“Qulağı təmizləyərkən orada bakteriyanın yaranmasına şərait yaradırıq”

0
419

Müsahibimiz qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı Tural Hacımirzəyevdir.

– Anadangəlmə eşitmə qüsuru irsi faktor daşıyırmı və ya bu xəstəliyin yaranmasının səbəbi nədir?
– Eşitmə qüsurlarında çox vaxt səbəb irsiyyət faktoru olsa da, buna təsir edən bir sıra kənar amillər də var. Əsasən qohum evliliyindən dünyaya gəlmiş körpələrdə bu problemə rast gəlinir. Eyni zamanda ailədə kimdəsə eşitmə qüsuru varsa, doğulan uşaqda da bu hal yaşana bilər. Digər bir səbəb də uşağın vaxtından əvvəl dünyaya gəlməsidir. Bu zaman uşağın orqanları tam formalaşmamış olduğu üçün eşitmədə problem baş verə bilir. Bu vəziyyət erkən müəyyən olunursa, çox vaxt rekonstruksiyası mümkündür. Azərbaycanda da artıq koklear inplant tətbiq olunur ki, bu yolla eşitmə qüsuru aradan qaldırılır. Burada da önəmli məqam vaxtında diaqnozun qoyulmasıdır. Uşaqda 5 yaşına qədər eşitmə azlığı olubsa və sinirlər bu müddətdə istifadə olunmayıbsa, o zaman əməliyyatdan əldə etmək ehtimalı azalır.
– Effekt almaq üçün neçə yaşına qədər əməliyyat tətbiq olunmalıdır?
– Belə deyək, uşaq danışmağa başlamadan müdaxilə olmalıdır. Ən gec 2 yaşına qədər əməliyyat etmək lazımdır. Çünki bu, uşağın nitqinə də təsir edir. Eşitməyən uşaq danışa bilmir.
– Uşaqda eşitmə qüsurunun olduğunu necə müəyyən etmək olar?
– Əslində dünyanın bir çox ölkələrində anadan olan körpə xəstəxanadan çıxmadan bütün testlərdən keçir, həmçinin də eşitmə testindən. Hər hansı bir problem varsa, həmin xəstə təqib olunur, müəyyən olunan vaxtda da əməliyyat yolu ilə qüsur aradan qaldırılır. Azərbaycanda isə bu sistem bəzi xəstəxanalarda tətbiq olunur.
– Bəs valideyn özü uşağında eşitmə qüsuru olduğunu müəyyən edə bilərmi?
– Çox valideyn bu haqda məlumatlı olmaya bilər. Ona görə də ən yaxşısı bunun xəstəxanalarda mütəxəssislər tərəfindən həyata keçirilməsidir. Amma bir az böyüdükdən sonra uşağın səsə qarşı reaksiyasından problemin olub-olmadığını müəyyən etmək olar. Əgər uşaq yüksək səsdən diksinmirsə və ya səsə reaksiya vermirsə, bu zaman ailələr eşitməni yoxlatdırmalıdırlar.
– Bəs bu testin maliyyəti necədir?
– Maliyyəti çox deyil. Mənə elə gəlir ki, hər ailə bunu qarşılaya bilər.
– Yeni doğulan körpələrdə müəyyən ayadək qulaq ağrıları olur. Bu ağrı normaldır? Bu vəziyyətdə valideynlər nə etməlidir?
– Əslində bu, normal deyil. Uşaqlar bəzi patologiyalara daha çox meyilli olurlar. Uşaqlarda qulaq ağrısının olması daha çox qulaqda maye yığılması ilə əlaqəli olur. Orqanlar inkişaf prosesində formasını dəyişə bilir. Buna görə də bəzi hallarda 2 yaşına qədər uşaqlarda rast gəlinə bilir. Amma bu nadir hallarda baş verir. Qulağı oksigenlə təmin edən boru uşaqlarda daha geniş, qısa və düz olduğuna görə infeksiya daha tez keçə bilir. Körpələr ana südü ilə qidalandığı zaman həmin mayenin qulağına yığılması ehtimalı olur. Və ya qrip olduqda da eyni proses baş verə bilir. Əgər heç bir problem yox ikən, uşaq əlini qulağına apararaq ağlayırsa və valideynlər problemin qulaqda olduğunu düşünürsə, bu zaman həkimə müraciət etmək lazımdır. Dərman müalicəsi də oluna bilər və ya ciddi bir narahatçılıq yoxdursa, bu zaman həkim tərəfindən məsləhətlər ola bilər. Misal olaraq, körpəni yedirdərkən düz deyil, bir az maili tutmaq lazımdır.
– Çox zaman qulaq ağrısını aradan qaldırmaq üçün türkəçarələrə müraciət olunur. Məsələn, ağrıyan yerə duz isidib qoyurlar. Bunun fəsadları ola bilərmi?
– Əslində qulağın normal mikroflorası var. Hətta qulaq kirinin olması belə orada turş mühit yaradır və orada bəzi bakteriyaların yaranmasının qarşısını alır. Oraya əlavə edilən hər hansı bir maye normal prosesi poza və qulaq zərini zədələyə bilər. Qaldı ki, qulağa isti tətbiq etmək, bu tük köklərinin iltihabı zamanı faydalı ola bilər. Qeyd edim ki, bu, təkcə qulaqda deyil, başqa orqanlarda ağrının aradan qaldırılması prosesini sürətləndirə bilər. Lakin, əvvəlcə, probemin nə olduğunu müəyyən etmək lazımdır.
– Qeyd etdiniz ki, qulaq kiri belə bakteriyanın yaranmasının qarşısını alır. Belə çıxır ki, qulağımızı təmizləməklə bakteriyanın yaranmasına şərait yaradırıq? Bəs qulaq necə təmizlənməlidir?
– Belə deyim, biz qulağı təmizləyərkən normalda orada olmalı bir şeyi aradan qaldırırıq, yəni normal prosesə müdaxilə edirik. İkinci bir məsələ isə qulaq zəri çox incədir və təmizləyərkən ona zərərvermə ehtimalı yüksəkdir. Dəri zədələnirsə infeksiyanın inkişafı üçün rahat bir mühit yaranır. Bu da xəstədə eşitmə problemi, dəri infeksiyası, müalicə olunmazsa dərinləşərək sümük infeksiyasına qədər aparıb çıxara bilər. Buna görə də insanlara qulaqlarını özlərinin təmizləməsini tövsiyə etmirik. Qulağın xaricində olan və görünən çirki təmizləmək olar, lakin daha dərinə getmək məsləhət deyil. Əgər qulaq kiri varsa, onu təmizləyərkən daha dərinə itələyə bilər. Kir pərdənin üstünə yapışır və onu zədələməmək üçün biz də təmizləyə bilmirik.
– Demək olar ki, hər 10 insandan 8-nin burnunda çəpər əyriliyinə rast gəlinir. Bunun yaranma səbəbi nədir?
– İlk növbədə, burada etnik xüsusiyyətlər rol oynayır. Qafqaz xalqlarında burun anomaliyaları (orqanların formalaşmasında irsi pozğunluq) daha çox olur. Bu, inkişaf prosesində baş verən bir haldır. Təbii ki, burada travma da önəmli rol oynayır. Burunda inkişaf nöqtələri var ki, həmin yer zərbə alırsa, forması dəyişir. Hətta burun əməliyyatları belə 16 yaşından sonra məsləhət görülür. Çünki əməliyyat zamanı həmin nöqtələrə toxunulsa, burun qeyri-normal şəkildə inkişaf edəcək. Eyni zamanda ailədə hər hansı bir şəxsdə bu problem varsa, uşaqda da özünü göstərə bilir. Onu qeyd edim ki, burnunda çəpər əyriliyi olan hər insan müalicə olunmalıdır deyə bir qayda yoxdur. Əgər xəstənin bununla bağlı heç bir şikayəti yoxdursa, o zaman müdaxilə edilmir.
– Əgər ananın burnunda çəpər əyriliyi varsa, bu hamiləlik dövründə uşaqda oksigen çatışmazlığına səbəb ola bilərmi?
– Xeyr. Çünki burun çəpəri əyi olmasa belə hamiləlik dövründə hormonlara bağlı olaraq burun balıq qulaqları şişir. Hamilə xanımların əksəriyyəti nəfəs almaqda çətinlik çəkirlər. Bu da uşağa ciddi zərər vermir, sadəcə olaraq, ananın özünü narahat edir. Bu zaman mütəxəssis tərəfindən ona da zərərsiz üsullarla dəstək vermək olar. Lakin hər hansı bir dəstək olmasa da, bu, uşağa zərər verməz.
– Bir çox insanlarda tez-tez burun qanaxmaları olur. Bu hansısa ciddi xəstəliyin göstəricisi ola bilərmi?
– Burun qanaxmalarının bir çox səbəbi ola bilər. İlk olaraq qan xəstəlikləri buna yol aça bilər. Bu insanların əli kəsiləndə də qanı gec dayanır. Həmin şəxslər hemotoloq tərəfindən müalicə olunduqdan sonra burun qanaxması da aradan qalxacaq. İkinci səbəb isə travma ola bilər. Bu, xarici travma və ya özünün burun qurdalaması nəticəsində də baş verə bilər. Və ya bəzi anadangəlmə damar xəstəlikləri də buna yol aça bilər. Yetkin insanda burun qanaxması müşahidə olunursa, bunun səbəbi yüksək təzyiq ola bilər. Xırda damarlar asanlıqla partlayıb, qanaxma verə bilir. Və ya ürək problemi olan qan sulandıran dərman preparatlarından istifadə edən insanlarda kiçik bir problemdə qeyd etdiyimiz hal yaşana bilər. Ciddi çəpər əyriliyi olan xəstələrdə də burun qanaxmalarına rast gəlinir.
– Bir insanda ciddi çəpər əyriliyi varsa və əməliyyata ehtiyac olduğu halda getmirsə, bu onda hansı fəsadlar əmələ gətirəcək?
– Bəli, bu, ürək patologiyalarına gətirib çıxara bilər. Qeyd etdiyiniz məsələnin yüngül dərəcəsi xəstənin gecə yatarkən xoruldaması, daha sonra yuxuda ikən nəfəs yetməzliyi yaşaya bilir. Beyin normal oksigen ehtiyacını təmin edə bilmir. Bu da xəstənin gecə tez-tez oyanmasına, normal yuxu rejiminin pozulmasına gətirib çıxarır. Bu da təbii olaraq həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu problem təzyiq daxil olmaqla, ürək yetməzliyinə yol aça bilər.
– Son zamanlarda estetik əməliyyat etdirənlərin sayı artıb. Heç bir problem olmadığı halda, əməliyyat insan üçün zərərli ola bilər?
– İlk növbədə, onu deyim ki, istənilən insan estetik əməliyyat etdirə bilər. Burun normal olsa belə insan hansısa yerini bəyənməyə bilər. Təbii ki, əməliyyat normal bir şey deyil. Burada buruna müəyyən müdaxilələr olur buruna. Amma bunu, sadəcə, fiziki qüsur olaraq düşünməyək. Çünki bunun mənəvi-psixoloji tərəfi də var ki, insanı müəyyən qədər təsir altına alır. Zərərlərinə gəlincə isə, əməliyyat ağırlaşmalarını nəzərə almasaq, müəyyən təsirləri ola bilər. Xəstənin dişlərində keyimə, qoxu almada problemlər, hissiyyatın olmaması kimi qalıcı və ya müvəqqəti problemlər müşahidə olunur.

Xəyalə Sadıqova, Şahmurad Yusifov