“Quba məzarlığında uşağını qucaqlamış qadın skeleti aşkar edilib”

0
469

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda anım tədbiri keçirilib. Bu barədə “Zaman-Azərbaycan”a İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımov məlumat verib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova anım tədbirini açaraq bildirib ki, XX əsrdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım aktları sırasında 1918-ci ilin martında baş vermiş qətliam öz miqyası və qəddarlığına görə xüsusi bir yer tutur: “2007-ci il aprelin 1-də İnstitutumuza xəbər daxil oldu ki, Qubada kütləvi məzarlıq aşkar edilib. İlkin qazıntılardan aydın oldu ki, skeletlər 1918-ci mart soyqırımının qurbanı olmuş azərbaycanlılara məxsusdur. Yazılı tarixi mənbələr, antropoloji tədqiqatlar bunu sübut etməkdədir. Mən heç unutmaram ki, Quba məzarlığında çalışan İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərliyi altında arxeoloji ekspedisiyaya növbəti dəfə baş çəkəndə çox dramatik bir hadisə baş verdi. Qazıntı sahəsindən uşağının qalıqlarını qucaqlamış qadın skeleti aşkar edildi, qadının gözlərinə mismarlar vurulmuşdu. Yəni, əyani olaraq biz erməni vəhşiliklərinin şahidi olurduq”.
M. Rəhimova bildirib ki, 1918-ci ilin mart soyqırımı barədə həqiqətləri bütün dünyada tanıtmaq üçün 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib və bununla da ilk dəfə həmin faciəyə siyasi və hüquqi qiymət verilib: “Prezident İlham Əliyevin bu yöndə apardığı uğurlu siyasət nəticəsində artıq dünyanın bir neçə ölkəsində seçkili qurumlar da Mart Soyırımına siyasi qiymət vermişlər. Məhz, 2009-cu ildə Prezident İ. Əliyevin imzaladığı sərəncamla Quba ərazisində memorial kompleks yaradıldı”.
M. Rəhimovanın təklifi ilə tədbir iştirakçıları bir dəqiqəlik sükutla XX əsrdə soyqırım qurbanı olmuş soydaşlarımızın xatirəsini yad ediblər.
Mövzu ilə bağlı AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev çıxışında deyib ki, mart soyqırımının dünyada tanıdılması erməni faşizminin əsil simasını ifşa etmək üçün təkzibedilməz tarixi və siyasi faktdır. İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev Quba məzarlığında arxeoloji tədqiqatlar zamanı erməni vəhşiliklərini göstərən faktlar barədə danışdı. Tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix elmləri namizədi Abuzər Ələkbərov çıxışlarında 31 mart soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşadılacağına, ermənilərin bəşəriyyətə qarşı cinayətlərinə gec-tez dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin veriləcəyinə inamlarını bildiriblər.
Tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev isə, nəsildən nəsilə ötürülən və ya yaşlı nəsil nümayəndələri arasında Bakıda və bölgələrdə mart soyqırımı barədə xatirələrin toplanmasına böyük ehtiyacdan və bu yöndə İnstitutun etnoqrafiya üzrə əməkdaşlarının apardığı uğurlu araşdırmalarından söz açdı.