Tərlan Əhmədov: “ AZAL “uçuşlar”ı normal rejimdə həyata keçirir”

0
238

“Neftçi”nin heyətində çıxış etmiş futbolçular SSRİ-nin əsas yığma komandasında da uğurlara imza atıblar. Belə ki, əfsanəvi futbolçumuz Anatoli Banişevski 1966-ci ildə İngiltərədə keçirilmiş dünya çempionatında bürünc medal qazanmaqla yanaşı, Avropa (1972-ci il, Belçika) çempionatında gümüş mükafata yiyələnib. İqor Ponomaryov SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının qızıl medalını əldə edib.

“Neftçi”nin yetirmələri aşağı yaş qrupu üzrə komandalarda da nailiyyətləri ilə diqqət mərkəzində olublar. Belə ki, Nikolay Smolnikov U-21 yığmasının tərkibində (1967-ci il) Avropa çempionatının qalibi olub. (Yeri gəlmişkən, İqor Ponomaryov Olimpiya çempionu olmamışdan öncə 1978-ci ildə SSRİ U-21 komandasının heyətində də fərqlənib). Vitali Şevçenko isə U-18 yığmasının heyətində (1969-cu il) Avropa çempionatının bürünc medalını qazanıb. Vəli Qasımov 1985-ci ildə U-16 komandasının tərkibində Avropa çempionatının qalibi olub.

1987-ci ildə keçirilmiş Avropa çempionatında SSRİ-nin U-16 yığması yalnız finalda məğlub olub. Həmin komandanın tərkibində “Neftçi”nin yetirmələri – Arif Əsədov və Vladislav Qədirov da vardı. Bundan bir il sonra Sovetlər Birliyinin U-16 komandası Kanadada keçirilmiş dünya çempionatının qalibi olub. Kuboku başı üzərinə qaldıranlar arasında “Neftçi”nin gənc futbolçuları Arif Əsədov, Vladislav Qədirov və Vyaçeslav Lemiş də yer alıb. 1988-ci ildə 18 yaşadək futbolçuların iştirakı ilə keçirilmiş Avropa çempionatında “Neftçi”nin üzvü Arif Əsədov növbəti dəfə SSRİ yığmasının tərkibində ali mükafata sahib çıxıb. “Neftçi”nin digər üzvləri – Tərlan Əhmədov və Ruslan Lukin də SSRİ yığmasının formasında 1990-cı ildə keçirilmiş U-18 Avropa çempionatının qızıl medalını əldə edib.

Beləliklə, budəfəki həmsöhbətimiz Avropa çempionu, “Neftçi”nin veteranı, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovdur.

– Tərlan bəy, bildiyiniz kimi, 2016-cı ilin mayı 5-dən 15-dək Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçiriləcək. Siz SSRİ-nin U-18 yığmasının heyətində Avropa çempionatının qızıl medalını əldə etmisiniz. Sizi, həmçinin digər futbolçularımızı hazırda gənclərə, o cümlədən millimizə örnək göstərirlərmi?

– Bəri başdan deyim ki, 1990-cı ildə mənimlə birgə “Neftçi”nin sabiq hücumçusu Ruslan Lukin də bu ada layiq görülüb. O ki qaldı konkret sualınıza… Bu məsələdə AFFA-nı qınamaq istəməzdim. Çünki, mənim fikrimcə, o illərdə bu kimi yüksək uğurlara imza atmış idmançılarımızı – Anatoli Banişevskini, Kazbek Tuayevi, Bruxtini, Yaşar və Adil Babayevləri, həmçinin digər futbolçularımızı (Bəlkə də gənc futbolçuların onlardan xəbərləri belə yoxdur) təbliğ etmək klubların, o cümlədən futbol komandalarının baş məşqçi və məşqçilərinin işidir. Nə yazıq ki, onlar belə tarixi faktlara fikir vermirlər. Bu isə sadəcə keçmişi topa tutmaqdan, adlı-sanlı futbolçularımızı unutdurmaqdan başqa bir şey deyil.

– Yəqin, belə getsə bu kimi xidmətləriniz unudulacaq?

– Mən artıq futbolumuzun tarixinə düşmüşəm, bu, faktdır. Bir də zənnimcə, o illərdə əldə olunan nailiyyətlər təkcə Tərlanın və yaxud başqa bir futbolçunun uğuru deyildi ki… Bu həm də Azərbaycan futbolunun uğuru idi. Onu da deyim ki, bu gün yalnız “Neftçi”nin 1966-cı ildəki uğurundan söz açmaqla kifayətlənməməliyik. “Neftçi”nin yetirmələrinin – Arif Əsədovun, Vladislav Lemişin, Ruslan Lukinin və digərlərinin SSRİ-nin aşağı yaş qruplarındakı nailiyyətləri də diqqət mərkəzində olmalıdır. Amma mənə elə gəlir ki, əlahəzrət zaman hər şeyi öz axarına salacaq.

– Tərlan bəy, bu da bir faktdır ki, bu gün bizim gənc oyunçuların arasında Tərlanlar, Ariflər, Ruslanlar gözə dəymir…

– Bunun da səbəbi var. Bu gün uşaq futbolunda, demək olar ki, seçim yoxdur. Hazırda Azərbaycanın uşaq və yeniyetmə futbolundakı məşqçilərin çoxunun bu sahədə futbolçu yetişdirmək savadı o qədər də yetərli deyil. Yeri gəlmişkən, o vaxtlar yüksək səviyyəli məşqçilər – Trofimov, Qryazev, Semiqlazov, Bruxti uşaq futbolunda çalışıblar. Yəni demək istəyirəm ki, onda uşaq futbolu ilə, sözün həqiqi mənasında, şəxsiyyətlər məşğul olurdular.

– Deməli, uşaq futbolundakı problem məşqçilərlə bağlıdır?

– Bəli, bu gün uşaq və yeniyetmələrimiz arasında istedadlı futbolçu yetərincədir. Amma bu gün valideyn əlinə baxan məşqçilər çoxdur. Elə bu səbəbdən istedadlar kənarda qalırlar. Bir sözlə, bu sahədə mütəxəssis problemi var…

Cəhdlər və son…

– Yəqin ki, 1990-cı ildəki Avropa çempionluğundan sonra həyatınız tamam dəyişdi.

– Bəli, bu çempionluq mənə olan diqqəti, qayğını artırdı. Yeri gəlmişkən, elə həmin il ölkə başçısı tərəfindən bir neçə idmançı ilə birgə fəxri ada layiq görüldüm. Həm də mənə olan tələb dəyişdi. Yəni bundan sonra məndən Avropa çempionuna layiq oyun tələb olunmağa başlanıldı. Bu da məsuliyyətimi birə-beş artırdı. Bilirsinizmi, qazanılmış adı qoruyub saxlamaq onu qazanmaq qədər çətindir. Burada bir məqama da toxunmaq istəyirəm. Fikrimcə, insan şəxsiyyət kimi formalaşmasa, onun uğur qazanması mümkün deyil. Çünki uğurun özü də şəxsiyyətlə bağlıdır.

– Bu komandaya necə düşmüşdünüz?

– Mən indiki Bakıxanovdakı idman təmayüllü internat məktəbinin məzunuyam. Mənim Rəhman Tağıyev, Ənvər Əliyev kimi məşqçilərim olub. O zamanlar idman təmayüllü məktəblərin ittifaq miqyasında çempionatı keçirilərdi. Həmin yarışlara, demək olar ki, müttəfiq respublikaların bütün idman təmayüllü internat məktəbləri qatılardı. Belə yarışların birində, daha doğrusu, 1986-cı ildə Özbəkistanda keçirdiyimiz oyunlardan sonra məşqçilərim mənə, Nikoşkinə, Emin Salmanova, Ruslan Lukinə U-15-ə dəvət olunduğumuzu bildirdilər. Lakin elə oldu ki, təlim-məşq toplanışlarından sonra məni həmin komandaya cəlb etmədilər. 1989-cu ilin noyabr ayının 5-də keçirilmiş OMİK – “Neftçi” oyunundan sonra (Mən onda “Neftçi”nin əsas heyətində çıxış edirdim) SSRİ yığmasının baş məşqçisi Gennadi İvanoviç Kosterin mənə yaxınlaşıb oyunumu çoxdan izlədiyini bildirdi. Beləcə, bu komandanın tərkibində bir çox turnirlərdə iştirak etdim və sonda əsas heyətdə möhkəmlənə bildim.

– Final oyununu necə xatırlayırsınız?

– Finalda komandamız Macarıstanla qarşılaşdı. Lakin bu matçdan əvvəl keçirilmiş iki oyunda (İsveç və İngiltərəyə qarşı) zədə aldığıma görə meydançaya çıxa bilmədim.

Haşiyə

– Şir qocalanda özünə gülməyi gələr, bəs futbolçu qocalanda?

– Futbolçunun üzünə baxan olmaz.

– Yurd yiyəsiz qalanda donuz təpəyə çıxar, bəs komanda sponsorsuz qalanda?

– Məhvə gedər.

– Uşaq olan evdə qeybət olmaz, bəs mehribançılıq olan komandada?

– Söz-söhbət olmaz.

– Mehtərin səsi uzaqdan xoş gələr, bəs azarkeşin…

– Yaxından xoş gələr, uzaqdan pis.

– Quzunun təqsiri qurdun acımasıdır, bəs məşqçinin təqsiri nədədir?

– Futbolçunu düzgün başa salmamasında…

– Quşun bəzəyi lələkdir, insanın bəzəyi bilikdir, bəs AZAL-ın?

– AZAL-ın da bəzəyi “təyyarələr”dir.

“AZAL “uçuşlar”ı normal

həyata keçirir”

– Hazırda baş məşqçisi olduğunuz AZAl-ın bugünkü durumu sizi qane edirmi?

– Əgər komandamız Premyer Liqanı tərk etmək təhlükəsi ilə üzləşsəydi, futbolçularımız yaxşı oyun nümayiş etdirməsəydilər, deyərdim ki, vəziyyət acınacaqlıdır. Bəli, bu gün maliyyə çətinliyimiz var. Buna rəğmən, AZAL “uçuşlar”ı normal rejimdə həyata keçirir.

– Komandanızın maksimum məqsədi barədə nələr deyə bilərsiniz?

– Maksimum hədəfimiz Avroliqaya düşməkdir.

– Adətən, AZAL-dan söz düşəndə onu çempionatı yola verən komanda kimi təqdim edirlər. Bu fikrə münasibətiniz?

– Bəri başdan deyim ki, hər kəsin fikrinə hörmətlə yanaşıram. Bəli, AZAL bu mövsümün ilk beş oyununda xal qazana bilmədi. Hətta bundan “ilhamlanan” bir idman xadimi AZAL qış fasiləsinədək 3 xal toplayacağı təqdirdə respublikanı tərk edəcəyəni söyləmişdi (O günlərdə AZAL-a dəstək verən insanlar da çox oldular). AZAL isə qış fasiləsinə 22 xalla yollandı (Hazırda 42 xalı var). Halbuki ötən mövsüm daha yaxşı maliyyə imkanı, 11 legioneri olan AZAL qışa qədər cəmi 17 xal toplamışdı. Bu aspektdən çıxış edərək “AZAL yola verir” fikrini ictimailəşdirmək istəyənlərə belə deyərdim: liderlərdən xal almağı bacaran AZAL heç nəyi yola vermir, çempionata rəng qatır.

– Elə isə niyə tez-tez “Mən getməyə hazıram” deyirsiniz?

– Bəli, AZAL xalsız qalan günlərdə keçirilən mətbuat konfranslarında bu ifadəni işlətmişəm. Amma sizin dediyiniz şəkildə yox, belə bir şəkildə: “Əgər bu yükün altına girmək istəyən varsa, getməyə hazıram”. Onda bir kimsə irəli çıxıb bu yükü çəkməyə hazır olduğunu dilinə gətirmədi. Hazırda isə bura gəlmək istəyənlər var. Çünki indi AZAL, poetik dildə desək, 10 min metrlik hündürlükdə 1200 km/saat sürətlə uçuşları normal həyata keçirir.

– Ona görə daha bu ifadəni işlətmirsiniz?

– Təbii… Amma rəhbərlik – Fikrət Məmmədov nə vaxt istəsə, gedərəm…

“Top-top oynasaydıq nə vardı ki?!”

– Tərlan bəy, komandaların maliyyə məsələsi yaxşı olanda nədənsə futbolçuların oyunu sanki alınmır.

– Mən bununla bağlı fikirlərimi AFFA-da keçirilən tədbirlərdə demişəm. Demişəm ki, gənc futbolçulara böyük məbləğdə pul vermək doğru deyil. Çünki belə olan halda onların başı kənar işlərə qarışır (gecə həyatı, maşın və s.), nəticədə futbol arxa plana keçir. Təklif elədim ki, aşağı yaş qruplarındakı uşaqlara vəsait hissə-hissə verilsin. Məsələn, 100 minlik müqavilə bağlamış futbolçuya həmin pul 3 dəfəyə verilsin. O da həmin futbolçunun oyunu nəzərə alınmaqla. Zənnimcə, belə olsa idi, futbolçu özündə müəyyən məsuliyyət hiss edərdi.

– Bu günkü Azərbaycan futbolçusunun bəlası yalnız budurmu?

– Bir də tənbəllik… Bizim futbolçuların, ümumiyyətlə, artıq işləməklə arası yoxdur. Məşq qurtaran kimi harasa tələsirlər. Yəni özlərini heç əziyyətə salıb əlavə məşqlə məşğul olmaq istəmirlər. Məşq bir az ağır olanda da görürsən ki, deynirlər. Halbuki 90-cı illərdə, məsələn, Ruslan Abdullayev bizi gün ərzində 4 dəfə məşqə çıxarardı. Kimsə də səsini çıxartmazdı. Hə, yadıma düşmüşkən, o zaman hər məşqdən sonra tərli maykaları da özümüz yuyub-qurudardıq. Amma indikilər tərləyən kimi maykaları yenisi ilə əvəz olunur.

– Bəlkə elə bu kim səbəblərdən biz futbol deyil, hələ də top-top oynayırıq?

– Top-top oynasaydıq nə vardı ki?! Bizdə hələ o da yoxdur. Bu fikri elə-belə demirəm. Mən AFFA-nın məşqçilər üçün Nikolay Adamın (o hazırda Hindistanda çalışır) rəhbərliyi ilə təşkil etdiyi məşğələlərdə iştirak edərkən bir daha başa düşdüm ki, bizə çox şey öyrədilməyib. Elə bu səbəbdən Avropa futbolu ilə bizim futbolumuz arasında yerlə göy qədər fərq var.

– Belə çıxır ki, legionerlər bu boşluğu doldurmaqda…

– Bəli, klublarımızın nailiyyətlər əldə etməsində yüksək səviyyəli legionerlərin rolu böyükdür.

Haşiyə

– Qonşu qonşudan tez durmaq öyrənər? Bəs komanda komandadan?

– Sürətli qaçmağı..

– Qazan olmayan yerdə güvəc də qazandır. Bəs hücumçu olmayan yerdə yarımmüdafiəçi nədir?

– Kosmosa uçan peyk.

– İgid ləqəbi ilə tanınar, bəs komanda?

– Nəticəsi ilə…

– Ağac meyvəsi ilə tanınar, bəs komanda…

– Futbolçusu ilə…

“Qismətimdə yox imiş…”

– “Neftçi”, “Turan”, “Karvan”, “Qarabağ”, “İstiqlal”, “Termist”, “Şəfa”, “Olimpik” (indiki AZAL-da) komandalarında çıxış etmisiniz… Onlardan hansında özünüzü rahat hiss etmisiniz?

– “Qarabağ”da, 1993-1997-ci illərdə… Düzdür, o illərdə bu komandanın müəyyən problemləri var idi. Lakin komandadakı Elşad Əhmədov, Səttar Əliyev, Müşfiq Hüseynov, Yaşar Hüseynov, Mahir Əliyev, Təbriz Həsənov, Emin Salmanov, Mehman Alışanov, Ramiz Məmmədov, Zaur Qarayev, Cəmaləddin Əliyev, bir sözlə, mehribançılıq bütün əziyyətləri adama unutdururdu.

– Amma eşitdiyimə görə “Olimpik”də də…

– “Olimpik”də də hər şey yüksək səviyyədə idi. Onu da deyim ki, bu komandada çıxış edərkən yaşım 30-dan çox idi. Odur ki, komanda yoldaşlarıma həm də qardaşlıq edirdim.

– Tərlan bəy, “Olimpik”də “Neftçi”nin arzusunu gözündə qoyduğunuz oyunu necə xatırlayırsınız?

– Həmin oyunda “Neftçi” bizə qalıb gəlsəydi, çempion olacaqdı. Amma əcnəbi hakimlərin idarə etdiyi həmin oyunda “Neftçi” komandamızın müqavimətini qıra bilmədi və biz 2:1 hesabı ilə qalib gəlməklə onu çempionluqdan məhrum etdik. Həmin mövsümdə “Xəzər Lənkəran” çempion oldu.

– “Neftçi”nin yetirməsi kimi buna görə sonradan əzab çəkmədiniz?

– Mən oynadığım hər bir kluba varlığımı vermişəm.

– Bir halda ki söhbət çempionluqdan düşdü. Belə bir sualla sizə müraciət etmək istəyirəm: bu qədər komandada çıxış etmisiniz, amma çempionluq ləzzətini yaşamamısınız…

– İstər “Karvan”da, istər “Qarabağ”da, istər “Olimpik”də çıxış edərkən çempionluğumuz son turlarda əldən çıxıb. Məşqçilər deyirdilər ki, Tərlanın ayağında uğursuzluq var. Mən isə həyatda heç vaxt elə inancları qəbul etməmişəm. Bilirsinizmi, hər şey Allahın əlindədir. Allah verməyibsə, deməli nəsə bir hikmət var… Görünür, futbolçu kimi klublarımızda çempion olmaq qismətimdə yox imiş… Qismətimdə Avropa çempionluğu olub ki, ona da nail olmuşam. Qismətimdə “Neftçi”də məşqçi köməkçisi kimi çalışarkən iki dəfə çempionluq, kubok sevinci, üstəlik, Avroliqanın qrup mərhələsinə düşmək olub ki, onları da yaşamışam.

– AZAL-da baş məşqçi kimi buna nail olarsınız..

– İnşallah…

– Qurban Qurbanov, Yunis Hüseynov, Arif Əsədovla birgə futbol oynamısınız. Sonradan baş məşqçi kimi onlara rəqib olmusunuz? Yoldaşlıq və rəqabət necə hisslərdir?

– Mən bu və ya digər oyunda onlarla rəqib olanda yoldaşlığı unuduram.

– “Terek” (Qroznı), “Fakel” (Voronej), “Volın” (Lutsk), “Anji” (Mahacqala)… Bu komandların adları sizə nə deyir?

– Görünür, taleyimdə legioner həyatı da varmış. Həmin komandaların tərkibində 50 oyun keçirdim. Onu da deyim ki, bu legioner həyatım mənim sonrakı hər bir oyunuma öz müsbət təsirin göstərdi.

– Eşitdiyimə görə, “Volın”a transferinizdə Kamal Quliyev vasitiəçi olub… Bəs o birilərində?

– Qurban Qurbanov “Fakel”ə, Şahin Diniyev “Terek”ə, Fuad Musayev isə “Anji”yə keçidlərimdə yardımçı olublar.

“O, çətin adamdır”

– “Xəzər Lənkəran”da, “Neftçi”də məşqçi köməkçisi olmusunuz. Məşqçi kimi yetişməyinizdə kimlərin köməyi olub? Ən çox hansı məşqçidən görüb-götürmüsüz?

– Məşqçiliyə gəlişimdə Ramin Musayevin, eləcə də “Xəzər Lənkəran”ın rəhbərliyinin köməyi olub. Bir məşqçi kimi yetişməyimdə isə hələ o illərdə Əhməd Ələsgərovdan görüb-götürdüklərim, Ağasəlim Mircavadovdan, Vəli Qasımovdan əxz etdiklərim, həmçinin əcnəbilərin rəhbərliyi ilə keçirilən kurslardan öyrəndiklərim karıma gəlib.

– Bəlkə, “Neftçi”də Böyükağa Hacıyevin köməkçisi çalışdığınız dönəmdən söz açasınız? O, doğrudanmı tərifəlayiq məşqçidir?

– Bilirsinizmi, nəticə varsa, deməli, layiqdir. Amma onu deyim ki, o, əgər belə demək mümkünsə, çətin adamdır. Onunla “Neftçi”də 2 il 3 ay birgə çalışdım. Amma buna görə klubun sabiq prezidenti Sadıq Sadıqova minnətdaram. İnandırım sizi, Böyükağa Hacıyev Sadıq müəllimə gündə 50 dəfə deyirdi ki, Tərlanı uzaqlaşdırın.

– “Azərbaycanın əməkdar məşqçisi” adına layiq görülmüsünüz. Bu sizin işinizə hansı stimul verdi?

– Təbii ki, hər ad, hər qazanılan uğur hər bir idmançıya, o cümlədən mənə əlavə situmul verir.

– Tərlan bəy Azərbaycan yığma komandasında 75 oyun keçirib, kapitan sarğısını ən çox qoluna taxmış futbolçulardan olub. Bəs ən yadda qalan oyununuz hansı olub?

– 1999-cu ildə millimizin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığması ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirdiyi oyun. Bildiyiniz kimi, həmin matç işıqların sönməsi ilə əlaqədar ertəsi günə təxirə salınmışdı. İnandırım sizi, həmin gecə həyəcandan gözümüzə yuxu getmirdi. Həmin oyunda uşaqlar, sözün həqiqi mənasında, yaxşı oynadılar. Görüşün 51-ci dəqiqəsində komandamız Zaur Tağızadənin qolu ilə hesabda önə çıxdı. Portuqaliya yığması yalnız görüşə əlavə edilmiş vaxtda Luiş Fiqonun qolu ilə məğlubiyyətdən qaça bildi.

– Yığmanın yeni baş məşqçisi Robert Prosineçkidən nə gözləyirsiniz?

– Prosineçki həmişə axtarışdadır. Yəni sələflərindən fərqli olaraq, o çempionatımızın, demək olar ki, bütün oyunları izləyir. Bu isə onun klublara verdiyi dəyərdir. O ki qaldı mənin gözləntimə. Mən növbəti mərhələdə ondan nəsə gözləyirəm.

Haşiyə

– Dəyirmann yaraşığı torba-çuvaldır bəs stadionun?

– Azarkeş…

– Bəy verən atın dişinə baxmazlar, bəs hakim verən on bir metrənin?

– Nöqtəsinə baxmazlar.

– Rəncbərin ümidi əkinədir, bəs AZAL-ın?

– Sərnişinlərə… azarkeşlərə…

– Suda boğulan saman çöpündən yapışar, bəs komandası uduzan baş məşqçi?

– Özündən.

“Kaş göndərəydim…”

– Tərlan bəy necə ailədə boya-başa çatıb?

– Şirvanda (keçmiş Əli Bayramlıda) kasıb ailədə dünyaya göz açmışam. Ailədə 2 qardaş, 2 bacı olmuşuq (Evin sonbeşiyi mənəm). Atam Musa kişi Əli Bayramlıda şəhərarası avtobus sürücüsü olub (O, 1998-ci ildə dünyasını dəyişib). Anam Şəfiqə xanım isə təhsil aldığım 18 saylı məktəbdə xadimə işləyirdi. Mən dərsdən sonra ona kömək edərdim. Futbolçu kimi ilk əmək haqqımı alan gün onu işdən çıxardım.

– Futbol aləmindəki ilk addımlarınızı necə xatırlayırsınız?

– Uşaq vaxtı meylimi topa salmışdım. Lakin atam məni başqa bir sahədə görmək istəyirdi. Yəni böyük qardaşım İntiqamı mühasib (Bir müddət “Neftçi”də çıxış etmiş qardaşım hazırda orta məktəbdə idman müəllimidir), məni polis işçisi, prokuror görmək istəyirdir. Uzun sözün qısası, mənə Bakıxanovdakı idman təmayüllü internat məktəbindən dəvət gələndə atam dedi ki, bala, get özünə bir sənət tap, “Neftçi” ilə bağlı xəyallara düşmə, sən hara, “Neftçi” hara? Amma əmim oğlu Tahir (atam onun xətrini çox istəyərdi) atamla bu barədə danışandan sonra o yumşaldı.

– Siz SSRİ-nin U-18-in yığmasının tərkibində Avropa çempionatının qızıl medalını əldə edəndə atanız hansı hissləri keçirdi?

– Onun sevincinin sözlə ifadə etməkdə çətinlik çəkirəm. Amma atama dediyim sözlər indiyədək yadımdadır: “Dədə, bəs sən deyirdin, sən hara, “Neftçi” hara? Gör Allah mənə nələr bəxş elədi”. Atam sadəcə belə dedi: “Hər şey Allahın əlində deyilmi, a bala!” Onu da deyim ki, atam ibadət əhli idi. Mən isə 1999-cu ildən namaz qılır, oruc tuturam. 10 il bundan əvvəl isə Həcc ziyarətində olmuşam. Amma indiyədək özümə bir şeyi bağışlaya bilmirəm…

– Nəyi?

– İmkanım olsa da, atamı Həcc ziyarətinə göndərməməyimi. Sözün düzü, xəstələyinə görə, ehtiyat etdim. Amma sonradan başa düşdüm ki, hər şey Allahın əlindədir, kaş göndərəydim.

“Səhranın bəyaz günəşi”… “Qaragilə”

– İndi də sizə bir neçə, əgər belə demək mümkünsə, çaparaq suallarla müraciət etmək istəyirəm. Ən çox sevdiyiniz və azarkeşlik etdiyiniz komanda hansıdır?

– “Real Madrid”.

– Hansı əsərin qəhrəmanına bənzəmək istəmisiniz?

– Heç birinə…

– Ən çox xoşladığınız kino?

– “Səhranın bəyaz günəşi”.

– Ən çox sevdiyiniz rəssam?

– Səttar Bəhlulzadə..

– Müğənnilərdən kimi dinləməyə üstünlük verirsiniz?

– İlahə İbadovanı, Ağadadaş Ağayevi.

– Hansı mahnını zümzümə edirsiniz?

– “Qaragilə”ni.

– Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

– Evdəkilərlə gəzintiyə çıxıram – Dənizkənarı Milli Parka…

– Ailə üzvləriniz neçə nəfərdən ibarətdir?

– 2 oğlum, bir qızım var. Oğlanlarım kinqboksla məşğul olurlar.

– Bəs yorulanda hara üz tutursunuz?

– Evə… 7 yaşlı qızım yorğunluğumu alır.

– Ehtiyac duyduqda hansı ağsaqqalın yanına qaçırsınız?

– Mən həmişə Allaha üz tuturam.

– Həyat yoldaşınız azarkeşiniz olub?

– Yox.

– Hansı hakimin idarə etdiyi oyundan ləzzət alırsınız?

– Rəhim Həsənov və Əliyar Ağayevin oyunlarından.

– Vidadi Rzayev, Kamal Quliyev kimi futbolçular hərdən ov edirlər. Sizin də ova meyliniz var?

– Yox, mənim ovçuluqla, balıq tutmaqla aram yoxdur. Mütaliəni çox sevirəm.

– Elə isə hansı yazıçının əsərlərini oxuyursunuz?

– Çingiz Abdullayevin…

– Həyatda ofsayda çox düşmüsünüz?

– Çooox.

– Bu ilin noyabrın 17-də 45 yaşınız tamam olacaq. Ötən illər sizə nə verdi, sizdən nə apardı?

– Çox şey verdi, amma çox şey də – sağlamlığımı nəzərdə tuturam- apardı.

– Sizi nə özünüzdən çıxara bilər?

– Yalan.

– Bu yaxınlarda Arda ilə bağlı bir yazı diqqətimi çəkdi. O deyir ki, hər oyundan əvvəl isinmək üçün 18 dəqiqə idman edirəm. O zaman Quranın surələrini dinləyirəm, yaxşı təsir edir… Bəs siz oyunlardan əvvəl ne edirsiniz?

– Hər oyundan əvvəl 100 dəfə “İxlas” surəsini, 12 dəfə “Ayətül-Kürsü”nü, 7 dəfə Qədr surəsini oxuyuram, “Kumeyl” duasını dinləyirəm.

Qvami Məhəbbətoğlu