Heç zarafatın yeri idi?

0
322

Axı sizə dəfələrlə dedim. Dedim ki, ay Böyükağa müəllim Hacıyev, daha hamını şoka salacaq açıqlamalar verib, gündəmi zəbt etməyin… Üstəlik ərz etdim, dədələrimiz deyib ki, dilini saxlayan başını saxlar. Siz isə kimlərinsə felinə uyub mənə qulaq asmadınız. İndi çəkin cəzanızı…

Axı o kişilər sizi ona görə AFFA-nın Məşqçilər Komitəsinə gətirdilər ki, futbolumuz barədə həqiqətləri dilə gətirməyəsiniz, ağzınıza su alıb dayanasınız, hamı kimi susasınız. Siz isə naşükürlük edir, fürsət düşən kimi futbolumuzun başbilənlərinin meydançasını topa tutursunuz. Vallah-billah, belə olmaz. Adama deyərlər, balam, bəy dediyiniz nədir, bəyənmədiyiniz nədir? Yox da, deyərlər, deməzlər? Əlbəttə, buna onların haqqı da var. Zarafat deyil, bu missiyanıza görə sizə hər ay bir ətək pul verilir. Siz də “bəy verən atın dişinə baxmazlar” deyib, həmin vəsaiti alıb feyziyab olursunuz. Bunun nəyi pisdir axı? Onlar sizin rahatlığınız, rifahınız naminə çalışırlar, necə deyərlər, əldən-ayaqdan gedirlər, siz isə… Sabah bütün bunları onlar sizin üzünüzə vurarlar, vurmazlar? Əlbəttə, vurarlar, onların buna da haqqı var.

A kişi, bir ətrafına bax da… Məgər Məşqçilər Komitəsində sizdən başqa, futbolumuz barədə həqiqətləri bilən yoxdur? Vallah-billah, var, amma onların heç biri ilin-günün bu çağında sizin kimi açıqlamalar verib, öz isti yerlərini soyutmaq istəmirlər. Lap düz də edirlər. Bununla da özlərini rəhbərlikdən incik salmırlar, üstəlik, yerlərini daha da möhkəmləndirirlər, üstəlik, hörmət sahibi də olurlar. Gəmidə oturub gəmiçi ilə dava eləməyəcəklər ki? Yalanmı deyirəm? Çünki onlar yaxşı bilirlər ki, əl-əli yuyar, əl də üzü… Böyükağa müəllim, deyəsən, atalar sözlərindən çox misallar çəkib başınızı yordum. Qayıdaq yenə özümüzə…

Axı sizə dəfələrlə dedim. Dedim ki, ay Böyükağa müəllim Hacıyev, bilirəm, xasiyyətinizi birdən-birə dəyişmək çətin olacaq. Odur ki, Peşəkar Futbol Liqasının bostanlarına hərdən daş atmaqla adətinizdən qalmayın, buna görə sizə kimsə bir söz deməz, amma AFFA tərəfə keçməyin ha, millimizdən, Prosineçkidən, onun yığdığı heyətdən söz açma ha… Bununla bağlı federasiya rəhbərliyinin qadağaları var. Qadağaları pozsanız, söz açsanız, ah-ofunuz əskik olmayacaq. Amma siz… öz adətinizdən əl çəkmək istəmədiniz. Sizə məgər lazım idi ki, “uşaqlar”ın apardığı verilişdə durub deyəsəniz ki, bəs “Qəbələ”yə keçsə də, hələ də debüt etməyən Pavel Paşayevin milli komandaya dəvət almasının başqa səbəbi var? “Ola bilər ki, səbəbini tapasınız. Bu gün Pavel klubunda oynamadığı halda, milliyə çağırılırsa, ola bilər ki, dayısı çox güclüdür. Bunun da (oxu: Robert Prosineçkinin) üzü ətdəndir də, “podoş”dan deyil ki… Ola bilər, elə bir adam xahiş edir ki, keçə bilmir. Açıq söhbət! Daha nə eşitmək istəyirsiniz?” Ay Böyükağa müəllim, siz heç bilirsiniz bu fikrinizlə nələri faş etmisiniz?

Doğrudur, mən sizin zarafatcıl bir insan olduğunuzu bilirəm (Bəlkə də elə bu səbəbdən həmin sözləri zarafatla demisiniz). Hətta zarafatın vaxtı keçəndə başınızın ağrıdığının da fərqindəyəm. Amma mən sizə bir söz deyim, məhz bu zarafatınız başınızı daha çox ağrıdacaq. İndən belə edəcəyiniz heç bir zarafat ona məlhəm olmayacaq. Odur ki, deyirəm, ay Böyükağa müəllim, ay başına dönüm, heç həmin hənanın, bağışlayın, üzr istəyirəm, zarafatın yeri idi?.. Vallah-billah, deyildi.

QVAMİ MƏHƏBBƏTOĞLU