“Sən sahib olursan, bu vətən batmayacaqdır”

0
430

Mehmet Akif Ərsoy ölkəmizdə yetərincə təbliğ olunmayıb. Çox təəssüf. O qədər təəssüf ki, onu bilməyən adam ədəbiyyatı bildiyini iddia eləməsin.
Mehmet Akifi dünya şeirinin zirvəsi hesab edənlər də var. Çoxları onu, sadəcə, Türkiyə Respublikasının dövlət himni mətninin müəllifi kimi tanıyır. Amma Mehmet Akif Ərsoy bir iman şairidir, istiqlal şairidir. Yazdıqlarının qaynağı Qurandır, Peyğəmbərimizin buyruqlarıdır, İslam aləminin itirdiyi gözəlliklərin yanğısıdır, dərdidir. Əruz vəzninin ən ağır bəhrlərində yazdığı şeirləri oxuyanda qulaqlarında ən nizami bir ordunun ayaq səslərini eşidirsən. Hər şeiri nizamla düzlənmiş bir ləşkər kimidir.
zaman.az xəbər verir ki, həyatı başdan-başa ibrətli hadisələrlə doludur, əxlaqı ilə yazdıqları üst-üstə düşür, ürəyinin demədiyini yazıya almayıb.
Dünyanın nicatını İslamda, Quranda görüb, bəşər oğlunu Allaha boyun əyməyə, həyatını Quranla inşa etməyə çağırıb. Quranın bəşər övladı üçün Nur olduğunu elan edir şeirlərində, onun üçün Quransız həyat zülmətdir.
Ömrü ehtiyac içində keçsə də, qışın ortasında əynindəki paltosunu çıxarıb bir yetimin çiyninə keçirəcək qədər fədakar, comərd birisi olub. Yazdığı şeir dövlət himninin qalibi olanda, bəlkə də, evində uşaqları ac idilər, amma bir ömür boyu hər cür ehtiyacına yetəcək qədər yüksək bir məbləği dövlətin xəzinəsinə bağışladı.
Ömrünün doqquz ilini həsr edərək Quranı Anadolu türkcəsinə çevirdi, çevirdiyini də nəzmə çəkdi. Ancaq elə ki, Türkiyədə “Allahu Əkbər” bəyanının yerinə “Tanrı uludur” mücərrədliyi qoyuldu, heç tərəddüd etmədən bütün yazdıqlarını yandırdı. Qorxdu ki, “Allahu Əkbər”i “Tanrı uludur”a dəyişən zehniyyət birdən onun kitabını da Quranın yerinə qoyar.
Bəzən şeirlərində son dərəcə üsyankar, çılğın görünür, amma onun dünyagörüşündə Allaha qarşı zərrə qədər də üsyan, etiraz yoxdur. Son həddə qədər gərilir və sən oxuduqca anlayırsan ki, burdan o tərəfə ya qırılmaq var, ya da imanın küfrə çevrilməsi. Bütün varlığı ilə gərilir və o gərilmiş anında dodaqları arasından alov dilimi kimi yüksələn fəryad məzlumun öz Rəbbinə yönəlib göz yaşları içində dərdlərini açdığı dua kimi səslənir. Diqqət edin:
İslamı qolundan tutacaq, qaldıracaq yox,
Haqsız yerə fəryad ediyor, acizə haqq yox.
Yetməzmi müsab olduğumuz bunca dəvahi,
Ağzım qurusun, yoxmusun ey Ədli-İlahi?
(Mənası: Müsəlmanlar İslamı yaşamırlar, kimsə İslamı qaldırıb həyatına tətbiq eləmir, aciz insan fəryad eləməsin, çünki haqqı yoxdur. Aciz – Allahın verdiyi iradədən imtina eləmiş adamdır, müsəlmansa mübariz olmalıdır, haqqını əldə eləmək üçün savaşmalıdır. Aciz, zülmə boyun əymiş insan əslində bütün haqlarını itirmişdir. Başımıza gələn bu qədər müsibətlər, dərdlər yetməzmi? Ağzım qurusun, ey Allahın ədaləti, hardasan, yoxsanmı?)
Mehmet Akif Allahın ədalətinə öz varlığından daha çox inanır. Amma İslam aləminin yaşadığı bu ağır günlərdə, adı müsəlman olan insanların acizliyi, ətaləti qarşısında bu qədər gərilir və “ağzım qurusun, hardasan ey Allahın ədaləti” deyə fəryad edir. Adamın dərdi nə qədər olarmış, İlahi! Siz hələ bu misralara diqqət eləyin:
Enməmişdir hələ Quran, bunu haqqıyla bilin,
Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün.
Bu günümüz üçün də ən aktual məsələlərdən biri deyilmi? Cəhalətin eyni görüntüsünü bu gün də hər yerdə müşahidə eləmirikmi? Allah-Taala kitab göndərib, oxunsun, oradakılar həyata tətbiq edilsin, yaşansın, insan özünü Quran layihəsi ilə inşa etsin deyə. Amma özünü müsəlman adlandıran cahillər Quran kimi misilsiz bir xəzinənin yanından nəsibsiz keçib gedirlər, beş yüz il əvvəl də belə olub, üç yüz il əvvəl də, elə indinin özündə də bir şey dəyişməyib. Mehmet Akif bu dərdin oduna yanır, beş yüz il əvvəlkinin də, müasirinin də, gələcək övladlarının da.
Mehmet Akif millətçi şair deyil, ümmətçi şairdir. Ona görə də hər müsəlmanı qardaşı bilir, onu hərəkətə, elmə, tərəqqiyə çağırır, “hər fərd öz məmləkətinin xilaskarı olmalıdır” deyir:
Sahibsiz olan məmləkətin batması haqdır,
Sən sahib olursan, bu vətən batmayacaqdır.
Ömrü boyu Haqq deyib yaşadı, tarixin təlatümlü bir mərhələsində, XIX əsrin 70-ci illərində doğuldu və bütün ömrü də təlatüm içində keçdi. Gözləri önündə yıxılan Osmanlının bütün ağırlığı, bütün dərdi sanki onun zəif çiyinlərinə düşdü. Osmanlıya xəyanət edənlər ona xəyanət etdilər, Osmanlı üçün canından keçənlər sanki onu ayaqda tutmağa çalışdılar… Haqq yoldan ayrılmadı, başı müsibətlər çəkdi, sürgünlər gördü, mühacirət həyatı yaşadı, Allahdan savayı kimsənin qarşısında əyilmədi, ehtiyac içində öldü, ailəsini səfalətdə qoyub getdi.
Bu imtahan dünyasında könlünü heç nəyə qapdırmadı, Allahdan və Rəsulullahdan başqa kimsəni sevmədi. İstərsəniz, şeirlərinə baxın, bu qədər dərdin yanına bir xanım sevgisi qoymaq mümkün deyil. O, bütöv bir dünyanın dərdini gəzdirirdi ürəyində, dərdi böyük olan kişilərin ürəyi də, ömrü də böyük olur, Mehmet Akif Ərsoy kimi. Onun adı dünya şeirinin şah misrasına yazılmağa layiqdir.

Mehmet Akif Ərsoydan seçmələr
Ey millət, oyan! Cəhlinə qurban gediyorsun!
İslamı da “batsın” deyə tutmuş yeniyorsun!
Allahdan utan! Barı burax dini əlindən!
Gir leş kimi topraklara kəndin, girəcəksən!
Lakin nə demək bizləri Allah ilə ishak?
Allahdan utanmaq da olur, elmlə… Heyhat!
***
Atiyi qaranlıq görərək əzmi buraxmaq!
Alçaq bir ölüm varsa, əminim budur ancaq!
Dünyada inanmam hani görsəm də gözümlə,
İmanı olan kimsə gəbərməz bu ölümlə.
***
Sanmayın, şevqi-şəhamətlə coşan bir qan var…
Bizdə leşdən daha hissiz, daha qoxmuş can var.
Baxmayın, həm tükürün çehreyi-murdarımıza,
Tükürün, bəlkə bir az duyğu gəlir arımıza.
***
Ey dipdiri meyyit, iki əl bir baş üçündür,
Tərpənsənə, əllər də sənin, baş da sənindir
***
Enməmişdir hələ Quran, bunu haqqıyla bilin,
Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün.
***
Sahibsiz olan bir vətənin batması haqdır,
Sən sahib olursan, bu vətən batmayacaqdır
Mən ağlamayım, kim ağlasın?
Mehmet Akif Ərsoy yazır:
Hər gün sübh namazını Sultan Əhməd məscidində qılırdım və hər dəfə də məscidin küncündə büzüşüb ağlayan bir nəfər diqqətimi çəkirdi. Elə dərindən, için-için ağlayırdı ki, görənlərin bağrı yanırdı. Eyni mənzərə gözlərim önündə dönə-dönə təkrarlanır və mənim marağım getdikcə artırdı.
Bir gün ona yaxınlaşıb təsəlli vermək istədim:
– Qardaşım, hər səhər sənin burda ağladığını görürəm. Nədir sənin dərdin, niyə bu qədər üzülürsən? Sən Allahın mərhəmətindən ümidini kəsmə. Günahın nə qədər olur olsun, Allahın mərhəməti sənin günalarınla müqayisə edilməyəcək qədər böyükdür. O, mərhəmətli Allahdır, bəndələrinin günahlarını əfv edər. Sən Ondan ümidini kəsmə. Bu qədər ağlayıb özünü üzmə.
İki gözlərindən sel kimi yaşlar axan bu ixtiyar adam üzümə baxıb belə dedi:
– Mən ağlamayım, kim ağlasın? Mən Sultan Əbdülhəmidin əmrində, Osmanlı ordusunda minbaşı idim. Cəbhədən-cəbhəyə, döyüşdən-döyüşə atılırdım, xidmətim yüksək mükafatlandırılırdı. Bir gün atam öldü. Neçə-neçə dükanımız, bağımız, tarlamız sahibsiz qaldı. Onları idarə etmək üçün ordudan istefa verməyi qərara aldım. Sultanın adına ərizə göndərdim. İstəyimə rədd cavabı gəldi, ikinci dəfə müraciət elədim. Sultan bu dəfə də mənim ordudan ayrılmağıma icazə vermədi. Nəhayət, bir yol tapıb onun hüzuruna çıxdım, vəziyyəti qısa şəkildə anlatdım və ayrılmaq istəyimdə qərarlı olduğumu dedim. Sultan məni dinlədikdən sonra çox üzgün halda əlinin ardı ilə “çıx” işarəsi verdi. Beləcə, istefamı aldım və atadan qalma mülkün, sərvətin başına keçdim.
Bir gecə qəribə yuxu gördüm. Gördüm ki, Allah Rəsulu İslam ordusunu yoxlayır. Arxasında da sevimli səhabələri və Sultan Əbdülhəmid dayanıb. Ordu hissələri nizam içində gəlib Peyğəmbərimizin önündən keçirdilər. Nəhayət, dağınıq, nizam-intizamsız, pərakəndə bir bölük gəldi. Diqqətlə baxanda tanıdım, mənim bölüyüm idi. Rəsulullah bu bölüyü görən kimi, üzünü çevirib: – Əbdülhəmid, bu nədir? – deyə soruşdu.
Sultan da Peyğəmbərimizin qarşısında bükülərək belə cavab verdi:
– Ey Allahın Rəsulu, bu bölüyün komandiri israrla ordudan ayrılmaq istədi, mən də məcbur qalıb istefasını imzaladım.
Rəsulullah Sultan Əbdülhəmidin bu cavabı üzərinə:
– Sənin istefasını imzaladığın əsgəri biz də öz ordumuzdan azad elədik,- buyurdu.
Bu yuxudan sonra dünya başıma dar oldu. Rəsulullah məni öz ordusundan xaric elədisə, mən kimin qapısına gedərəm, kimin bayrağının altına girərəm, kimdən şəfaət diləyərəm? Bu dünyada mənim qədər zavallı, nəsibsiz birisi varmı, qardaşım? Mən ağlamayım, bəs kim ağlasın? Əli Çərkəzoğlu