Devalvasiya həyatınıza necə təsir edib?

0
267

Xatırlayırsınızsa, ikinci devalvasiyanın baş verdiyi gün əksər insanlar böyük marketlərə axışdılar. Hər kəs qiymətlərin bahalaşacağını bildiyi üçün bazarlıq edib, ehtiyat tədbiri görməyə çalışırdı. Sonra dollar yenə bahalaşdı. Dollarla kredit götürənlərin vəziyyəti daha da pisləşdi. Beləcə, insanların müəyyən bir qisminin yaşayış səviyyəsi aşağı düşdü. Devalvasiyadan sonrakı mərhələdə ərzağın qiyməti bahalaşdı. Bir çox ailələrin gəlirləri azaldı, işsizlərin sayı artdı. Yəni uzun sözün qısası, devalvasiya insanların həyat şəraitini çətinləşdirdi. Bu mövzuda çox yazılar işləmişik, lakin bu dəfə belə qərara gəldik ki, mövzuya vətəndaşların öz dilindən aydınlıq gətirək. Odur ki, video kameramızı və fotoaparatımızı götürüb paytaxt sakinləri arasında sorğu keçirdik. Açığı, çox adam danışmaqdan, fikir bildirməkdən çəkindi. Amma suallarımıza cavab verənlər də oldu. Vətəndaşlara 3 sualla müraciət etdik. Kimisi bütün suallarımızı, kimisi də bəzilərini cavablandırdı.
1. Devalvasiya həyatınıza necə təsir edib?
2. Ali Məhkəmənin sədri açıqlama verib ki, bankların yalnız dollarla kredit vermələri qanuna ziddir. Bir vətəndaş olaraq, bu barədə nə düşünürsünüz?
3. Necə dolanırsınız?

Mürşüd Səlimov (təqaüdçü):
1. Mənə heç bir təsiri olmadı. Çünki mən öz təqaüdümlə dolanan adamam. Uşaqlarım Allaha şükür işləyirlər, dolanıram. Ancaq, ümumiyyətlə, xalqa çətinlik oldu. Çox şeyin qiyməti bahalaşdı. Hətta yerli məhsulların da qiyməti artdı. Günü-gündən bahalaşma davam edir. Bu tək bizim üçün yox, bütün dünya üçün belə oldu. Allah Prezidentimizin canını saxlasın, yenə xalqın qeydinə qalır. Amma istər-istəməz çətinlik var. Ellə gələn qadaya nə demək olar? Bütün dünyada varsa, deməli, bizdə də olmalıdır. Çətinliyə dözməliyik.
2. Vallah, kredit götürmürəm. Ancaq onu deyə bilərəm ki, kredit milli valyuta ilə verilməlidir.

Niyaz Orucov (təqaüdçü):
1. Çox pis, çox pis. Çünki kredit götürmüşdüm, borcum ikiqat artdı, ödəyə də bilmirəm. Manat krediti idi, pulu alanda dollara çeviriblər, mənim xəbərim olmayıb. Mən nə bilim ki, dollar belə olacaq.
2. Əlbəttə, düz deyirlər. Milli valyuta qala-qala kredit niyə dollarla verilməlidir? Amma Ali Məhkəmənin sədri bunu gərək əvvəldən deyərdi.

Elşad Abdullayev (gənc valideyn):
1. Çox pis. Hər şeyin qiyməti qalxdı. Uşaq ehtiyaclarının qiyməti bahalaşdı. Məsələn, süni uşaq qidasını əvvəllər 8 manata alırdım, indi 10 manat 60 qəpiyə alıram. Uşaq bezinin də qiyməti qalxdı. Azərbaycanda istehsal olunan məhsulların qiyməti bahalaşıb. Guya bizdə istehsal olunan məhsulların qiyməti qalxmamalı idi…
2. O barədə bir söz deyə bilmərəm. Kreditlə alış-verişim olmayıb.
3. Pis. İş yoxdur. “Gilan İnşaatda” qaynaqçı işləyirdim, çıxardılar işdən. Guya öz istəyimlə çıxmışam…

Babək müəllim (təqaüdçü):
1. Əlbəttə, çox pis. Bunu həyatımızın hər sahəsində hiss elədik.
2. Bəli, əslində dollarla verilməməli idi. Bunu o vaxtdan deyəydilər gərək. İndi gör dollarla kredit alanlar nə günə düşüblər.
3. Dolanmaq? (fikrə gedir). Bir az çətin sualdır. Hamı istəyər ki, yaxşı dolansın. Amma ümumi bir ortaq məxrəc olmalıdır. Yəni minimum əməkhaqqının nə səviyyədə olmasından asılıdır. Bizim gündəlik tələbatımızla gəlirimiz üst-üstə düşürmü? Əsas budur.

Hümbətova Roza (təqaüdçü):
1. Çox pis. Mən təqaüdçüyəm. Mühəndis işləmişəm. Az təqaüd alıram. Bu il bir az artandan sonra 170 manat oldu təqaüdüm. Mən tək yaşayıram. Bu pulla neyləyə bilərəm?! Hər şey bahalaşıb. 170 manatla kommunal xərclərimi ödəyim, həkimə gedim, yemək-içmək alım? Nə edim, hansını edim? Şəxsən mənim vəziyyətim çox pisdir. Həkimə gedə bilmirəm, müalicə oluna bilmirəm. Adi təcili yardım çağıra bilmirəm. Heç olmasa, yerli məhsulları baha satmasınlar. Onu ki xaricdən almırıq…
2. Düzdür. Gərək əvvəldən dollarla verilməyəydi. Dollar bahalaşanda camaata kömək eləyəydilər. Vəzifəli şəxslər bunları düşünməlidirlər.
3. Çox çətin dolanıram. Mən işləyən vaxt maaşlar az idi deyə təqaüdüm də azdır. 170 manat təqaüdün yarısını ərizə yazmağa xərcləyirəm ki, özümü rüşvətxor məmurlardan qoruyum. Vəziyyətim çox pisdir, həkimə gedə bilmirəm, quru çörəyi güclə tapıram. Ona görə Prezidentə məktub yazıram ki, səsimi eşitsin, rüşvət alan məmur cəzalansın. Yoxsa, xarici ölkələrdən sığınacaq alacağam.

Elnur Qədirli (gənc):
1. Devalvasiyanın həyatıma təsirini hiss eləmədim. Aylıq gəlirim o qədər aşağıdır ki, onsuz da çatmırdı. Yüksək olsaydı, bəlkə, hiss edərdim. Bahalaşma oldu, düzdür.
2. Qanunda elə bir bəndin olduğu haqda məlumatım yoxdur. Amma hesab edirəm ki, dollarla kredit verilməsi əhali üçün sərfəli deyil. Çünki dolların qiyməti oynadıqca ziyan kredit götürən adamlara olur.
3. Dolanışığım məni tam qane etməsə də, normal dolanıram. Amma daha da yaxşı dolanmaq istəyirəm.

Elçin Hümbətov (gənc valideyn):
1. Devalvasiya ölkəmizdə hamımızın həyatına təsir etdi. Qida məhsullarının qiyməti qalxdı. Hətta ilk vaxtlarda camaat marketlərdən xeyli bazarlıq elədi ki, birdən daha da bahalaşar. Bu onu göstərir ki, ölkədə inam yoxdur. Uşaq ehtiyacları, dərmanlar da bahalaşdı.
2. Düzdür, milli valyutanı saxlayıb, dollarla kredit vermək səhvdir. Belə olmamalıdır. Vətəndaşların rahatlaşması üçün tədbirlər görmək lazımdır. Əgər qanuna ziddirsə, onda qanunsuzluq eləyən bankları cəzalandırsınlar, belə qalmasın. Danışılır, amma konkret nəticə yoxdur.
3. Dolanmaq deyəndə ki, hamı birtəhər dolanır. Baxır necə? Vəziyyətimiz daha da yaxşı ola bilər əslində. Biz varlı ölkədə kasıb yaşayan adamlarıq.
Sorğunu apardılar:
Rasim Məmmədli, Nicat İntiqam.