Qonaqlıqlı ön sözlər

0
451

Bilmirəm, fikir vermisiniz, ya yox. İndi şairlik eşqinə mübtəla olanlar 5-10 cızmaqara ərsəyə gətirən kimi kitab nəşr etdirmək fikrinə düşürlər və bunu da gerçəkləşdirirlər. Üstəlik, bəh-bəhlə təqdimatını keçirirlər. İnsafən, indi məmləkətimizdə kitab çap etdirmək su içmək kimi bir şeydir. Belə kitab nəşr edənlərin isə sayı-hesabı yoxdur. Onlar kitablarını urvatlı etmək məqsədi ilə yeni bir üsul seçiblər. Bu üsul da bundan ibarətdir: kitablarının ön sözlərini tanınmış şair və nasirlərə “etibar” edirlər. Başına döndüyüm həmin şair və nasirlər də yazdıqları ön sözlərdə kitab müəlliflərini qaldırıb qoyurlar ədəbiyyat aləmimizin zirvəsinə. Odur ki, belə kitablardan söz düşəndə müəllifləri deyirlər ki, baxın, görün mənim poeziya aləmim o qədər cahanşümuldur ki, hətta ona filankəs ön söz yazıb. Halbuki ərsəyə gətirdikləri söz yığınından başqa bir şey deyil.

Bu girişdən sonra keçirəm mətləbimin canına. Bəli, bu günlərdə belə kitablardan birini vərəqləmək məcburiyyətində oldum. Müəllifin bir neçə mənasız şeirini oxuyub, bir kənara atmaq istəyəndə (mən, adətən, belə kitabları arxadan vərəqləyirəm) ön sözün müəllifinin kimliyini öyrənmək fikrinə düşdüm. Həmin şəxs tanıdığım şairlərdən biri idi. Sanki məni cin vurdu. Kitabı hirslə bir kənara atıb, tanış şairin qarasınca deyinməyə başladım: “Qardaş, bu sənə lazım idi? Gül kimi şairsən. Axı özünü niyə belə urvatsız edirsən? Ad-sanına niyə ləkə gətirirsən?”

Uzun sözün qısası, şairin qarasınca nə qədər danışsam da, ünvanına ədəbiyyat naminə bir neçə “xoş” söz göndərsəm də, əsəblərim sakitləşmədi. Heç atdığım həblər də kömək etmədi. Əksinə, təzyiqim kəlləcarxa çıxdı. Dedim, yox e… əsəblərimlə oynayan həmin tanışıma zəng edib, onu abrını ətəyinə bükməsəm, ürəyim partlayacaq.

Şair telefonun dəstəyini qaldıran kimi salam-kalamdan sonra dedi:

– Sən mənə elə-belə zəng edən deyilsən, görəsən gün hansı tərəfdən çıxıb?

Mən onun bu sualından məharətlə istifadə edib, elə birbaşa keçdim mətləbə:

– Sənin ön söz yazdığın kitab tərəfdən.

Bu gözlənilməz cavabdan sonra şairin səsinin tonu tam dəyişsə də, əhvalını korlamaq istəmədı:

– Buna nail olmuşamsa, böyük bir savab etmişəm ki…

– Vallah, sənin yerinə mən xəcalət çəkdim. Olmaya, yeni biznesə girişmisən xəbərimiz yoxdur? Axı necə oldu ki, sən belə bir işin altına girdin? Poeziya aləmindən xəbərsiz olanı qaldırıb qoydun dağın başına?!.

– Vallah, keçə bilmədim?

– Nədən, kimdən?

Şair dərindən bir ah çəkib verdiyim sualı cavablandırmağa çalışdı:

– Həmin kitabın çapından əvvəl bir məclisdə idim. Məclisdəkilərdən biri söylədiyim şeirdən feyzyab olduğunu dilə gətirərək mənimlə daha yaxından tanış olmağını istədi. Mən, təbii ki, etiraz etmədim. Bundan xoşallanan həmin adam məclisin sonunda: “Şair, bu tanışlığımızı bir qonaqlıqla yumasam, mənə nuş olmaz, qoy tarixə çevrilsin görüşümüz”, – deyərək məni qonaqlığa dəvət etdi. “Yox” deyə bilmədim. Uzun sözün qısası, bir neçə gündən sonra verdiyi qonaqlıqda özünün şairliyindən o ki var söz açdı. Və kitabına ön söz yazmağımı dönə-dönə xahiş etdi. Mən də onunla kəsdiyim “duz-çörək”, daha doğrusu, qonaqlıq naminə etiraz etmədim. Bir də indi bu işlə məşğul olan tək mən deyiləm ki…

Mən: “Bir qonaqlığa poeziyanı bu günə qoyanlarla, hər cızmaqara yazanları Nizami, Füzuli, Səməd Vurğunla tay tutanlarla yoxam. Bu, adlarını çəkdiyim və çəkmədiyim sənət adamlarına hörmətsizlikdən başqa bir şey deyil”, – deyib telefonu söndürdüm.

Amma onunla söhbətdən mənə bəlli oldu ki, sən demə, poeziya aləmindən xəbərsizlərin kitablarına yazılmış bütün ön sözlər belə yeyib-içməklərin, yaxud alverlərin bəhrəsi imiş.

Qvami Məhəbbətoğlu