“Öz zəri var Xınalığın”

0
275

VAZ 2108 markalı minik maşınımız Quba-İspik-Xınalıq yolu ilə şütüdükcə bizi qəribə hisslər bürüyür. Bu hissləri doğuran keçilməz dağların, sıldırım qayalıqların arasından salınan Xınalığın özü qədər unikal yoldur. Bu mənada Xınalıq yolu Ağsu dolayları ilə müqayisədə daha “heyrətedici”, həm də görüntülüdür. Bu yolla gedərkən təcrübəli yolçəkənlərin nəhəng dağ süxurlarını partladaraq bu işin öhdəsindən necə gəldiklərini düşünür və onların ünvanlarına xoş sözlər söyləyirdik. Enişli-yoxuşlu, sərt döngəli yolun hər metrliyindəki təbiət mənzərələri adamı elə valeh edir ki, mənzil başına çatmağa o qədər də tələsmirik. Yol boyunca şütüyən minik maşınlarının sim üstündə gəzən pəhləvanları xatırlatması bu təbii gözəlliklərə sanki yeni çalarlar əlavə edir. Elə bu kimi səbəblərdən 57 kilometrlik Quba-İsnik-Xınalıq yolunu nə vaxt başa vurduğumuzdan xəbərimiz olmur.

Mərkəzdən uzaq olsa da…

Yol boyunca bu yerlər barədə bizə maraqlı bilgilər verən qubalı dostum bu yolun Xınalığı ucqar dağ kəndləri siyahısından çıxardığını bildirir: “Rayon mərkəzindən uzaq olsa da, Xınalıq daha ucqar dağ kəndi deyil”. O, Quba-İspik-Xınalıq yolunun həmin istiqamətdə yerləşən 12 dağ kəndinə də yeni həyat bəxş etdiyini vurğulayır: “Hələ ötən əsrin 80-ci illərinin sonlarında Xınalığa bu istiqamətdən (Xınalığın köhnə yolu Quba-Susay marşrutu üzrə idi) yol çəkmək istəyirdilər. Lakin məlum hadisələrlə əlaqədar bu, baş tutmadı”. Xınalığın 10-15 kilometrliyində yolu qayadan uçmuş süxurlardan təmizləyən buldozer növbəti fasiləmiz üçün bəhanə olur. Dostum deyir ki, yağış düşdükcə, gün dəydikcə dağ süxurları ovulur: “Bu isə yolu daha da genişləndirməyə imkan verir”.

“Elə bil ki, təpəyə yapışdırılıb”

…Uzaqdan Qubanın incisi, dəniz səviyyəsindən təxminən 2300 metr yüksəklikdə yerləşən Xınalıq görünür. “Başı qarlı Qafqaz sıra dağlarının qoynunda dörd tərəfi enişli bir təpənin üstündə salınmış kənd ilk baxışda üst-üstə qurulmuş qartal yuvalarını xatırladır. Evlər səki-səki bir-birindən yuxarı elə bil ki, təpəyə yapışdırılıb”. Dostum tanınmış şair Rəsul Rzadan gətirdiyi bu sitatla Xınalığın görünüşünü təsvir edir. Yol yoldaşlarımızdan kimi kəndi Misir piramidalarına, kimi dağlarda adaya, kimi qayalıqda ucaldılmış möhtəşəm büstə, kimi də amfiteatra oxşadır. Xınalığa lap az qalmış dostum: “Kətişə yaxınlaşırıq”, – deyir. Onun Xınalığı Kətiş adlandırması məndə yeni bir sual doğurur. O sualıma belə cavab verir: “Qiblə dağının tuşunda yerləşən Xınalığı yerli əhali öz dilində “Kətiş” adlandırır. “Kətiş” xınalıq dilində “bizə tuş gələn yer”, başqa sözlə desək, “Qiblənin tuşunda olan yer” anlamındadır. Kəndin türkcə Xınalıq adlanıdırılmasının da etimologiyası var. Belə ki, Xınalığın arxa hissəsində Qızıl qaya adlanan yüksək bir qaya var. Həmin qayanın daşları al-qırmızı rəngdədir. Səhər-səhər günəş çıxanda Xınalıq qayanın fonunda xına rənginə çalır”.

“Dədə-baba əmanətinə

xəyanət etməzlər”

Qızılı qaya, Şahdağ, Tufan və Xınalıq dağlarının əhatəsində yerləşən kəndin girəcəyində adi çay daşlarından oğluna ev tikən xınalıqlı ilə görüşürük. Xınalıqda bütün evlərin çay daşlarından inşa olunduğunu, yapışdırıcı kimi isə adi palçıqdan istifadə edildiyini bildirən həmsöhbətimizə belə bir sualla müraciət edirik: “Nə əcəb kərpicdən, yaxud mişar daşından ev tikmək fikrinə düşməmisiniz?” Gözlənilməz sualdan duruxan həmsöhbətimiz: “Xınalıqda indiyədək heç kər kərpicdən və mişar daşından ev tikməyib. Hətta evlərin damı da torpaqdan hazırlanmış palçıqla örtülür. Yağış, qar yağanda dəyirman daşından hazırlanmış silindrşəkilli kupranı evin damında o tərəf-bu tərəfə diyirləndirməklə torpağın məsamələrini aradan qaldırırıq ki, içəri dammasın. Bir də axı… Xınalıq dədə-babalarımızın bizə əsrlərdən gəlib çatan əmanətidir. Dədə-baba əmanətinə isə xəyanət etməzlər”.

Qeyd edək ki, Xınalıqda yalnız inzibati binalar, eləcə də bir neçə məişət obyekti kənddən bir qədər aralıdakı ərazidə kərpic və mişar daşlarından inşa olunur. Buranı yeni Xınalıq da adlandırmaq olar.

Baş çəkməyə gəlirlər…

…Hər daşında bir tarix gizlənən Xınalığın İçərişəhərin dolanbac dalanlarını xatırladan yolları ilə gəzirik. Burada bir evin damının o biri evin həyəti olduğunu görürük. Küçələrdəki səliqə-sahmanla yanaşı, baxımsızlıq ucbatından dağılmış, xarabazara çevrilmiş evlər də diqqətimizi çəkir. Təbii ki, bu vəziyyətdə olan hər bir ev Xınalığın unikallığına, tarixiliyinə xələl gətirir. Sən demə, dostum elə bu fikirdə imiş: “Hazırda kənddə belə evlərin sayı çoxdur. Vaxtilə üç min nəfərdən çox əhalisi olan Xınalıqda indi 1500-ə yaxın insan yaşayır. Xınalıqlıların yurdlarını tərk etmələri ötən əsrin 40-cı və 90-cı illərinə təsadüf edir. Bu da onların o illərdə qarşılaşdıqları sosial çətinliklərlə bağlı olub. Bilirsinizmi, indi dünyanın əksər ölkələrində xınalıqlı yaşayır. Yeni yol çəkiləndən sonra onlardan bəziləri doğma ocağa baş çəkməyə gəlirlər”.

Hər kəs yaxşı bilir ki…

Qoyunçuluq xınalıqlıların əsas məşğuliyyətidir. Elə xınalıqlıların tərəkəmə həyat tərzi keçirmələri də bununla bağlıdır. Payızda onlar qışlağa (Şirvan və Hacıqabul tərəflərə) gedirlər, yaz aylarında isə kəndə qayıdırlar. Bu, bir növ, necə deyərlər, qoyunçuluq mədəniyyətidir. Elə buna görə də, bu cür şəraitdə bəslənən qoyunları bazarda əlüstü alırlar, özü də hansı qiymətə desən. Çünki çoxları yaxşı bilir ki, bu yerlərdə bəslənən qoyunun əti daha ləzzətli olur.

Kəndin mərkəzi meydanında həmsöhbət olduğumuz və adının çəkilməsini istəməyən xınalıqlıdan neçə baş mal-qara sahibi olduğunu öyrənməyə çalışırıq. Lakin kimsə cavab vermək istəmir. Dostum onların susmasına belə aydınlıq gətirir: “Bizdə mal-qaranın sayı barədə hər kəsə məlumat verilmir. Çünki mal-qaraya bədnəzər toxuna bilər”. Məlumata görə, Sovet dövründə Zaqafqaziyada ən böyük qoyunçuluq sovxozu olmuş Xınalıqda hazırda 55 min başa yaxın davar, 2 min baş isə qaramal var. O zamanlar isə burada qoyunların sayı təqribən 100 000 baş olub.

Xınalığın tədqiqata

ehtiyacı var

Həvəskar rəssam Xəlilrəhman Cabbarovun şəxsi vəsaiti hesabına tikilmiş mədəniyyət ocağında yüzlərlə eksponat toplanıb. Kimlər ziyarət etməyib bu muzeyi. Onların arasında hətta Avropa və Asiyanın tanınmış adamları da var. Onlar öz ürək sözlərini muzeyin rəy kitabına həkk ediblər. Rəylərin əksəriyyətində Xınalığın həm tarixi, həm də memarlıq baxımından tədqiqata ehtiyacı olduğu vurğulanır. Sözün doğrusu, indiyədək Xınalıqda heç bir arxeoloji qazıntının aparılmamasını hamı kimi biz də təəccüblə qarşılayırıq. Halbuki burada geniş tədqiqatlar aparılsa, tariximiz və mədəniyyətimiz daha da zənginləşər. Görəsən, kəndin ərazisindəki saysız-hesabsız qəbirlərin hansı dövrlərdən xəbər verməsi niyə heç bir arxeoloqumuzu narahat etməyib? Hətta yerli sakinlərin sözlərinə görə, Şahdağında balıqqulaqlarına rast gəlmək mümkündür. Bu fakt maraqlı deyilmi? Bəs kəndin 3-4 kilometrliyindəki Tufan dağı deyilən yerdə bir-biri ilə yeraltı əlaqələri olan 3 göl necə?

“Bahar çağı Xınalığım”

Xınalıqlılar bir qayda olaraq Ramazan və Qurban bayramlarını daha təmtəraqla qeyd edirlər. Burada Novruzun da öz yeri var. Axır çərşənbədə isə nişanlı qızlar üçün oğlan evindən 7 tikə (7 adda yeməli şeylər) göndərirlər. Buna görə də, Novruz bayramına xınalıqlılar “7 tikə bayramı” deyirlər. Yeri gəlmişkən, burada hər kəs Qurani-Kərimi orijinaldan oxumağı bacarır: “Kənd ağsaqqallarının ata və babalarından eşitdiklərinə görə, Osmanlı dövründə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən kitab gətirərlərmiş. Xınalıq Tarix-Etnoqrafiya Muzeyində həmin kitabların bəziləri saxlanılır”. YUNESKO tərəfindən dünya əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Xınalıqda hazırda 7 məscid (sovet dövrünə qədər onların sayı 17 olub) fəaliyyət göstərir.

Onu da deyək ki, Xınalıqda hər bir qadın xalça toxumağın incəliklərinə bələddir. Xınalıqlıların toxuduğu xalça, corab və sairə ən qiymətli cehiz hesab olunur. Xınalığın hər bir evində bir neçə çeşnidə yun xalçalar görmək mümkündür. Bir sözlə, Xınalıq xüsusi bir məkandır, alayı bir kənddir. Elə bu kimi məziyyətlərinə görə öz doğma ocağını dünyaya tanıtmağa səylə çalışan şair Rəhim Alxas (Allah rəhmət eləsin) belə yazıb:

“Bahar çağı Xınalığım,

Girən zaman dondan-dona.

Dəyişmərəm bir kəndimi

Yüz Parisə, min Londona”.

Son

…4-5 saat olduğumuz Xınalıq və onun bizdə oyatdığı təəssüratları adi bir yazıda təsvir etməkdə çətinlik çəkdiyimizi etiraf edirik. Çünki adi daşı da nadir hesab olunan Xınalıq elə bir həqiqi nağıldır ki… Şair Ramiz Qusarçaylı əbəs yerə deyməyib:

“Heyrət dindi, dərd toxtadı,

Ömrün sonu dörd taxtadı,

Dünya köhnə nərdtaxtadı,

Öz zəri var Xınalığın”…

Gülər Rəsul