Rinqdən futbol meydanına

0
576

Azərbaycanın tanınmış futbolçularından biri də Vladimir Bruxti idi. Bruxtini tanımayanlar küçədə ona rast gəlsəydi, onun pəhləvan olduğunu söyləyərdi. Onu da deyim ki, Volodya pəhləvan yox, boksçu olmuşdu. O, Bakıxanov qəsəbəsindəki stadionda (indiki İsmət Qayıbov adına stadion) boks bölməsində məşq edirdi. Hətta bir dəfə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi də olmuşdu. Azərbaycan futbolunun ağsaqqalı sayılan, əməkdar məşqçi Şirəli Şirəliyevin məşqləri də bu stadionda keçirilirdi. Bir dəfə təcrübəli məşqçi boks zalına tərəf gedən Bruxtini görmüş və könlündən “bu gəncdən gözəl müdafiəçi çıxar” keçmişdi. Şirəli müəllim boks məşqlərinin sonuna kimi onu gözləmişdi. O, Volodyaya yaxınlaşıb: “Sən bizim məşqlərə gəlsən, səndən gözəl futbolçu çıxacaq”. Bir xeyli söhbətdən sonra, nəhayət, Volodyanı razı sala bilmişdi. Volodya sabahdan futbol üzrə məşqlərə gələcəyinə söz vermişdi.

257 matçda iki qol

Bu əhvalat 1961-ci ildə olmuşdu. Şirəli müəllim ona mərkəz müdafiəçisi rolunda oynamağa tapşırmışdı. Təxminən 15 günlük məşqlərdən sonra artıq onu yarışlara buraxırdılar. Belə yarışların birində əfsanəvi məşqçi, moskvalı Boris Andreyeviç Arkadyev onu görmüş və “Neftyanik”in əvəzedici heyətinə dəvət etmişdi.

1963-cü ildə “Neftyanik” komandasına yeni baş məşqçi təyin edilmiş Ələkbər Məmmədov 18 yaşlı Bruxtini əsas heyətə daxil etmişdi. Vladimir SSRİ çempionatında ilk oyununu 1963-cü ilin iyulun 12-də Moskvada yerli “Lokomotiv”lə keçirmişdi. Görüş 4:2 hesabı ilə həmyerlilərimizin xeyrinə qurtamışdı. Bu qələbədə, sözsüz ki, gənc müdafiəçinin də əməyini xüsusi qeyd etmək lazımdır.

Vladimir Bruxti “Neftçi”nin heyətində oynadığı 257 görüşdə rəqiblərinin qapısından cəmi iki top keçirib.

Müdafiəçi SSRİ çempionatında ilk oyununu Moskvada keçirdiyi kimi ilk topunu da burada vurmuşdu. 1966-cı ilin iyunun 20-də moskvalı fanatların ən çox sevdikləri “Spartak”ın qapısına vurmuşdur. Doğrudur, oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarmışdı.

Volodya ikinci topunu iki ildən sonra Bakıda “Paxtakor”un qapısından keçirmişdi. Hesabı qonaqlar açmışdılar. Bu hesab oyunun 73-cü dəqiqəsinədək dəyişməmişdi. Bakılıların növbəti hücumlarının birində Bruxti Özbəkistan futbolçularını mərkəzdən başlamağa məcbur etmişdi. Oyunun sonuncu dəqiqəsində yarımmüdafiəçimiz Vyaçeslav Semiqlazov qələbə topunu vurmuşdu.

Hücumçular ondan çəkinirdilər

Vladimir Bruxti SSRİ çempionatında həmişə güclü hücumçulara qarşı oynamışdı. Eduard Streltsov (”Torpedo” Moskva), Viktor Ponedelnik (OİK Rostov), Valentin İvanov (”Torpedo” Moskva), Vladimir Fedotov (MOİK), Anatoli Bişovets (”Dinamo” Kiyev), İqor Çislenko (”Dinamo” Moskva), Yuri Sevidov (”Spartak” Moskva), Eduard Malafayev (”Dinamo” Minsk) və başqa məşhur futbolçulara qarşı inamla oynamışdı. Bu hücumçular onunla mübarizə aparmaqdan çəkinirdilər. Bildiyimiz kimi hakimlər tərəfindən ən çox cəzalanan müdafiəçilər olurlar. Lakin Vladimir Bruxti oyunda nizam-intizamı ilə həmişə seçilən futbolçulardan olmuşdu.

10 ildə iki “qırmızı”

O, “Neftçi”də oynadığı 10 il ərzində cəmi iki dəfə meydandan çıxarılıb. Bu cəzalar da kobudluğa görə olmayıb. 1967-ci ildə sentyabrın 16-da Moskvada SSRİ Kuboku uğrunda yarımfinal görüşündə “Neftyanik” MOİK-lə qarşılaşmışdı. O vaxt MOİK ölkədə güclü komandalardan biri idi. Lakin buna baxmayaraq Bakı futbolçuları onlarla əzmkarlıqla mübarizə aparmışlar. Əgər hakim Kestusis Andzulis (Litva) olmasaydı, həmyerlilərimiz görüşü qələbə ilə tərk edəcəkdilər. O, Anatoli Banişevskinin başı ilə vurduğu topu hesaba almamışdı. Çox gərgin keçən oyunda hesab açılmamışdı. Ertəsi günü bu komandalar arasında təkrar oyun keçirilmişdi. Bu dəfə də görüşü K. Andzulis idarə etmişdi. O, bu dəfə də ordu futbolçularının qalib gəlməsi üçün çox çalışmışdı. Bruxti birinci oyunda olduğu kimi, bu dəfə də Vladimir Fedotovu möhkəm saxlayırdı. Fedotov Bruxtini heç cürə aldadıb, keçə bilmirdi. Növbəti hücumların birində Fedotov heç nə olmadan yerə yıxılmışdı. Bu adi simulyasiya idi. Hakim bunu gözləyirmiş kimi Bruxtiyə “qırmızı” vərəqə göstərmişdi. Nəticədə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdilər.

İkinci dəfə Bruxtini meydandan moskvalı hakim İvan Lukyanov çıxartmışdı. Bu əhvalat 1968-ci il aprelin 28-də Bakıda Tiflis dinamoçuları ilə oyun zamanı olmuşdu. Bu dəfə Bruxti oyunun vaxtını yubandırdığına görə meydandan çıxarılmışdı. Həmin görüş 1:0 hesabı ilə “Neftçi”nin xeyrinə qurtarmışdı.

Vladimir Bruxti zədələndiyi üçün 27 yaşında futbolla vidalaşmışdı. Bundan sonra o, məşqçilik fəaliyyətinə başlamışdı. O, Naxçıvanın “Araz”, Türkiyənin “Eşlik”, “Neftçi”nin futbol məktəbində, Poltavanın “Borsklo” və Krivoy-Roqun “Krivbas” komandalarında məşqçi işləyib. Vladimir Bruxti 2004-cü ildə dünyasını dəyişib.

Abas Əzimov