Pedaqoji takt

0
409

Latın dilində “tactus”, yəni “toxunma, hərəkət” mənasını ifadə edən “takt” bir çox dillərlə yanaşı dilimizdə də işlənir. Müasir mənası “bir şey deyərkən və edərkən başqalarını narahat etməmək, xətrinə dəyməməyə çalışmaq, düzgün məqamda düzgün söz demək, düzgün işi görmək” mənalarını daşıyır. Bu və ya digər mühüm bir işin həll olunması üçün tətbiq olunan üsula da, çox güman ki, buna görə “taktika” deyilir. Tarixən qədim söz olduğuna baxmayaraq, takt bu gün də öz leksik və üslubi əhəmiyyətini qoruyub saxlamaqdadır. Dilimizdəki “Qızım, sənə deyirəm, gəlinim sən də eşit” məsəli bu sözün mənasını çox gözəl ifadə edir. Müasir lüğətlərin birində onun mənası belə bir nümunə ilə açılır: “Takt sahibi olan adam dostuna iştirak etdiyi məclisdəki yeməyin pis olmasından deyil, maraqlı bir söhbətdən və ya musiqinin gözəlliyindən danışmalıdır”. Başqa sözlə desək, takt gözəl görməyi və bu gözəlliyi də gözəlcə ifadə etməyi, ustalıq, məharət göstərməyi bacarmaq deməkdir.

Takt bizines münasibətlərində də yararlıdır

Takt həyatın hər sahəsində, hətta ailə-məişət məsələlərinin həllində də çox faydalıdır. Taktı, ustalığı, məharəti lazımı səviyyədə olmayanlar dilimizdəki, “Dərini suya verib, arxasınca əbəs yerə qaçanlar” məsəlinin qəhrəmanlarına bənzəyirlər. Taktın nə qədər əhəmiyyətli olduğunu bir həkim əhvalatı ilə müşahidə edək:

Həkim yaşlı bir adama gündəlik həyat tərzi ilə maraqlanmadan bir ay müddətinə sakit bir kənd yerinə getməyi, erkən yatmağı, süd içməyi, çox gəzməyi və gündə yalnız bir siqaret çəkməyi, yaxşıca dincəlməyi məsləhət görür. Bir müddətdən sonra xəstə həkimə təşəkkür etmək istəyir. Görüş zamanı deyir ki, təyinatınız çox yaxşı təsir göstərdi, ancaq gündə bir siqaret çəkmək az qala məni öldürəcəkdi. Bu yaşda siqaret çəkməyə başlamaq o qədər də asan deyil axı! Göründüyü kimi, həkim taktsızlıq edərək ömründə siqaret çəkməyən bir adamı siqaret çəkmək vərdişinə düçar edir.

Takt bizines münasibətlərində də çox yararlıdır. Portretini çəkdirib sonra onu almaqdan imtina edən varlıdan rəssam: “Bu portret mənə bənzəmir, ona görə də, onu almayacağam”, – cümləsini yazıb verməsini istəyir. Varlı belə asanlıqla yaxasını qurtardığına sevinir. Bir neçə aydan sonra dostları zəng edib sərgidə onun portretini “Oğrunun portreti” sözləri yazılmış halda gördüklərini bildirirlər. Qürurlu varlı portreti almaq istəyəndə direktor portretin ona məxsus olmadığını təsdiqləyən (üstəlik, imzası ilə) yazını göstərir və o, portretini on qat bahasına satın almağa məcbur olur. Ərənlərimiz bu məqam üçün nə gözəl deyiblər: “Boşdan bir, bərkdən beş”.

Məlumdur ki, Abraham Linkolnun siması o qədər də cazibədar deyilmiş. Bu böyük insan yeri gələndə bundan da çox məharətlə istifadə edə bilib. Bir gün rəqibi Stiven Duqlas onu ikiüzlülükdə ittiham edirmiş. Linkoln da öz növbəsində nitqlərinin birində Duqlasa belə cavab verir: “Duqlasın iddia etdiyi kimi iki üzüm olsaydı, mən heç bu üzdən istifadə edərdimmi?”

Zamanla ayaqlaşmağı bacarmaq müəllim taktının əsas əlamətlərindəndir

İnsan fəaliyyətinin ən mühüm sahələrindən biri, bəlkə də birincisi olan pedaqoji prosesdə də taktın böyük əhəmiyyəti var. Bu termin pedaqoji ədəbiyyatda əsasən müəllimin öz davranış və münasibətində humanizm, şagirdin şəxsiyyətinə hörmət, ədalətlilik, uşaqlarla davranış zamanı dözümlülük tələb edən hiss kimi şərh olunur, şagirdlərlə ünsiyyətdə müəyyən etik qaydalara riayət etmək kimi başa düşülür, bir növ köhnəlmiş avtoritar yollardan imtina etmək, gənc şəxsiyyətə müəllimin öz şəxsi nümunəsi, daim inkişaf etməkdə olan intellektual səviyyəsi ilə təsir göstərmək kimi amilləri əhatə edir.

İlk növbədə müəllim özünü müəllim kimi aparmağı bacarmalıdır. Məktəbdə şagirdin öyrənməsi üçün bütün sualları cavblandırmağa hazır olmaqla yanaşı, ictimaiyyət arasında müxtəlif mövzularda mübahisələrdən qaçmağı da bacarmaıldır. Çox şahidi olmuşuq ki, müəllim səviyyəcə özündən qat-qat aşağı olan birisi ilə mübahisəyə girişib özünü hörmətdən salıb. Müəllim şagirdlərə onların xüsusiyyətlərinə görə yanaşdığı kimi, valideynlərlə münasibətində də son dərəcə ehtiyatlı olmalı, fərqli üsullardan istifadə etməyi bacarmalıdır. Burada da müəllim təkcə özünü deyil, bu şərəfli adı daşıyan neçə-neçə həmkarını düşünməlidir. Müəllim öz taktını həmkarlarına münasibətdə də əsirgəməməlidir. Bilənlərdən öyrənmək, öyrənmək istəyənlərə də öyrətməyə həmişə hazır olmaq pedaqoji taktın tələblərindəndir.

Əsəbi dünyamızda əsəblərinə sahib olmaq, səbir və təmkinini qoruyub saxlmağı bacarmaq taktın mühüm göstəriciləridir. Müəllim yanan yerə yağ deyil, su tökməyi bacarmalıdır.

Vaxtı həsəd aparacaq dərəcədə qiymətləndirə bilmək bacarığı da müəllim taktının tərkib hissələrindəndir. Dövrümüzdə vaxt qıtlığından gileylənənlərə Leonardo da Vinçinin məsləhəti kifayət edər: “Zaman ondan istfadə edənlər üçün həmişə uzun olacaq”. Dərsdə bu və ya digər xırda bir şeyi bəhanə gətirib vaxtı israf edən müəllim ilk növbədə şagirdlərinin tərəzi gözlərində öz nüfuzunu azaltmaqla məşğul olur.

Yeknəsəq üsullarla işləyən, dərslikdən ayrıla bilməyən, içində həmişə qatar kimi relsdən çıxsa, hər an aşmaq təhlükəsi daşıyan müəllim şagirdinə axtarıb tapmaq, araşdırıb öyrənmək motivasiyasını necə aşılaya bilər?

Zamanla, həyatla ayaqlaşmağı bacarmaq da müəllim taktının əsas əlamətlərindəndir. Müasir texnoloji yeniliklərdən istifadə etmədən nə dərsin müasirliyindən, nə də müəllimin səviyyə dərəcəsindən danışmaq olar. Yaşından asılı olmayaraq hər bir müəllim köhnəlməyən bu pedaqoji aksiomu unutmamalıdır: “Müəllim öyrənmədiyi gün ölür”. “Segah” muğamını hər xanəndə özünəmxsus ustalıq, fərqli çalarla oxuduğu kimi, hər hansı bir mövzunun da müxtəlif, daha səmərəli, verimli yollarla tədrisi mümkündür. Zəmanəmizin gənc pedaqoqları texnoloji nailiyyətlərdən istifadə edərək öyrənmə imkanları baxımından bizlərdən qat-qat şanslıdırlar. Onların ixtiyarında məqsədəuyğun şəkildə istifadə edilərsə, internet kimi əvəzsiz xəzinə var. Müxtəlif mövzuların tədrisi ilə əlaqədar istənilən qədər video nümunələrdən bəhrəlnmək olar. Təcrübəmə əsasən deyə bilərəm ki, internet əlaqəsi olan məktəblərdə yeri gəldikcə həmin dərslərdən istifadə etməyin böyük təsiri olur.

Dünya pedaqoji irsini öyrənmək, ondan faydalanmaq müəllimin əsas qayğılarından olmalıdır. Böyük insanlardan biri demişdir: “Kiçik yaşlarımda Napoleonun həyatını oxusaydım, həyatım tamamilə başqa cür olardı”. Öyrənmək gənc pedaqoqların təkmilləşməsində, onların peşələrinə məhəbbətin artmasında böyük rol oynayır. Gənc pedaqoq üzləşdiyi problemlərdən sarsıla, hətta peşəsindən uzaqlaşa bilər, təəssüf ki, belə faktlarla da üzləşirik.

Məsəl var, deyirlər, ürək çatmayan yerə ayaq yetişməz. Peşəsini sevməyən, işinin içərisinə ürəyini də qoymağı bacarmayan, səbirsizliklə işini dəyişdirmək üçün fürsət və ya təqaüd yaşını gözləyən müəllim, həm özünə, həm də cəmiyyətə xəyanət edir.

Müəllimin xarakteri onun taktının tənzimləyicisidir

Müəllimin taktını onun təvazökarılğından ayırmaq olmaz. Ən xırda səhvi üçün öz şagirdlərindən üzr istəmək müəllim nüfuzunu artırır və şagirdləri etik qaydalara məsuliyyətlə yanaşmaya sövq edir.

Dərsi ruh yüksəkliyi ilə başlamaq və onu fərəhlə, sevinclə, könül xoşluğu ilə bitirə bilmək də müəllim taktının kamilliyinə dəlalət edir. Bitən hər dərs şagirdə kamilləşmək yolunda bələdçi olmalı, onu axtardığını tapdığı üçün məmnun etməlidir. V. Şekspirin təbirincə desək, biz nə olduğumuzu bilirik, lakin nə ola biləcəyimizi bilmirik. Dərs də şagirdə onun nə ola biləcəyinin yollarını göstərməlidir.

Müəllimin taktında nümunədən tərbiyə və motivasiya vasitəsi kimi istifadə etməyi bacarmaq da xüsusi yer tutur. Lazım gəldikdə nümunəni şagirdlərin içərisindən və ya oxuduqları məktəbin daxilindən göstərmək daha faydalı olur, onların inamını artırır.

Müəllimin inamı onun fəaliyyətinin hərəkətverici qüvvəsi olmalıdır. Əkinçi kimi müəllim də əməyinin bəhrəsini dərhal deyil, bir müddətdən sonra görə bilir. Ona görə də, taktlı müəllim təkcə şagirdin uğuruna deyil, onun səhvinə də sevinməyi bacarmalıdır, çünki bu gün sevərək düzəltdiyin səhvin necə bar verəcəyini bir Allah bilir. Robert Luis Stivensonun sözləri ilə desək, “hər günü təkcə biçdiyin məhsulla deyil, əkdiyin toxumlarla da dəyərləndirmək” müəllim işində daha çox lazım gəlir.

Müəllimin xarakteri onun taktının tənzimləyicisidir. Müəllim gərək, Allahın idarə etdiyi təbiət kimi olsun – yeri gələndə günəşli yaz günü kimi mülayim, yeri gələndə də çillə kimi sərt olmağı bacarsın.

Müəllim təkcə dildən deyil, jestlər, mimika, baxışlardan, duruş tərzlərindən, bədən dilindən (”body language”) istifadə etməklə taktını zənginləşdirə bilər.

Müəllim ən çox da monotonluqdan qaçmağa çalışmalıdır. Dərsi həmişə eyni sxemlə tədris etməməli, sinifdə şagirdlərin oturuş formasını tez-tez dəyişdirməli, səs tonunun rəngarəngliyinə diqqət yetirməlidir.

Taktlı müəllim boş vaxtdan eymənməlidir. Hər bir müəllim hərdən dərsin sonunda artıq qalan bir-iki dəqiqənin nə qədər ləng keçdiyini yaxşı bilir. Üstəlik, sinfin qaynamağa çalışması da ayrı bir problemdir. Ona görə də, taktlı müəllim çalışır ki, vaxtın necə keçdiyi hiss olunmasın, “əl işsiz, baş fikirsiz” qalmasın.

Müəllimin taktı ondan həm də müəllimlər ordusunun gələcəyinin təəssübünü çəkməyi tələb edir. Dərs dediyi şagirdlərdən kimlərin müəllim kimi məsuliyyətli və şərəfli peşəyə layiq olduğunu da məhz müəllim daha yaxşı bilir. Hər fənn müəllimi öz fənni üzrə layiqli ardıcıl yetişdirməyi mənəvi borc bilməlidir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu məsələdə özümü bəxti gətirən müəllimlərdən hesab edə bilərəm, çünki neçə-neçə ardıcılım həm orta tədris müəssisələrində, həm də ali məktəblərdə uğurla fəaliyyət göstərirlər.

Hər əməli üzərində Allahın nəzarəti olduğunu hiss etməyən heç bir kəs, o cümlədən müəllim də kamil takt sahibi olduğunu iddia edə bilməz. Bu məsələdən söz düşmüşkən, ağır əməliyyat aparan çox məşhur bir cərrahdan belə əməliyyatları necə uğurla həyata keçirdiyini soruşanda deyir:

– Əməliyyat zamanı mən üçlüyün iştirakını hiss edirəm, xəstə, mən və…

– Bəs üçüncüsü kimdir görəsən? – sualına görkəmli cərrah:

– Üçüncüsü Allahdır, – deyə cavab verir.

Takt bir növ diplomatik səriştə deməkdir. Bu iş hər zaman peşəkarlıq, professionallıq tələb edir. Diplomat təmsil etdiyi ölkənin taleyi üçün məsiliyyət daşıdığı kimi, müəllim də bu ölkənin gələcəyi olan gənc nəslin formalaşması üçün cavabdehdir. Bu gün dövlətimizə sədaqəti ilə qürur duyduğumuz, Vətənimizn bir qarışı üçün canlarından keçən və bu nümunəni təkrar etməyə hazır olan minlərlə gənc məhz bizim məktəbimiz və müəllimlərimizin vəzifə borcunu layiqincə yerinə yetirdiyinə canlı misaldır…

Rahib Alpanlı