Cənubi Sibirdə bir türk yadigarı: Por-Bajın qala kompleksi

0
266

Əziz Mustafa
Türk dünyasının ana məskənlərindən biri olan Sibirdə, daha dəqiq desək, onun cənubundakı dağlardakı Tərə gölündəki adada qədim Por-Bajın qala kompleksinin qalıqları qalmaqdadır. Monqolustanla sərhəddə yerləşən bu qədim qala kompleksi hələ 18-ci əsrdə diqqəti cəlb etmişdi. Lakin qalada tədqiqat işləri aparılmasına yalnız 19-cu əsrin sonlarında başlanıldı. Qala-kompleks barədə ətraflı məlumata keçməzdən öncə qeyd edək ki, Por-Bajın Tuva türklərinin dilində “gil ev” mənasını verir. Por-Bajın qala kompleksi dağılmaqda olmasına baxmayaraq, günümüzdə belə öz möhtəşəmliyi ilə görənləri heyrətə salmaqda davam edir. Por-Bajın qala kompleksi ilk dəfə 1891-ci ildə rusiyalı arxeoloqlar tərəfindən tədqiq edilməyə başladı. Qala-kompleksin quruluşu vaxtilə Qara-Balqasun türk-uyğur imperiyasında inşa edilən qala kompleksləri xatırladır. Qara-Balqasun türk-uyğur imperiyası eramızın VIII-IX əsrlərində çiçəklənmə dövrü yaşamışdı. Ona görə də Por-Bajın qala kompleksinin də həmin dövrdə inşa edildiyi ehtimal edilir. 1891-ci ildə Por-Bajın qala kompleksində aparılan qazıntı işlərindən 60 il sonra SSRİ arxeoloqları orada yenidən tədqiqat işlərinə başladılar. Həmin dövrdə SSRİ-nin ali dairələrində türk düşmənçiliyi hökm sürür və onlar hər yerdə türk izlərini itirməyə çalışırdılar. Ona görə də sovet arxeoloqları dərhal iddia etməyə başladılar ki, qala kompleks uyğur türklərinə aid deyil. Onlar qala-kompleksin inşasında Tanq arxitekturası memarlığının izlərini tapdılar. İlk vaxtlar qala-kompleksin hətta Tanq imperiyası memarları tərəfindən inşa edildiyini və onun guya Çinin müdafiə səddinə xidmət etdiyi, adadakı qala kompleksin hərbi məqsədlər daşıdığı barədə gülünc iddialar səsləndirildi. Lakin Por-Bajın qala kompleksinin uyğur türklərinə aid olduğu və onlar tərəfindən inşa edildiyi faktı o qədər aydın idi ki, bəzi sovet arxeoloqları onda Çin memarlığı əlamətlərinin aşkar edilməsinin, Çinlə əlaqələndirilməsinin sovet arxeologiyası üçün biabırçılıq olacağı barədə xəbərdarlıq etdilər. Ona görə də qala kompleksində qazıntı işləri aparan yəhudi əsilli arxeoloq S. İ. Vaynşteyn Por-Bajın qala kompleksinin eramızın 750-ci ilində uyğur hökmdarı Boyan Şur tərəfindən inşa edildiyini cəsarətlə bəyan etdi. Vaynşteynin bu açıqlaması digər tədqiqatçılar tərəfindən də qəbul edildi. Üstündən illər ötəndən sonra, 2007-ci ildə Rusiya Elmlər Akademiyasının və Moskva Dövlət Universitetinin və SSRİ Dövlət Şərq Muzeyinin arxeoloqları tərəfindən Por-Bajın qala kompleksində yenidən qazıntı işləri aparıldı. Amma arxeoloji qazıntılar zamanı Por-Bajın qala kompleksinin nə vaxt inşa edildiyi barədə dəqiq məlumatlar əldə etmək mümkün olmadı. Niyə? Bu suala birmənalı cavab vermək çətindir. İş orasındadır ki, ilk arxeoloji qazıntılar zamanı Moskva və Leninqrada (Sankt-Peterburq) aparılan arxeoloji materiallar Por-Bajının uyğur türkləri tərəfindən inşa edildiyini aydın şəkildə sübuta yetirməkdə idi. Belə bir vəziyyətdə qala-kompleksdə üstündən illər ötəndən sonra yenidən aparılan arxeoloji qazıntılar zamanı hansısa əsaslı fakt tapmaq çətin idi. Üstəlik, qala kompleksdə yeni qazıntı işləri aparan arxeoloqlar vaxtilə burada işləyənlərin Por-Bajının uyğur türkləri tərəfindən inşa edildiyini göstərən tapıntılarının üstündən sükutla keçirdilər. Ola bilsin ki, onlar bununla da özlərinin burada ilk arxeoloji qazıntılar apardıqları barədə rəy formalaşdırmaq və keçmişdəki qazıntılari unutdurmaq istəyirdilər.

Müəmmalar davam edir
Por-Bajın qala kompleksində yaşayış evi yoxdur və bu da arxeoloqlar tərəfindən heç cür izah edilə bilmir. Halbuki, adətən, qala-komplekslərdə hökmən yaşayış üçün bina olmalıdır. Demək olar, o dövrdə inşa edilən bütün analoji komplekslərdə buranı qoruyan insanların özlərinin və ailələrinin yaşaması üçün yaşayış evləri olub. Lakin Por-Bajın qala kompleksində yaşayış binaları inşa edilməyib və arxeoloqlar bunun sirrini aça bilmirlər. Bununla belə, rusiyalı arxeoloqlar tərəfindən müasir aparatlarla qala-kompleksin radio kimyəvi analizi aparılandan sonra onun eramızın 770-790-cı illərində inşa edildiyi məlum oldu. Halbuki qala-kompleksin inşasında adı hallandırılan uyğur hökmdarı Boyan-Şur təxminən 759-cu ildə vəfat etmişdi. Belə ehtimal edilir ki, qala-kompleks Boyan-Şurun oğlu Böyü kaqan tərəfindən inşa edilib. Qeyd edək ki, Böyü kaqan manixeizmi dövlət dini elan etmişdi və ona görə də həmin dövrlərdə inşa edilən qala-komplekslərdə bu dinin izlərinə indinin özündə belə rast gəlmək mümkündür. Bu baxımdan belə ehtimal edilir ki, Por-Bajın qala kompleksi manixeizmə sitayiş edənlər üçün məbəd rolunu oynayıb. Hər halda qala-kompleksdə yaşayış evlərinin olmaması belə bir ehtimalın ortaya çıxmasına yol açıb. Bununla belə, manixeyizmi dövlət dini qəbul etdiyinə görə Böyü kaqandan narazı olan güclər ona qarşı üsyan qaldırdılar. Nəticədə Böyü kaqan 779-cu ildə öldürüldü. Xatırladaq ki, o dövrdə uyğur türklərinin böyük hissəsi manixeyizmin qəbul edilməsinin əleyhinə idi və onlar bunu türk kimliklərinin məhvinə, düşməni Çinin dini təsiri altına düşməyə doğru atılan addım kimi dəyərləndirirdilər. Ona görə də uyğur türklərinin böyük hissəsi türk kimliklərini, milli mənsubluqlarını qorumaq üçün manixeizmi dövlət dini kimi qəbul edən Böyü kaqana qarşı üsyan qaldıraraq onu öldürdülər. Digər tərəfdən də, bu günə kimi qala-kompleksdə aparılan arxeoloji qazıntılar zamanı onun manixeizm tərəfdarları tərəfindən məbəd kimi istifadə edilməsini göstərə biləcək cüzi bir dəlilə belə rast gəlmək mümkün olmayıb.

İzlər haraya aparır?
Ümumiyyətlə, Por-Bajın qala kompleksi özü ilə çoxlu sayda sirləri gizlətməkdədir. Belə ki, adada inşa edilən Por-Bajın qala-kompleksinə düşmən hücumu ilə bağlı hər hansı məlumat yoxdur. Qala-kompleksdə döyüş izlərinə də rast gəlinmir. Halbuki qala-kompleksin yerləşdiyi ərazi barədə o dövrdə uyğur türkləri ilə düşmənçilik edən çinlilərin də məlumatı var idi. Adada müxtəlf dövrlərdə təqiblərdən qaçan insanların da yaşaya bilməsi də mümkün idi. Lakin nə qədər qəribə olsa da, adadakı qala-kompleksdən insanların yaşayış məskəni kimi istifadə etdiklərini göstərən izlərə rast gəlinməməkdədir.
Bu da qala-kompleksdə arxeoloji qazıntılar aparanları heyrətləndirməkdə davam edir. Sanki qala-kompleks inşa ediləndən sonra oraya insanlar yaxınlaşmağa cəsarət etməyiblər. Bu nə ilə əlaqədar ola bilər? Bunu anlamaq, bu sirri açmaq mümkün deyil. Yenə də belə ehtimal edilir ki, ada yerli idarəedicilər tərəfindən xüsusi müdafiə səddi elan edildiyindən oraya yaxınlaşmaq və yaşamaq əsrlər boyu qadağan edilib. Amma bununla bağlı tədqiqatçıların əlində hər hansı bir sübut yoxdur. Son illərdə qala-kompleksin sualtı tunel vasitəsilə sahillə birləşdirildiyi barədə çoxsaylı ehtimallar gündəmə gəlib. Belə bir fikir vurğulanır ki, qala-kompleksin tunel vasitəsi ilə çayın sahilinə çıxışı olduğundan oraya vaxtaşırı gəlib, sonra isə oranı tərk ediblər. Bunu qala-kompleksdə qədim tunelin aşkar edilməsi də sübut edir. Lakin bu tunelin böyük hissəsi uçduğundan onun çayın altı vasitəsi ilə quru ərazisi ilə birləşib-birləşmədiyini müəyyən etmək olmayıb. Amma hazırda Por-Bajın qala-kompleksinin varlığı üçün təhlükə əmələ gəlib. Belə ki, qala-kompleks əbədi donuşluq üzərində inşa edilib. Lakin son illərdə havaların istiləşməsi donuşluqların əriməsinə yol açıb. Nəticədə buzların əriməsi qala-kompleksi bataqlığa çevrilmək təhlükəsi ilə üz-üzə qoyub. Arxeoloqların fikrincə, belə davam edəcəyi təqdirdə, təxminən 80 ildən sonra qala-kompleks məhv olacaq. Xatırladaq ki, qala-kompleks inşa edildikdən sonra iki dəfə orada zəlzələ baş verib. Nəticədə qala kompleksin böyik hissəsi güclü dağıntıya məruz qalıb. Beləliklə, bütün hallarda uzaq Sibirdə türkün nişanı olan Por-Bajın qala kompleksi sirlərini gizlətməkdə davam edir…