Kim daha çox pul xərcləyir?

0
264

Son illər Azərbaycanın müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, həmçinin ölkədə turizm imkanlarının genişlənməsi xaricdən təşrif gətirən əcnəbilərin sayını artırsa da, bu göstərici xarici ölkələrə səfər edən azarbaycanlıların sayı ilə müqaysədə aşağı olaraq qalır. Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan son statistik göstəricilərinə nəzər salsaq görərik ki, ölkəyə gələn əcnəbilərin sayı xaricə səfər edən vətəndaşlarımızın sayı ilə müqayisədə daha az artıb. Məsələn, 2010-2014-cü illər ərzində Azərbaycana gələn əcnəbilərin sayı 17% artaraq 1 milyon 963 min nəfərdən 2 milyon 298 min nəfərə çatsa da, bu dövürdə xaricə səfər edən vətəndaşlarımızın sayı bundan daha çox artıb. Belə ki, 2010-cu ildə xarici ölkələrə 3 milyon 175 min nəfər azərbaycanlı yollanıbsa, 2014-cü ildə onların sayı 33,6% artaraq 4 milyon 244 min nəfərə çatıb. Nəticədə ölkəyə gələnlərin sayı gedənlərin sayından 1,8 dəfə (1 milyon 926 min nəfər) çox olub. İstirahət və əyləncə məqsədilə ölkəyə gələn və gedənlərin sayı arasında da bənzər fərq qeydə alınıb. Əgər istirahət və əyləncə məqsədilə ölkəyə gələnlərin sayı 756 min nəfər olubsa, eyni məqsədlə xarici ölkələrə səfər edən azərbaycanlıların sayı 1 milyon 298 min nəfər olub.
Bu eyni zamanda o deməkdir ki, ölkədən çıxarılan vəsait ölkəyə daxil olan vəsaitdən də çox olub. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2014-cü ildə əcnəbilər Azərbaycanda 1 milyard 281 milyon manat vəsait xərcləyiblər. Əvəzində isə həmin il azərbaycanlılar xarici ölkələrdə bundan daha çox – 1 milyard 888 milyon manat vəsait xərcləyiblər.
Əcnəbi Azərbaycanda 593 manat, azərbaycanlı xaricdə 569 manat xərcləyir
Aparılan araşdırmalar onu göstərir ki, turizm sektorunda mənfi saldonun qeydə alınmasının əsas səbəblərindən biri bu sahədə qiymətlərin xarici ölkələrdəki qiymətlərə nisbətən yüksək olmasıdır. Azərbaycanda qiymətlərin yüksək olmasının açıqlanan rəsmi statistikadan da açıq şəkildə görmək olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana gələn hər bir əcnəbinin səfər dövründə turizm məqsədilə çəkdiyi xərc orta hesabla 593 manat olub. Eyni dövürdə xarici ölkəyə gedən hər bir azərbaycanlının turizm məqsədilə çəkdiyi xərc orta hesabla 569 manat təşkil edib. Hesablamalara görə, bir əcnəbi Azərbaycanda nəqliyyat xərcləri üçün orta hesabla 260 manat, yerləşmə xərcləri üçün 172 manat, qida üçün isə 132 manat xərcləyib. Ancaq azərbaycanlılar xarici ölkələrdə nəqliyyat xərcləri üçün orta hesabla bundan 1,5% az- 256 manat, yerləşmə xərcləri üçün bundan 4% az – 165 manat, qida üçün isə 35% az – 85 manat xərcləyiblər.
Azərbaycana MDB ölkələrinin və Gürcüstanın vətəndaşları vizasız gələ bilərlər
Ölkəyə gələn turistlərin sayının az olmasına səbəb olan digər əsas maneələrdən biri də Azərbaycanda tətbiq edilən viza rejimidir. Bildiyimiz kimi bu gün Azərbaycan dünyada sərt viza rejimi tətbiq edən ölkələrdən hesab edilir. Qeyd edək ki, Azərbaycan rəsmiləri bunu ölkənin milli təhlükəsizliyi ilə əlaqələndirirlər. Hazırda çox az ölkənin vətəndaşına Azərbaycana vizasız gəlmək hüququ verilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin – Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və bir də Gürcüstan vətəndaşları Azərbaycana vizasız gələ bilərlər. Ancaq bir şərtlə ki, bu ölkənin vətəndaşları ölkəyə gəldikdən sonra hər hansı bir ünvada müvəqqəti qeydiyyata düşməli və 90 gündən sonra ölkəni tərk etməlidir. Digər ölkələrin sıravi vətəndaşları isə ölkəmizə gələrkən mütləq viza almalıdırlar.
Sadələşdirilmiş viza rəsmiləşdirilməsi kimlərə tətbiq edilir?
Bəzi ölkələrin vətəndaşları isə Azərbaycana vizasız gələ bilmək üçün diplomatik, xidməti və ya rəsmi pasporta sahib olmalıdılar. Hazırda Azərbaycan dünyanın 42 ölkəsinə bu cür üstünlük tanıyıb. Onlardan bəziləri sadəcə diplomatik pasportla gələ bilərlər. Bəziləri isə ölkəmizə həm diplomatik və xidməti pasportla, həm də diplomatik, xidməti və rəsmi pasportla gələ bilərlər.
Eyni zamanda Türkiyə, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya, Birləşmiş Ərəb Əmirliklərinin və Sinqapur vətəndaşlarına isə sadələşdirilmiş viza rəsmiləşdirilməsi (viza hava limanında verilir) tətbiq edilir.
Bundan başqa Azərbaycana turizm məqsədilə gəlmək istəyən əcnəbilər ölkədə müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər.
Digər ölkələrin vətəndaşları isə birmənalı şəkildə Azərbaycana gələrkən viza almağa məcburdular. Bunun üçün əcnəbilər gəlişinin məqsədini və müddətini göstərməklə xarici ölkələrdə yerləşən diplomatik nümayəndəlik və konsulluqlarımıza müraciət etməlidilər. Azərbaycanın Xarici İşlər Nazirliyi və ya xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarımız viza verilməsi haqqında əcnəbilərin ərizəsinə müraciət daxil olunduğu gündən ən geci bir ay keçənədək baxırlar. Əgər əcnəbinin ölkəmizə səfəri özünün təcili müalicəsi, yaxud Azərbaycanda yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunmalıdır və bu halda onun müraciətinə ən geci 48 saat keçənədək baxılır.

Allahverdi Cəfərov