Adını Kuba, həm də dünya tarixinə yazdıra bilib

0
317

Bir vaxtlar ABŞ-ın Kubadakı ağalığına qarşı mübarizəyə qalxaraq onları adadan qovan və yarım əsrdən artıq bir müddət ərzində ölkəni idarə edən Fidel Kastro Rus son vaxtlar nə televiziyada çıxış edir, nə də ictimaiyyətin nümayəndələri ilə (Papa Fransisk və Patriarx Kirillə son görüşləri nəzərə alınmasa) görüşür. Bu da hələ sağlığında ikən adı əfsanələşən Komendantenin son günlərini yaşadığı barədə çoxlu sayda şayiələrin baş alıb getməsinə səbəb olub. Hələ 10 il bundan əvvəl 2006-cı il iyul ayının 31-də Fidel Kastro Rus xalqa məktubla müraciət edərək bildirmişdi ki, müvəqqəti olaraq hakimiyyətdən istefa verir və ölkənin idarəçiliyini qardaşı Raula tapşırır. Kastronun tutduğu vəzifəsindən istefa verməsi demək olan bu məktub Kuba üçün tarixi bir dövrə düşmüşdü. Məhz təxminən həmin dövrdə neçə illər bundan əvvəl Kastro bir dəstə silahdaşı ilə Monkada kazarmasına hücum etmişdi. Komendante hakimiyyətə gələndən sonra hər il həmin gün tarixi bayram kimi qeyd edilirdi. Monkadaya hücumun növbəti ildönümündə Kubanın əvəzedilməz lideri, azadlıq mübarizi kimi Amerika qitəsində tanınan Kastro sonuncu dəfə xalq qarşısında çıxış etdi. Bundan sonra o bir daha rəsmi tədbirlərdə görünmədi. Onun əvəzinə Monkadaya hücumun ildönümündə Raul dövlət başçısı vəzifəsində xalq qarşısına çıxdı. Fidelin ictimaiyyət qarşısında görünməməsi isə onun adı ətrafında müxtəlif söz-söhbətlərin yayılmasına gətirib çıxarıb. Hər dəfə bu söz-söhbətlər ciddi xarakter alaraq ölkədə müəyyən narahatlığa səbəb olanda Kastro çətinliklə də olsa, efirdə görünüb. Amma çoxdandır, ondan səs-səmir çıxmır. Əslində, Kastronun ağır xəstə olması öz ölkəsində də, ondan kənarda da hamıya məlumdur. Ən azı ona görə ki, son illər Kastronun bağırsaqlarında 4 dəfə mürəkkəb əməliyyat keçirilib. Hətta onlardan birində Kastro kliniki ölüm halına düşüb. Sağalandan sonra Kastro sonuncu dəfə Venesuelanın o dövrdəki prezidenti Uqo Çavesin azadlıq adasına səfəri zamanı televiziya qarşısında görünüb. Kastronun uzun müddət siyasi arenada görünməməsinə baxmayaraq hökumət dairələri dönə-dönə onun səhhətinin gündən-günə yaxşılaşdığı barədə rəsmi bəyanatlarla çıxış edirlər. Onların sözlərinə görə, Kastro yavaş-yavaş da olsa sağalır. Amma artıq ömrünün 90-cı ilini yaşayan Kastronun sağalaraq bir də ölkəni idarə edə biləcəyinə nə Kubada, nə də ondan kənarda inanırlar.

Kastro xalq qarşısında əvvəllər olduğu kimi saatlarla çıxış edə bilməməsinə baxmayaraq, mətbuatda “Baş komandanın düşüncələri” adlı məqalələr dərc etdirir. Belə ki, son illərdən başlayaraq Kastro artıq müxtəlif mövzulara aid onlarla məqalə dərc etdirib. O bu məqalələrində həmişə olduğu kimi Buşun İraqda həyata keçirdiyi işğalçı siyasətini pisləyərək onu inkişaf etməkdə olan ölkələri aclıq pəncəsində boğmaq cəhdində günahlandırır.

Tanınmış kubalı dissident Manuel Morua bununla əlaqədar yazır: “Kastronun mətbuatda dərc etdirdiyi məqalələr xalqda Kommendatenin sağ-salamat olduğu və ölkədəki vəziyyətə nəzarət etdiyi barədə təəssüratlar yaradır. Birpartiyalı sistemdə qeyri-adi virtual bir adam kimi Kastronun sağ qalması zəruridir. Bunsuz onun varisləri legitimliyini itirmiş olarlar.”

Ayda 12 dollar çox azdır

Moruanın sözlərinə görə, hazırda ölkəni müvəqqəti olaraq idarə edən Raul Kastro hər hansı bir irimiqyaslı iqtisadi islahatlar keçirməyib. O yalnız kiçik sahibkarlara o qədər də ciddi əhəmiyyət kəsb etməyən güzəştlərə gedib. Belə ki, Raul Havana küçələrində lisenziyası olmayan taksi sürücülərinin cərimə edilməməsi barədə polisə göstəriş verib. Eyni zamanda o ət və süd məhsullarının dövlət tərəfindən satınalma qiymətlərini qaldırıb. Hələ hakimiyyətə gəldiyi ilk illərdə Raul Kastro ölkədə adam başına düşən gəlirin 12 dollar olduğunu qeyd edərək bunun olduqca az olduğunu etiraf edib. Həmin açqılamasında Raul Kastro ikinci dəfə ABŞ-la əlaqələrin bərpa ediləcəyini deyib. O vaxt Raul Kastro Kubanın bu addımı yalnız Buş hakimiyyətdən getdikdən sonra atacağını demişdi. Ağ Evdən isə dərhal Raulun bu sözlərinə reaksiya verərək Kasrto qardaşları hakimiyyətdən gedənə kimi Vaşinqtonun Havana ilə hər hansı bir səviyyədə danışıqlara başlamayacağını bəyan etmişdi. Kastro qardaşlarının ölkəni idarə etməsində də bir anlaşılmazlıq var. Belə ki, nə Fidel, nə də Raul Kubanı idarə etmək üçün tam hakimiyyətə malik deyillər. Belə ki, Fidel səhhətinin imkan verməməsi üzündən ölkəni idarə edə bilmir. Raul isə bu məsələdə onun yalnız kölgəsi kimi hərəkət edir. Hazırda ölkənin müxalifət lideri rolunda çıxış edən Karlos Alberto Montaner Rusiyada nəşr olunan “İzvestiya” qəzetinə verdiyi müsahibəsində: “Fidel aydın məsələdir ki, bir də ölkəni idarə edə bilməyəcəyini yaxşı anlayır. Ancaq o Raulun da Kubanı idarə etməsinə imkan verməyərək ölkədə ciddi iqtisadi islahatlar həyata keçirilməsinə hər vasitə ilə mane olur”, – deyir. Kubanın YUNESKO-dakı keçmiş səfiri, “Qranma” qəzetində yazdığı məqalələri ilə məşhurlaşan jurnalist Soledad Krus son məqalələrindən birində hökumətə kubalıların xaricə getməsinə və xaricdə yaşayan keçmiş soydaşların ölkəyə sərbəst şəkildə gəlib getməsinə imkan verilməsini tələb edib. O adı çəkilən məqaləsəində həmçinin ölkədəki bəzi obyektlərin özəlləşdirilməsinə, kiçik sahibkarlığın inkişaf etdirilməsinə mane olan səbəblərin aradan qaldırılmasını hökumət qarşısında sərt şəkildə qaldırıb.

Raul Kastro üçüncü

dəfə seçkilərdə

iştirak etməyəcək

2008-ci ilin fevral ayının 24-də keçirilən seçkilər nəticəsində Raul Kastro səslərin 97,7 faizini yığaraq ölkəni idarə etməyə başladı. Raul Kastro hakimiyyətə gələndən sonra ölkədə bəzi islahatlar həyata keçirdi, əhaliyə mobil telefon xidmətindən istifadə etməyə icazə verildi. 2013-cü ildə Raul Kastro yenidən ikinci müddətə Dövlət Şurasının sədri seçildi. Ancaq o üçünci dəfə seçklərdə iştirak etməyəcəyini bəyan edib. Bu ilin aprel ayının 16-da keçiriləcək Kuba Kommunist Partiyasının VII qurultayında da Fidel Kastronun yolunun davam etdiriləcəyi və sosializm sisteminin möhkəmləndiirlməsi barədə müvafiq qərarın qəbul ediləcəyi gözlənilir.

Mayamidəki Kuba Araşdırmaları Mərkəzinin tədqiqatçısı Hayme Suşliki də belə hesab edir ki, Raulun gələcəyi yoxdur. O, qardaşının kölgəsində yaşayır və nə qədər ki, qardaşı sağdır, o, ölkədə heç bir islahat keçirə bilməyəcək. Çünki Raul nə Mixail Qorbaçova, nə də Den Syaopinə bənzəyir.

Sonda Kubanın artıq tarixə qovuşmaqda olan əfsanəvi lideri Fidel Kastronun mətbuatda dərc etdirdiyi məqalələrindən götürülən bəzi sitatlarla sizi tanış edirik. “Buş dəhşətli və ürək bulandıran bir sistem qurub”, “Mən televiziya ilə translyasiya edilən bir dənə də olsun idman yarışını buraxmır, hamısına baxıram. Mən hətta ağır atletika, voleybol, avarçəkmə yarışlarına belə baxıram. Bəzən elə olur ki, hətta dərman qəbul etməli olduğumu belə unuduram”. (“Panamerikan oyunları barədə düşünərkən” adlı məqaləsindən). Bü cür məqalələrin sayı çoxdur və biz onlardan nümunələr gətirməklə oxucularımızı yormaq istəmirik. Sadəcə olaraq adı çəkilən fikirlərlə tanışlıq bir daha göstərir ki, Kastro mühakimə qabiliyyətini itirərək balaca uşaq kimi danışır. Bu isə onu göstərir ki, Kubada Kastro erası artıq son günlərini yaşayır. Lakin gözlənilənlərin əksinə olaraq Kastro yaşamaqda davam edir. Hazırda 90 yaşı olan Kastro həyatı boyu mübarizə apardığı ABŞ-la əlaqələrin bərpa edilməsi istiqamətində həyata keçirilən işləri dəstəklədiyini, ancaq bunun beynəlxalq hüquq normaları və ölkənin maraqlarının müdafiəsinin təmini çərçivəsində aparılmasının vacibliyini vurğulayır. Kastro televiziyaya çıxmasa da, bu ilin fevral ayında Rusiya Patriarxı Kirillin və Papa Fransiskin Havanaya səfəri zamanı Komendante onları qəbul edib. Görüşdən ancaq Kastro ilə Papa Fransisk və Patriarx Kirillin birgə çəkdirdikləri şəkillər yayınlanıb. Belə güman etmək olar ki, Kastro çətinliklə danışdığından onun səsini lentə almaq mümkün olmayıb. Ona görə də, yenidən Komendantenin son günlərini yaşadığı barədə qərb mətbuatında ajiotaj qaldırılıb. Amma kimlərinsə onun ölümünü istəməsindən və buna görə sevinməsindən asılı olmayaraq bütün hallarda Kastro sağlığında ikən imperializmə qarşı azadlıq mübarizəsi aparmış qəhrəman kimi adını nəinki Kuba, həm də dünya tarixinə yazdıra bilib.

Əziz Mustafa