Moskva status-kvonun qorunub saxlanılmasına çalışır?

0
306

Ermənlərin əks-hücumlarının qarşısının alınması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədi ilə başladılan və 4 gün davam edən müharibənin 1 ayı tamam olur. Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində işğal altında olan ərazilərimizin müəyyən hissəsinin azad edilməsi, belə demək mümkünsə, 22 illik atəşkəs dövrünün əbədi olmayacağının nümayişinə çevrildi. Təbii ki, Azərbaycan ordusu işğal altındakı digər ərazilərimizi də azad etməyə qadir idi. Lakin Rusiyanın müdaxiləsindən və problemin qısa müddətdə həll ediləcəyini vəd etməsindən sonra münaqişə bölgəsində Azərbaycan ordusunun hərbi əməliyyatları dayandırıldı. Rusiya münaqişənin həlli ilə bağlı xarici işlər naziri Sergey Lavrovu və Baş nazir Medvedevi Yerevana göndərdi. Lavrov həmçinin Bakıya səfər etdi. Lavrovun Bakı səfərindən sonra məlum oldu ki, Rusiya 5 rayonun qaytarılmasında və münaqişə bölgəsinə Rusiya sülhməramlılarının yerləşdirilməsində maraqlıdır. Bunun əvəzində Rusiyanın Azərbaycanı Avrasiya İttifaqında üzv görmək istədiyi də məlum oldu.

Lavrov son Bakı səfərində – 6 apreldə Prezident İlham Əliyevlə görüşündə bildirmişdi: “Son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik”.

Aprelin 7-də isə Rusiyanın TASS agentliyinə müsahibəsində Lavrov Moskvanın vasitəçilik səyləri ilə bağlı bəzi məsələlərə qismən aydınlıq gətirmişdi. O vurğulamışdı ki, Prezident Vladimir Putin, buna qədər isə Prezident Dmitri Medvedev müxtəlif ideyaları fəal şəkildə irəli sürüblər və bu ideyalar Qarabağ ətrafındakı rayonların azad edilməsinə və eyni zamanda, Qarabağın statusu məsələsində vəziyyətin sadələşdirilməsinə imkan verəcək: “Təfərrüata varmaq istəmirəm, lakin danışıqlar masası üzərində bir neçə variant qalır, dünən Azərbaycan Prezidenti ilə görüşdə bu məsələyə də toxunduq. Səylərimizi davam etdirəcəyik”.

Eyni zamanda ATƏT Minsk Qrupu həmsədrləri də bölgəyə səfər edərək münaqişənin sülh yolu ilə aradan qaldırılmasının vacibliyini bəyan etdilər. ATƏT-in Minsk Qrupuna yaxın mənbələrin sözlərinə görə, beynəlxalq vasitəçilərin təklif etdiyi kompromis variant belədir: Ermənistan Dağlıq Qarabağ ətrafında beş rayonu (yeddi rayondan) Azərbaycanın nəzarətinə verir. Azərbaycan Ermənistana qarşı iqtisadi blokadanı götürür. Dağlıq Qarabağa bölgənin təhlükəsizliyinə və özünüidarəetməyə zəmanət verən müvəqqəti status verilir – onun yekun statusu və digər iki rayonun statusu haqqında referendumun keçirilməsi məsələsi başqa vaxta saxlanılır.

Əlbəttə, 5 rayonun qaytarılması və əvəzində bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi və Azərbaycanın Avrasiya İttifaqına üzv olması Putinin də regionda yeritdiyi siyasətə tamamilə uyğun idi. Bu, Rusiyaya Azərbaycanda daha da möhkəmlənmək imkanı verərək Gürcüstan istisna olmaqla bölgənin tamamilə Rusiyanın təsir dairəsinə düşməsi demək olacaqdı. Lakin hər dəfə olduğu kimi, bu dəfə də Rusiya belə demək mümkünsə, 5 rayonun azad edilməsi məsələsində Ermənistanın güclü müqavimətinə rast gələrək verdiyi vədi yerinə yetirə bilmədi. Təbii ki, Putin 5 rayonun azad edilməsi və bölgəyə Rusiya sülhməramlılarının yerləşdirirlməsi, buna paralel olaraq Azərbaycanın Avrasiya İttifaqına üzv olması planlarının reallaşmasına Lavrovun Ermənistanla iş birliyinə getməsi imkan vermədi. Əgər Bakıya ilk səfərindən sonra Lavrov münaqişənin həlli üçün 5 rayonun qaytarılmasından danışırdısa, sonrakı mərhələdə o artıq bu barədə dediklərini “unutmuş” olduğunu nümayiş etdirməyə başladı.

Rusiya status-kvonun saxlanılmasında maraqlıdırmı?

4 günlük müharibənin dayandırılması və Rusiyanın 5 rayonun qaytarılması ilə bağlı verdiyi vədlərin baş aldatmaqdan başqa bir şey olmadığı Lavrovun Yerevana növbəti səfərindən sonra məlum oldu. Aprelin 3-cü ongünlüyünün əvvəllərində Yerevana səfər edən Sergey Lavrov təyyarədən düşər-düşməz bəyan etdi ki, 1994-cü ildə atəşkəsin əldə edilməsi ilə bağlı imzalanan anlaşma müddətsizdir. Onun bu açıqlaması mövcud status-kvonun qorunub saxlanılmasında Rusiyanın maraqlı olmasının nümayişinə çevrildi.

Lavrovun sözlərindən belə çıxdı ki, münaqişədə olan tərəflər 1994 və 1995-ci illərin sazişlərinə qeyd-şərtsiz əməl etməlidir:

”Onlar müddətsizdir və hər kəs tərəfindən hörmət edilməlidir. Rusiya həmsədrlər üçlüyünün üzvü kimi tərəflərə hərtərəfli yardım göstərmək üçün hər şeyi edəcək. Hazırkı mərhələdə atəşkəs barədə razılaşmanın yerinə yetirilməsi ilə yanaşı, 2011-ci ildə təqdim olunan və ATƏT tərəfindən hazırlanan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi vacibdir”.

Əslində bu, Lavrovun Bakı səfərindən sonra münaqişənin həlli ilə bağlı verdiyi açıqlamalardan geri çəkilmək, status-kvonun qorunub saxlanılması siyasətini yeni müstəviyə keçirmək anlamına gəlir. Lavrovun Yerevana səfərində Almaniyanı münaqişənin həllində fəallığa çağırması isə onun ermənilərin çaldığına oynadığının təsdiqinə çevrildi. Təbii ki, sual ortaya çıxır: Əgər Almaniya münaqişənin həllində fəllaşırdısa, onda Rusiya təkbaşına bu ağır və məsuliyyətli yükün altına niyə girirdi?

Lavrov həmçinin Yerevanda bəyan etdi ki, Kazan prinsipini Ermənistan rədd etməyib. Onun sözlərindən belə çıxır ki, Kazan prinsiplərini məhz Azərbaycan qəbul etməyib. Halbuki Azərbaycan Kazan prinsiplərinin əleyhinə deyil. Bu sənəddə rayonların boşaldılmasının, qaçqınların geri qayıtmasının və kommunikasiya xətlərinin açılmasının vurğulanması Azərbaycanın maraqlarına cavab verir. Sadəcə olaraq, Bakı sənəddə statusun müəyyənləşməsi maddəsinin əleyhinədir. Ermənistan isə bu maddəni əsas tutaraq, digər bütün maddələri statusdan asılı vəziyyətə gətirir. Nəhayət, Lavrovun Yerevana son səfərindən sonra məlum oldu ki, Rusiya 5 rayonu geri qaytarması üçün Yerevana təzyiq etmək niyyətində deyil.

Beləliklə, Kremldə Rusiyanın deyil, Ermənistanın maraqlarının müdafiəçisi kimi açıq şəkildə çıxış edən Sergey Lavrov qan qohumları ilə iş birliyinə gedərək Putinin münaqişənin həllində 5 rayonun qaytarılması, bundan sonra bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi və nəticədə, Azərbaycanın Avrasiya İttifaqına üzv olması planının həyata keçirilməsinə imkan vermədi. Ola bilsin ki, Lavrov Türkiyə təhlükəsini önə çıxararaq münaqişənin həll edilməsinin hazırkı mərhələdə Moskvaya sərf etməyəcəyi və bu müstəvidə də status-kvonun qorunub saxlanılmasının daha məqsədəuyğun olacağına Putini inandıra bilib.

Lavrovun Ermənistana son səfərindən sonra isə cəbhədə vəziyyət yenidən kəskinləşməyə başladı. Ermənistanın dinc əhali yaşayan məntəqələri atəşə tutmaqda davam etməsi onlarla evin dağılmasına və mülki əhali arasında itkilərə gətirib çıxarmaqdadır. Ermənilərin bu fəallığının arxasında isə Lavrovun Yerevana səfəri zamanı qarşı tərəfə hansısa dəstəyi vəd etməsinin dayandığı ehtimal edilir.

Azərbaycan daha 25 il gözləmək niyyətində deyil

Lavrovun Yerevana səfərindən sonra Rusiyanın dolayısı ilə münaqişənin həllində mövcud status-kvonun qorunub saxlanılmasında maraqlı olduğunun ortaya çıxması və bu müstəvidə Ermənistan silahlı qüvvələrinin sərhədyanı ərazilərdə yaşayan dinc əhalini hədəfə alması isə Bakıda birmənalı qarşılanmamaqdadır. Bununla bağlı məsələyə münasibət bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dinc əhalinin hədəfə alınmasında beynəlxalq təşkilatları, o cümlədən ATƏT Minsk Qrupu həmsədrlərini günahlandırıb: “Hazırkı vəziyyətdə bu qurumların susqunluğu belə bir qənaətə gəlməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ələlxüsus da ATƏT-in Minsk Qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun və ona rəhbərlik edən hərbi cinayətkarların təhlükəsizliyinin təmin edilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvonun qorunub saxlanmasına yönəldiblər. Hesab edirik ki, bununla Azərbaycana qarşı ikili standartların ən açıq forması tətbiq olunur, Azərbaycan xalqına, beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik nümayiş etdirilir”.

Öz növbəsində Prezident administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Novruz Məmmədov beynəlxalq qurumların danışıqların davam etdirilməsi ilə bağlı dediklərini sərt şəkildə tənqid edib və bunu onların status-kvonun qoruyub saxlamaqda maraqlı olması ilə izah edib: “Bizə deyirlər ki, danışıqları davam etdirin. Biz 25 ildir danışıqları davam etdiririk. Ortada isə heç nə yoxdur. Biz bir daha 25 il danışıqlar aparası deyilik ki… Üstəlik, bizə deyirlər ki, münaqişəni özünüz həll edin. Halbuki münaqişənin həlli ilə bağlı BMT TŞ tərəfindən 4 qətnamə qəbul edilib. Biz belə hesab edirik ki, münaqişə məhz bu əsasda da həll edilməlidir”.

Beləliklə, 4 günlük müharibədən sonra elan edilən atəşkəs faktiki olaraq formal xarakter daşımaqdadır. Belə bir vəziyyətdə müharibənin hər an yenidən başlaya biləcəyi təhlükəsi kifayət qədər böyük olaraq qalmaqda davam edir.

Səlcuq Oğuz