Yuxuda edilən böyük kəşflər

0
245

Elm və texnikanın sürətli inkişafı özü ilə eyni zamanda çoxlu özünəməxsus müəmmalar da gətirib. İş orasındadır ki, əksər məşhur elm adamları adi vaxtda tapa bilmədikləri elmi kəşfləri yuxularında görüblər. Bəlkə də elə buna görə hələ qədim zamanlardan insan beynini sirlərlə dolu tükənməz həyat mənbəyi adlandırıblar. Yuxuda edilən məşhur kəşflərdən danışmazdan əvvəl onu deyək ki, həyatda bütün insanların əksəriyyəti başına gələcək hər hansı bir hadisəni əvvəlcədən yuxuda görür və bu yuxuların böyük əksəriyyəti düz çıxır. İnsan yatmazdan əvvəl hər hansı bir hadisə barədə fikirləşirsə və yatanda belə onu yadından çıxara bilmirsə, yuxuya gedəndən sonra beyin bununla bağlı sanki ona nə isə “yol göstərir” və sanki nə etməli olduğu və ya nə ilə üzləşəcəyi barədə ona xəbərdarlıq edir. Lakin insanların heç də hamısı bunu ciddi qəbul etmir və yalnız iş-işdən keçəndən sonra gördüyü həmin yuxunu xatırlayır. Necə deyərlər, məşhur yunan filosoflarından birinin dediyi kimi kainatın bütün sirləri insan beynində gizlənib. Sadəcə olaraq, bizim üzərimizə düşən vəzifə ona açar tapa bilməkdir.

XVIII əsrdən başlayaraq sivil inkişafa təkan verən əksər elmi kəşflər məhz yuxugörmələr nəticəsində meydana çıxıb. Aşağıda onlardan bəziləri ilə sizləri tanış edirik…

Dahilərin yuxudakı kəşfləri

1596-1650-ci illərdə yaşayan məşhur fransız alimi, fiziki və riyaziyyatçısı Rene Dekartın kəşflərini yuxuda gördüyü məlumdur. O hələ 23 yaşından başlayaraq elmi kəşflərini yuxuda etdiyini dönə-dönə vurğulayırdı. Buna inananlar da olurdu, inanmayanlar da. Amma Dekartın elmi kəşfləri həmin dövrdə fizika elminin inkişafına yeni təkan verərək günümüzdəki böyük elmi tapıntıların əsasını qoydu. Bununla bağlı Dekart yazırdı: “1619-cu ilin noyabr ayının 10-da yuxuda əlimə kitab verdilər. Orada yazılmışdı: Mən hansı yolla getməliyəm? Sonra gözlərim önündə sanki yeni bir lövhə açıldı, hansısa səslə mənə izah etdilər ki, bütün elmlər bir-biriləri ilə sıx əlaqədədirlər və mən ilk növbədə onlar arasında əlaqəni tapmalıyam. Hər hansı kəşfimi etməzdən əvvəl yuxumda bu məqsədə necə nail ola biləcəyimi görürdüm və ya kimlərsə sanki mənə kəşfə gedən yolu izah edirdilər. Mən onda anladım ki, insanın tapa bilmədiyi sirr yoxdur”. Hər halda yuxuda gördüyü kəşfləri real həyatda sınaqdan çıxarması Dekartı dünyanın ən məşhur fizikinə və riyaziyyatçısına çevirdi.

Məşhur alman kimyaçısı Fridrix Avqust Kekule gənclik illərindən benzolun molekulyar strukturunu tapmaq üçün gecə-gündüz bilmədən çalışırdı. Lakin onun bütün cəhdləri boşa çıxırdı. Buna baxmayaraq Kekule haçansa benzolun molekulyar strukturunu tapacağına inanaraq yenə də axtarışlarını davam etdirirdi. Alimin özünün sonralar etiraf etdiyinə görə bu axtarışlar onu o qədər özünə cəlb etmişdi ki, gecələr yatanda belə bu barədə fikirləşirdi. Bəzən yuxuda axtardığını tapdığını görürdü, ancaq necə tapdığını sonra heç cür xatırlaya bilmirdi. Bu, 1865-ci ilin soyuq qış gecələrindən birinə kimi davam etdi. Həmin gün həddindən artıq yorulan və artıq axtardığını tapmaqdan ümidini kəsməyə başlyan Kekule işdən evə gələn kimi uzanaraq yorğunluğunu azacıq da olsa, almaq istədi. Hər halda artıq axtarışlarını mənasız hesab edərək benzolun molekulyar strukturu ilə bağlı araşdırmalarını dayandırmaq niyyətində idi. Amma sən saydığını say, gör belə demək mümkünsə insan beyni nə sayır… Yuxuya gedəndən az sonra o yerindən dik atılaraq “Tapdım” deyə sevinc içində qışqırdı. Ertəsi gün Kekule laboratoriyada benzolun molekulyar strukturunu taparaq ona böyük elmi şöhrət gətirən kəşfini etdi. Sonralar kəşfi yuxuda etdiyi barədə alim yoldaşlarına danışanda az qala onu dəli yerinə qoydular. Çoxlarına elə gəldi ki, Kekule ağlını itirməkdədir. Lakin elmi konfranslardan birində Kekule yeni kəşfini yuxuda tapdığını deyəndə bunu sakit qarşıladılar. Çünki alimin ağlının yerində olduğu, olduqca səlis və dəqiq danışdığı aydın hiss olunurdu. Bununla bağlı Kekule belə demişdi: “Elmi axtarışlarımın nəticə verməyəcəyini görüb, bu mənasız və üzgün işdən əl çəkmək qərarına gəlmişdim. Bu fikirlə də yorğun-yorğun yatağa uzandım. Bilmirəm, nə üçünsə yuxuya gedən kimi gözlərim önündə atomlar atılıb-düşməyə başladılar. Onlar böyük bir ilana oxşayırdılar. Mən belə demək mümkünsə, atomların rəqslərini maraqla izləyirdim. Birdən gördüm ki, ilanlardan biri quyruğunu tutaraq gözümün qabağında rəqs etməyə başladı. Məni sanki ildırım vurdu, dərhal yuxudan oyandım. Mən anladım ki, benzolun molekulyar strukturu qapalı dairədən ibarətdir”.

Kekulenin bu kəşfi kimiyanın inkişafına yeni təkan verərək adı çəkilən sahədə yeni inqilaba gətirib çıxardı. Kekule bununla bağlı alimlərə müraciət edərək: “Cənablar, gəlin yuxuda gördüklərimizə ciddi yanaşaq və onu öyrənək. Onda biz daha böyük elmi kəşflərə imza atmış olacağıq”, – demişdi.

mendeleevMendeleyevin yuxusu ona şöhrət gətirdi

Elementlərin dövri cədvəlini kəşf edən böyük kimyaçı alim Dmitri Mendeleyev də buna görə yuxusuna borcludur. Mendeleyev elementlərin dövri cədvəlini tapmaq üçün çox çalışmış, ancaq buna nail ola bilməmişdi. Sonuncu dəfə 3 günlük gərgin axtarışdan sonra yorulmuşdu və başının ağrımasından şikayətlənməyə başlamışdı. Bunu görən alimin yaxın kimyaçı dostu A. A. İnostrantsev Mendeleyevə başının ağrımasının yorğunluqdan olduğunu söyləmiş və ona yataraq bir az dincəlməyi məsləhət görmüşdü. Amma yuxuya gedən kimi də Mendeleyev elementlərin dövri cədvəlini görmüşdü. Bununla bağlı Mendeleyev belə demişdi: “Mən yatan kimi yuxuda elementlərin necə düzüldüyünü gördüm. Dərhal yuxudan ayılaraq əlimə kağız aldım və ilişib qaldığım yerə tapa bilmədiyim həmin elementi qoydum.” Bununla da Mendeleyev elementlərin dövri cədvəlini taparaq dünya elmində ona şöhrət gətirən elmi kəşfə imza atmış oldu.

Nils Bor atomu kəşfinə görə peşman olmuşdu

1885-1962-ci illərdə yaşayan məşhur Danimarka alimi, atom fizikasının əsasını qoyan Nils Bor hələ tələbə ikən dünyanın elmi xəritəsini dəyişdirəcək elmi kəşflər etməyə cəhd edirdi. Bir dəfə o yuxuda gördü ki, “odla nəfəs alan” qatı qaz Günəşdədir və planetlər onun ətrafında fırlanır. O bu planetlərin hamısının hansısa nazik saplarla əlaqəli olduğunu gördü. Birdən qaz qatı kütləyə çevrildi, Günəşin və planetlərin həcmi də dərhal balacalaşdı. Nils Bor yuxudan oyanan kimi anladı ki, axtardığı atomun modelini tapıb. Onun sözlərinə görə Günəş nüvə, onun ətrafında fırlanan planetlər isə elektronlar idilər. Atomun modelini yuxuda görməsi və onun əsasında yeni elmi kəşfə imza atması Nils Bora dünya şöhrəti və Nobel mükafatı gətirdi. Sonralar Nils Bor atomun kəşfindən hərbi məqsədlər üçün istifadə edilməsinə qarşı çox mübarizə aparsa da, buna nail ola bilmədi. Borun bu kəşfi bəşəriyyəti hər an alt-üst etməyə qadir olan atom bombasının və digər dəhşətli silahların yaradılmasına gətirib çıxardı.

1873-1961-ci illərdə yaşayan digər Avstriya alimi, fizioloq, tibb və psixologiya üzrə Nobel mükafatına layiq görülən Otto Levi də elmi kəşflərini yuxuda görmüşdü. Otto Leviyə kimi tibb alimləri belə hesab ediridlər ki, impulslar orqanizmdə elektrik dalğası vasitəsi ilə hərəkət edirlər. Levi hələ tələbə ikən bununla razılaşmırdı. O iddia edirdi ki, əsəb impulslarının hərəkətinə kimya təsir göstərir. Amma o bunu sübut edə bilmirdi. 17 il bu sahədə axtarış aparandan sonra 1920-ci ildə Pasxa bayramı ərəfəsində yatan Levi yuxudan ayılaraq axtarışları ilə bağlı bir neçə qeyd etdi və yenidən yatdı. Yuxuda hansısa kəşfi etdiyini gördü, ancaq ayılanda onun şifrəsini tapa bilmədi. Ertəsi gün gecəyarı həmin yuxunu Levi yenidən gördü və dərhal da anladı ki, axtardığını tapıb. O yuxudan ayılaraq laboratoriyaya qaçdı və qurbağa üzərində yuxuda gördüyünü sınavdan çıxardı. Dərhal da müsbət nəticə aldı. Bununla da Levi əsəb impulslarının kimya əsasında hərəkət etdiyini kəşf etdi. Bu kəşf alimin Nobel mükafatı laueratı adı almasına gətirib çıxardı.

Bir sözlə əksər dahilər onlara böyük şöhrət gətirən elmi kəşflərə görə yuxularına borcludurlar. İnsan beyninin nə üçün yuxuda bu qədər dəqiq işlədiyi və nə üçün məhz yuxuda insana əsl həqiqətə gedən yolu tapmaqda kömək etdiyi isə günümüzdə belə tədqiqatçılar üçün sirr olaraq qalmaqda davam edir.