4 günlük müharibə Azərbaycanın hərbi gücünün nümayişinə çevrildi

0
368

Azərbaycanla Ermənistan arasında davam edən münaqişə aprelin əvvəlində lokal müharibəyə çevrildi. Erməni hərbi birləşmələrinin cəbhə xəttində hücumunun qarşısını alan ordumuz əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirdi. Dörd gün davam edən döyüşlərdə Azərbaycan Ordusu işğalçıya öz gücünü nümayiş etdirdi. Ordumuz düşmən işğalında olan bəzi əraziləri və bir neçə strateji yüksəkliyi azad etdi. Ermənistanın 300-dən artıq canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi. Ordumuz ələ keçirdiyi hərbi-strateji yüksəkliklərdə artıq möhkəmlənib. Erməni tərəfinin ağır məğlubiyyətə uğradığını qarşı tərəfin etirafı bir daha sübut edir. Belə ki, Ermənistan müdafiə nazirliyinin rəsmi məlumatına görə onlar 50-dən artıq əsgər itirib, 20-30 nəfərdən xəbər yoxdur. Bildirilir ki, döyüşlərdə texnika cəhətdən də böyük itkilər olub. 14 tank məhv edilib. Amma düşmən itkilərinin sayını gizlədir. Bu döyüşlər zamanı Azərbaycan ordusu 31 şəhid verib.

Hərbi-strateji üstünlüklər

Ordumuzun hücumu nəticəsində işğaldan azad olunan yüksəkliklər təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrini erməni hərbi birləşmələrinin hədəfində olmaqdan xilas etdi. Bundan sonra həmin bölgədəki dinc əhalinin təhlükəsiz şəraitdə yaşayışı təmin olunacaq. Bu üstünlük təmas xəttində mövcud situasiyanı bizim xeyrimizə dəyişdi. Bundan sonra Azərbaycan hərbçiləri işğal altında olan torpaqlarımızdakı erməni mövqelərini ciddi təhdid altında saxlayacaq. Yayılan məlumatlara görə, həmin ərazilərdə yerləşdirilmiş ermənilər artıq kəndləri boşaldaraq, evlərini tərk edirlər.

Misal üçün, Ermənistanın “armenreport.am” saytı aprelin 5-də hazırladığı materialda işğal olunmuş ərazilərdə yerləşdirilən ermənilərin İrəvana qaçdığını yazır. Saytın jurnalisti Slavik Qabrilyan bildirir ki, insanların və hərbçilərin gözündə qorxu var: “Onlar bunu gizlətməyə çalışsalar da, bu aydın şəkildə görünür. Ağdərə sakinləri nə edəcəklərini bilmirlər. Kəndlərdə insanların hamısı ya Xankəndiyə, ya da İrəvana qaçıb. Hətta bəzilərinin Rusiyanın Krasnador vilayətinə getdiyi də deyilir”.

Qeyd edək ki, Rusiya mediası döyüşlər başlayandan sonra Dağlıq Qarabağa yerləşdirilmiş ermənilərdən ən azı 3 min nəfərinin evlərini tərk etdiyi haqda yazıb.

Dörd günlük döyüşlərdən sonra Azərbaycan insanı özünün Qarabağ döyüşündə məğlub tərəf olmadığını gördü. Cəmiyyətdəki əhvali-ruhiyyə də bunu deməyə əsas verir. Bu, cəmiyyətdə Azərbaycan Silahlı Qüvvələrinə inamı daha da artırdı. Digər tərəfdən, xarici aləmdə də Azərbaycan Ordusunun istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarında olduğu nümayiş olundu.

Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatı ATƏT-in Minsk Qrupuna da ciddi mesaj oldu. Minsk qrupunun 20 ildən artıq davam edən vasitəçilik missiyası heç bir nəticə verməyib. Son dövrlər həmsədrlərin münaqişənin “dondurulmuş” vəziyyətdə qalmasına yönəlik addımları müşahidə olunurdu. Bu isə Ermənistana işğal etdiyi Azərbaycan ərazilərində status-kvonu davam etdirmək şəraiti yaradırdı. Bundan sonra vəziyyət əvvəlki kimi olmayacaq. Artıq beynəlxalq vasitəçilər Azərbaycana danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı müraciətlər edir, Ermənistana konstruktiv dialoq aparmaq tələbi irəli sürülür. Gözləntilərə görə, danışıqlar prosesində Azərbaycanın əli güclənəcək və münaqişəyə dair yeni təkliflər irəli sürüləcək. Bu təkliflərin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində olacağı şübhəsizdir.

Azərbaycan bu döyüşlərlə müharibə qabiliyyətinin yüksək olduğunu sübut etməklə yanaşı, həm də onu göstərdi ki, torpaqların azad olunması üçün artıq səbir etmək niyyətində deyil. Bu baxımdan, danışıqların növbəti raundunda beynəlxalq və regional güclər Ermənistandan işğal etdiyi əraziləri boşaltmağı tələb edə bilərlər.

ATƏT-in Minsk Qrupu müharibə variantının real olduğunu görərək, mövcud status-kvonun davam edə bilməyəcəyini anladı. Hazırki vəziyyətdə Azərbaycan qalib, Ermənistan isə məğlubdur.

Hazırda beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb, ölkəmizin mövqeyi möhkəmlənib. Azərbaycan Prezidentinə xaricdən olan müraciətlər, dəstək bəyanatları bunu bir daha təsdiq edir. Bu vəziyyətdə Azərbaycan danışıqlar prosesinə də üstün tərəf kimi gedir və bunun məntiqi nəticəsi də tam realdır. Bu vəziyyət prosesin ikinci mərhələsinin uğurla reallaşdırılmasına kömək edəcək. Azərbaycan cəmiyyəti də bu prosesdə dövlətin yanında olmalı və bütün mümkün vasitələrdən istifadə edərək, ermənilərə qarşı informasiya müharibəsi gücləndirilməlidir.

Onu da deyək ki, ordumuzun uğurları nəticəsində erməni tərəfi çıxılmaz vəziyyətdə qaldı. Belə bir vəziyyətdə Rusiyanın təşəbbüsü ilə atəşkəs elan edildi.

Aprelin 5-də atəşin dayandırılması ilə bağlı razılaşma torpaqlarımızın qısa vaxtda azad olunmasını arzulayan cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Belə ki, səngərdə döyüşlərin getdiyi bir vaxtda mövqeyindən, yaxud düşüncəsindən asılı olmayaraq, bütün cəmiyyət bir yumruq kimi birləşmişdi. Bu baxımdan, cəmiyyətdəki müharibə çağırışlarını, hərbi ritorikanı anlamaq mümkündür. Amma mövcud dünya reallığında ehtiyatlılıq əsas məsələdir. Hazırki situasiya göstərir ki, Azərbaycan atəşi münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunması və danışıqlar xatirinə müzakirələrin aparılmaması şərti ilə dayandırıb. Deməli, daha az itki verməklə ərazi bütövlüyümüzün sülh yolu ilə həllinə zəmin yaradılıb. Ordumuzun Ermənistan üzərində üstün mövqedə olduğunu nəzərə alaraq, müharibənin davam etdirilməsini istəyənlərin mövqeyi də başadüşüləndir. Lakin müharibənin davam etməsinin hansı əks-effektlər törədə biləcəyi də nəzərə alınmalıdır. Ən azından müharibədə itki qaçılmazdır. Bu itkilərdən qaçmaq içün danışıqlar yolu məqbul variantdır.

Mövcud situasiyada Azərbaycan qarşı tərəfin səhv edərək başlatdığı lokal müharibədə ilkin məqsədinə nail oldu. Müəyyən ərazilər düşməndən təmizləndi. Ermənistana işğal etdiyi ərazilərdə möhkəmlənə bilməyəcəyi real olaraq çatdırıldı. Beynəlxalq ictimaiyyət münaqişənin “donmuş” olmadığını anladı və diqqəti bura cəmləndi. Bu manevrlə 20 ildir yerində sayan danışıqlar prosesini “yuxudan oyandırdı”.

Artıq birinci mərhələ uğurla başa çatdı. İndi ikinci mərhələ – danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başlayır. Bunu Sergey Lavrovun Bakıda apardığı danışıqlar da sübut edir. Lavrov 5 rayonun azad edilməsinin vacibliyini bilidirib və bu əsasda da danışıqların davam etdiriləcəyini deyib. ATƏT Minsk Qrupunun Bakıya səfəri zamanı da Azərbaycan torpaqlarının azad edilməsinin vacibliyi vurğulandı. Bu isə Ermənistanın işğalçılıq siyasətinə vurulan böyük zərbə oldu. Beləliklə, Azərbaycanın növbəti mərhələdə öz toprpaqlarını tam şəkildə azad edəcəyi gün uzaqda deyil.