“Gəzdiyim ölkələrdə bayrağımızı dalğalandırmaqdan qürur duyuram”

0
347
“Gəzməyi çox xoşlayıram. Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan və Çexiyada olmuşam. Bundan sonra da hər il bir ölkəni gəzməyi planlaşdırıram. 
Dünya ölkələrini gəzmək insanın dünyagörüşünün formalaşmasında müstəsna rol oynayır”. Bunu bu yaxınlarda Çexiya Respublikasında olan “Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Şahmurad Yusifov səfəri ilə bağlı təəssüratlarını bizimlə bölüşərkən dilə gətirdi. Çexiyaya getməmişdən əvvəl internet vasitəsilə bu ölkə haqqında bəzi məlumatlar əldə etdiyini deyən Ş. Yusifov ora çatdıqları zaman başqa bir mənzərənin şahidi olduğunu bildirdi: “Mən dostumla birlikdə Çexiya Respublikasının paytaxtı Praqada oldum. Praqa yaşıllıqlarla əhatə olunan, eyni zamanda qədimliyini qoruyub saxlayan tarixi şəhərdir. Şəhərə gözəllik verən də elə yaşıllıqlar və tarixi binalardır”. “Gördüklərimə əsasən bu qənaətdəyəm ki, inkişaf baxımından Çexiya Azərbaycanla müqayisəolunmazdır. Azərbaycanımız, xüsusən də Bakı çox sürətlə inkişaf edir. Praqada isə, hələlik, durğunluq hökm sürür. Səfərimiz zamanı əldə etdiyimiz məlumata görə, Çexiyanın iqtisadiyyatının əsas gəlir mənbəyi avtomobil sənayesidir. Bu ölkə Avropada əsasən “Şkoda” avtomobilləri ilə məşhurdur”. Onun ən çox bəyəndiyi isə çexlərin nizam-intizamlı həyat tərzi olub: “Əvvəlcə, qeyd edim ki, Praqa çox sakit şəhərdir. Orada olduğum müddətdə avtomobil sürücülərinin siqnal verdiyini görmədim. Birmənalı olaraq, hər kəs yol-hərəkət qaydalarına riayət edir. Piyadaların, avtomobillərin, velosipedlərin ayrı hərəkət zolaqları var. Hətta velosipedlərin hərəkətləri belə, işıqforlarla tənzimlənir. Praqada ,demək olar, tıxac yoxdur. Vətəndaşlar isə əsasən yanacaq sərfiyyatı az olan avtomobillərdən istifadəyə üstünlük verirlər. Yollar isə 30-40 ilin yollarıdır. Bundan başqa, avtomobili olanın da, olmayanın da velosipedi var”. Ş. Yusifovun sözlərinə görə, Praqanın ictimai nəqliyyat vasitələri də təmiz və səliqəli saxlanılır: “Azərbaycanın ictimai nəqliyyat vasitələrində, demək olar ki, antisanitariyadır. Avtobuslar həftələrlə təmizlənmir. Amma Praqada bu məsələyə ciddi diqqət yetirilir. Həmçinin avtobuslar dayanacaqlarda düşənin və ya minənin olub-olmamasından asılı olmayaraq, mütləq dayanır. Bizdə isə bunun əksidir. Avtobusu özümüz saxladıb minirik, düşürük və s. Onu da qeyd edim ki, şəhərdə 1960-ci illərin tramvayları işləyir. Onların sürücüləri isə əsasən qadınlardır. Bu tramvaylara elə baxılır ki, elə bil zavoddan yeni çıxıb”.

“Küçədə rastlaşdığımız səfil bizi çox təəccübləndirdi”

Çexiyada olduqları müddətdə həmsöhbətimizi təəccübləndirən məsələlərdən biri də, Praqa  mağazalarında satışda çörəyin olmamasıdır: “Praqada hər mağazada çörək satılmır. Ərzaq məhsulları isə Azərbaycanla müqayisədə bahadır”. Çexiyalıların zamanı səmərəli dəyərləndirməsi məsələlərinə həssas olduqlarına diqqət çəkən müsahibimiz fikirlərini belə ifadə etdi: “Orada insanlar vaxtlarını daha faydalı dəyərləndirirlər. Demək olar ki, hər kəs kitab oxuyur. Praqa küçələrinin birində rastlaşdığımız səfilin bizimlə həm rus, həm də ingilis dilində sərbəst ünsiyyət qurması bizi çox təəccübləndirdi. Onun yanında çox sayda kitab vardı”. Çexiyada turizmin çox inkişaf etdiyini dilə gətirən Ş. Yusifov onların turistlərə münasibəti haqqında da danışdı: “Praqanın tarixiliyini qoruması, xüsusən də yaşıllıqlar şəhəri olması turistlərin bu şəhərə marağını artırır. Orada turistləri cəlb edən məsələlərdən biri də otellərin ucuz olmasıdır. Biz 5 ulduzlu oteldə qalırdıq. Səhər yeməyi də daxil olmaqla bir nəfər üçün 56 dollar ödəyirdik. Çexiyaya turistlər əsasən qonşu ölkələrdən gəlir. Çexiyalılar birmənalı olaraq bildirirlər ki, turistlərin gəlmələrinin tərəfdardırlar, amma onların uzunmüddətli qalmalarını istəmirlər”.

“Praqa gündüzlər sakit, gecələr isə səs-küylü şəhərdir”

Çexiyalıların alış-veriş işlərini də müşahidə etdiyini bildirən Ş. Yusifov öz qənaətini belə dilə gətirdi: “Onlar aylıq gəlirləri qədər və ondan az xərcləyirlər. Azərbaycanda isə bunun tam əksini müşahidə edirəm. Həmvətənlərimiz qazandıqlarından çox xərcləyirlər. Bunun da nəticəsidir ki, azərbaycanlıların əksəriyyətinin banklara borcu var”. “Praqa gündüz nə qədər sakit, səssiz şəhərdirsə, gecələr bir o qədər səs-küylü və təhlükəli şəhərdir”,- deyən müsahibimiz bunu çexiyalıların xüsusən gecələr spirtli içki qəbul etməyə maraqlı olmaları ilə izah etdi.

Müsahibimiz onu da bildirdi ki, hansı ölkəyə getsə, mütləq özü ilə Azərbaycan bayrağı da aparır: “Mən əvvəllər Türkiyəyə gedəndə Azərbaycan bayrağını da aparmışdım. Bayraqla şəkil çəkdirəndə yanıma çox sayda azərbaycanlı gəldi. Mən də özümün tək olmadığımı görüb sevindim. Ondan sonra hər yerə gedəndə özümlə bayrağımızı da aparıram. Rusiyaya gedəndə də özümlə Azərbaycan bayrağı aparmışdım. Orada bayrağımızla şəkil çəkdirmək istəyəndə ruslar  narazılıq etdilər. Azərbaycanlı olduğumu bilən Türkiyə vətəndaşları məni tək qoymadılar. Onlar da mənimlə birlikdə Azərbaycan bayrağı ilə şəkil çəkdirdilər. Bayrağımız hər yerdə milli kimliyimizdir. Gəzdiyim ölkələrdə bayrağımızı dalğalandırmaqdan qürur duyuram”.

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here