Haqq yerini tapacaq

0
241

Ayaq tutub çox yeriməz yalanlar,
And içsə də adam olmaz filanlar,
Zəhərini heç udarmı ilanlar?
Hər kəs, əlbət, yoğurduğun yapacaq,
Əvvəl-axır haqq yerini tapacaq.

Dünya deyir: – Baş qoşmayın, dəlidi,
Bu “zavallı” qan içəndi, zəlidi,
Yumruq deyil, kimlərinsə əlidi,
Hər kəs, əlbət, yoğurduğun yapacaq,
Əvvəl-axır haqq yerini tapacaq.

Canavardı , necə deyək: – İtə bax,
Təngə gəlib nəfəsindən dərə, dağ,
Tüpürəcək onu bir gün Qarabağ,
Hər kəs, əlbət, yoğurduğun yapacaq,
Əvvəl-axır haqq yerini tapacaq.

Oynadıqca hər havaya, çaldılar,
Ay erməni, səni tora saldılar,
Bu hiyləyə özləri mat qaldılar,
Hər kəs, əlbət, yoğurduğun yapacaq,
Əvvəl-axır haqq yerini tapacaq.

Yerin vardı süfrəmizin başında,
Millətimin gözü üstdə, qaşında,
Təmkini var torpağın da, daşın da,
Hər kəs, əlbət, yoğurduğun yapacaq,
Əvvəl-axır haqq yerini tapacaq.

Anlamırsan, ya gözlərin kordumu?
Qaraqarğa, zibilləmə yurdumu,
Qoruyacaq Allah mətin ordumu,
Hər kəs, əlbət, yoğurduğun yapacaq,
Əvvəl-axır haqq yerini tapacaq.

Cənnət ola – gözüm yoxdu Yəməndə,
Bil, tamahın saldı səni kəməndə,
Süslənəcək “Xarı bülbül” çəməndə,
Hər kəs, əlbət, yoğurduğun yapacaq,
Əvvəl-axır haqq yerini tapacaq.

Rahib Alpanlı