Supermarketlər vergidən azad olmaq, yoxsa “yayınmaq” istəyirlər?

0
213

Ölkədə fəaliyyət göstərən bir sıra supermarket rəhbərlərinin iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etməsi ciddi müzakirəyə səbəb olub. Supermarket sahiblərinin nazirə müracəti mətbuatda birmənalı qarşılanmadı. Məlumat üçün bildirək ki, aralarında “Bizim” market (təsisçi Rasim Salmanov), “FRESKO” və “SƏBƏT” marketlər (direktor Kamran Eyyubov), “Rahat” market (təsisçi Cəlal Babakişiyev), “Makromart” market (təsisçi Kamal Əliyev), “Araz” market (İlqar Nuri), “Neptun” maket (direktor Vüqar İbrahimov), “Bolmart” market (Elçin Kərimov), “Favorit” market (Aydın Əzizov), “Mega store” və “Sarı” marketlərin (Eşqin İsmailli) olduğu supermarket nümayəndələri iqtisadiyyat nazirindən sosial əhəmiyyətli ilkin tələbat mallarının, xüsusəndə ət, balıq, süd, un məhsullarının, yumurta, bakliyat (düyü, mərcimək və s.), yağ, meyvə-tərəvəz və uşaq qidalarının yerli istehsalı və bütün satış zəncirinə 0% dərəcə ilə ƏDV-nin tətbiq olunmasını istəyirlər. Daha doğrusu nazirdən xahiş edirlər ki, bu barədə qanunvericilik təşəbbüsü ilə çıxış etsin. Məktubun mətnindən açıq şəkildə görünür ki, supermarket sahiblərinin əsas istəyi sahib olduqları marketlərdə satılan əsas məhsulların ƏDV-dən azad olunması ilə bağlıdır. Ancaq burada maraqlı məqam odur ki, supermarket sahibləri ƏDV ilə bağlı istəklərini aidiyyəti şəxsə – vergilər nazirinə deyil, iqtisadiyyat nazirinə ünvanlayıblar. Daha bir maraqlı məqam isə odur ki, bu müraciət supermarketlərdə kassa aparatlarının quraşdırılmasından sonraya təsadüf edib. Hər kəs bilir ki, əvvəllər supermarketlərin bir çoxunda kassa aparatları mövcud olmayıb. Müştərilərə verilən qəbz sadəcə olaraq supermarketlərin daxili sistemi üçün keçərli olub və Vergilər Nazirliyinin bu qəbzlərə nəzarət etməsi mümkün deyildi. Lakin son günlər supermarketlərdə Vergilər Nazirliyin nəzarət edə biləcəyi kassa aparatları quraşdırılıb. Eyni zamanda videomüşahidə kameraları da nəzarətə götürülüb. Buradan belə görünür ki, artıq Vergilər Nazirliyi supermarketlərin vergidən yayınmasına göz yummaq istəmir. Və ehtimal etmək olar ki, supermarket rəhbərlərinin iqtisadiyyat nazirinə müraciət etməsi də bununla bağlıdır. Yəni Vergilər Nazirliyi “müraciət qapısını” onların üzünə bağladığı üçün məcbur olub iqtisadiyyat nazirinə üz tutublar. Şəxsən mən bu qənaətdəyəm ki, supermarket rəhbərləri bu müraciətlərində səmimi deyillər. Niyə bu qənaətə gəldiyimin səbəbləri var. Supermarket sahibləri deyirlər ki, devalvasiyadan sonra onlar heç bir qiymət artımına və işçi ixtisarına getməyiblər. Guya bu səbəbdən onların gəlirləri azalıb, işçiləri saxlaya bilmirlər və s. Qiymətləri daha nə qədər artırmaq olar? Bəyəm devalvasiyadan sonra qiymətlər artmayıb? Manat 2 dəfə dəyərdən düşdüyü halda məhsulların qiyməti 2 dəfədən də çox artıb. Məncə bunu inkar edənin normal ağla sahib olduğunu söyləmək mümkün deyil. İkincisi, onlar bəyəm bilmirlər ki, Vergi Məcəlləsinin 155-ci maddəsinə görə satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda belə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəyicisi kimi deyil, sadələşdirilmiş vergi ödəyicisi kimi də qeydiyyata düşə bilələr. O zaman onlar 0% dərəcə ilə ƏDV-nin tətbiq olunmasını hansı məntiqlə tələb edirlər. Onsuz da qanunvericilikdə ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə, yəni supermarketlərə ƏDV ödəyicisi olmaq məcburiyyəti qoyulmayıb. Yəni bunu onların öz ixtiyarına veriblər. Sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata düşən və ticarət fəaliyyəti ilə məşğul olan şəxslər isə cəmi 6% vergi ödəyirlər. Belə görünür ki, bu, 6%-də supermarketlər üçün böyük rəqəmdir. Özləri alıcıların hesabına milyonlarla vəsait qazanırlar, amma dövlətə vergi vermək istəmirlər. Məsələnin ən acınacaqlı tərəfi isə odur ki, sanki onlar vergidən azad olunmalarını özlərinin xeyri üçün deyil də, alıcıların xeyri üçün istəyirlər… Adam bilmir nə desin…

Allahverdi Cəfərov