Göyə baxanla yerə baxanın nağılı

0
284

Dünyanın çox böyük, inkişaf eləmiş, böyük-böyük küçələri, meydanları, kənd meydanından böyük marketləri, başını qaldırıb baxanda papağın düşən hündür evləri olan bir şəhərdə bir kişi yaşayırdı. Bu kişi məktəbin birini qurtarıb, o birinə başlamışdı, onu da qurtarıb, bir başqasına girmişdi; oxuya-oxuya astronom olmuşdu. Bu astronom son dərəcə modern cihazlarla ulduzları seyr edir. Saysız-hesabsız fəza cisimlərinin daim hərəkətdə olduğu bu sonsuzluqdakı möhtəşəm bir nizam, misilsiz bir ölçü-biçiyə tamaşa edirdi. Bəzən saatlarla oturduğu yerdən qalxmır, kainatdakı bu incə düşünülmüş, mükəmməl nizam-intizamdan gözlərini ayıra bilmirdi. Saysız-hesabsız səma cisimləri daim hərəkətdədir. Hər biri də öz yolunu, öz işini bilən və tam dəqiqliklə yerinə yetirən məmur kimi öz yolunun, öz işinin üstündədir. Əgər bu nizam olmasaydı, kainatda dövr eləyən “vətəndaş”lardan biri öz yolunu azsaydı, baş verəcək xaosu, dağıntını təsəvvür eləmək belə mümkün deyil. Amma hər şey qaydasınca gedir, Yer kürəsindən qat-qat böyük səma cisimləri tapşırığını almış məmur kimi dəqiq işləyir, başqasının işinə qarışmır, kimsənin yolunu kəsmir, başqalarına əngəl olmur. Bütün bunları görən astronom hələ də təsadüf fəlsəfəsindən bəhs edirdi. Deyirdi ki, təbiətdə hər şey bir təsadüfün meyvəsidir, kainat özü böyük bir partlayışla yaranıb və hazırkı şəklə düşüb. O partlayışı da öz dilində demirdi, ingilislərin dilində deyirdi ki, savadlı olduğu bilinsin: “biq bənq”
Astronom bütün günü səmanı seyr eləyir, qeydlər edir, böyük-böyük məqalələr, kitablar yazır, universitetlərdə mühazirələr oxuyur. Atmosferdən, litosferdən, ozon qatının dəlinməsindən, yeni kəşf edilmiş planetdən, hansı planetdə həyat ehtimalı olmasından saatlarla danışır. O danışdıqca da adamlar diqqətlə qulaq asır, sonra da suallar verirdilər. Çoxlu pulu, geniş ev-eşiyi, bahalı maşını vardı, elmi işlər yazıb, alim adı almışdı, neçə-neçə ölkələrin “göyə baxanlar” cəmiyyətlərinə üzv olmuşdu. Hər il səyahətə çıxırdı, bir il Argentinaya, bir il Havay adalarına, bir il Misir ehramlarına, bir il Cənubi Afrikaya… Təyyarədən düşüb, təyyarəyə minir, dünyanı dolaşırdı. Hara getsə də axırda gəlib o böyük cihazın arxasında oturub göyləri seyr eləyir, nəsə yazır, qalın kitabları səhifələyib, bir şey axtarır, oxuyur, bir də baxır, bir də yazırdı. Adamın gözü göylərdə idi. İki dəfə evlənib-boşanmışdı, deyilənə görə, bir xanım həmkarı ilə oturub-dururdu, amma bundan sonra rəsmi nikaha girmək fikri yox idi. Birinci evlilikdən bir qızı vardı, anası ilə yaşayırdı. Hər ayın tamamında da bu astronom o qızının adına açdığı bank hesabına bir xeyli pul yatırırdı.
Qonşumuzda bir kişi var, adı Qələndər, naxırçıdır, özü də anadangəlmə şikəstdir, yeriyəndə ayağının birini çəkir. Gün doğmamışdan eşşəyin belində, dayanır kəndin ayağında, hamı da inəyini, camışını gətirib ona təhvil verib gedir. Qələndər dayı da mal-qaranı sürüb dağlara tərəf aparır, axşama qədər otarır, axşam olanda da gətirib ötürür kəndin ayağındakı meydana, heyvanlar da başını yelləyə-yelləyə üz tutur yiyəsinin qapısına. Fikir vermişəm, istər yay olsun, istər qış, Qələndər dayı həmişə evə gün batandan təxminən iyirmi-iyirmi beş dəqiqə sonra çatir. Çatan kimi də evdən adam çağırır:
– A bala, gəl bu eşşəyi apar bağla yerinə, namazımın vaxtı keçir.
Məktəb-filan görməmişdi Qələndər dayı. Lap körpə olanda atası da ölmüşdü, anası da. Heç qardaş-bacısı da yoxuydu, əminin, dayının himayəsində böyümüş, ağlı kəsəndən qoyun-quzu, naxır otarıb başını dolandırmışdı. O naxır-bu naxır, aradan qırx ildən çox zaman keçsə də, Qələndər dayının günü eyni cür başlayıb, eyni cür bitirdi. Dünya neməti adına nə qazanmışdısa da elə bu naxırçılıqla qazanmışdı, qonum-qonşunun köməyi ilə özünə bir ev tikmiş, evlənib oğul-uşağa qarışmışdı. Yoldaşını da özü seçməmişdi, dayısı arvadı məsləhət görmüşdü; o da razılaşmışdı, evlənəndən sonra bir-birini tanıyıb bəyənmişdilər. Adamın başının üstündə Allah var, gəlin də adam balası imiş. Səhər Qələndəri yedirib-içirib eşşəyə mindirər, günorta yeməyini də heybəsinə qoyub yola salar, axşam gün batmamış yemək-içməyi hazırlayıb, ərinin yolunu gözləyərdi. Onda stol-stul yox idi, yerdən qalın döşək sərər, Qələndərin qolunun altına qalın yastıqlar qoyardı ki, kişi rahat olsun. Su qızdırıb kişinin ayaqlarını yuyurdu ki, axşama qədər gəzməkdən yorulub. Mayıf ayağını da elə ehmallıca yuyub qurulayırdı ki, deyirdin bəs yenicə doğulmuş çağanı çimizdirir.
Beləcə, nağıl kimi bir həyat yaşadılar və bir də gördülər ki, yaş altmışı keçib. Altı uşaq böyütmüş, qızları köçürmüş, oğlanları evləndirib ayırmışdılar. Neçə eşşəkdən düşüb, neçə eşşəyə minmişdi, neçə nəsil mal-qara gəlib keçmişdi Qələndər dayının önündən, amma yenə hər axşam qonşudan:
– Ay uşaq, gəl bu eşşəyi apar bağla yerinə, namazım keçir. – səsini eşidəndə mən təxminən bilirdim ki, saat neçədir.
Bu Qələndər dayı o qədər sadə, başıaşağı adam idi ki, bir söz soruşanda deyərdi ki, a bala, mən cahil adamam, sən deyəni hardan bilim? Bir dəfə soruşdum ki, bəs cahil adamsansa, bu namazı niyə qılırsan. Elə bil, kişinin damarına toxundum, udqundu və udqunan kimi də elə bil tamam dəyişdi, bir əz əvvəlki Qələndər dayı getdi, yerinə bir başqası gəldi.
– Dur orda, başqasının namaz-niyazına qarışma. Mən cahil olsam da bilirəm ki, başımın üstündə Allah var.
İlk dəfə idi ki, həlimdən həlim, mülayimdən milayim Qələndər dayını bu qədər ciddi görürdüm.
Bəli, bu dünyanın hansısa şəhərində dəftər-kitab, hər cür zövq-səfa içində yaşayan bir astronom, bir də haradasa dünyanın ucqar bir kəndində bizim qonşumuz Qələndər dayı var. Astronom göyə baxır, Qələndər dayı yerə. Astronom da bir şeylər bilir, amma bir şeylər bilmir; Qələndər dayı da bir şeylər bilir, amma bir şeylər bilmir. Kim nəyi bilir, kim nəyi bilmir, daha bundan sonrasını biz bilmirik, Allah bilir.
Əli Çərkəzoğlu