Marsa pilotlu gəmi göndərmək mümkün olacaqmı

0
242

Əziz Mustafa
Son illərdə dəfələrlə ABŞ tərəfindən Marsın tədqiqi ilə bağlı çoxlu sayda tədbirlər həyata keçirilib və bu çərçivədə də qırmızı planetə gəmilər göndərilib. Həmin gəmilər vasitəsilə Mars barədə müəyyən təsəvvürlər edilsə də, hələlik, oraya pilotlu kosmik gəminin və ya daha dəqiq desək, kosmonavtların (astronavtların) göndərilməsi planı ildən-ilə təxirə salınmaqdadır. Bu da əsassız deyil. Belə ki, Yer kürəsindən fərqli olaraq, Marsın özünəməxsus xüsusiyyətlərə malik olması bu planetə insanın ayaq basmasına mane olan əsas amillərdən birinə çevrilib. Marsla Yeri müqayisə etdikdə diqqəti cəlb edən ilk amil qırmızı planetdə günün uzunluğunun bizdəkindən 40 dəqiqə çox olmasıdır. İlk baxışda Marsda Yerlə müqayisədə günün uzunluğunun 40 dəqiqə çox olması bir o qədər də təhlükə doğura biləcək əlamət kimi qəbul edilmir. Lakin əslində bu, çox ciddi problem hesab edilir. Belə ki, insanın gündəlik bioritmi 24 saata hesablanıb. Əlavə 40 dəqiqə isə Marsa göndəriləcək pilotlu gəmidəki kosmonavtların bioritmlərinin dəyişməsinə və nəticədə onların özlərini olduqca pis hiss etmələrinə, yorğunluğa gətirib çıxaracaq. Marsdakı 40 dəqiqəlik artıq vaxtın insanın bioritminə necə təsir edə biləcəyi ilə bağlı NASA tərəfindən qırmızı planetin səthini olduğu kimi təkrarlayan laboratoriyada aparılan tədqiqatlar insanın belə bir bioritmə asanlıqla dözə bilməyəcəyini üzə çıxarıb. Üzərində tədqiqatlar aparılan və Marsa göndərilməsi nəzərdə tutulan “Socorner” kosmik gəmisinin heyəti qırmızı planeti xatırladan şəraitdə cəmisi bir ay davam gətirə bilmişlər. Onları ölümdən ancaq tədqiqatdan kənarlaşdırmaqla xilas etmək mümkün olub. Sonrakı tədqiqatlar da göstərdi ki, Marsda günün Yerdəkindən 40 dəqiqə uzun olması qırmızı planetə ayaq basacaq kosmonavtlara orada ancaq qısa müddətdə qalmağa imkan verə bilər. Bu isə Marsa pilotlu kosmik gəminin göndərilməsi yolunda maneələrdən birinə çevrilib.
Marsa göndəriləcək kosmik gəmidəki kosmonavtlar üçün bir problem də qırmızı planetdəki qravitasiyanın Yerlə müqayisədə xeyli aşağı olmasıdır. Qravitasiyanın aşağı olması isə kosmonavtların sümüklərinin tədricən əriməsinə və bu da nəticədə onların ölümünə yol aça bilər.
Digər bir təhlükəli amil isə Mars səthinin çoxlu sayda yarğanlara malik olmasıdır. Bir çox yarğanların üzəri qumla örtüldüyündən qırmızı planetin səthinə kosmonavtları endirəcək enmə aparatı belə yarğanlara ilişərək sıradan çıxa, kosmonovatların ölümünə yol aça bilər. Araşdırmalar zamanı məlum olub ki, belə halların baş verməməsi yüzdə 20 faizdir. Yəni Marsa endiriləcək hər beş enmə aparatından 4-nü məhv ola bilmə təhlükəsi gözləyir. Ona görə də enmə aparatı üçün yerin seçilməsi olduqca məsuliyyətli bir işdir. bunu nəzərə alaraq, NASA Marsa endiriləcək enmə aparatını qırmızı planetin səthindəki yarğanlardan mühafizə etmək üçün yerin daha dəqiq seçilməsi üzərində tədqiqat aparır. Bu məqsədlə də enmə aparatına təhlükə doğura biləcək əraziləri öncədən müəyyən edə biləcək cihazın hazırlanması üzərində iş gedir. Marsa endiriləcək modulla (enmə aparatın) bağlı digər bir problem də onun baş hissəsinin diametri ilə əlaqədardır. Hazırda raketin baş hissəsinin diametri 8,4 metr hesab edilir. Amma bu həcmdə diametrə malik olan modulun – enmə aparatının Mars səthinə endirilməsi heç də asan olmayacaq. Ona görə də NASA tədqiqatçıları bununla əlaqədar əmələ gələn problemin aradan qaldırılması üzərində iş aparırlar.
Marsa endiriləcək modulla bağlı həllini gözləyən digər bir problem isə qırmızı planetin səthi ilə toqquşmanın sürətini minimuma endirməyə imkan verəcək səsdəniti əyləc sisteminin hazırlanması ilə bağlıdır. Bu müstəvidə də Mars səthinə yumşaq enməni təmin edəcək səsdəniti əyləc sisteminin hazırlanması olduqca vacibdir. Düzdür, belə sistemin ilk sınaqları onun Marsda uğurla istifadə ediləcəyinə ümidlər oyadır. Amma Yerdəki Mars səthini xatırladan şəraitlə müqayisədə qırmızı planetdə bu sistemin necə işləyəcəyini öncədən müəyyən etmək olduqca çətindir. Üstəlik, belə bir sistem olduqca baha başa gəlir. Ona görə də hazırda NASA tədqiqatçıları çox istifadəli raket sistemlərinin yaradılması üçün tədqiqat işlərini davam etdirirlər.
Marsa pilotlu gəminin göndərilməsi ilə bağlı digər bir problem isə planetin səthinin statik elektrikə malik olmasıdır. Yerdə insanı azacıq elektrik vuranda dərhal onun nə qədər böyük təhlükə mənbəyi olduğu ortaya çıxır. Elektrik vurmaqdan insanı mühafizə etmək üçün Yerdə müxtəlif qoruyucu vasitələrdən istifadə edirlər. Kosmonavt Marsda hərəkət etdiyi zaman statik enerji əmələ gələcək. Bu zaman əmələ gələcək statik enerji bir aparatın işlədilməsi üçün yetərli olacaq. Əgər kosmonavt Marsda hərəkət edərkən külək qalxsa, onda əmələ gələn elektrik həyati təhlükə mənbəyinə çevriləcək. Belə bir təhlükəni aradan qaldırmaq üçün NASA alimləri elektrik ötürücüsü funksiyasını həyata keçirəcək xüsusi iynələrin hazırlanması prosesini başa çatdırıblar.

Superraket daşıyıcısına ehtiyac var
NASA hazırda yerətrafı orbitə göndəriləcək gəmilər üçün müasir raket daşıyıcılarına malikdir. Amma Marsdakı vəziyyəti nəzərə alaraq, NASA təkmilləşdirilmiş raket daşıyıcılarının (Space Launch System, SLS) hazırlanmasını önə çıxarıb. Qeyd edək ki, Marsa göndərmək üçün NASA-nın hazırda “Space Launch System”, SLS tipli ondan artıq raket daşıyıcısına ehtiyacı var. Bu raket daşıyıcıları bir start meydanından yerətrafı orbitə göndərilir. Lakin əgər start meydanında hər hanası bir texniki nasazlıq baş verərsə, onda onun aradan qaldırılması üçün aylarla vaxt lazım gəlir. Bundan əlavə, yerətrafı orbitdə gəmilərin birləşməsinə imkan verəcək aparat müvafiq vaxta əməl edilməsini də vacib şərt kimi ortaya çıxarıb. Belə ki, Yerətrafı orbitdəki gəmi ilə birləşmənin dəqiq vaxtının hesablanması lazım gəlir. Bu məsələdə hansısa texniki nasazlıq ucbatından raket daşıyıcısının sıradan çıxması yerətrafı orbitdəki kosmik gəmi ilə birləşmənin aylarla təxirə salınmasına yol aça bilər. Ona görə də raket daşıyıcılarının Yerətrafı orbitə buraxılması və onun fəaliyyətinin arzu edilən səviyyədə davam etdirilməsi milyonda bir millimetr dəqiqlik tələb edir. Bu çərçivədə də superraket daşıyıcılarının hazırlanması Marsa pilotlu gəmi göndərilməsi zamanı önəmli məsələlərdən birinə çevriləcək.
2008-ci ildə NASA tərəfindən Marsa göndərilən kosmik zond planetin səthində zəhərli perxlorat aşkar edib. Mars qruntunda perxloratın həcmi 0,5 faiz təşkil edir. Lakin bu zəhərli maddə Mars səthinə ayaq basacaq kosmonavtın həyatı üçün təhlükəyə çevrilə bilər. Perxlorat insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına, onun tədricən zəhərlənməsinə yol açır. Belə bir təhlükənin qarşısını almaq üçün NASA alimləri perxloratdan qorunmağa imkan verən müalicə həbləri hazırlayıblar.
Digər bir problem də Marsa göndəriləcək pilotlu gəminin geri qayıda bilməsi üçün böyük həcmdə raket yanacağına ehtiyac duyulması ilə bağlıdır. Bütün hallarda indidən aydındır ki, indiki texniki imkanlarla pilotlu gəminin Marsa və geriyə qayıda bilməsi üçün yanacaq bəs etməyəcək. Belə bir vəziyyətdə isə yanacağa olan ehtiyacı ödəyə bilmək üçün Marsda və ya yerətrafı orbitdə raket yanacağının istehsal edilməsi lazım gələcək. Bu isə gələcəyin işidir.