Azərbaycanda xalça sənəti və xalça alətləri

0
420

Xalça sözünün kökü xalı sözünə gedib çıxır. Xalı xalça məmulatlarının ölçüsünə görə ən böyüyünə deyilir. “Ça” leksik şəkilçisi artırmaqla kiçiltmə, əzizləmə mənalı isim alınmışdır. Xalı çox zaman dəst formasında toxunub. Xüsusən də Qarabağ evlərində iri ölçülü dəst xalı gəbələrə rast gəlinirdi. Əsasən, evi döşəmək üçün otağın ölçüsünə uyğun 4,5 arşından, 6,7 arşına qədər çatırdı. Dilimizdə işlənən xalı sözünə digər türkdilli xalqların leksikonunda da rast gəlmək mümkündür. “Xalı”, “qali” və ya “qalı” formasında istifadə olunub. Ərəb əlifbası ilə yazılan türk dilli ədəbiyyatda “qali” kimi yazılaraq zamanla “xalı” formasını alıb. “Qalı” sözü də dözümlü, qalan, uzunömürlü, davamlı kimi mənaları ifadə edir. Onu da qeyd edək ki, İranda hələ də böyük xovlu xalçalara “qalı” deyilir. Gəncə-Qazax, Muğan, Qarabağda indi də eyni zamanda Türkiyənin bir sıra yerlərində uzunsov böyük xalçalar “gəbə” (qaba, gəvə, qəbə, kabe, kepe) adlanır. Gəbə sözünə şifahi xalq ədəbiyyatında da rast gəlinir. Qaba, yəni kobud, çox qalın mənasını daşıyır. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar qalın və kobud olur. Bəzən Orta Asiyada səhvən Kəbə (Kaba) sözü ilə əlaqələndirilir. Həmçinin əfqanlar və cığatay türkləri iri və qalın toxunuşlu xalıları qalın (qalin) adlandırırlar. Hazırda Qubada böyük ölçüdə olmayan xalıya “qalınça” (xalça) deyirlər. Şərq xalqları arasında “qalı”, “halı”, “xalı” terminləri yayılmışdı. Ümumiyyətlə isə onu qeyd etmək lazımdır ki, lap əvvəllər xalça döşənək, alaçıq və ya çadırı isti saxlamaq üçün istifadə olunan məişət əşyası kimi olaraq formalaşıb. Zamanla isə inkşaf edərək toxunma texnikası və bədii ornamental tərtibatı zənginləşərək firavanlıq, var-dövlət rəmzinə çevrilən bir hala gəlmişdi. Həmçinin xalçadan nəinki evin daxili interyerində, eyni zamanda köçəri həyatda yük yığmaq üçün, xurcun, xaral, duz torbası, pərdə, yəhər üstü, hətta incə toxunuşlu xalçalardan geyim belə hazırlanmasında istifadə edirdilər.

Xalçanın toxunma texnikası
Xalçaçılıqda toxumaq üçün bu alətlərdən istifadə olunur – xalçaçıların sayına görə həvə və ya toxmaq, kirkid və ya daraq, qayçı, bıçaq, qarmaqlı bıçaq, divar hanası yaxud yer hanası. Həvə xalça, palaz və s. toxumaq üçün ilmələri döyüb yerində bərkitmək üçün ucu kəsik, dişli alətə deyilir. Bu alət heyvan buynuzundan və ya metaldan hazırlanır. Bəzi yerlərdə toxmaq da adlanır. Keçmişdə arğacı döymək üçün möhkəm ağac oduncaqdan hazırlanan dişli həvələrdən istifadə olunurdu. Xalça toxunan zaman ilmələri sıxlaşdıran, arğacın yatımını düzləşdirən alətə kirkid deyilir. Bəzi bölgələrdə daraq da adlanan kirkind qədimdə ağac və buynuzdan hazırlanıb 2,3 və ya 4 dişli olurdu. Zamanla digər alətlər kimi kirkit də forma və texniki xüsusiyyətlərinə görə inkşaf edib, dişləri metal materiallardan düzəldilməyə başlanıb. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan düzəldilmiş, müasir kirkit olaraq metal nümunələri meydana gəlmişdi.
Xalça qayçısı – ilk dövrlərdə qayçıdan istifadə etməsələr də sonralar xalçanın xovunu hamar etmək üçün evdə işlənən məişət qayçılarından istifadə olunurdu. Adi qayçı xov kəsmək üçün rahat olmadığından toxucuların barmaqlarını yorurdu. Hazırda xalçaçılıqda yüngül və rahat metal qayçılardan istifadə olunur. Xovu əldə etmək üçün qayçının qolları sərbəst hərəkət edərək qolların arxasındakı halqalar kəsici hissələrə nisbətən hündür olurdu. Xalçada şaquli istiqamətdə xalça dəzgahına uzadılmış pambıq və ya yun iplərə ilmə vurub sonra onu kəsmək üçün bıcaqdan istifadə olunur. Yaxın keçmişdə qarmağı olmayan sadə metal bıçaqlardan ilmələri kəsmək üçün istifadə edirdilər. Bu məqsədlə hətta mətbəx və cib bıcaqları da kəsici funksiya daşıyırdı.
XIX əsrin əvvəllərində isə qarmaqlı bıçaqlar meydana gəlir. Adi bıçaqlar kənd yerlərində köhnə dəryaz, yəni kərəntidən hazırlanırdı. Bu dövrdə istifadə olunan müasir formalı bıçaq qarmaq, kəsici hissə və tutacaqdan ibarətdir. Qarmaqla səhvi düzəltmək, ilmələri təzədən açıb bağlamaq olurdu. Qarmaqlı bıçaqla əriş iplikləri tutur, ilmə bağlayır və ipliyi kəsirlər. Bərpa bıçaqları da var ki, onların boğazı uzun, tiyəsi isə küt olur. Köhnə ilmələri söküb yenidən salmaq funksiyasını daşıyır. Onlardan xalça toxunan zaman istifadə edilmir. Adi bıçaq və qarmaqlı bıçaqdan əlavə xalçaçılıqda və xalça bərpasında bölgülü sapı (tutacağı) olan bıçaqdan da istifadə olunur. Toxucular bu bıçaqdan xovun uzunluğunu, xalçanın sıxlığını, eləcə də bəzək detallarını ölçmək üçün istifadə edirlər.

Hananın formalaşması və inkişafı
Qədimdən indiyədək əllə toxunan xalçalar hana adlı sadə dəzgahlarda toxunulur. Hana paralel və əks tərəfləri olan dördbucaq şəkilli toxucu dəzgahıdır. Hananın 2 növü vardır: yer hanası (üfüqi dəzgah), divar hanası (şaquli dəzgah). İlk yaranan və geniş istifadə olunan yer hanası olmuşdur. Daha sonra təkmilləşərək şaquli şəklə salınaraq divar hanası adlanan əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivə formalı dəzgah şəklinə düşmüşdü. Qədimdə xalça toxumaq üçün yalnız yun ipdən istifadə olunurdu. Daha sonralar isə xalçanın əsasını təşkil edən əriş və arğac adlanan ipliklər pambıqla əvəz olunur. Xalça toxunuşunda zamanla ipək, qızıl və gümüş saplardan, qiymətli daşqaşdan, ağac qabığı və budaqlardan və s. istifadə olunub. Xalçanın armaturasını təşkil edən əriş sapları şaquli istiqamətdə xalçanın eni boyda tarım halda hanaya çəkilir. Yun saplardan isə qarmaqlı bıcaq vasitəsilə və yaxud əllə ərişlərə ilmə adlanan düyünlər vurulur. Bütün xalça boyu xalçanın eninə ilmələr ornamentə görə vurulandan sonra bir çin adlanan cərgə yaranır. Xalçanın ornamental kompozisiyası əvvəlcə çeşnə adlanan damalı kağıza köçürülür, daha sonra isə material formasında artıq xalçada öz əksini tapır. Çeşnənin bir kiçik daması toxunan xalçanın bir ilməsilə eyni olur. Yəni çeşnədə nə qədər dama sayı varsa, xalçada da o qədər ilmə olmalıdır. Daha sonra hananın qol adlanan hissəsi aşağı salınaraq əriş saplarının yeri dəyişir. Arxadakı çarpaz olan əriş sapları qabağa, öndəki ərişlər isə arxaya keçir və həvə alətilə pambıqdan olan ağ arğac deyilən iplik tarım şəkildə dartılaraq xalça yatımlı olsun, ilmələr sonradan çıxmasın deyə vurulur. Buna xalçanı döymək deyilir. Sonra isə hananın qolu yenidən qaldırılır, ərişlər öz əvvəlki vəziyyətinə qayıdır, bu dəfə isə qırmızı rəngdə olan pambıq arğacdan istifadə olunaraq arğac boş vurulur. Arğacı bu dəfə boş döyməkdə məqsəd alt arğacın üstünü vuraraq üst arğacın köməyi ilə ilmələri sıxlaşdırmaqdır ki, bu zaman qırmızı arğac əriş ipliklərinin arasına keçərək, əvvəlcə kirkit daha sonra isə həvə alətilə oturdulur. Sonda da xalçanın qıraqları hər iki tərəfdə yun ip vasitəsilə iki ön və arxa əriş, eyni zamanda alt və üst arğac da götürülərək yun iplə 8 formasında dolanır. Buna xalçaçılar qıraq bükmə deyirlər. Sonda da ilmələr əvvəl xüsusi kiçik daraqla daranır və qayçı ilə müəyyən qalınlıqda kəsilir. Beləliklə, xalçanın xovu meydana gəlir. Qayçıladıqdan sonra səliqə ilə eyni boyda xovun yaranmasına diqqət edilir. Müasir dövrdə ən çox süni liflərdən xammalının ucuz başa gəldiyi üçün maşın xalçalarından istifadə olunur. Əl xalçaları indi də qədim dövrlərdə olduğu kimi yalnız təbii materiallardan və əl əməyi ilə toxunulur.
Tahirə Ağayeva
Respublika İncəsənət
Gimnaziyasının müəllimi