“Ruhi xəstəliklər həm artır, həm də cavanlaşır”

0
316

Xəyalə Sadıqova
İnsan sağlamlığının ən önəmli tərkib hissəsi onun psixi vəziyyətidir. Dünyanın bir çox ölkələrində profilaktik tədbirlərin aparılmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, ruhi xəstəliklərdən əziyyət çəkən insanların sayı artmaqdadır. ÜST-nin proqnozlarına əsasən, 2020-ci ildə psixi pozulmalar əmək qabiliyyətinin itirilməsinə yol açan xəstəliklərin ilk sıralarında yer alacaq. Psixi pozuntu insanların həyat keyfiyyətinə və onların sosial mühitdəki statuslarına mənfi təsir edir. Bəs, görəsən, ruhi xəstəliklərin yaranmasına səbəb nədir? Bu xəstəlikdə genetik faktor rol oynayırmı? Psixi pozuntuların profilaktikası mümkündür?
“Sosial amillər, xəstənin həyat şəraiti və s. öz təsirini göstərir”
“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri həkim-psixiatr Səbinə Kərimova digər xəstəliklərdə olduğu kimi, ruhi xəstəliklərin də artdığını bildirdi: “Təkcə ruhi xəstəliklər deyil, bütün xəstəliklər həm artır, həm də cavanlaşır. Əmək qabiliyyətinin itirilməsinə səbəb olan xəstəliklərin başında ürək-damar xəstəlikləri gəlir. İkinci növbədə isə ruhi xəstəliklərdən sayılan depressiyalar yer alır. Bu xəstəliklərin artmasında bir çox amillər rol oynayır. İstər ekoloji faktor, istər sosial-iqtisadi vəziyyət, insanların səhhəti və həyat tərzi psixi pozuntuların yaranmasına öz təsirini göstərir. Qeyd edim ki, depressiyanın yaranmasında həm daxili, həm də xarici amillər rol oynayır. Elə növ depressiyalar var ki, o ilk öncə xarici təsirlərdən formalaşır. Sosial amillər, xəstənin həyat şəraiti və s. buna öz təsirini göstərir”.
S. Kərimova digər növ depressiyaların birbaşa daxili amillərdən qaynaqlandığını və onun heç bir xarici səbəbinin olmadığını vurğuladı. Həkim-psixiatr bu depressiyaların azlıq təşkil etdiyini dedi.
“Subay, işsiz, assosial insanlar daha çox depressiyaya düşürlər”
“Bütün xəstəliklərdə olduğu kimi, ruhi xəstəliklərin də profilaktikası mümkündür. Bu sahədə bir sıra işlər görməyə çalışırıq. İstər depressiya, istər stress, istər müəyyən sərhədyanı, yəni neqotiv pozuntular, istər endogen ruhi xəstəliklər bir sözlə, bunların hamısının profilaktikası mümkündür. Depressiyanın profilaktikasında böyük işlər görmək olar. Hər hansı depressiyadan əziyyət çəkən insanları birini digəri ilə müqayisə etsək, ortaya çox səbəb çıxır. Daha çox sosial-iqtisadi vəziyyəti yaxşı olmayan, subaylar, uşağı olmayan, əhatəsi az olan insanlar depressiyaya düşürlər. İlk növbədə, burada rol oynayan faktorları müəyyən edib, profilaktik tədbirlər görərək insanların depressiyaya düşmə faizini aradan qaldırmağa çalışırıq”-deyə, həkim-psixiatr vurğuladı.
S. Kərimova insanın ehtiyaclarının təmin olunmamasının onun enerjisinin bitməsinə və psixi pozuntularının ortaya çıxmasına yol açdığını bildirdi: “İnsanın yaşaması üçün müəyyən tələbatları var. Biz istəsək də, istəməsək də bu tələbatlar ödənməlidir. Maddi, mənəvi, yemək, fiziki və s. bu kimi ehtiyacların təmin olunmaması və ya qaneedici səviyyədə olmaması insanın tükənməsinə və depressiv halların yaranmasına gətirib çıxarır. İşsiz insanlar daha çox depressiyaya düşürlər nəinki işi olan, hər hansı sosial əhatəsi olanlar. Buna görə də depressiyadan əziyyət çəkən xəstələrlə həkim-psixiatrla yanaşı, həm də psixoloq və digər aidiyyəti mütəxəssislər işləyirlər. Bu, müasir Avropa təcrübəsində olan multidisplenar sistem adlanır, hansı ki, bizdə də artıq tətbiq olunur. Bu zaman həkimlə yanaşı, digər sosial işçilər də xəstənin reabilitasiyasına cəlb olunurlar”.