşəkar futbola gəldim. Bir ilə yaxın burada oynayandan sonra “Neftçi”yə dəvət edildim.

– Kostya əminin adını çəkdiniz, yeri gəlmişkən, onu – Konstantin Abramenkonu necə xatırlayırsınız?

– Ötən əsrin 60-80-cı illərində gəncəli uşaqlara futbolu sevdirən məhz o olub. Yeri gəlmişkən, Maşallah Əhmədovun, Mehman Allahverdiyevin, Asif Əliyevin də məşqçisi o olub. Onu da deyim ki, çox tələbkar məşqçi idi. Ondan yaman çəkinərdik.

Haşiyə

– Qismətdən qaçmaq olmaz, bəs məğlubiyyətdən?

– O da qismət kimi şeydir.

– Əsli olmasaydı Kərəm dağlara düşməzdi, bəs futbol olmasaydı…

– Azarkeşlər stadionlara gəlməzdilər.

– Ətin yaxşısını qəssab axıra saxlar, bəs oyunçunun yaxşısını məşqçi nə vaxta saxlar?

– Yaxşısı meydançada olmalıdır.

– Hər ağac meyvəsi ilə tanınar, bəs hər komanda?

– Komanda da futbolçuları ilə.

– Qonağa üz versən taxçanı, boxçanı gəzər, bəs legionerə üz versən?

– Onlara üz versən, futbol batar.

“Aynur mənimlə şahmat oynamır ki…”

– Siz kim olmaq istəmisiniz?

– Elə futbolçu.

– Bu günün Yunusu kimdir?

– İstəmirəm ki, kimsə ona bənzəsin. Hər kəs özü olsa daha yaxşı olar.

– İstəyiniz?

– İstərəm ki, bizdə futbol inkişaf eləsin. O qədər inkişaf eləsin ki, futbolu bitirənlərin hamısına iş olsun. Bilirsinizmi, futbol adamlarının əlindən başqa bir iş gəlmir e…

– Futbolun inkişafı ilə bağlı hansısa təklifləriniz olub?

– Əlbəttə. Onları rəhbərliyə də təqdim etmişəm. Zənnimcə, regionlarda futbolun inkişafına nail olmaq vacibdir. “Xəzər Lənkəran” indi sonuncu yerdə gedir. Amma bu komandanın hər oyununa 3-5 min adam gəlir. Bu komanda çempionluğa oynayanda stadionda boş yer olmurdu. İndi “Kəpəz”ə baxın, hər oyununa nə qədər adam gəlir. Hər bir rayonda çempionat keçirsək, azarkeşlərin sayı daha çox olar. Futbolun da gözəlliyi elə azarkeşindədir.

– Özünüzü bəxti gətirmiş hesab edirsiniz?

– Yox.

– Niyə?

– Futbolçu kimi tanınmışam. Çempion olmusam, kubok almışam. Ən yaxşı futbolçu seçilmişəm, Əməkdar məşqçiyəm, Pro kateqoriyalıyam. Bütün bunlar öz yerində. Amma Olimpia çempionu olsaydım, deyərdim, hə, mən bəxti gətirmiş futbolçuyam.

– Bəs məşqçi kimi sözünüz deyə bilmisinizmi?

– Hələ sözümü deməmişəm. İnşallah, deyərəm.

– Ayağınız işləkdir, əlləriniz necə? Yəni başqa bir işlə məşğul olursunuz?

– Heç bir işlə məşğul olmuram.

– Bəs ovla aranız necədir? Vidadi Rzayev, Kamal Quliyev bu işin ustasıdırlar.

– Tüfəngim var, hərdən ova gedirəm. Amma o qədər də yox.

– Çəkindiyiniz müdafiəçi kim olub?

– Heç kim, çəkinən futbolçu futbolçu deyil ki…

– Şahmat dedikdə ilk yadınıza nə düşür?

– Komandir, o şahmatçıdır axı.

– Həyat yoldaşınız Aynur xanımla şahmat oynayırsınız?

– Mənimlə şahmat oynamır ki… Özündən zəiflərlə oynamaq maraqsızdır axı… O qrossmeysterdir.

– O sizi həytada heç mat edib?

– Yox… Biz bir-birimizi həmişə başa düşürük.

– Ümumiyyətlə, həyatda sizi kim mat edib?

– Məni hələ mat edən olmayıb.

– Bəs seytnota düşmüsünüz?

– Yox.

Dedim axı…

– Bu yaxınlarda son zəng çalınacaq. Bu zəng yadınıza nələr salacaq?

– Mən beşinci sinfə kimi yaxşı oxumuşam. Ondan sonra, demək olar ki, məktəbə getməmişəm. Bir dəftərim vardı: həm riyaziyyat, həm ədəbiyyat, həm rus dili dəftəri kimi istifadə edirdim.

– Sevdiyiniz komanda?

– “Barselona”.

– Futbolçu?

– Messi.

– Mütaliəni sevirsiniz?

– Çox kitab oxumamışam. Amma bir vaxtlar geniş yayılmış “Əfsanəsiz illər” indi də yadımdadır.

– Müğənnilərdən kimlərə qulaq asırsınız?

– Şövkət Ələkbərovaya, İslam Rzayevə, Rübabə Muradovaya, Hacıbaba Hüseynova, Ağaxan Abdullayevə… İndi muğam aləminə yenicə qədəm qoymuş gəncləri də maraqla dinləyirəm.

– Hansı mahnını zümzümə edirsiniz?

– Hərdən kefimə düşəndə muğamat oxuyuram. Mən yaxşı mahnı oxumuşam.

– Xoşladığınız yemək?

– Üç bacı (pomidor, bibər, badımcan) dolması.

– Yorulanda hara üz tutursunuz?

– Evə. Hərdən də dostlarla çay içməyə gedirəm.

– Bəs məsləhətə ehtiyac olanda kimin qapınısın döyürsünüz?

– 51 yaşım var, hələ ki kimsədən məsləhət almamışam.

– Bu sizin ağsaqqalığınızdan irəli gəlir?

– Yəni elə bir ciddi problemim olmayıb: lazım olanda özüm özümə məsləhət verirəm.

– Özünüzü dünyaca məşhur olan hansı futbolçu və ya məşqçi ilə müqayisə edərdiniz?

– Dedim axı, mən, ümumiyyətlə, müqayisəni sevmirəm.

– Anatoli Banişevski deyərdi:

– Allah rəhmət eləsin..

– “Kaş 20 il sonra doğulaydım”. Hərdən siz də belə düşünürsünüz?

– Hə, olur.

– Azərbaycan futbolçularından ibarət bir stend yaratmaq fikrində olsaydınız, ilk yerdə kimin fotosuna yer verərdiniz?

– Təbii ki, Anatoli Banişevskinin.

– Seyran Səxavət deyir ki:

“Futboldan ucalıq umma dünyada,

Çünki Messi ilə qurtarır o da”. Bu fikrə münasibətiniz?

– Onu düz deyir. Ondan sonra inanmıram ki, ikinci Messi gələ.

– Atanız, ananız barədə nə deyə bilərsiniz?

– Atam da (O, 2008-ci ildə dünyasını dəyişib), anam da Ordubadın Dəstə kəndindəndirlər. Atam Hüseyn ticarət işçisi olub. Bu sahədəki fəaliyyətinə görə, medal da almışdı. Anam Sona xanım bağça müdiri işləyib.

– Atanızın futbola marağı var idi?

– Yox. O hər gün saat 6-da işə gedər, axşam 8-də evə qayıdardı.

– 3 qardaş onda futbola maraq oyada bildiniz?

– Hə, bir qədər maraq oyada bildik. Amma o, oyunlarımıza gəlməzdi. Bir dəfə onu qardaşımın iştirak etdiyi bir matça gətirdim. Stadionda bəzi azarkeşlərdən bir neçə söyüş (köpəkoğlu) eşidən kimi kişi dedi ki, bala, bir də məni belə yerlərə gətirmə. Onu da deyim ki, atam ağır təbiətli insan idi. Mən onun ağzından bir söyüş belə eşitməmişəm.

“Görüş”ün hər

epizodu yadımdadır

– Sizi peşəkar futbolçu kimi fəaliyyətə başlayanadək heç Tofiq Bəhramov adına stadionda “Neftçi”nin oyununa baxmışdınız?

– Yox. 1983-cü ildə həmin stadionda futbolçu kimi meydana çıxmışam.

– O vaxt futbolçulara yaxşı qayğı vardı. O illərdə sizə nələr düşdü?

– Hər şey: maşın, özü də 06, ev, mebel. Üstəlik, elə o illərdə instituta daxil oldum, əsgərliyimi başa vurdum.

– Maşın sizi oyunlardan ayırmadı ki?

– Onda 21 yaşım vardı. Maşını alandan sonra gördüm ki, futbolda geriləyirəm. Odur ki, onu 6-7 aydan sonra satdım.

– Sizə elə gəlmirmi son illər bu kimi amillər bizim bəzi futbolçuları “yoldan” çıxardı?

– Elədir. Bəli, cibdə çox pul olanda futbol keçir ikinci plana (Ağıllı futbolçu öz işini yaxşı bilir). Bizdə futbolçulara birdən-birə çox pul buraxdılar. Futbolçu yaxşı pul almalıdır. Amma onların maaşlarını yavaş-yavaş qaldırsaydılar, elə olmazdı.

– Teatra gedirsiniz?

– Əvvəllər gedərdim. Bilirsinizmi, mən o köhnə aktyorlarla nəfəs alıram.

– Sevdiyiniz film hansıdır?

– “Axırıncı aşırım”, “Görüş”. Əvvəlki filmərə adam baxdıqca baxmaq istəyir. İnandırım sizi, “Görüş”ün hər epizodu yadımdadır.

– Övladlarınız barədə nə deyə bilərsiniz?

– 2 qızım var. Hər ikisi də xaricdə ali təhsil alıblar.

– İdmana maraqları var?

– Şahmata maraqları olsa da, onlar elm dalınca qaçdılar. Hərəsi öz sahəsinin idmançısdır. Buna görə sevinirəm. Onu da deyim ki, oxumaqda analarına çəkiblər.

– O illəri özündə ehtiva edən əşyalarınız çoxdur?

– Açığını deyim özümdə heç bir əşyam qalmayıb. O vaxt SSRİ Olimpiya komandasının heyətində çıxış edərkən çəkilmiş şəkillərim var idi. Kimə verdiyimi unutmuşam. İndi həmin fotolar olsa idi, onlara maraq üçün baxardım.

– Gəncədə sizi futbolçu kimi tanıyırlar yoxsa, tanınmış beynəlxalq şahmatçı Aynur Sofiyevanın həyat yoldaşı kimi?

– Futbolçu kimi, əlbəttə. Amma bu da faktdır ki, Yunis Hüseynov dedikdə Aynur Sofiyeva, Aynur Sofiyevə dedikdə Yunis Hüseynov yada düşür.

P.S. Qeyd edək ki, müsahibə “Xəzər Lənkəran”ın bu mövsümdəki son oyunundan əvvəl alınıb.

Qvami Məhəbbətoğlu