“40-50 yaşlarda olan bir işçi şirkətin müasir tələblərinə cavab verə bilmir”

0
363

Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da işsizlikdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Böyük bir qismi gənclərdən ibarət olan “işsizlər karvanı”na 40-50 yaşlı şəxslər də daxildir. Reallıq budur ki, Azərbaycanda çox zaman yaşları, iş qabiliyyətləri əsas gətirilərək orta yaşlı insanlar işə qəbul olunmurlar. Bu insanlar pensiya yaşları tamam olmadığı üçün məlum məsələdir ki, heç bir yerdən sosial müavinət almırlar. Kifayət qədər əmək qabiliyyəti olduğu halda, işə qəbul olunmayan bu insanlar öz ehtiyaclarını necə təmin etməlidirlər? Müəssisə rəhbərlərinin 50 yaşdan sonra insanları işə götürməmələrinə səbəb nədir?
“Özünü hərtərəfli yetişdirən bir insan 50 yaşında olsa belə, işsiz qalmayacaq”
Mövzu ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Qafqaz Universitetinin iş dünyası ilə əlaqələr üzrə prorektoru, dosent Təyyar Mustafayev burada təkcə yaş faktorunun rol oynamadığını bildirdi: “Bunun səbəbi şəxsi amillərdən qaynaqlana bilər. Bir insan 40 yaşına qədər özünü necə yetişdirib, karyerasını necə qurub, çox yerdə müxtəlif sahələrdəmi işləyib, yoxsa bir yerdə uzun müddət çalışıb, bütün bunların təsiri var. “Etdiklərimiz gələcəyimizin qarantıdır” düşüncəsindən yola çıxsaq deyə bilərik ki, görülən hər bir iş həmin şəxsin fəaliyyəti haqqında müəyyən fikir formalaşdırır. 40-50 yaşına gəlmiş bir insan özünə düzgün, sabit, eyni zamanda daim inkişaf edən, savadını artıran bir yol müəyyənləşdirirsə, onun gələcəkdə də iş tapması problem olmayacaq. Müşahidələrim göstərir ki, nəinki 50 yaşına çatan şəxs, hətta 35 yaşında olan birinin CV-də işlədiyi yer olaraq bir neçə müəssisənin adını göstərməsi onun üçün mənfidir. Çox şirkətdə az müddət fəaliyyət göstərmək işçi üçün yaxşı bir keçmiş deyil. Buna görə də hər bir insan işə başlayarkən həmin şirkəti araşdırmalı, oradan hansı faydaları əldə edəcəyini düşünməli və gələcəyini nəzərə alaraq addım atmalıdır. Özünü hərtərəfli yetişdirməyi bacaran insanın 50 yaşına gəldikdə belə işsiz qalacağını hesab etmirəm”.
T. Mustafayevin sözlərinə görə, 40-50 yaşda olan insanların əksəriyyəti müasir şirkət mədəniyyətinə uyğunlaşa bilmədikləri üçün şirkət rəhbərləri onları işə götürməkdə tərəddüd edirlər: “Azərbaycanda 50 yaşına çatmış insanların iş tapmaması onların yaş həddindən qaynaqlanmır. 40 yaşından yuxarı insanların bir növ müasir şirkətin tələblərinə cavab verməmə, standartlara uyğunlaşa bilməmə ehtimalı var, müasir metodlardan uzaq olduqları üçün müəssisə rəhbərləri onları işə götürməkdə tərəddüd yaşayırlar. Yəni burada əsas amil yaş faktoru deyil, müasir şirkət mədəniyyətinə, psixologiyasına uzaq olmaları səbəb göstərilir. Burada şirkətlərin haqlı olaraq yanaşdıqları başqa bir məsələ də var. Gənc yaşda olan bir işçi başqa şirkətin problemlərini, psixologiyasını özündə əks etdirmir. Yəni o insan qəlibləşməyib. Müəssisə rəhbəri bu insanı işə götürdüyü zaman o şirkətin prinsiplərinə, mədəniyyətinə, qayda-qanunlarına daha tez adaptasiya olur. Lakin 40-50 yaşında olan bir insan isə şirkətin idarə olunmasına, qaydalarına uyğunlaşmaqda çətinlik çəkir. Bu da şirkət rəhbərlərini narahat edir”.
“Yaşlı insanların potensialından istifadə edə bilmirik”
Sosioloq Əhməd Qəşəmoğlu qəzetimizə açıqlamasında yaşının əsas gətirilərək insanın işlə təmin edilməməsini doğru hesab etmədiyini bildirdi: “Bu problem bu gün Azərbaycanda aktual olan problemlərdən biridir. Hesab edirəm ki, təkcə 50 yaşında deyil, elə 70 yaşında olan insanların da kifayət qədər enerjisi var. Bu gün ABŞ-da 70 yaşı olan insanlar prezidentlik postu uğrunda mübarizə apara bilirsə, deməli, o hər hansı başqa sahədə də öz bacarığını nümayiş etdirə bilər. Azərbaycanda bu sahədə boşluqların olması 1990-cı illərdə ölkəmizdə böyük böhranlı hadisələrin yaşanmasından irəli gəlir. Bu sistemin təkmilləşməsi üçün müəyyən müddət tələb olunur. Artıq neft gəlirləri və digər sosial problemlər, demək olar ki, həll olunur. Hesab edirəm ki, digər sahələrdə olduğu kimi, humanitar və sosial məsələlər də həll olunmalıdır. Bu ölkə qarşısında duran mühüm vəzifələrdən biridir. Bu sahədə ciddi fəaliyyət proqramları hazırlanmalı, hansı iş yerləri açılmalı və qanunvericilikdə ediləcək dəyişikliklər nəzərə alınmalıdır. 50 yaşından yuxarı olan insanların əmək qabiliyyəti bütövlükdə Azərbaycan xalqının potensialıdır. Lakin biz bu potensialdan istifadə edə bilmirik”.
Sosioloq yaşlı insanların iş və həyat təcrübəsindən faydalanmağın cəmiyyətə müsbət nəticələr qazandıracağını dedi: “Bu cür insanlar nəinki maddi cəhətdən əziyyət çəkir, hətta psixoloji cəhətdən də zərər görürlər. Buna görə də həm ölkə olaraq bu problemin həllinə çalışmalı, həm də burada fəaliyyət göstərən xarici şirkətlərdən kömək almaq lazımdır. Azərbaycan xalqı həmişə ağsaqqalına dəyər verən bir millət olub. Cəmiyyətin müxtəlif sahələrində yaşlı insanların məsləhətindən istifadə etmək həm də təcrübəni artırmağın bir yolu hesab etmək olar. Bu insanların əksəriyyəti Rusiyanın müxtəlif şəhərlərində təcrübə qazanıb gəlmiş peşəkarlardır ki, onlardan indi də bəhrələnmək lazımdır. Bunun üçün xarici ölkələrin təcrübələrindən də faydalanmaq olar. Yaşlı bir insanı aparıb Qocalar evinə qoymaq əvəzinə, onun tələbələrlə görüşüb biliklərindən, həyat təcrübəsindən bəhs etməsi, onlara tövsiyələr verməsi hər iki tərəf üçün də müsbət nəticələr verər. Bir insanı müəyyən yaşa gəlib deyə cəmiyyətə yararsız hesab etmək, onun üstündən xətt çəkmək doğru deyil. Bu potensialdan doğru istifadə etməyin müxanizmini qurmalıyıq”.

Xəyalə Sadıqova