Xarici şirkətlər ölkəni niyə tərk edir?

0
536

Bir neçə gün əvvəl Danimarkaya məxsus “A.P. Moller-Maersk A/S” gəmiçilik şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub. Qeyd edək ki, “A.P. Moller-Maersk A/S” şirkəti dünyanın ən böyük gəmi konteynerinə malik şirkətdir. Şirkət gəmiçilik, logistika, neft-qaz sənayesi üzrə fəaliyyət göstərir. “Zaman.az”ın məlumatına görə, Danimarka şirkətindən başqa aprel ayı ərzində daha 2 əcnəbi şirkətin ölkəmizdəki nümayəndəliyi ləğv olunub. Belə ki, aprelin 13-də Türkiyənin “Puratos Gida Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı nümayəndəliyi, həmçinin Türkiyənin “3A İçecek Kuyumculuk Süt Ürünleri Temizlik İnşaat Alternatif Enerjisi Sanayi Ticaret Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunub. Müşahidələr göstərir ki, ötən ilin ikinci yarısından etibarən Azərbaycanda fəaliyyət göstərən bəzi əcnəbi şirkətlərin nümayəndəlikləri bağlanmağa başlayıb. Əcnəbi şirkətlərin nümayəndəliklərinin bağlanması prosesi ötən ilin dekabr ayından sonra da davam edib. Ötən ilin dekabr ayında və bu ilin ilk 4 ayı ərzində 12 əcnəbi şirkət ölkəni tərk edib. Bunların arasında dünya səviyyəsində kifayət qədər nüfuzu olan şirkətlər də yer alır.
Korrupsiyaya görə Türkmənistandan çıxan şirkət Azərbaycanı da tərk edib
Xatırlayırsınızsa ötən ilin avqust ayının 26-da ABŞ-ın “FedEx Entertainment” şirkətininin Azərbaycandakı nümayəndəliyi – “FedEx Entertainment” MMC ləğv olundu. Ardınca, 9 sentyabr tarixində Latviyanın “Baltikums International SLA” şirkətinin Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğu elan edildi. Qeyd edək ki, “Baltikums International SLA” baş ofisi Riqada (Latviya) yerləşən “Baltikums Bank”ın strateji tərəfdaşı olub. Latviya şirkəti ilə eyni gündə İtaliyanın “Todini Costruzioni Generali SPA” şirkəti də Azərbaycandakı nümayəndəliyini bağlayıb. İtalyan şirkəti Azərbaycanda 1996-cı ilin dekabr ayından fəaliyyət göstərirdi və Ələt-Astara avtomobil magistralının tikintisi layihəsinin əsas icraçısı olub. Növbəti ayda – oktyabr ayının 28-də Almaniyanın “DEA Deutsche Erdoel AG” şirkətinin Azərbaycandakı filialı bağlanıb. Mərkəzi Hamburq şəhərində yerləşən bu şirkət xam neftin və təbii qazın kəşfiyyatı və hasilatı üzrə əməliyyatlar aparıb. Onu da bildirək ki, Alman şirkəti həmin ərəfədə Türkmənistandakı fəaliyyətinə də son verib. Şirkət rəhbərliyi Azərbaycandan hansı səbəbdən getdiklərini açıqlamasalarda, Türkmənistandan bürokratik əngəllər və korrupsiya səbəbindən ayrıldıqlarını bəyan ediblər.
Dərman şirkəti Azərbaycandan gedəndən sonra “quş qripi” əleyhinə dərman tapılmır
Dekabr ayında “Amec Process and Energy Limited” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunub. Qeyd edək ki, “Amec Process and Energy Limited” şirkəti “AZFEN” və “TEKFEN”-lə birlikdə Azərbaycanda Kompressiya və Suvurma Platforması, Texnoloji Avadanlıqlar, Kompressiya, Suvurma və Məişət Avadanıqları Platforması kimi digər irihəcmli layihələrdə də iştirak edib.
Həmçinin “Amec Process and Energy Limited” şirkəti “Çıraq 1” platformasında suvurma sisteminin emalatı və quraşdırılması layihəsində sifarişçisi olub. Layihə 1999-cu ildə başlayıb və 2000-ci ildə başa çatdırılıb. Layihəyə “Çıraq 1” dəniz platformasında quraşdırılacaq bütün tikinti poladı və emal edilmiş spulların montaj işləri də daxil olub.
Eyni gündə Fransanın “Geoservices S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi də fəaliyyətini dayandırıb. 1958-ci ildə yaradılan və mərkəzi ofisi Parisdə yerləşən “Georservices S.A.” şirkəti enerjidaşıyıcılarının hasilatı, geoloji-kəşfiyyyat, injinirinq və servis sahələrində fəaliyyət göstərib.
Dekabr ayının sonlarında daha bir dünya şöhrətli dərman şirkət – “Schering-Plough Central East AG” Bakı ofisini bağlayıb. Qeyd edək ki, “Schering-Plough Central East AG” şirkəti ABŞ-ın əsas dərman istehsalçılarından biri olan “Merck & Co Inc.”in törəmə qurumudur. Xatırladaq ki, Azərbaycanda “Merck & Co Inc.”in ən çox satılan H5N1 virusu (”quş qripi”) əleyhinə istehsal etdiyi “Oseltamivir” tərkibli “Tamiflu” preparatıdır. Bu şirkət ölkəni tərk edəndən sonra həmin dərman vasitəsinin apteklərdə satılmadığı bildirilir.
Ölkəni tərk edən şirkətlər neft sənayesində də, qida sənayesində də fəaliyyət göstərib
Nəhayət bu ilin yanvar ayında neft sektorunda fəaliyyət göstərən daha bir şirkət – Fransanın “Technip Maritime Overseas LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyi də ləğv edilib. Qeyd edək ki, “Technip Maritime Overseas LTD” neft avadanlıqlarının emalı, boru kəmərlərinin tikintisi ilə məşğul olur. Şirkətinin Bakı nümayəndəliyi 1993-cü ildə açılıb. Bundan başqa yanvar ayında İtaliyanın “Maccaferri” şirkətinin ölkəmizdəki təmsilçiliyi “Maccaferri Azerbaijan” MMC-də ləğv olunub. duğunu elan edib. “Maccaferri” şirkətinin əsası 1879-cu ildə İtaliyada qoyulub. “Maccaferri Azerbaijan” MMC-nin əsas işi mülki və ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi, xüsusən də torpaq möhkəmləndirilməsi, drenaj sistemləri, sualtı boru kəmərinin qorunması, tunelin bərkidilməsi, qaya-sürüşmədən mühafizə torlarını quraşdırma və texniki həllərin satışı və təchizatı sahəsində ixtisaslaşıb.
Türkiyənin “Anel Group” şirkətlər qrupuna daxil olan “Anel Telekomünikasyon Elektronik Sistemləri Sanayi ve Ticaret Anonim Şirketi”nin də Azərbaycandakı filialı bu ilin yanvar ayında bağlanıb.
Yanvar ayında olduğu kimi, fevral ayında da 3 əcnəbi şirkət – Sinqapurun “Petro Singapore Trading PTE Ltd” şirkəti, Türk-Küveyt birgə müəssisəsi “Turkapital Holding” və Belçikanın yeyinti məhsulları şirkəti “Puratos” şirkətinin də Azərbaycandakı nümayəndəlikləri fəaliyyətlərini dayandırıb. Sinqapur şirkəti neft, qaz və neft-kimya sənayesi məhsullarının ticarəti, Türk-Küveyt birgə müəssisəsi isə investisiya fəaliyyəti ilə məşğul olub.
“Bizi narahat edən odur ki, yerli şirkətlər də ölkəni tərk edirlər”
Əcnəbi şirkətlərin ölkəni tərk etməsinə münasibət bildirən sabiq millət vəkili, iqtisadçı-alim Nazim Məmmədov qəzetimizə verdiyi açıqlamada bildirdi ki, Azərbaycanı tərk edən xarici şirkətlərin bir çoxu neft sektorunda fəaliyyət göstərib: “Neft müqavilələrinin vaxtının sona çatması səbəbindən bu şirkətlər ölkəni tərk edirlər və yaxın zamanlarda da bu proses davam edəcək. Ancaq bizi narahat edən bu olmamalıdır. Bizi narahat edən odur ki, yerli şirkətlər də ölkəni tərk edirlər. Ötən ilin nəticələrinə görə, azərbaycanlı iş adamları Gürcüstan iqtisadiyyatına 600 milyon dollar vəsait yatırıblar. Bu ilin əvvəlindən Türkiyədə onlarla Azərbaycan şirkəti qeydiyyata düşüb. Bu o deməkdir ki, o ölkələrdə biznes mühiti Azərbaycandan daha əlverişlidir. Bu da onların bağlanmasına və ölkəni tərk etməsinə gətirib çıxardı”.