“Səhiyyə verilişləri xalqın maariflənməsinə xidmət etmir”

0
345

Müasir dövrdə cəmiyyəti informasiyasız təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, cəmiyyəti formalaşdıran əsas amillərdən biri də mediadır. Xüsusilə, televiziyanın hazırlayıb insanlara ötürdüyü informasiyalar təsiretmə gücünə görə digər media sahələrindən fərqlənir. Belə ki, insanların həyatı ilə birbaşa və ya dolayı şəkildə əlaqəli olan məlumatlar onları daha çox cəlb edir. Televiziya xalqın kütləvi şəkildə maariflənməsini təmin edən əsas güc hesab olunur. Burada nümayiş olunan şoular, insanlara heç bir faydası olmayan məişət mövzularının müzakirəsi, gənc nəslin fikir dünyasına, tərbiyə edilməsinə heç bir müsbət təsiri olmayan xarici filmlər zaman-zaman cəmiyyətin psixoloji olaraq çökməsinə, milli-mənəvi dəyərlərin aşınmasına, itməsinə gətirib çıxarır. Televiziyanın əsas vəzifələrindən biri də cəmiyyəti maarifləndirməkdən ibarətdir. Bu məqsədlə telekanallarda hazırlanan müxtəlif verilişlər tamaşaçıların ixtiyarına verilir. Lakin çox zaman fayda verəcəyini düşündüyümüz addım insanlara zərər də verə bilir. Televiziya ekranlarında nümayiş olunan çal-çağırlı verilişlərlə yanaşı, səhiyyə ilə bağlı proqramlar da hazırlanır. Burada müxtəlif xəstəliklərin yaranma səbəbləri, əlamətləri, onların müalicəsi və s. haqda müzakirələr aparılır. Bəs, xüsusilə, səhər saatlarında yayımlanan bu verilişlər insanların psixologiyasına necə təsir edir? Bu cür proqramlar sırf maarifləndirmə xarakteri daşıyırmı?
“Xəstəlikdən bəhs edən verilişlər təşviş-həyəcan pozuntusu olan insanlara mənfi təsir edir”
“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bu cür verilişlərin xüsusi həssaslığı olan insanlara mənfi təsir göstərdiyini dedi: “Burada məqsəd insanları maarifləndirməkdən ibarətdir. Əgər verilişlər tamaşaçını düzgün istiqamətləndirə bilirsə, bunun, əlbəttə ki, müsbət tərəfləri var. Lakin bu cür verilişlər təşviş-həyəcan pozuntusu olan hipoxondriya xəstələrinə mənfi təsir edir. Yəni burada həkim hansı xəstəlikdən danışırsa, həmin adam elə bilir ki, sözügedən xəstəlikdən onda da var. Elə adamlar var ki, onlar il ərzində səbəbsiz yerə 7-8 dəfə həkim müayinəsindən keçirlər. Azərbaycanda da psixoloji hipoxondriyadan əziyyət çəkən insanlara sıx rast gəlirik. Bu tip insanlara xəstəlikdən bəhs edən verilişlərə baxmaq tövsiyə olunmur. Hətta nevroloq və ya psixiatrlar onlara dərman yazarkən dərmanın instruksiyasını oxumamağı məsləhət görürlər. Bu insanlar o qədər həssasdırlar ki, onun bütün detallarına baxır, onu incələyirlər. Belə olduqda isə onların vəziyyəti daha da pisləşir”.
“Bu verilişlər konkret həkimin və ya klinikanın reklamına həsr olunur”
Əməkdar jurnalist Məzahir Süleymanlı efirdə yayımlanan səhiyyə verilişlərinin daha çox reklam xarakteri daşıdığını dedi: “Televiziya kanallarında müxtəlif maarifləndirici verilişlərin, o cümlədən də səhiyyə ilə bağlı proqramların verilməsi təqdirəlayiq haldır. Nəticə etibarilə bu, insanların sağlamlığına xidmət edir. Amma narahatlıq doğuran məqam odur ki, bu verilişlərin, demək olar ki, böyük əksəriyyəti əhaliyə sağlamlıq haqqında məlumat verilməsindən daha çox, konkret hansısa həkimin və ya klinikanın reklamına həsr olunur. Burada Türkiyə, İran, Gürcüstan və hər hansı xarici ölkədən Azərbaycana cəlb olunmuş həkimlərin təbliği aparılır. Və bu həkimlər çox zaman əhaliyə tanış olmayan, Azərbaycanda həkim kimi ad-san qazanmayan, öz işi, əməli ilə xalqın keşiyində dayanmayan insanlar olurlar. Hesab edirəm ki, bu, yolverilməzdir. Azərbaycanda kifayət qədər öz işini bilən, əhalinin etimadını qazanan həkimlərimiz var. Əgər onlar efirə çıxıb öz zəngin həyat yolundan, peşə təcrübəsindən və indiyə qədər səhiyyə sahəsində qarşılaşdıqları hadisələri ümumiləşdirib maarifləndirici bir söhbət etsələr, eyni zamanda insanları tibbin müasir nailiyyətləri ilə tanış etsələr, daha faydalı olar”.
Bu cür verilişlərin səhər saatlarında yayımlanmasına gəlincə, M. Süleymanlı bunun elə də əhəmiyyət daşımadığını qeyd etdi. Onun sözlərinə görə, xalqın maariflənməsinə xidmət edən verilişlər günün istənilən saatında efirə verilə bilər.
Bəzən bu tip verilişlərdə ziddiyyət təşkil edən məsələlər də olduğunu vurğulayan əməkdar jurnalist dedi: “Belə ki, həkim piylənmədən, yağlı yeməyin zərərlərindən danışır, lakin digər masada yağlı yemək bişirilir. Bu da həkimin danışdıqları ilə üst-üstə düşmür. Tamaşaçı da baxıb düşünür ki, bir tərəfdə həkim yağlı yeməyin zərərlərindən danışır, digər tərəfdə isə yağlı yeməyin təbliği olur. Təbii ki, bunlar bir-birini tamamlasa daha yaxşı olar. Təkrar vurğulamaq istəyirəm ki, telekanallarda yayımlanan verilişlər qətiyyən tibbin, səhiyyənin təbliğinə, xalqın maariflənməsinə həsr edilmir. Onlar sırf həkimin, klinikanın reklamına xidmət edir. Bu da insanlarda Azərbaycanda tibbin inkişafına olan inamı azaldır”.
Xəyalə Sadıqova