Müdrikliyin yaşı yoxdur!

0
273

Bir neçə ay əvvəl, uzun illər dostluq etdiyim, müəllim yoldaşım Rahib Sədullayevin (Alpanlı) altıncı kitabı – “Yaxşılığın göz yaşları” işıq üzü görüb. Mətbuatda aktual mövzularla tez-tez çıxış edən, gözəl şeirlərin müəllifi olan Rahib müəllimin bu kitabı məni özünə məftun etdi. Kitabda toplanmış hekayə və məqalələri oxuduqca şirin yuxu kimi ondan ayrılmaq istəmirsən, xəyallara qapılaraq keçmişə – uşaqlıq illərinə baş vurursan. Hər sətrində Vətən sevgisi, təbiilik olan bu kitabı oxuduqca gözlərimiz qarşısında ucsuz-bucaqsız çəmənliklər, meşələr canlanır, qulaqlarımızda axan suyun şırıltısı, quşların cəh-cəhi eşidilir; isti təndir çörəyinin, acı yovşanın ətri, şor dürməyinin dadı duyulur.

Rahib müəllim qarşımızda olub hər gün təmas etdiklərimizi, lakin görə bilmədiklərimizi çox böyük ustalıqla, rəssam kimi bizə göstərir. Vətənimizi, üzərində yaşadığımız torpağın gözəlliklərini tanıdır, bütün bunların qədrini bilməyə çağırır.
Hekayələrin ana xəttini son illərdə çox böyük sürətlə aşınan mənəviyyatımızın xilas edilməsi, insanların mənəvi-əxlaqi, insani tərbiyəsi təşkil edir: “insanlığın kor-koranə üz tutub getdiyi uçurumun çox da uzaq olmaması fikri hisslərimizə toxunmaya bilmir” (Aysberq, səh.42). Bugünkü gənclərin övladlarının əxlaqi tərbiyəsi necə olacaq, Allah bilir” söyləyən Rahib müəllim cəmiyyətimizin gələcəyi üçün çox narahatdır.
Hekayələri oxuduqca sizə elə gələ bilər ki, Rahib müəllim öz uşaqlıq və gənclik xatirələrini qələmə alıb, oxumağa davam etdikcə bu sadə söhbətlərin arxasında olan dərin məna, xalq fəlsəfəsi, Quran fəlsəfəsi duyulur, bütün bunlar insanı düşünməyə məcbur edir, mənəviyyatını saflaşdırmağa, kamilləşməyə çağırır.
Müəllif cəmiyyətimizdə neqativ halların baş verməsini tərbiyənin düzgün qurulmaması ilə əlaqələndirir: “Düzgün olmayan tərbiyə yad bir şəhərdə hara gedəcəyini bilməyən qəribə bənzər insan yetişdirir” (Aysberq, səh 44).
“Dərsə gedən hər bir uşaq ailədən pərvazlanıb, məktəbdə formalaşsa da, cəmiyyətdə cilalanır” söyləyən Rahib müəllim həyəcan təbili çalaraq tərbiyəsiz, mənəviyyatsız cəmiyyətin uçuruma gedəcəyi xəbərini bizə çatdırır.
Rahib müəllim hekayələrində insanları haqq-ədalətə, doğruluğa, halallığa son zamanlar cəmiyyətimizdə geniş yayılmaqda olan ələbaxımlıq və dilənçilik psixologiyasından uzaqlaşmağa çağırır:
Nə ağla, nə döy başını,
Sünbül kimi əy başını.
Əzizlə, dost-qardaşını,
Bircə saman, dən istəmə.
Yenə göydən ulduz axdı,
Sönüb getdi, kimin baxdı?
Rahib, bil ki, ölüm haqdı,
Şəhid ol-kəfən istəmə.
Bir oxucu kimi deməliyəm ki, hər sətrində Allah sevgisi və təbiilik duyulan “Yaxşılığın göz yaşları” kitabı fəlsəfi cəhətdən dərin məna kəsb edib, çox böyük tərbiyəvi gücə malikdir.
Rahib müəllim xalqın müəllimidir, o bu adı lap çoxdan qazanıb. Keçmiş şagirdləri ilə görüşəndə ona diqqət edin: sinəsinin sürətlə qalxıb-endiyini, gözlərinin yaşla dolduğunu, fərəhindən pərvazlanıb uçmaq istədiyini görərsiniz. Rahib müəllimin qəlbi nurla doludur. Onun üzərində əks olunan nur-ziya, qələmindən çıxan əsərlərə hoparaq gəncliyimizə haqq-ədalət, kamilləşmək yolunu göstərir, mayak kimi zülməti yararaq aydınlığa aparır. Hamı, heç pedaqoji təhsili olmasa belə, sinfə girib dərs deyə bilər, başqasına öyüd verməyə nə var ki, ancaq müəllim ola bilməz. Müəllimlər, şairlər, rəssamlar həyatda yaranmır, doğulurlar. Rahib Sədullayev də anadan müəllim doğulub.
Nədənsə biz çox vaxt müasirlərimiz olan dahi insanları layiqincə qiymətləndirmirik, çünki onları dərk edə bilmirik, bəlkə də, dərk etmək istəmirik. Rahib müəllimin sözləri ilə desək: “Bizləri olduğumuz kimi görmək istəmədikləri halda, özlərini olmadıqları kimi etdirməyə çalışanları Allah islah eləsin” (Bal əfsanəsi. Səh.51).
Bəzən 60 yaşı müdriklik yaşı adlandırırlar, Rahib müəllim isə müəllimliyə başlayanda elə müdrik idi. Onu başqa peşədə təsəvvür etmək mümkünsüzdür. O, gənclik dövrünü yaşaya bilməyib, müəllimlik-müdriklik dövrünü yaşayıb. Cəmiyyətimiz, xüsusilə gəncliyimiz Rahib müəllimdən yeni-yeni əsərlər gözləyir. Ona cansağlığı, həyat və yaradıcılığında uğurlar arzu edirik!
Yunis Əlihüseynov, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının müəllimi.