İki yubiley eyni gündə – nə yaxşı!

0
343

Əlabbas ilk növbədə mənim üçün tələbəlik illərində ünsiyyət bağladığım, ürəyimdən keçənləri ərklə deyə bildiyim dostdur. Onun ikin­ci-üçüncü kursda oxuduğu vaxtlar indiki kimi yadımdadır. Yaddaşımda daraq batmayan, necə deyərlər, qız qaytaran qara qıvrım saçları, gülümsər çöhrəsi ilə qalıb. Universitet yataqxanasında arabir həmyerlisi Akifgilin (şair-ailm Akif Azalp) otağına yığılardıq. Əlabbas yaşca bizdən bir-iki bayram balaca olduğuna görə özünü kiçik qardaş kimi aparardı. Bu görüşlərimizdə hərdən filologiya və jurnalistika fakültələrində oxuyan istedadlı tələbələrin yazıları barədə də danışardıq. Onda mən Əlabbasın şeir və ya hekayə yazdığını eşitməmişdim. Sən demə, Əlabbas haçansa kükrəyəcək narahat bir ürək sahibiymiş… Universiteti bitirib təyinat yerinə gedəndən sonra bir neçə il Əlabbası görmədim. Sonralar eşitdim ki, doğma rayonunda, Şahbuzda müəllim işləyir… Onda mobil telefon hardaydı istədiyin vaxt nömrəsini yığıb onunla hal-əhval tutaydın…

Axır ki bir gün təhsil aldığımız universitetə gedən yolda rastlaşdıq…

Əlabbas 50 yaşını qarşılamağa hazırlaşanda kənddən paytaxta döndüyü o günləri belə kağıza köçürüb: “81-in sentyabrında sevdiyim müəllimlik işimdən ayrılıb Şahbuzdan Bakıya üz tutanda yazı-pozu ilə bərabər, ordan özümlə iki yara da gətirmişdim: biri mədəmdə, o biri ürəyimdə… Günü bu gün, əlli yaşın kürəyini yerə qoyduğum bir vaxtda da o yara hələ öz yerindədi və kiminsə ona çarə edəcəyinə ümidim çoxdan itib: Sağalan idisə, o, bu otuz ildə niyə sağalmırdı?.. Üstəlik, ortaya gözləmədiyim başqa bir şey də çıxıb. Üzüm Allahda qalıb ki, gələ o yara heç sağalmaya; sən demə, qələmimdən çıxan yaxşı-pis nə varsa, hamısını o “yara” yazdırıbmış mənə…”

Hə, bu cümlələri oxuyandan sonra başa düşdüm ki, Əlabbasın ürəyinin kükrəməsinə, çağlamasına onu daim yandırıb-yaxan, yetə bilmədiyi sevda lazımmış. Ey dili qafil!

Əlabbas indi mənim üçün çağdaş ədəbiyyatımızın ən istedadlı yazarlarından biridir. Çünki onun hekayə, povest və romanları, eləcə də publisistik yazıları təkcə mövzu aktuallığı və süjet quruluşuna görə deyil, daha çox el-obanın dil çeşməsindən qədərincə su içdiyinə görə dəyərlidir. Onun əsərlərində dil duru, lirik, ətirlidir. O, sözü sevdirən, ona yeni nəfəs verən qələm sahibidir. Müəllimi professor Tofiq Hacıyev də deyirdi ki, mən əvvəlcə Əlabbasın dilini sevmişəm. Bir də o var ki, qələm dostu Nəriman Əbdülrəhmanlı kimi mən də bu fikirdəyəm ki, nə yaxşı Əlabbas yazıçı kimi zamanın sınaqlarından üzüağ çıxdı, simasını qorudu. Bəlkə ona görə ki, Əlabbas qələmə yazıçı olmaq, şöhrət qazanmaq istəyilə sarılmayıb. Özü də belə deyir: “…O vaxt yuxuma da girməzdi ki, özümü bütünlüklə ədəbiyyata həsr edə biləm. Heç sonralar da o fikirdə olmadım. Mən böyük ədəbiyyata həmişə, elə indinin özündə də səcdə gözü ilə baxanlar- danam. Allah şahiddir ki, o illər çap barədə düşünmək ağlıma belə gəlmirdi. Bir dəli sevdanın vəsfi idi o yazı…”

Bilmirəm bəxtdəndi, yoxsa qarğışa tuş gəlmişdi o, ədəbiyyata gələndə dünya yaman qarışmış, düşmən üstümüzə ayaq açmışdı. İçimizdə də çaxnaşmalar bitib-tükənmək bilmirdi, hər günümüz ölüm-itim xəbəri ilə açılırdı. Belə bir vaxtda yazıçı sözünü eşidən, onun sözünü saya salan hardaydı? Hər şeyi, elə sözü də bazar qiyməti ilə ölçürdülər. Amma nə yaxşı ki, Əlabbas o çağlarda duruş gətirdi və ürəyindən keçən, həqiqət bildiyi fikirləri Torpaq və Vətən sevgisi ilə isidib kağıza köçürdü. İndi 60 yaşın işığında geriyə boylananda onun bir-birindən dəyərli əsərləri – “Gəlin ayaqqabısı”, “Mərənd ölüsü”, “Halal qan”, “Şəhər”, “Doğma ocaq”, “Başdaşı”, “Başsağlığı”, “Muştuluq” və digər hekayələri, “Köhnə kişi”, “Gözmuncuğu”, “Güdaz”, “Gümüşü gecələr” povestləri, “Qiyamçı”, “Qaraqovaq çölləri” romanları sıralanır. Bu əsərlərdə müstəqillik yolunda ilk addımlarını atan Vətənimizin yaxın tarixi, hər birimizin həyatının bir parçası yaşayır. Əlabbasın qəhrəmanları hər gün üz-üzə gəldiyimiz insanların arasında addımlayırlar. Onların çoxu halallıqla yaşamağı hər şeydən üstün tuturlar…

Bu yerdə yadıma düşdü ki, mayın 5-də məndən kiçik qardaşım, çoxumuzun cəfasını çəkmiş Malikin də 60 yaşı tamam olur. Onu da deyim ki, Malik altı qardaşın ən ucaboylusu, amma ən kövrək ürəyi olanıdır. O, torpaq adamıdır. Mübaliğəsiz deyirəm, bu yaşacan onun əkib-becərdiyi ağacların sayı paytaxtımızdakı ən böyük parklardakı ağacların sayından çox olar. İmkanı olsa, bu yurdun hər qarışını gülşənə çevirər. Həyatı boyu kimsədən təmənna ummayıb, əlinin zəhməti, qolunun gücü ilə çörək qazanıb. Hər dəfə rayona gedəndə onun Ağsuçayın sahilində, bir vaxtlar sel sularının yuduğu daşlı, çınqıllı torpağı təmizləyərək saldığı bağa baxanda ürəyim rahatlanır. Qardaşım oradakı hər bir ağac, gül kolu haqqında elə həvəslə danışır ki, mən duyğulanıram. O bağdakı nar ağacları çiçəkləyəndə elə bilirəm ki, sönmüş arzularım, şor sudan quruyan atamın saldığı nar bağı yenidən pərvazlanır. Bir neçə il əvvəl o bağda oturub Əlabbasın mənə bağışladığı “Qaraqovaq çölləri”ni oxumuşam. Romanı oxuduqca təsirlənirdim. Yazı-pozu ilə, kitab oxumaqla o qədər də arası olmayan qardaşım arabir deyirdi: “At o kitabı o yana, başını ağrıtma, çayın da soyuyur…”

Malik həm də gözəl bənnadır. Hörgü zamanı əlləri ilə daşları sığallaya-sığallaya, çevirə-çevirə bir-birinın üstünə elə otuzdurur ki, nə daşın ruhu inciyir, nə palçığın. Niyə ləng işlədiyini soruşanda bildirir ki, daş tam oturmayanda kənardan baxanı çağırıb deyir ki, mənim yerimi dəyişin. Onun da əsərləri gözəl bağı, ucaltdığı baxımlı evlərdir…

Həm dostumu, həm qardaşımı ad günü münasibətilə təbrik edir, hər ikisinə qalan ömür payını ürək rahatlığı ilə yaşamağı arzulayıram.

Allah onları bizə çox görməsin!

Səməd Məlikzadə