“Gəliri olmayan şəxs borcunu nəyin hesabına ödəməlidir?”

0
488

Allahverdi Cəfərov
Banklara kredit borcu olan vətəndaşların həbs olunması hallarında son zamanlar artım müşahidə olunmaqdadır. Bu isə iqtisadçı ekspertlər və hüquqşünaslar tərəfindən birmənalı qarşılanmır. Ekspertlər bildirirlər ki, vətəndaşın kredit borcunu ödəmək imkanı yoxdursa, onun barəsində həbs qərarı verilə bilməz. Amma mətbuatda yer alan məlumatlardan belə görünür ki, kredit borcuna görə həbs edilənlər və barəsində cinayət işi açılan şəxslərin sayı hər keçən gün artmaqdadır. Kredit borcuna görə barəsində inzibati həbs qərarı verilən şəxslərdən biri – Bakı şəhəri Nəsimi rayon R.Axundov küçəsi ev 19 mənzil 1-də yaşayan Muradov Mahir Tofiq oğlu tərəfindən ötən gün qəzetimizə şikayət məktub daxil olub.
Mahir Muradov bizə ünvanladığı məktubda bildirir ki, “Atrabank” ASC-yə olan kredit borcuna görə, Nəsimi rayon məhkəməsinin 09.07.2015-ci il tarixli qərarı ilə barəsində 10 gün müddətində inzibati həbs də tətbiq olunub. Hazırda isə Cinayət Məcəlləsinin 196-cı maddəsinə əsasən barəsində cinayət işi açılıb. Vətəndaş şikayət məktubunda qeyd edir ki, 2008-ci ildə tanışı, Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan İbrahimov Abutalıb Əliqulu oğlu kredit yolu ilə avtomobil almaq istədiyini, lakin rayon qeydiyyatında olduğu üçün bunu edə bilmədiyini və bu işdə ona kömək etməyini istəyib. Şikayət məktubunda daha sonra qeyd olunur: “Mən də ona gömək etmək məqsədilə “Atrabank” ASC-dən kredit müqaviləsini öz adıma rəsmiləşdirərək “Volkswagen Passat” markalı 10 EZ 890 dövlət qeydiyyat nişanlı avtomobili almışam. İbrahimov Abutalıbla belə razılaşmışıq ki, avtomobili satın almaq üçün “Atrabank” ASC-dən götürdüyüm krediti tam şəkildə ödədikdən sonra avtomobili onun adına rəsmiləşdirəcəyəm. Bu müddət ərzində avtomobil İbrahimov Abutalıbda qalacaq. Lakin bir müddətdən sonra İbrahimov Abutalıb kredit borcunu ödəməyərək mənə məxsus avtomobili də qaçıraraq gizlənib. 2011-ci ildə bu barədə Xəzər rayon 2-ci polis bölməsinə məlumat vermişəm. Eyni zamanda həmin avtomobilin üzərinə “Atrabank” ASC-də girov olduğu üçün Nəsimi rayon məhkəməsinin 09.02.2011-ci il tarixli 2(006)-513/2011 saylı qərarı ilə həbs qoyulub. Eyni zamanda Nəsimi rayon məhkəməsinin qərarı ilə avtomobilin tapılaraq satılması və əldə olunan vəsaitin kredt borcunun ödənilməsinə yönəldilməsi barədə qərarı var. Lakin bu günə qədər nə İbrahimov Abutalıb, nə də mənə məxsus olan “Volkswagen Passat” markalı 10 EZ 890 dövlət qeydiyyat nişanlı avtomobili tapılmayıb. 2015-cı ildə Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubov cənablarına məktub ünvanlamışam və sürətlərini də Xəzər rayon Polis İdaəsinə, Nəsimi rayon Polis İdarəsinə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə yollamışam. Ancaq bugünə qədər heç bir tədbir görülməyib. “Atrabank” ASC isə krediti geri ödəməyimi tələb edir. Uzun müddətdir işsiz olduğum üçün bu bu krediti ödəmək imkanım yoxdur. “Atrabank” ASC-yə olan borcu ödəyə bilməyim üçün mənə məxsus olan 10 EZ 890 dövlət qeydiyyat nişanlı avtomobilin tapılaraq satılması lazımdır”.
Həbsin tətbiq olunması üçün həmin şəxsin ödəmə imkanı olmalıdır
Şikayətçinin bizə ünvanladığı məhkəmə qətnamələrindən açıq şəkildə görünür ki, vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən Nəsimi rayon məhkəməsində 10 gün müddətində inzibati həbs qərarı çıxarılıb. Halbuki həmin maddədə açıq şəkildə yazılır ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati həbs tətbiq olunur. Göründüyü kimi həbsin tətbiq olunması üçün həmin şəxsin ödəmə imkanı olmalıdır. Kredit borcuna görə həbs olunan vətəndaşların məsələsinə münasibət bildirən “İJS” Hüquq şirkətinin rəhbəri, hüquqşünas Əkrəm Həsənov verdiyi açıqlamada bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsini görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər: “Gəliri olmayan, heç ailəsini saxlamağa pulu olmayan şəxs borcunu nəyin hesabına ödəməlidir? Vətəndaşın gəlirinin olması vergi orqanından dəqiqləşdirilib? Vergi ödəmirsə, demək, gəliri də yoxdur! Gəliri yoxdursa, deməli, məhkəmə qararını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Vətəndaşın təqsiri nədir? Kasıb olması? Təqsirsiz insanın həbsi Konstitusiyamıza ziddir!
Eyni zamanda qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”.