Azərbaycanda istehsal olunan yerli markalar niyə özünü doğrultmur?

0
326

Nərmin Haqverdiyeva
Gündəlik həyatımızda istifadə etdiyimiz paltarlarımızı, elektron-məişət əşyalarımızı, telefon və ya kompüterlərimizi alarkən əsasən markasına üstünlük veririk. İstər paltar olsun, istər elekron əşya, bunları seçərkən əsasən istehsal olunduğu ölkəyə və adına əhəmiyyət veririk. Çünki cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, xarici brendlər daha keyfiyyətli olur. Ona görə də onlara tələbat çoxdur. Gələk yerli istehsalımıza. Son illər ərzində ölkəmizdə də yerli istehsal malları xeyli artıb. Yaxın keçmişə nəzər salsaq görərik ki, bir vaxtlar ölkədə yerli markalar – “Kür” kompüterləri, “Star” televizorları, soyuducuları, paltaryuyan maşınları, “Elite” kondisionerləri və son illər istehsal edilən “NAZ-Lifan” avtomobilləri istehsal edilirdi. Ancaq çox keçmədən həmin markaların fəaliyyəti dayandırıldı. Naxçıvanda istehsal olunan “NAZ-Lifan” avtomobilləri isə digərlərinə nisbətən uzunömürlü oldu. Xatırladaq ki, ilin əvvəlində dövlət başçısı İlham Əliyev Naxçıvan avtomobillərinə diqqət çəkərək, dövlət qurumlarını, hökumət rəsmilərini “NAZ-Lifan” almağa çağırmışdı. Hətta bu zaman cəmiyyətdə belə bir gözlənti var idi ki, bu çıxışın ardından “NAZ-Lifan”a tələbat artacaq, bununla əlaqədar zavodun istehsalı və gəlirləri də artacaq. Bəs, görəsən, bu məhsulların istehsalı niyə dayandırıldı? Yerli məhsullarımıza tələbat niyə yoxdur? Yerli markalarımız niyə dünya bazarına çıxa bilmir?
“Həmin məhsulların qiyməti real bazar qiymətindən (analoji tipindən asılı olmayaraq) iki qat baha olurdu”
Mövzu ilə bağlı məlumat almaq üçün iqtisadçı-ekspert Nazim Məmmədovla əlaqə saxladıq. Ekspert bildirdi ki, informasiya-texnologiya məhsulları tez-tez yenilənir: “Hər 3, 6 aydan bir yeni modellər çıxır. Əvvəllər ölkəmizdə istehsal edilən istər kompüterlər olsun, istər televizorlar olsun, onların hamısının ehtiyat hissələri xaricdən gətirilirdi. Burada, sadəcə, yığılırdı. Həmin o məhsullar vaxtilə həkimlərə, müəllimlərə və büdcə təşkilatlarında çalışanlara məcburi şəkildə satılırdı. Həmin məhsulların qiyməti real bazar qiymətindən (analoji tipindən asılı olmayaraq) iki qat baha olurdu. Ona görə də, məhsullar daha çox kredit şəklində satılırdı. Dövlət büdcəsi hesabına və ya özəl istehsal olunan məhsullar bu kimi layihələrlə satılaraq heç vaxt bazara uyğunlaşa bilməz. Bunlar müəyyən müvəqqəti layihələr çərçivəsində həyata keçirilir. Buna görə də nə “Kür” kompüterləri, nə də “Star” televizorlarının ömrü çox çəkmədi. Ən yaxşısı, bu olardı ki, Azərbaycanda xarici malların istehsal edilməsi üçün şərait yaradılsın, həmin xarici şirkətlər də buraya özləri üçün vəsait gətirsinlər. Bazara uyğunlaşsın və normal, keyfiyyətli modellər yaradılsın”.
“Yerli elektron markalar inkişafda olan texnologiya ilə ayaqlaşa bilmirdi”
“Bizdə yerli istehsala niyə tələbat yoxdur” sualına cavab verən N. Məmmədov əlavə etdi ki, birincisi, bizdə köhnə modelləri yığırdılar, ikincisi də, qiymətlər baha olur: “Hamımıza məlumdur ki, texnologiyada hər gün yeni bir model çıxır. Bizdə istehsal olunan yerli elektron markalar inkişafda olan texnologiya ilə ayaqlaşa bilmirdi. Buna görə də bazarda ona tələbat olmurdu. Məcburi satış da heç vaxt effektiv ola bilməz. Yerli istehsal markalarımız maya dəyərindən qat-qat baha qiymətə satılırdı. Daxili istehsal bazarda rəqabətə dözümlü olmalıdır, qiymət baxımından normal olmalıdır. Məcburi şəkildə sataraq daxili istehsalı gücləndirmək olmaz. Əgər belə olacaqsa, onda biz yenidən sovet rejiminə qayıdacağıq. Vaxtilə SSRİ-də olduğu kimi ancaq, “Jiquli” almalıyıq. Yaxud xaricdən gələn məhsullara yüksək gömrük rüsumu tətbiq etməliyik ki, ixrac, idxal sərfəli olmasın. Vətəndaşlar da məcbur olub, yerli məhsulları alsınlar. Ancaq biz həmin dövrə qayıtmaq istəyirikmi? Əgər istəyiriksə, məcburən inzibati yolla bazarı belə tənzimləmək olar. Onda “NAZ-Lifan” da satmaq olar, velosiped də, “Kür” də, “Star”da.
Bir müddət əvvəl Prezident İlham Əliyev dövlət qurumlarını, hökumət rəsmilərini “NAZ-Lifan” almağa çağırmışdı. Təbii ki, cənab Prezidentin tövsiyələrində müsbət məqamlar çoxdur. Daxili istehsalı gücləndirmək üçün yerli məhsullardan da istifadə etmək lazımdır. Çıxışı zamanı Prezident daha keyfiyyətli məhsulların istehsal edilməsini, yerli istehsalın daha da inkişaf etdirilməsinə işarə etmişdi. Yəni məmurlarımız rahat, lüks həyat yaşamaq üçün xaricdən bahalı avtomobillər alırlar, ancaq yerli istehsala üstünlük vermirlər”.
“Standartlara uyğun məhsullar istehsal onunmadığı üçün onlar dünya bazarına çıxa bilmir”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, Azərbaycanda uzun müddət hamının başı neft gəlirlərinə qarışmışdı: “Dəfələrlə biznes sektorunun inkişafı üçün proqramlar qəbul edildi. Ancaq daxili istehsalat məsələsi lazımi qurumlar tərəfindən kifayət qədər dəstəklənmədi. Bu gün Azərbaycan brendi dünyada tanıdılmır. İqtisadiyyat Nazirliyinin tərkibində “AZTROMA” adlı bir şirkət var. Onların işi Azərbaycan brendlərini dünyada tanıtmaqdır. Ancaq onlarin fəaliyyəti olduqca zəifdir. 2011-ci ildə ABŞ İnkişaf Agentliyi (USAİD) tərəfindən bizə bildirildi ki, Azərbaycan brendinin yerli istehlakçılara, dünyaya tanıtmaq üçün çalışmaq lazımdır. Onların bizə hazırladığı sənəd əsasında biz dünyada ilk dəfə Azərbaycan istehlakçılarının Qida Təhlükəsizliyi Nişanını qeydiyyata aldırdıq. Bununla da Azərbaycan brendini dünyada tanıtmaq üçün çalışmalara başladıq. Lakin biz bu nişanı 6 müəssisəyə şamil edə bildik. Bunlar “İceland” dondurma istehsalı müəssisəsi, “Sab”, “Səhliyalı”, “Sevimli dad” kolbasa məmulatları istehsalı, “Şirin” və “Ulduz” qənnadı məmulatları istehsalatı zavodlarıdır. Azərbaycanda keyfiyyətli məhsullar istehsal olunmur. Ölkədə biznes qurumları onlar üçün yaradılmış vəziyyətdən sui-istifadə edirlər. Standartlara uyğun məhsullar istehsal onunmadığı üçün onlar dünya bazarına çıxa bilmir. O ki qaldı elekron əşyaların istehsalına, onlar müasir texnologiyadan geri qaldığı üçün, keyfiyyətinin yaxşı olmadığı üçün fəaliyyətini dayandırıb. Həm də ki bazarda onlara tələbat yox idi. Tələbat olmadığı zaman da biznes getmir. Keyfiyyət məsələsinə görə Azərbaycan texnologiya sahəsində uduzdu. Bir də ki bizdə dövlət məmurları, icra strukturları, yol polisləri avtomobillərini xaricdən alırlar. Yerli markamıza üstünlük vermirlər. Ancaq Rusiyada bütün dövlət məmurları məcburdurlar ki, Rusiya istehsalı olan avtomobillərdən istifadə etsinlər. Onlar bu kimi yollarla daxili istehsalatını inkişaf etdirirlər”.