Türkiyənin unudulmaz dövlət xadimi: Turqut Özal

0
545

Aprelin 17-də Türkiyənin mərhum prezidenti, türk dünyasının ən böyük oğullarından biri olan Turqut Özalın vəfatının növbəti ildönümü tamam olacaq.
Türkiyə Cümhuriyyət tarixində, bəlkə də, onun kimi insanpərvər, demokrat və iqtisadiyyatı kifayət qədər dərindən bilən, eyni zamanda sıyasətlə iqtisadi islahatları bir-birinə uzlaşdırmağı bacaran ikinci bir prezident görməyib. O, xarakter etibarilə 50-ci illərin Cəlal Bayarı xatırladırdı və onun qədər də təvazökar və işgüzar idi. O, Türkiyəni iqtisadi böhrandan Dəmirəlin də dediyi kimi, 70 sentə möhtac olmaqdan qurtararaq onu dünya siyasi səhnəsində öz sözü, öz imici olan bir dövlətə çevirdi. Amma onun Çankayaya gedən yolu heç də asan olmadı. O, Türkiyənin gələcəyini onun həm iqtisadi, həm də siyasi inkişafında görən və ötən əsrin 80-ci illərində beynəlxalq aləmdə baş verən hadisələrin bəşəriyyəti haraya aparacağını mahir bir strateq kimi öncədən duya bilmişdi. Çankayada Kənan Evrən dönəmində Türkiyənin baş naziri olan Özal tezliklə nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə sonsuz təfəkkürü və baş verən hadisələrin fövqündə durmağı bacarması ilə məşhurlaşdı.
Ana Vətən Partiyasını quraraq, qısa müddətdə onu Türkiyənin ən güclü partiyalarından birinə çevirməyi bacaran Özala general Evrənin də xüsusi rəğbəti vardı. Aralarında bəzi məsələlərə münasibətdə fikir ayrılıqları olmasına baxmayaraq, bəzən Özal Evrənə ürək sözlərini ən yaxın adamı kimi söyləyərək, onunla dərdləşirdi. Amma gecə-gündüz bilmədən çalışan Özalın ürəyi xəstə idi. Bu da onu sonda ürəkdən əməliyyat olmasına aparıb çıxardı. 1987-ci il fevral ayının 10-da o, əməliyyat olundu və həkimlərin nəzarəti altında az sonra yenidən öz vəzifəsini icra etməyə başladı. Amma türk dünyasının bu böyük oğlu hiss edirdi ki, ölümün qara kölgəsi addımbaaddım onu izləyir. Ona görə də 1989-cu il oktyabr ayının 5-də prezident Kənan Evrənlə söhbətində hüzn və kədərlə: “Ürəyində əməliyyat olunanlar uzun müddət yaşamırlar. 62 yaşım var. Nə qədər ömrüm qaldı bilmirəm. Atam 53 yaşında ölmüşdü”,-demişdi.
Ona görə də ən cüzi imkanlardan belə istifadə edərək, Türkiyəni yeni bir inkişaf zirvəsinə qaldıracaq islahatları davam etdirirdi. 1989-cu il, oktyabr ayının 10-u ilə 19-u arası prezident seçkilərində iştirak etmək istəyənlər namizədliklərini verməli idilər. Oktyabrın 20-də prezident seçkilərinin ilk turu keçiriləcəkdi.
ANAP, yoxsa Çankaya köşkü?
Turqut Özal çətin bir seçim qarşısında qalmışdı: nə etməli, öz əlləri ilə quraraq hakimiyyət partiyasına çevirdiyi ANAP-da qalsın, yoxsa onu Çankaya köşkünə dəyişdirsin? Çankaya köşkünə getməsə, onda ANAP lideri kimi müxalifətdəki partiya liderləri İnönü və Dəmirəllə mübarizəsini davam etdirməli olacaqdı. Çankaya köşkünə getsə, cəmisi özü ilə bərabər 7 nəfərdən ibarət kollektivlə işləməli olacaqdı. Nəhayət, uzun-uzadı əzabverici məsləhətləşmələrdən sonra özü üçün heç də asan olmayan bir qərara gəldi. O, prezidentliyə namizədliyini verəcək. Hər halda buna onun haqqı çatırdı və uzun sürən siyasi mübarizələrdən sonra hakimiyyətin ali kürsüsündə oturmağı kim istəməzdi ki. Bu ali kürsü əslində rəqibləri üzərində yalnız qələbə simvolu deyil, həm də Türkiyəni yeni inkişaf dövrünə daşıyacaq məsuliyyətli qərarların qəbul edilməsi demək idi. Özala qədər Türkiyəni idarə edən Baş Nazir və prezidentlərin heç biri onun qədər Türkiyəni irəliyə apara, ölkəni iqtisadi böhrandan qurtarmağın yolunu tapa bilməmişdilər. 1980-ci ildə baş nazir Dəmirəlin köməkçisi kimi ölkənin iqtisadi böhrandan qurtarmasını nəzərdə tutan “24 ocaq (yanvar) qərarları”nı hazırlayan Özal 12 sentyabr çevrilişindən sonra Bülənt Ulusu hökumətində iqtisadiyyatdan cavabdeh nazir köməkçisi oldu.
Evrən Özaldan inciyir
1983-cü ildə Türkiyə yeni siyasi inkişafa keçid dövrünə qədəm qoydu. Hakimiyyəti hərbi yolla ələ alan Evrən 1982-ci ildə ölkə Konstitusiyasına edilən dəyişikliklərə əsasən, prezident kimi Çankaya köşkünə çıxmışdı. İndi artıq Türkiyənin belə demək mümkünsə hərbi çevrilişdən sonra dinc həyat dövrü başlayırdı. Yeni dövr siyasi partiyaların fəaliyyətinin yenidən gücləndirilməsini tələb edirdi. Ona görə də 1983-cü ildə Milli Təhlükəsizlik Şurasının (MTŞ) icazəsi ilə Turqut Özal Ana Vətən Partiyasını (ANAP) yaratdı. Ölkədə müxalifət və iqtidaryönlü siyasi qüvvələr formalaşdırmaq üçün Milli Təhlükəsizlik Şurası ANAP-dan əlavə Xalqçı Partiyası (sədr Necdet Calp) və Milliyətçi Demokrat (Turqut Sunalp) partiyalarının yaradılmasına icazə verdi. 1983-cü il, noyabr ayının 6-da Türkiyədə parlament seçkiləri keçirilməli idi. Amma ölkənin siyasi həyatında hərbi çevrilişdən ötən 3 il ərzində elə bir qarışıqlıq əmələ gəlmişdi ki, xalq hansı partiyaya və kimə səs verəcəyini bilmirdi. Seçkilər ərəfəsi təbliğat kampaniyası qızışmışdı və hər partiya ölkənin iqtisadi, siyasi inkişafını özü bildiyi kimi xalqa izah edir və şirin vədlərlə onların səsini almağa çalışırdı. Amma Özalın iqtisadi inkişaf planları daha məntiqli idi və xalq arasında ona böyük sevgi vardı. Özal təbliğat ərəfəsi televiziyadakı çıxışında: “Mən xalqımızı iqtisadi böhrandan qurtarmaq üçün çox işlər gördüm. Amma hələ Türkiyəni iqtisadi və siyasi inkişafın zirvəsinə aparacaq, onu dünyanın lider ölkələrindən birinə çevirəcək çox planlarım var”,-demişdi. General Evrən tərəfdən də dəstəklənən Milli Təhlükəsizlik Şurasının qarşıdan gələn parlament seçkilərilə əlaqədar öz planları vardı; MTŞ Milliyyətçi Demokrat Partiyasının iqtidarda olmasını, Xalqçı Partiyasının ana müxalifət təşkil etməsini istəyirdi. ANAP isə yeni parlamentdə onlar arasında manevr edən kiçik partiya funksiyasını həyata keçirməli idi. Lakin Özalın seçkilər ərəfəsi xalqa iqtisadi islahatların davam etdirilməsini və yeni, çiçəklənən bir Türkiyə vəd etməsi onun şöhrətini daha da artırdı və insanlar bu partiyada öz arzularını reallaşdıracaq bir güc görməyə başladılar. Bütün bunlar isə Evrən və ətrafındakıların ciddi narahatçılığna səbəb olmuşdu. Evrən televiziyadakı çıxışlarından birində Özalı hədəfə götürərək, onu kəskin tənqid etmişdi. Lakin generalın Özalın əleyhinə yönələn bu tənqidi, bu çıxışı hərbçi hökumətindən boğaza yığılan əhali tərəfindən ANAP-ın daha da dəstəklənməsinə gətirib çıxardı.
ANAP iqtidar partiyası olur
Noyabr ayının 6-da keçirilən parlament seçkilərinin nəticələri, həqiqətən də, çoxları üçün gözlənilməz oldu. Yeni qurulan ANAP bu seçkilərdə qələbə çaldı. ANAP TBMM-də digər siyasi partiyaların hamısından çox – 211 millət vəkili əldə etdi. Xalqçı Partiyası isə 117 millət vəkili əldə edə bilmişdi. Evrənin müdafiə etdiyi Milliyyətçi Demokrat Partiyası isə cəmi 71 yer qazana bilmişdi. Parlamentdə iqtidar Partiyasına dönən ANAP dərhal hərəkətə keçdi. Özalın başçılığı ilə ölkədə iqtisadi islahatlar vüsət aldı. Nəticədə Türkiyə tədricən iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Ölkə əhalisində gələcəyə olan ümidlər daha da artdı.Türkiyə xaricdən mal gətirən ölkədən xaricə mal gondərən dövlətə çevrilməyə başladı. Bu da 1987-ci ildə keçirilən növbəti parlament seçkilərində ANAP-ın daha çox uğur qazanmasına səbəb oldu. 1987-ci il noyabr ayının 29-da keçirilən parlament seçkilərində ANAP bundan əvvəlki parlament seçkiləri ilə müqayisədə (211) 91 nəfər çox (292) millət vəkili əldə etdi. Bu, xalqın Özala olan sonsuz məhəbbətinin və inamının nəticəsi idi. İnönünün başçılıq etdiyi Sosialist Xalqçı Partiyası isə cəmisi 99 yer əldə etmişdi. Dəmirəlin başçılıq etdiyi Doğru Yol Partiyası isə seçkilərin nəticələrinə görə, 59 millət vəkili qazanmışdı.

Özal prezident seçilir
Bu parlament də 1989-cu ildə 7 illik müddəti başa çatan Evrənin yerinə yeni prezident seçdi. O dövrdə Özalın da prezidentliyini qəbul edə bilməyənlər çox idi. Onlardan biri də Süleyman Dəmirəl idi. Əvvəlcə, o, prezident seçkiləri ərəfəsində keçirilən bələdiyyə seçkiləri zamanı Özal tərəfdarlarının səslərin 21 faizini əldə etməsini əsas gətirərək iqtidarda olan hakimiyyətin prezident seçməyə haqqının olmadığını iddia etdi. Onu İnönü də dəstəklədi. Amma bələdiyyə seçkiləri ilə müqayisədə parlamentdə çoxluğun ANAP-da olması göz qabağında idi və bunu danmaq olmazdı. Üstəlik, bələdiyyə seçkilərini parlament seçkiləri ilə müqayisə etmək olduqca məntiqsiz görünürdü. Ona görə də Dəmirəl bu faktı nəzərə almağa və geri çəkilərək parlamentdə olan çoxluğun yeni prezidenti seçəcəyini vurğulamağa məcbur oldu. Dəmirəl: “Mən də Özalın yerində olsaydım, onun kimi prezident özümü seçdirərdim”,-demişdi. Özal yuxarıda qeyd etdiyimiz kimi, prezident olmaq istəyirdi. O bunu istər ailə üzvləri, istərsə də digər tərəfdarları ilə söhbətində gizlətmirdi. Bəzi iddialara görə, Özal İstanbul bələdiyyə başqanı Bədrəddin Dalana demişdi ki, həddindən artıq tərəddüd içində olsa da, prezident olmağı çox arzulayır və bu vəzifəyə seçilsə, onda ölkə üçün daha xeyirli işlər görəcək.
O vaxt Özalın prezident seçilməsini istəməyən qüvvələr: “Özal prezident olsa seçkiləri boykot edərik. Özal Çankayada notarius belə ola bilməz”, “Cümhurbaşkanını xalq seçsin”, “Erkən seçimlər keçirilsin. Yeni prezidenti yeni parlament seçsin”, “Hələ bir prezident olsun, onu (Özalı) oradan endirmək asandır”, “Xalqın yüzdə səksəni tərəfindən dəstəklənməyən bir partiya prezident seçə bilməz” deyə haray-həşir salmışdılar. Özal əleyhdarlarının başında isə o dövrdə Ecevitin başçılıq etdiyi Demokrat Sol Partiyası, Türkeşin lideri olduğu Millətçi Çalışma Partiyası və digərləri gəlirdilər. Hamı ordunun Özalın əleyhinə hərəkətə keçəcəyini gözləyirdi. Ancaq ordu bu məsələdə təmkinli mövqe nümayiş etdirdi. Beləliklə, müxalifətin istəyinin əksinə olaraq, Özal 1989-cu ilin payızında prezident seçildi və ölənə kimi ölkəyə uğurla rəhbərlik etdi. Onun dövründə Türkiyə ən şanlı inkişaf dövrlərindən birini yaşadı. Bu gün vəfatının növbəti ildönümündə Türkiyə xalqı Özalı dərin hörmət və məhəbbətlə xatırlayır. O, Türkiyə tarixində ən böyük siyasi lider kimi qalır və qalmaqda da davam edəcək. Allah rəhmət eləsin, ruhu şad olsun.