Ceyhun Sultanov: “Bu gün bizdə, sadəcə, futbolu yaşatmağa çalışırlar”

0
501

Budəfəki qonağımız Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanovdur. Hazırda “Sumqayıt” klubunun baş meneceri olan keçmiş “10 nömrə” ilə Sumqayıtın “Kapital Bank Arenası”nda görüşdük.

– Ceyhun bəy, kubokla erkən vidalaşmış “gənclik şəhəri”nin təmsilçisi – “Sumqayıt” Premyer Liqada nəyə ümid edir?

– Yalnız xallarının sayını artırmağa və ən yaxın izləyicisi, hazırda 7-ci yerdə olan “Neftçi”yə yaxınlaşmağa.

– Sizcə, bu gün “Sumqayıt”ın ən böyük problemi nədir?

– Mən problem deməzdim. Bu, strategiyadır. Bizim klubun strategiyası isə belədir: yerli futbolçulardan ibarət heyət formalaşdırmaq.

– Bu bir fakt ki, “Sumqayıt”da və “Xəzər Lənkəran”da legionerlər yoxdur. Bu məsələnin çətin və asan yönəmləri hansılardır?

– Sözsüz ki, legionersiz heyət formalaşdırmaq çox çətindir. Amma bizim rəhbərlik öz strategiyasına əsasən, yenə deyirəm, legionersiz komanda formalaşdırmaq niyyətindədir. Biz də rəhbərliyin dediyini əməl edirik. Əgər sabah deyilsə ki, legioner gətirin, gətirərik. Amma hər komanda istəyər ki, heyətində legioner olsun, onun imkanlarından maksimum istifadə edilsin. Bildiyiniz kimi, artıq beşinci ildir ki, “Sumqayıt” Premyer Liqadadır, amma həmişə turnirin arxa sıralarında yer alır.

– Maliyyə məsələsiniz buna imkan vermir?

– Yox, mən elə deməzdim, bu, strategiyadır, bunun isə maliyyəyə heç bir aidiyyatı yoxdur.

– Elə isə siz bir menecer kimi hansısa futbolçunu gözaltı eləmisiniz?

– Menecerlik o demək deyil ki o, futbolçunu özü gətirir. Menecer baş məşqçinin istəyi ilə futbolçunu heyətə qatır. Yəni baş məşqçinin görmək istədiyi futbolçunu komandaya gətirmək menecerin borcudur. Mən, bir qayda olaraq, onun istəyinə uyğun hərəkət edirəm. Bir sözlə, bu gün kluba özbaşıma futbolçu gətirə bilmərəm. Heç bu iddiada da deyiləm. Hansı komandada belə hallar baş verirsə, deməli o, sağlam komanda deyil. Onu da deyim ki, bu klubda yalnız menecer kimi fəaliyyət göstərmirəm. Yəni komandanın hər bir işində fəal iştirak etməyə çalışıram.

– Ceyhun bəy, sizin fikrinizcə, ötən ilin oktyabr ayında “Sumqayıt”ın sükanı arxasına baş məşqçi kimi keçmiş Samir Abbasov komandanı dirçəltməyə nail oldumu?

– “Sumqayıt” onun gəlişindən sonra 3-4 tur yaxşı oyun nümayiş etdirdi. Amma indi, demək olar ki, əvvəlki tempdədir. Bilirsinizmi, bu, baş məşqçi ilə bağlı deyil. Bu, futbolçuların keyfiyyəti ilə bağlıdır. Yaxşı oynayan yerli futbolçularımız da iddialı komandalara üstünlük verirlər. Biz də ehtiyatda qalanları, ustalıq səviyyələri yüksək olmayanları heyətimizə qatmağa məcbur oluruq. Çünki başqası yoxdur.

– Futbolçu seçimində ən çox nələrə fikir verirsiniz?

– Mən futbolçu seçəndə onun sürətinə, bir də bu və ya digər stiuasiyalarda ani qərar qəbul etmək bacarığına.

– Bu ilin əvvəlində 3-4 yeni futbolçu transfer etmişdiniz… Onlar ümidləri doğruldurmu?

– Vaqif Cavadovdan çox şey gözləyirik. Amma çempionatın başa çatmasına 8 tur qalıb, bunu görə bilmirik (Yaxşı futbolçu 5-6 oyun pis çıxış edə bilər). Amma çox şadam ki, heyətimizə “İnter”dən Səlahət Ağayev kimi qapıçı da qatılıb. Əgər o, qapımızı qorumasaydı, bizdə daha çox problemlər yaşana bilərdi. O, güvənli bir qapıçıdır. Komanda da ona güvənir.

– Dediklərinizdən belə başa düşdüm ki, transferlərdən üzünüzü ağ edən hələlik Səlahətdir.

– Belə demək olar.

– Ceyhun bəy, deməli, yerli futbolçulardan ibarət güclü heyət formalaşdırmaq heç də asan deyil.

– Mən açıq deyirəm: yerli futbolçularla nəsə eləmək, hansısa iddiaya düşmək mümkün deyil. Çempionatda maddi cəhətdən ən ağır vəziyyət AZAL-dadır, amma görürsüz ki, onların da 2-3 legioneri var (Hazırda turnir cədvəlinin 6-cı pillsəsində qərarlaşıb). Komanda normal oynayır. Biz də futbol oynayırıq. Amma öz fərdi keyfiyyətlərimizdən məğlub oluruq. Yəni futbolçularımızın ani səhvlərindən məğlub oluruq. Halbuki onların ustalıq səviyyəsi yüksək olsaydı, elə səhvlər etməzdilər.

– Bu gedişlə “Sumqayıt” ilk dördlüyə nə vaxt düşə bilər?

– Yenə deyirəm: bizim strategiya ona görə deyil ki, bu gün “Sumqayıt” Avroliqada oynasın. Bu strategiyanın əsas məqsədi futbol üzrə milli komandamıza milli futbolçu qazandırmaqdır.

Haşiyə…

– Abad kənd tüstüsündən bilinər, bəs abad komanda nəyindən bilinər?

– Heyətindən.

– Araba aşandan sonra yol göstərən çox olar, bəs komanda müflis olandan sonra?

– Ona yaxın duran olmaz.

– Alıcı quş dimdiyindən bilinər, bəs yaxşı oyunçu?

– Keyfiyyətindən.

– Aslan qocalanda başına çaqqal-çuqqal toplaşar, bəs futbolçu qocalanda…

– Dost-tanışları başına toplaşar.

“Qorxuram ki…”

– Ceyhun bəy, könlünüzə məşqçilik düşməyib ki?

– Futbolçu karyeramı bitirəndə demişdim ki, heç zaman məşqçi kimi fəaliyyət göstərməyəcəyəm.

– Məşqçiliyə allergiyanız nədən qaynaqlanır?

– Bilirsiniz, çox səbirsiz adamam. Qorxuram ki, futbolçudan istədiyimi ala bilməyim, elə o anda da ürəyim dayana. İnandırım sizi, bu və ya digər oyunda futbolçu məşqçinin istədiyini verə bilməyəndə kənarda sakit dayana bilmirəm. Özümü içəridən yeyirəm. Ona görə məşqçilikdən uzaq olmaq istəyirəm.

– İndi gör, bir zamanlar Ceyhunun məşqçiləri nələr keçiriblər?

– İş orasındadır ki, o vaxt biz məşqçilərin dediklərini yerinə yetirməyə səylə çalışardıq. Amma bu gün elə futbolçular var ki, məşqçi eyni şeyi 5-10 dəfə izah edir, di gəl, məşqçinin söylədikləri onların beyninə batmır. Zənnimcə, bu gün Azərbaycan futbolçusunun əsas problemi də elə budur.

– Sizcə, bu nədən irəli gəlir?

– Mənə elə gəlir ki, indiki cavan futbolçularımızda məsuliyyət yoxdur. Gəlin bir Avropa futbolçusunu götürək, bir də bizimkini. Avropa futbolçusu oyuna döyüşə hazırlaşan kimi hazırlaşır. Amma bizim futbolçu… (Doğrudur, bizdə də professional futbolçular var). Bizim cavanlar gələcəklərini əsla fikirləşmirlər. Məsələn, onlar burada verilən 100 minin dalınca qaçırlar, amma xaricdə verilən 50 minin dalınca yox. Və deyirlər ki, belə olan halda niyə başqa komandada çıxış etməliyik. Amma başa düşmürlər ki, Avropa futbolunda mühit başqadır.

– Bizimkilər top dalınca deyil, pul dalınca qaçırlar…

– İndi pul da qalmayıb… Mən bizim futbolçulara deyirəm: futbolda pul qazanmaq asandır, 2-3 il əziyyət çək, yaxşı oyun göstər, əziyyətin, yaxşı oyunun sənə pul gətirəcək. Yəni futbolçu həmişə top dalınca qaçsa, pul da onun dalınca qaçacaq.

– İndi Azərbaycan futbolunda pulsuzluq hökm sürür… Sizcə bu, futbolumuzun inkişafına təkan verəcək?

– Verəcək. Niyə belə deyirəm. İnanıram ki, indi futbolçularımız legioner həyatı yaşamağa üstünlük verəcəklər. Yeri gəlmişkən, onu da deyim ki, biz çox pulları boş-boşuna xərcləmişik. Legionerlər 700 min pul alırdılar. Bunun müqabilində isə heç nə vermədilər. Yəni aldıqları pula dəymədilər.

– Siz də legioner həyatı yaşamısınız… Ora necə düşmüşdünüz?

– Onda o komandada Vaqif Sadıqov məşqçi idi (Köməkçisi də Böyükağa Hacıyev, sonradan o da baş məşqçi kimi fəaliyyət göstərdi)…Və mənə gəlir ki, orada da ən yaxşı sezonlarımdan birini keçirdim. Amma zədəmlə əlaqədar Bakıya qayıtdım: dizimdən əməliyyat olundum. Zədəyə görə ora qayıda bilmədim. Əgər zədələnməsəydim, o komandanı tərk etməyəcəkdim.

Haşiyə…

– Bacanaq bacanağı görəndə qaşınma tutar, bəs menecer meneceri görəndə?

– Mənim heç bir menecerlə problemim yoxdur.

– Başmaq cütlənəndə bilinər, bəs futbolçu?

– Topla davranışından.

– Bülbülün çəkdiyi dil bəlasıdır, bəs menecerin?

– Futbolçu bəlası.

– Çirkin bəzənincə toy keçər, bəs menecer fikirləşənədək?

– Futbolçu əldən çıxar.

“Mən Vaqif Paşayevin

yetirməsiyəm”

– Ceyhun bəy, “Fərid” (Bakı), “Neftçi” (Bakı), “Dinamo” (Bakı), “Maşinsazi” (Təbriz), “Xəzər-Lənkəran”, “Kəpəz” (Gəncə), “Sumqayıt”, “Qəbələ” klublarının heyətlərində çıxış etmisiniz. Bu komandalardan hansı sizə daha doğma olub?

– Mən 17 yaşımda Ruslan Abdullayevin rəhbərliyi altında “Fərid” komandasında çıxış etmişəm. 6 aydan sonra o, “Neftçi”yə gələrkən məni də özü ilə apardı. Mən hətta əsas heyətdə Çempionlar Liqasının oyununa da çıxmışam. Əsgərliklə bağlı “Dinamo”ya gəldim. İki il orada oynadım. Bizdə milli çempionat keçirilməyəndə isə futzala üz tutdum. Daha sonra “Bakı”da 4, “Xəzər-Lənkəran”da 3 il çalışdım. “Kəpəz”də 2 il, “Sumqayıt”da 6 ay çıxış etdikdən sonra “Qəbələ”yə keçdim. Bu yerdəyişmələrim sırasında ən kobud səhvim kapitanı olduğum “Bakı”dan “Xəzər Lənkəran”a keçidim oldu. Nə gizlədim, indiyədək onun peşmançılığını çəkirəm. “Bakı”ya həmişə simpatiyam olub və olacaq da. İstər o, I Dizizionda olsun, istər Premyer Liqada… Çünki bu klubun mənim üstümdə əziyyəti çox olub. O mənə çox doğma komanda olub.

– “Bakı”dan niyə uzaqlaşdınız?

– Sözün düzü, heç özüm də bilmirəm nə təhər oldu. Onu da deyim ki, “Bakı”nın bugünkü durumu məni çox incidir. Hər dəfə klubun prezidenti Hafiz müəllimi görəndə soruşuram niyə belə oldu axı? Hafiz müəllim də deyir ki, inşallah, hər şey yaxşı olacaq.

– Bu komandaların hansında özünüzü daha rahat hiss etmisiniz?

– “Bakı” və “Kəpəzdə…

– Elə isə siz hansı komandanın yetirməsi hesab olunursunuz?

– Mən uşaq futbolu üzrə tanınmış mütəxəssis, ölkəmizə bir çox sayılıb-seçilən futbolçular qazandırmış Vaqif Paşayevin yetirməsiyəm. Onu da deyim ki, 63 yaşlı məşqçi hazırda “Sumqayıt”ın U-19 komandasında çalışır.

– 16 yaşında yüksək liqada debüt etmiş Ceyhun Sultanov Ruslan Abdullayevi necə xatırlayır?

– Mənim, əgər belə demək mümkünsə, böyük futbola gəlməyimdə Ruslan Abdullayevin böyük rolu olub. Və o mənə böyük dayaq olub. O, ilk və son məşqçimdir ki, həmişə ondan çəkinmişəm, qorxmuşam.

– Nəyindən?

– Zəhmindən… Futbolçu beş qol vursa da, o heç vaxt ondan razı qalmazdı. Yaxud heç vaxt futbolçuya deməzdi ki, bu gün yaxşı formadasan. Amma hər dəfə deyərdi: bu epizodda zəif oynadın, filan epizodda problem yaratdın və sairə. Odur ki, onu görəndə qaçırdıq ki, bizə söz deməsin. O bəzən söz deməzdi, amma mimikasından onun nə deyəcəyini başa düşürdük.

– Daha hansı məşqçi belə yaddaşınınzda qalıb?

– Sözün açığı xarakter baxımından onun kimisi ilə qarşılaşmamışam.

Haşiyə…

– Çöl iti gəldi, ev itini qovdu, bəs legioner gəldi nə oldu?

– Yaxşı legioner ad qoydu. Pisi də göndərildi.

– Yeri gəlmişkən, yaxşı legioner dedikdə kimi nəzərdə tutursunuz?

– Almeydanı.

– Dağ başından duman əskik olmaz, bəs komandanın rəhbərliyinin başından nə əskik olmasın?

– Pul əskik olmasın…

– Fərhad ölüb külüngünün səsi gəlmir, bəs bəzən baş məşqçiyə nə olur ki, mətbuat qarşısına çıxmır?

– Ya danışıq qabiliyyəti yoxdur ona görə… Ya da uğursuzluğu həzm edə bilmir.

– İgidin igiddən nəyi artıqdır? Ehtiyatı. Bəs menecerin menecerdən nəyi artıqdır?

– Futbola baxışı.

– Hər oxuyan Molla Pənah olmaz, bəs hər top qovan?

– Hər top qovan da futbolçu olmaz.

“Ümid gələcək nəsillərədir”

– Yeri gəlmişkən, bu günlərdə Vaqif müəllim verdiyi bir müsahibəsində yetirməsi kimi Rəşad Sadıqovla yanaşı, sizin də adınızı çəkib. Bəs indi niyə sizin kimilər yetişmir?

– Mən özüm də bu suala sualla cavab vermək istəyirəm. O zaman 5-6 uşaq məşqçisi vardı, hər biri də öz adı ilə tanınırdı. İndi o məşqçilərdən varmı?

– Bəlkə yerindən duran məşqçi olur, bu ondan irəli gəlir?

– Ola bilər. İndi hamı məşqçi olmaq istəyir. Görünür, bu rahat işdir onlar üçün. Elə bu səbəbdən bu gün hər bir klubda uşaq məşqçisi var, amma futbolçu yoxdur.

– Elə isə bugünki futbolumuza sizin baxışınız necədir?

– Açıq deyirəm, ola bilsin, məndən inciyə də bilərlər. Mənim məşqçim necə olubsa mən də eləyəm: sözün açığını deməyi xoşlamışam. Bu gün bizdə sadəcə futbolu yaşatmağa çalışırlar…

– Yəni görüntü naminə?

– Biz Avropa ilə ayaqlaşmayana qədər çalışacağıq ki, onu yaşadaq. Yaşadacağıq ki, gələcək nəsil futbolsuz olmasın. Ümid də gələcək nəsilədir. İndiki nəsillə Avropa futbolunda heç nə etmək olmayacaq. Biz gələcək nəsli fikirləşməliyik. Yenə deyirəm: biz Avropa, dünya çempionatında oynamamışıqsa, o sıralarda adımız belə olmayıbsa, deməli biz futbolu yaşadırıq ki, bu, Azərbaycanda var. Bəs biz nə vaxt deyə bilərik Azərbaycanda futbol var? Sualın isə cavabı konkretdir: Avropa ya da dünya çempionatına çıxanda.

– Bizim bu günə düşməyimizdə klublarımızın da günahı var?

– Klublar milliyə futbolçu göndərir, başqa nə edə bilərlər ki?

“Futbolun dəlisi olmuşam”

– Ceyhun bəy, futbola ilk qədəmləriniz nə vaxta təsadüf edir?

– Mən Yasamal rayonundakı 20 saylı məktəbdə təhsil almışam. 3-cü sinifdə olarkən elə həmin məktəbdə Vaqif Paşayevin futbol dərslərinə qatılmışam. Demək olar ki, hər gün məktəbin həyətindəki idman meydançasında olardıq (Daha sonra isə Uşaq Futbol Məktəbi Məktəbinə getdim). Amma burada bir haşiyəyə çıxmaq istərdim. İndi həmin məktəbdən əsər-əlamət qalmayıb, onu söküblər, yerində yeni bir məktəb binası tikirlər. Amma mənə elə gəlir ki, həmin məktəblə birgə mənim uşaqlıq xatirələrim də sökülüb.

– Yəqin o illərdə yaşadığınız ərazidə digər meydançalar var idi…

– Onda “Sovetski”nin hər məhəlləsində bir meydança var idi. Yeri gəlmişkən, indiki Vergilər Nazirliyinin yerləşdiyi ərazinin yanında da bir meydaçamız vardı. İndi həmin ərazi parkdır. Belə getsə, bu gün sabah ana-ata evimiz də söküləcək, beləcə daha uşaqlıq illərimi yada salacaq bir xatirəm qalmayacaq.

– Valideynlərinizin sizin top qovmağınıza münasibətləri necə idi?

– Onlar mənim futbolçu olmağımı istəmirdilər (Yeri gəlmişkən, atam gəmi kapitanı olub. Xəzər Dəniz Gəmiçiliyində çalışırdı. O, 60 yaşında dünyasını dəyişib). Odur ki, futbola gizlin qaçırdım. Günlərin bir günü ailəmizlə yaxından tanış olan Vaqif müəllim valideynlərimə məndən yaxşı futbolçu olacağımı bildirdi. Və bundan sonra valideynlərim daşı ətəklərindən tökdülər.

– O illərdə musiqi dalınca qaçmaq dəb idi axı…

– Yox, belə şeylərə əsla marağım olmayıb. Top, futbol mənim üçün hər şey idi.

– Topa, futbola olan sevginiz haradan qaynaqlanırdı?

– Vallah, bilmirəm, amma futbolun dəlisi olmuşam.

– İndi əlində top, yoxsa kitab olan uşağa daha çox maraq göstərərdiniz?

– Əvvəl deyirdilər ki, futbol oynayırsansa, oxumamalısan, amma bu gün deyirlər ki, həm oxumalısan, həm də oynamalısan. Bu artıq zəmanənin tələbidir.

Haşiyə

– Tək əldən səs çıxmaz, bəs tək ayaqdan?

– Futbolda tək ayaqdan hər şey gözləmək olar.

– Söz bir olsa dağ oynadar yerindən, bəs komanda bir olsa?

– Uğurlar olar.

– Bal tutan barmaq yalar, bəs tərəfkeşlik edən hakim?

– Kiminsə çörəyinə bais olar.

– Yeriyən at yemin özü artırar, bəs yaxşı oyunçu?

– Adamın üzünü ağ edər.

– Qanı su ilə yuyarlar, bəs qolu?

– Sevinclə.

– Kişinin sözü bir olar, bəs hakimin?

– Hələ onun sözünün bir olduğunu görməmişəm.

– Qonağa üz versən, taxça-boxçanı gəzər, bəs futbolçuya üz versən?

– Barmaq uzatsan, əlini aparar…

Ürəkdə qalan arzu

– Ceyhun bəy, həmin komandların heyətlərində neçə oyun keçirmisiniz?

– 290-dan çox.

– Ömrümün 27 ilini futbola həsr etmiş Ceyhun Sultanovun futbolçu kimi hansı arzusu ürəyində qalıb?

– Dünya və Avropa çempionatlarında iştirak etmək ən böyük arzum olub: buna nail olmamışam. Amma onu da deyim ki, yaxın 5-10 ildə də komandamızın belə çempionatlarda oynayacağına inanmıram. Amma çox istərdim…

– Elə isə futbol sizə nə verib?

– Futbol mənə hər şey verib.

– Bəs siz futbolumuza nə vermisiniz?

– Bəlkə hamı deyər ki, çox şey vermişəm. Mən isə belə deyirəm: futbolun mənə verdiyinin 25 faizini futbolumuza verə biləmişəm. Yəni ölkəmizdə futbolla bağlı bütün titullara yiyələnsəm də, xaricdə Azərbaycan adını daha yüksəklərə qaldıra bilməmişəm.

– Buna görə özünüzü günahkar hesab edirsiniz?

– Edirəm. Amma bir tərəfdən də o illərin şəraitinə baxanda o nəticəni verə bilməzdik. Adi bir misal: biz o zaman “Dinamo”nun heyətində Avroliqaya üzərlərində “Los Ancelos” yazılmış maykalarla, “Yuventus” yazılmış çantalarla yollanardıq. Bizə baxıb gülürdülər. İndi isə hər klubun hər şeyi var. Bütün bunlara rəğmən, indiki futbolçularımız sanki futboldan həzz ala bilmirlər.

– Milli komandada ən yaddaqalan oyununuz hansı olub?

– Millidə 16 oyun oynamışam. Bir qola imza atmışam. Təbii ki, yaddaşımda udduğumuz oyun qalıb. O da 2007-cı ilin martında olub. Onda Avropa çempionatının qrup mərhələsində Finlandiya millisi ilə qarşılaşan yığma komandamız 1:0 hesabı ilə qələbə qazanıb.

“Ya yatıram,

ya da mürgüləyirəm”

– İndi də sizə çaparaq suallarla müraciət edəcəyəm. Özünüzə hansı xasiyyətinizə görə sarı, yaxud qırmızı vərəqə göstərərdiniz?

– Fikrimi tez dəyişənəm. Məsələn, bu gün “hə” dediyimə sabah yox deyirəm. Buna görə özümə qırmızı vərəqə göstərərdim.

– Hansı oyuna görə vicdan əzabı çəkmisiniz?

– Heç bir oyuna görə.

– Bu gün bizim hakimlərin daha çox nələrə ehtiyacları var…

– Səhvlərə çox yol verirlər. Üzərlərində daha çox işləsələr, yaxşıdır.

– Hobbiniz nədir?

– Ayaqqabı xəstəsiyəm. Öz ayağımın razmerində olan ayaqqabıları toplayıram. İndi onların sayı 42-ni keçib. Özü də onları getdiyim ölkələrdən gətirirəm.

– Onları sərgiləmək fikriniz var?

– Nə vaxtsa ola bilər.

– Ov ovlamaqla, balıq tutmaqla aranız var?

– Belə şeyləri xoşlamıram. Ümumiyyətlə, özəl bacarığım yoxdur. Mənimki ancaq futboldur. Elə bu səbəbdən bir dəfə demişəm, yenə deyim: futbolçu olmasaydım, yəqin konduktor olardım.

– Bəs yorğunluğunuzu nə ilə aradan qaldırırsınız?

– Yatmağa üstünlük verirəm. Tez yatıb səhər tesdən də dururam. Hər günorta mütləq yatmalıyam: ən azı yarım saat. Günorta yatmayanda özümü pis hiss edirəm.

– Bəs günorta yatmağa imkan olmayanda?

– Rejimimin necə olmasından asılı olmayaraq, bu adətimə sadiq oluram: ya yatıram, ya da mürgüləyirəm.

– Dostlarınız çoxdur?

– Yoldaşlarım çoxdur, amma bir dostum var. Dost bir nəfər olar…

– Sirr deyilsə, kimdir?

– Hazırda bizneslə məşğul olan Anar Məmmədov. O mənim uşaqlıq dostumdur. Onunla məktəbdə oxumuşam, bir yerdə futbola getmişəm, bir institutda oxumuşam, bir yerdə əsgərliyə yollanmışam.

– Hansı futbolçularla yoldaşlıq edirsiniz?

– Füzuli, Xaqani Məmmədov, Emin Quliyev, Zaur Ramazanovla…

– Sizə elə gəlmirmi futbolçu kimi məhdud dairədəsiniz?

– Mən ailəyə, uşaqlara bağlı bir insanam.

– Muğam sizin üçün nə deməkdir?

– Sözün düzü, muğama hərdənbir qulaq asıram.

– Hansı mahnını zümzümə edirsiniz?

– Mahnıya qulaq asmağı xoşlayıram. Ən çox da Oqtay Ağayevin ifa etdiyi “Yadındamı, ötən günlər” mahnısına.

– Xoşladığınız maşın?.

– Komfortu olan hər maşın.

– İmkanınız olsaydı, nəyə pul qoyardınız?

– Yaxta alardım.

– Millimizə rəhbərlik etmiş Torres, Berti Foqts haqqında nə deyə bilərsiniz?

– Foqtsdan danışmaq belə istəmirəm. O milliyə heç nə vermədi. Torres də eləcə… heç nə vermədi.

– Bəs Robert Prosineçki barədə hansı fikirdəsiniz?

– Ona qiymət vermək üçün, sadəcə zaman lazımdır.

– Hirslənəndə hara üz tutursunuz?

– Evə…

– Hansı komandaya azarkeşlik edirsiniz?

– Heç birinə…

– Bəs hansı oyunçuya simpatiyanız var?

– Əvvəllər Portuqaliyanın oyunçusu Ruya Koştaya azarkeşlik edərdim. İndi elə futbolçular var ki, gərək hamısınıa azarkeşlik edəsən.

– Hansı illəri tarixinizdən silərdiniz?

– Futbol tariximin hər ili mənə əzizdir. Amma atamı və qardaşımı itirdiyim 2007-ci və 2010-cu illəri heç də xoş əhvalda anmıram.

– İnadkarsınız?

– Hərdən tərsliyim olur.

– Canınız ağrıyanda ən çox hansı həkimin yanına qaçırsınız?

– Həkimə müraciət etmirəm.

– Səbəbi…

– Qorxuram. Bilirsinizmi niyə? Çünki həkimin yanına gedən kimi harasa göndərəcək, nəticədə məndən hansısa xəstəlik tapacaqlar. Bax bundan qorxuram. Hətta həkimlik təhsili almış həyat yoldaşım da məni xəstəxanaya, yaxud poliklinikaya göndərə bilmir.

– Yoldaşınız harada çalışır?

– Mənimlə ailə quran gündən işləmir. Mən nə vaxt ailəmi saxlamağı bacarmasam, onda deyərəm ki, işləsin. Allaha şükür, hələ ki heç nəyə ehtiyacım yoxdur.

– Bəlkə övladlarınızdan da söz açasınız?

– İki qızım var. 13 və 5 yaşlarında… İnşallah, biri də olacaq.

– Ceyhun bəyin yerişini yerimək qızlar üçün çətin olacağı şübhəsizdir.

– Heç özüm də istəmirəm.

– Onların marağı hansı sahəyədir?

– Böyük qızım dərslərini yaxşı oxuyur. Mənə elə gəlir, o fikirləşir ki, instituta girməsə, faciə olacaq. Mənim düşüncəmə görə, onun siyasətə meyli var. Amma istərdim ki, balaca qızım idmanla məşğul olsun.

– Mətbuatda yayılan məlumata görə, təxminən 10 il öncə sizin “Şou-biznes press” adlı qəzetiniz çap olunurmuş. Lakin sonradan fəaliyyətini dayandırıb. Onu nə vaxtsa dirçəltmək fikriniz var?

– Mənə ideya vermişdilər. Mən də gerçəkləşdirdim. Yəni maliyyə xərclərini üzərimə götürdüm. İdman jurnalistikasından olanlardan bir neçəsin də qəzetə cəlb etdim. Amma bir nəfərin mənə yalan danışdığına, daha doğrusu, etimadı doğrultmadığına görə əlimi bu işdən üzdüm. O ki qaldı bərpa məsələsinə, bu barədə fikirləşmirəm.

– Daha sonra restoranda bəxtinizi sınadınız…

– Hə, hətta təmtəraqlı bir açılış da keçirdik… Amma məşğul ola bilmədim. Çünki həmin sahəni bilmirəm. Bilmədiyim işdən yapışanda isə axırı belə olur. Bu isə bir daha o deməkdir ki, mən futboldan başqa heç nə ilə məşğul olmağa qadir deyiləm.

– Bəs ibadətlə nə vaxtdan məşğul olursunuz?

– Bəri başdan deyim ki, mənim ibadətə başlamağımın maraqlı tarixçəsi var. Bir dəfə funikulyorun yaxınlığında tanışlarımla oturub söhbətləşirdik. Birdən onlardan biri – o türk idi – məndən soruşdu: “Atanın yanında siqaret çəkərsənmi?” Dedim, yox, qorxaram, çəkinərəm. Bu sözlərimdən sonra o dedi: “Elə isə niyə Allahdan qorxmursan?” Və mən elə onun bu sözündən sonra Allahın buyurduqlarını əməl etməyə başladım. Artıq o vaxtdan 15 ilə yaxın keçir. Hətta Həccə də getdim.

– Ailənizdə sizdən başqa idman aləmində olan varmı?

– 5 qardaş olmuşuq. Onlardan ikisi dünyalarını dəyişiblər. Qardaşım Renat Sultanov “Kəpəz”də mənimlə birgə çıxış edib. O hazırda futzal klublarının birindədir. O biri qardaşım isə futbolla o qədər də çox məşğul olmayıb.

Qvami Məhəbbətoğlu