“Heç bir bank vətəndaşlara krediti dollarla verməməli idi”

0
338

Amil Tağıyev
Son günlər bəzi mətbuat orqanlarında ölkəmizdə növbəti – üçüncü devalvasiyanın olacağı ilə bağlı məlumatlar yayılır. Qeyd edək ki, ABŞ-ın “Deutsche Bank”ının Nyu-York ofisinin analitiki Sebastien Galy da deyib ki, ümumiyyətlə, dolların kəskin bahalaşması üçün ciddi potensial var. Yerli ekspertlər də məsələyə məhz bu prizmadan yanaşırlar. Millət vəkili, iqtisadçı Vahid Əhmədov isə “Zaman.az”a açıqlamasında 2016-cı il üçün devalvasiyanın gözlənilmədiyini söylədi: “Mənim düşüncəm bundan ibarətdir ki, 2016-cı il üçün devalvasiya gözlənilmir. Lakin bununla belə, onu da qeyd etməliyəm ki, manat həqiqi qiymətini tapmayıb.
Vahid Əhmədov dünyada baş verən proseslərin siyasi-iqtisadi təsirlərini də qeyd edib: “Hazırda dünya miqyasında neftin qiymətinin düşmə səbəbi siyasi məsələdir, Rusiya əvvəlki SSRİ sərhəddinin bərpası üçün çalışır”. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsinin neftdən asılı olduğunu deyən millət vəkili son vaxtlar qeyri-neft sektorunun inkişafı üçün də ciddi addımların atıldığını vurğulayıb.
Millət vəkili əhalinin banklarla bağlı probleminə də toxunub. Qubada hər ay qəbul keçirdiyini xatırladan Vahid Əhmədov bu dəfə qəbul etdiyi 70-dən çox seçicinin müraciətinin 30-40%-nin məhz dollarla bağlı kreditlərin ödənilməsi ilə bağlı yaranmış problemlə bağlı olduğunu bildirdi.
O, Konstitusiyamızda nəzərdə tutulan müvafiq maddəni xatırladaraq, Azərbaycanda bütün ödənişlərin yalnız və yalnız manatla olmalı olduğunu diqqətə çatdırdı: “Buna əsasən heç bir bank vətəndaşa krediti dollarla verməməli idi. Elələri var ki, krediti manatla alıb, lakin müqaviləni dollarla bağlayıblar. Məhz kredit alan şəxsin savadsızlığından, yaşlılığından, diqqətsizliyindən istifadə ediblər”.
Millət vəkili Azərbaycanda 43 bankın çox olduğunu, 15-17 bankın kifayət etdiyini söylədi.
Vahid Əhmədov 2015-ci ildə 2 dəfə devalvasiyanın olduğunu xatırladaraq deyib: “Devalvasiya zəruri idi. Lakin biz yumşaq devalvasiyanın tərəfdarı olmuşuq. Manat bununla belə, həqiqi qiymətini bazarda tapmayıb. 2016-cı il üçün növbəti devalvasiya gözlənilmir. Mərkəzi Bankın 11 milyard ehtiyatından cəmi 4 milyard qalıb. Bütün bu prosesləri nəzərə almalı idilər. Biz bununla bağlı təkliflərimizi vermişdik, təəssüf ki, bu vəziyyətlə nəticələnən qərarı veriblər”.