İmtiyazlardan məhrum Qarabağ qazisi və ailəsi dəhşətli şəraitdə yaşayır

0
259

Amil Tağıyev, Quba
Məlum olduğu kimi, aprel ayının 2-dən 5-nə kimi davam edən döyüşlər cəmiyyətdə bir daha vətənpərvər ruhu ifadə etdi. Hazırda o vətənpərvər ruhla işğalda olan torpaqlarımızın azad olunmasını əsaslı fürsət sayanlarımız da çoxdur. Müharibə həyat səhnəsinin, bəlkə də, ən dəhşətli mənzərəsidir. Zarafat deyil, hər an ölümlə üz-üzə dura bilmək hissi qorxu və cəsarət arasında incəliyi ilə fərqlənir. Bu mənada vətənin müdafiəsi, ərazi bütövlüyü və nəticədə bir xalqın yaşaması üçün canından keçmiş bacı-qardaşlarımıza Allahdan rəhmət diləyirik!
Qazilərimizə isə Allahdan cansağlığı, yaralılara şəfa diləyirik! Qazilərimiz demişkən… Həm qazilərimizin, həm də şəhid ailələrimizin həyat şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi üçün də dövlətimizin vermiş olduğu imtiyazlar var və bu, onların haqqıdır. Çünki şəhidlərimizin və qazilərimizin şücaəti, mətanəti, cəsarəti sayəsində bu ölkənin vətəndaşları olaraq daha arxayın və təhlükəsiz yaşayırıq.
Bununla belə, insanı üzən, narahat edən məqamlar da var ki, onu vurğulamamağı adam özünə bağışlaya bilmir. Nədir bu? Deməli, hələ də elə qazilərimiz var ki, onlar bu imtiyazlardan, demək olar ki, yararlana bilməyiblər… Onlardan biri də Quba rayonu, Qəcər-Zeyid kəndində yaşayan Hüseynov İdris Qonaqbəy oğludur. Onunla söhbətimizdən belə qənaətə gəlmək olar ki, imtiyazlardan yararlana bilməməsinin əsas səbəbi həmin imtiyazların icrasını həyata keçirən bəzi vəzifəli məmurlarımızdır. Deməli, İdris bəylə 2 aya yaxındır ki tanışıq… Bir axşamüstü (təxminən martın ilk ongünlüyü olardı) mobil telefonuma zəng gəldi ki, qardaş, mən sizi tanıyıram, filan kənddə qəzalı vəziyyətdə olan bir ev var, zəhmət olmasa, bu barədə yazı hazırlayıb, bizə köməklik göstərərdiniz. Əlqərəz, gün təyin edib, görüşüb, üz tutduq İdris bəygilin evinə. Yağış təzəcə kəsmişdi, palçıqlı şəraitdə evin vəziyyətini görər-görməz qəhərləndim, danışmağa dilim də söz tutmadı. Bu evi, sadəcə, bir vətəndaşın qəzalı evi kimi bilirdim, amma….
Amması odur ki, bu ev I Qarabağ müharibəsi iştirakçısı, (mədəsindən əməliyyat olunmuş halda) 2 dəfə cəbhəyə yollanan, çiynindən güllə yarası almış (hərbi-tibbi sənəddə qəlpə yarası yazılıb) Hüseynov İdris Qonaqbəy oğlunun 4 uşağı və həyat yoldaşı ilə birgə yaşadığı (ev deməyə də adamın dili gəlmir) “ev”dir.
Hüseynov İdris Qonaqbəy oğlu 1963-cü ildə Quba şəhərində anadan olub, rayonun Barlı kəndində yaşayıb. 1998-ci ildə Barlı kəndindən qonşuluqda olan Qəcər-Zeyid kəndinə köçüb. İlk dəfə könüllü olaraq Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib, tərxis olunub. Döyüşlərin gərgin keçdiyini eşidərək, yenidən könüllü olaraq 1993-cü ilin 26 dekabrında təsis olunan Quba-Qusar batalyonundan cəbhəyə – Beyləqana yollanıb. Xocavənd istiqamətində gedən döyüşlərdə – 27 yanvar 1994-cü ildə snayper gülləsindən çiynindən yaralanıb. Bu barədə onun silahdaşları ilə də söhbətimiz olub, İdris bəyin şücaəti haqqında da fikirlərini bildiriblər.

“Yaşadıqları” 2 otaqlı ev artıq dağılmaq üzrədir
Hazırda İdris Hüseynovun 4 övladı – 1 qızı və 3 oğlu var. 2 oğlu – 9 yaşlı Tural və 18 yaşlı Nəriman əqli qüsurludurlar. Digər oğlu oğlu Vüsal isə 12 yaşı olmasına baxmayaraq, hələ də ibtidai sinifdə oxuyur. “Yaşadıqları” 2 otaqlı “ev” artıq dağılmaq üzrədir. Dam örtüyü, demək olar ki, sıradan çıxıb. Yağışlı, qarlı havada damı saxlayan taxta tirləri su yuyur. Nəticədə həmin tirlər də çürüyür. 1 otaq tamam yararsızdır, heç oranı anbar kimi də istifadə etmək olmur. Digər 18 kv. metrlik, torpaq “döşəməli” otaqda isə 6 nəfər “yaşamağa” məcbur və məhkumdur. Dəhlizin üstündəki tavanın “bir gün çökər” təhlükəsini, deyəsən, “ev” sakinləri hələ də hiss etməyiblər, çünki onlar buna vərdiş və məhkumdurlar. Qalacaqları başqa yer yoxdur ki… Sosial-maddi vəziyyətinin daha aşağı səviyyədə olmasına görə bir neçə il əvvəl bu “evin” Quba Rayon Qaz İstismar İdarəsi tərəfindən qaz xətti də kəsilib. Hüseynovlar ailəsi neçə qışı çox acınacaqlı həddə keçiriblər. Amma bununla belə onlar şükür edərək yaşayırlar.
Onu da vurğulayaq ki, Hüseynovlar ailəsi “uğurlu mübarizədən sonra” son 3 ildə 120 AZN ünvanlı sosial yardım və çoxuşaqlı ana olduğuna görə ailənin xanımı 130 AZN müavinət alır. Dediyinə görə, artıq may ayı üçün onların da vaxtı bitir. İdris bəy çiynindən aldığı yaraya görə fiziki məhdudiyyətli olduğundan, əmək fəaliyyəti də məhduddur.
O ki qaldı bu imtiyazların sənədləşdirilməsinə, İdris bəyin sənədləri arasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının qərarında uzun-uzadı yazılan mətndə böyük hərflərlə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi yazılıb. İdris bəy qeyd edir ki, bu kimi tutarlı-sübutlu sənədi olsa da, elə yuxarıda qeyd etdiyimiz bəzi səlahiyyətli məmurlarımızın “bəhanə gülləsinə” və ondan istənilən “hörmətə” tuş gələrək, ürəyindən “yara” alıb. Belə ki, İdris Hüseynov 2013-cü ildə müvafiq sənədləri toplasa da, Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK ) sənədləri “məqbul” sayılmayıb. Məsələ ilə bağlı bu yaxında sənədləri yenidən qəbula vermək üçün İdris bəylə TSEKin 38 saylı Qusar Regional Mərkəzinə getdik. Komissiyanın sədri Pərviz Məhsimovla görüşdük. O, bizə bildirdi ki, hazırda sənədlərin qəbulu Mərkəzdə aparılır, sənədləri yenidən toplayıb Mərkəzdə müvafiq şöbəyə elektron qaydada göndərmək lazımdır. İdris bəy Quba Mərkəzi Xəstəxanasının göndərişinə əsasən, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gedib. Lakin oradan da ümidverici nəticə əldə edə bilməyib. Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidov qazinin ev və mənzil şəraitinin yaxşılaşdırılmasının Sosial Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu bildirsə də, rayon rəhbərliyi tərəfindən müəyyən vaxtlarda köməkliklər göstərildiyini də ifadə etdi.
Məmurların “güllə yarası”
Güllə yarasından daha çox, bəzi məmurların “güllə yarasından” sarsılan, veteranlığı və əlilliyi təsdiq olunmayan, imtiyazlardan məhrum olunmuş İdris Hüseynov bu süründürməçilikdən üzülsə də, hələ də ümidlə yaşaya bilir. Onunla söhbət edəndə, sözün qurtardığı an onun sükutunun bizlərə vermiş olduğu xəcalət gözyaşıdır. Bəli, ətrafdakı qədirbilən insanlar vaxtaşırı İdris bəy və onun ailəsi ilə əlaqə saxlayır. İmkanları daxilində maddi-mənəvi dəstəyi əsirgəmirlər. Bu ifadələri son dərəcə qəhərli formada yazsaq da, İdris bəyin bu cür səbirli və təmkinli davranışını dərin ehtiram və minnətdarlıq hissi ilə alqışlayırıq. Çünki o və onun kimi qəhrəman oğul və qızlarımız biz körpə-məktəbli-uşaq olduğumuz illərdə keşiyimizi çəkib, yağı düşməndən bizi qoruyublar. Biz o uşaqlıq illərini daha rahat və qayğılı keçirməyimizin mahiyyətini məhz indi anlaya bilirik. Amma İdris bəyin övladları isə o zəngin uşaqlıq illərinin qayğısını bir o qədər də dada bilmirlər…
Düşünməyə dəyər, düşünə biliriksə…