“Get-gedə futbolumuz iflasa uğrayır”

0
276

 

Bir neçə il bundan əvvəl Azərbaycan futbolunda ad çıxaran “Karvan” daha sonra müəyyən səbəblərə görə fəaliyyətini dayandırmalı olmuşdu. Yevlax təmsilçisi qısa fasilədən sonra ötən mövsüm yenidən futbola qayıtdı və I divizionda mübarizəyə qoşuldu. Lakin çox keçmədi ki, problemlər yenidən baş qaldırdı. Maliyyə problemləri mövsümün sonunda klubda daha çox hiss olunurdu və komandanın növbəti mövsüm çıxış edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir. Elə bu məsələni dəqiqləşdirmək üçün komandanın baş məşqçisi Kənan Kərimova müraciət etdik.

– “Karvan”ın gələcək taleyi necə olacaq, dəqiqləşən nəsə var?

– Hazırda dəqiqləşən heç bir şey yoxdur. Hamı istirahətdədir. Komandanın yaşamağı da sual altındadır.

– Rəhbərlik sizinlə bu barədə görüş keçiribmi və ya belə bir görüş gözlənilirmi? Ümumi mənada hazırkı vəziyyət nə zaman həllini tapar?

– Yox, rəhbərlik mənimlə görüş keçirməyib. Mən bu barədə dəqiq nəsə deyə bilmərəm. Ən yaxşısı siz klub rəhbərliyi ilə əlaqə yaradın. Onlar yəqin ki, sizə bu barədə daha ətraflı məlumat verə bilərlər. Dəqiq sözü klub prezidenti deyə bilər.

– Bölgə klublarında maddi çətinliklər son bir neçə ildə ən aktual problemlərdəndir. Xüsusən də qərb bölgəsində artıq futbol “ölür” deyə bilərik. Siz bu duruma necə şərh gətirərdiniz?

– Azərbaycan futbolunu bölgə futbolu olmadan təsəvvür etmək qeyri-mümkündür. Mən həmişə bu məsələni vurğulamışam. İndi bizdə futbolun inkişafından danışırlar. Amma bunların hamısı kağız üzərində olan sözlərdir. Mənə görə vəziyyət belədir. Gəlin 2004-cü ili xatırlayaq. Ən maraqlı çempionat həmin il keçirilmişdi. Həm azərbaycanlı futbolçular çox idi, həm də bölgələrdə futbola maraq var idi. Amma bu gün elə “Karvan”ın vəziyyəti çox şeydən xəbər verir. Halbuki bu klub UEFA kubokunda mərhələ adlamış,ölkə çempionatında 2-c yeri tutmuş, kubokun finalında oynamışdı. Amma indi acınacaqlı durumdadır, yaşamağı sual altındadır. Belə olan halda hansı inkişafdan danışa bilərik ki? İmişlisi, Mingəçevir, Gəncə, Tovuz komandaları çempionata rəng qatırdılar. Əgər futbolumuza rəngarənglik gətirən bölgə klubları çempionatda yoxdurlarsa, hansı inkişafdan danışa bilərik?

– Siz futbolun daxilində yetişmiş insanlardansınız. Ancaq məlumdur ki, indi Azərbaycanda futbola daha çox kənar sahələrdən gələnlər rəhbərlik edirlər. Bu problemləri həll etmək üçün çarə nə ola bilər? Sponsonları zorla tutub gətirmək olmur axı…

– Əlbəttə ki, bu barədə dövlət proqramı var. Bu sənəd kağız üzərində qalmamalıdır, onu həyata keçirmək lazımdır. Əgər bölgələrdə futbol yoxdursa, heç kim bu sahəyə marağın artmasını gözləməsin. Belə olan halda heç kim tribunaların dolmasını gözləməsin. Limit məsələsi, öz məşqlərimizə güvənməmək və s. problemlər var. Məncə, get-gedə bizim futbolumuz iflasa uğrayır. Elə məşqçilərimiz var ki, qalıblar kənarda, amma klublar gedib kənardan səviyyəsiz məşqçiləri dəvət edib onlara kifayət qədər şans tanıyırlar. Yaxşı büdcə ayırırlar, nəticədə olmayanda isə əlini sıxıb ona yaxşı yol deyirlər. Bu gün yerli məşqçilərimizə şans verməlidir ki, futbola maraq artsın. Elə tamaşaşılar var ki, oyuna gələndə bilmirlər ki, hansı komandalar oynayırlar. Ona görə ki, meydançada Azərbaycan futbolçular yox dərəcəsidədir. Yerlilərə şans tanınmalıdır, çünki elə olanda onun dostu, qohumu, qardaşı və s. yaxınları oyunlarını izləməyə gələcəklər.

Tribunalar necə doldurulmalıdır? Elə olan halda camaat futbola baxmağa gəlir da. Amma indi səviyyəsiz legionerləri yığırlar meydançaya, tamaşaçıların da heç bir marağı olmur. Belə davam etsə, elə tribunlar da həmişə boş qalacaq. Heç kim gözləməsin ki, tribunalar dolacaq. Nə qədər ki, bölgələrdə futbol olmayacaq, Azərbaycan futbolundan danışmağın heç bir mənası yoxdur.

– Bir az da müsbət hadisələrdən danışaq. Yəqin ki, dünya çempionatını izləyirsiniz. Gedişat ürəyinizcədir?

– Təbii ki, izləyirəm. Elə şey olar? Saat fərqi var, amma biz futbolun içindən çıxmış adamlarıq və bu amil bizə problem deyil. Neçədə olmasından asılı olmayaraq oyunları izləyirəm. Maraqlı oyunlar gedir, sürpriz komandalar da var. Artıq bunu Kosta-Rika yığması sübut edə bilib. Onlar göstərdilər ki, autsayder komanda yoxdur və bilmək olmaz ki, qrupdan hansı komanda çıxacaq. Hələ mübarizə yeni başlayıb. Hollandiya gözlənilmədən İspaniyanı darmadağın etdi. Avropa və dünya çempionları üzərində bu qələbə çempionata marağı da artırdı. Hələ ki, heç kimi siyahıdan silmək olmaz, yəqin ki, sürpriz komanda da qabaqda üzə çıxacaq.

– İspaniya – Hollandiya oyunu göstərdi ki, artıq çox qaçmayan komandalara futbolda yer yoxdur. Sizcə artıq futbolda İspaniya dövrü yekunlaşır?

– Futbolun hər üzü var. İspaniyada ikinci qolu vurmaq imkanı oldu, David Silva ilə. Əgər o qol olsaydı, oyun tamam başqa istiqamətdə davam edəcəkdi. Hollandiya həmin qoldan sonra oyundan qopa bilərdi. Amma o da var ki, İspaniya Avropa çempionatına da məğlubiyyətlə başlamışdı. Düşünümrəm ki, İspaniyanı indidən silmək olar. Məncə, İspaniya növbəti oyunlarda özünü göstərib, məğlubiyyəti unutduracaq.

– Favoritiniz kimdir?

– Hələ Argentinanın oyunu gözləyirəm. Görək çempionata necə başlayacaqlar. Əvvəlki çempionatlarda olduğu kimi, Braziliya, Argentina, İspaniya, Hollandiya ola bilər. Dəqiq bir favoritim yoxdur. Bu komandalardan hansı daha maraqlı çıxış etsə, ona da azarkeşlik edəcəyəm.

– Son olaraq Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan danışaq. Ümumi mənada 4 klubdan nə gözləyirsiniz?

– Karyeramın çox böyük hissəsi “Qarabağ”la bağlıdır. Orada yetişib, uzun illər oynamışam. “Qarabağ”dan çox şey gözləyirəm. Düzdür, elə də çox maraqlanmıram ki, hansı klub kimi alıb və ya kimi yola salıb. Ötən mövsüm bircə “Qarabağ” baxımlı oyun göstərirdi. Həm yerli, həm də legioner futbolçuları səviyyəlidirlər. Bir az daha güclənsələr, məncə lazımi mərhələləri adlaya biləcəklər.

– Bəs “Neftçi”, “İnter” və “Qəbələ”?

– Bu klublar barədə dəqiq fikir səsləndirə bilmərəm. “Qəbələ” yeni məşqçi gətirib. Hər gələn məşqçi öz sistemini qurur, öz istədiyi futbolçuları gətirir. Hamı yenilik axtarır.Mən bütün klublarımıza uğurlar arzulayıram. Biz də istəyərik ki, hər bir klubumuz mərhələ adlayıb həm xalqımızı, həm də futbol azarkeşlərini sevindirsin.

Harun Sadıqlı

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here