“Mənə dedilər ki, bu mahnını oxuma…”

0
350

Müsahibimiz gənc və istedadlı müğənni Emil Bədəlovdur.
– Tamaşaçılar sizi “N brothers” qrupundan tanıdılar. Daha sonra isə solo ifaçı kimi fəaliyyətiniz davam etdi…
– Əslində mənim sənət fəaliyyətim daha əvvələ dayanır. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka bölməsini bitirmişəm. Eyni zamanda “Səyyah” rəqs qrupunda həm vokal, həm də rəqs üzrə solist olmuşam. Azərbaycanı bir çox ölkələrdə təmsil etmişik. Daha sonra Azərbaycan Dövlət Televiziyasında (AzTV) “Şən mozaika” verilişində aparıcılıq etməyə başladım. Məktəbi bitirdikdən sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetinin Musiqili komediya fakültəsinə daxil oldum. Elə ikinci kursda məni “N brothers” qrupuna dəvət etdilər. 4 il qrupda oxuduqdan sonra 2007-ci ildən solo fəaliyyətə başladım. Artıq 9 ildir ki, müğənnilik karyerama davam edirəm.
– Qrupdan ayrılıb solo ifaya başladığınız zaman çətinlikləriniz oldu?
– Çətinliklər, əlbəttə, olurdu. Çünki dayağım yox idi. Hər şeyin öhdəsindən özüm gəlməli idim. Amma şərtlər nə olursa olsun, Allah insanın yolunu açır. İlk mahnım “Saqqız” oldu. Sözləri və musiqisi Rüstəm Zeynallıya aiddir. Demək olar ki, solo müğənni kimi bu mahnı ilə tanındım. Bu mahnıya müsbət reaksiyalar gəlsə də, tənqidi fikirlər də az olmadı. Mahnının müzakirələrə səbəb olması elə məşhurlaşmasına da yol açdı.
– Bəlkə də tamaşaçı daha öncə bu cür məzəli mahnı eşitmədiyi üçün söz-söhbətlər yarandı…
– Düzdür. Belə mahnılar mən oxuduqdan sonra dəbə mindi. Hətta bu mahnını sənət yoldaşlarıma göstərəndə bəziləri mənə dedilər ki, bu mahnını oxuma, biabır olarsan, bununla da kitabın bağlanar. Lakin mən oxudum və bu mahnı həm sevildi, həm də məni yaddaşlarda möhkəmlətdi. Demək olar ki, məndən sonra müğənni Elçin “Şipşirin”, Ayaz Qasımov “Almalarınla” mahnılarını oxudu.
– Bəs bu mahnı sizə təklif olunanda onu oxuyub-oxumamaq barədə tərəddüdləriniz oldu?
– Mən ümumiyyətlə, bir az nadinc oğlan olmuşam. Enerjili olmuşam desəm, daha doğru olar. Bir gün Rüstəm məni çağırdı və dedi ki, belə bir mahnı yazmışam və o sənin xarakterinə daha çox uyğundur. Mən bu mahnını oxuyanda, doğrusu, heç bilməzdim ki, belə rezonans verər. Həmin mahnıya klip də çəkdirdim. Həmin vaxt saçlarım çox qısa idi və Castin Timberleykin (red-ABŞ-lı pop musiqiçi, aktyor) məşhur olan vaxtları idi. Məni ona oxşadırdılar. Düzü, maraqlanmadığım üçün heç onun kim olduğunu da bilmirdim. Sonra gördüm ki, məni hər yerdə Castin Timberleyk kimi qələmə verirlər, gah da Saqqız Emil deyirlər. Amma şükürlər olsun ki, bir ildə Saqqız Emili Emil Bədəlov etməyi bacardım.
– Sizi şou-biznesin qalmaqallarından uzaq görürük həmişə. Özünüzü bu dedi-qodulardan necə qoruyursunuz?
– Təbii ki, bu cür söz-söhbətlərdən özünü qorumaq üçün, ilk növbədə, insan özünə hörmət etməlidir. Çalışıram hamıya hörmət qoyum ki, müqabilində də hörmət qazanım. Amma elə insanlar var ki, onlar hörmət etməyi bacarmırlar. Onlara da heç vaxt yol vermirəm ki, mənə qarşı nəsə yanlış hərəkət etsinlər. İndi azalıb, lakin əvvəllər şou-verilişlərin hər süjeti qalmaqalla bağlı idi. Mənə nə vaxt deyirdilər ki, filankəs sənin haqqında bu sözü deyib, deyirdim, çox sağ olsun. Sonra həmin adamla üz-üzə gələndə məlum olurdu ki, heç o adamın söhbətdən xəbəri yoxdur. Deyilən sözü montajda kəsib-doğrayıb tamam başqa cür efirə verirdilər. Mən də onlara uyub cavab versəydim, onda düz olmazdı.

– Azərbaycanda toya getməyən müğənni nadir hallarda tapılar. Toy məclisi ilə səhnənin fərqli tələbləri var. Bunlar arasında özünüzü necə balanslaşdırırsınız?
– Səhnə ciddi yerdir. Toyda isə daha çox diqqətli olmaq tələb olunur. Çünki konsertdə hər kəs ayıq vəziyyətdə olur, amma toy içki olan bir məclisdir və dediyin hər hansı söz kimisə qıcıqlandıra bilər. Düzünü desəm, mənim üçün toy mühiti daha xoşdur, çünki orada canlı ifa var. Amma efirlərdə çox zaman canlı ifa imkanı olmur. Ürəyimizi ancaq toyda boşalda bilirik.
– Ümumiyyətlə, toy məclislərində ürəyinizcə olmayan mahnı sifarişi alırsınız?
– O qədər olur ki…
– Bu zaman reaksiyanız necə olur?
– Bu zaman mənim xanım ifaçım var, yolu ona verirəm, oxuyur. Sifarişdən də imtina etmək doğru deyil; toy yiyəsidir, ürəyi istəyib, hansısa mahnını eşitmək, oynamaq istəyir. Bizim borcumuz istəyi yerinə yetirməkdir. Amma elə mahnı olur ki, bayağıdır, mən oxumaq istəmirəm. Xanım ifaçı da bu işə baxır.
– Reallıq budur ki, Azərbaycanda müğənnilər bu sahədən pul qazana bilmirlər. Disk satışı isə demək olar ki, yoxdur. Müğənnilər pul qazanmaq üçün mütləq əlavə hər hansısa bizneslə məşğul olmalıdır…
– Bəli, real vəziyyət budur. Müğənni ya toya getməlidir, ya da nə isə əlavə işlə məşğul olmalıdır ki, gəlir əldə etsin. Mən də “Laundch” açmışdım. İşlər yaxşı gedirdi. Amma sonra xırda problemimiz oldu, oranın fəaliyyətini müvəqqəti olaraq dayandırdıq. Yenə də davam etmək fikrim var.
– Emil bəy, 2014-cü ildə həm də özünüzü aktyor kimi sınadınız. “Mən evə qayıdıram” filmində baş rollardan birini ifa etdiniz. Nə vaxtsa özünüzü aktyor kimi görürdünüz?
– Prezidentimizin sifarişi və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çəkildi bu film. Böyük büdcə ilə çəkilən bu filmdə Azərbaycanın qəhrəmanı Tərlan Seyidzadənin həyatından bəhs olunur və bu rolu canlandırmaq mənə həvalə olundu. Düzünü desəm, heç vaxt ağlıma gəlməzdi ki, Fuad Poladov, Yaşar Nuri kimi böyük aktyorlarla eyni filmdə rol alaram. Həm də bu bir tarixdir və belə böyük bir qəhrəmanın rolunu canlandırmaq mənim üçün böyük fəxrdir. İndi də seriallara dəvət alıram. Demək olar ki, incəsənətə aid hər işlə məşğul olmuşam.

– Bəs bu filmə təklif alarkən hansı hissləri keçirdiniz?
– İlk dəfə təklif gələndə mən elə bildim ki, epizodik bir rol üçün nəzərdə tutulmuşam. 130-140 nəfərin içindən seçilmişdim mən. Orada idmançı da vardı, model də. Mənim üstünlüyüm isə ondan ibarət idi ki, rus dilini yaxşı bilirdim. Həm də şəhid Tərlan Seyidzadəyə bənzərliyim çox olub. Mənə dedilər ki, get, sabah gəlib müqaviləni imzalayarsan. Mən də sevinirəm ki, belə bir filmdə epizodik də olsa rol veriblər. Heç xəbərim yoxdur ki, baş rolda oynayacağam. Artıq ssenarini oxuyanda gördüm ki, baş roldayam.
– Müsahibələrinizin birində “indi sənətlə, musiqi ilə maraqlanan yoxdur. İnsanlara şəxsi həyat daha maraqlı gəlir” demişdiniz. Sizcə, buna səbəb nədir?
– Bilirsiniz, bunu insanlara “maqazin” verilişləri aşılayıb. O qədər müğənninin şəxsi həyatını ön plana çıxarırlar ki, sənəti kölgədə qalır. Amma sənətə dəyər verən tamaşaçılar da az deyil. Onun tərbiyəsinə, davranışına görə dəyər verirlər. Elə insanlar da var ki, efirə çıxan kimi sırf evindən, avtomobilindən, ailəsindən danışır və özünü bu şəkildə önə çıxarır.
– Deməli, müğənni, sənətçi özü buna şərait yaradır?
-Bəli.
– “Səadət” adlı qrupunuz var. Fəaliyyəti davam edirmi?
– Bəli, davam edir. Bu, vokal instrumental ansamblıdır. 8 nəfər musiqici, bir nəfər xanım ifaçı və yaxın dostum Nazim də var qrupda.
– Belə bir qrup yığmaq fikri necə yarandı?
– Artıq 8 ildir ki, bu qrup var. Lakin ad fikirləşməmişdim. Bir gün verilişlərin birində soruşdular adı nədir? Mən də heç fikirləşməmişdim, elə birdən ağlıma gəldi, dedim ki, qızımın adını qoymuşam – “Səadət”. Əslində ansamblda minimum 30 nəfər olmalıdır. 8 nəfərlik ansambl deyil, qrup sayılır. Amma gördüm ki, elə 5 nəfər üzvü olan qrupa da ansambl deyirlər. Dedim, daha bu da olsun ansambl.
– Müğənnilikdən başqa, daha hansı sahədə peşəkar ola biləcəyinizi düşünürsünüz?
– Düşünürəm ki, təsərrüfat və restoran idarəçiliyi məndə yaxşı alınar.
– Atanız Namiq Bədəlov dövrünün tanınmış müğənnisi olub. Onun istedadını Şövkət Ələkbərova kəşf edib. Bəs sizin qabiliyyətinizi kim aşkar etdi? Yoxsa, bu irsi bir şeydi?
– Məncə, bu irsiyyətdən gəlir. Əslində mənim anam heç vaxt istəmirdi müğənni olum. Həm atam tez rəhmətə getdiyindən, həm də bu sahə bir az əziyyətlidir. Atamın arzusu idi ki, mən skripkaçı olum. Amma bu sahədə davam edəcəyimi bilmirdim. Abituriyent vaxtı II qrupa hazırlaşırdım. Amma imtahan vaxtı evdən xəbərsiz sənədlərimi İncəsənət Universitetinə verdim. Qabiliyyət imtahanına girdim və keçdim. İncəsənət Universitetinin Musiqili komediya fakültəsinin pulsuzuna düşdüm.
– Bəs ananız biləndə nə dedi?
– Əvvəl əsəbiləşdi. Amma indi arada deyir, sənə dedim oxu, belə ol, hansısa şirkətdə işlə. Lakin indi görürəm ki, fəxr edir. Bilirsiniz, mən bu sahədən çox da uzaq ola bilməzdim. Çünki müsiqiçi ailəsindən gəlirəm. Bu, qanda var.
– Deyirlər, ata oğlunun ilk qəhrəmanıdır. Sizin atanızla bağlı heç unuda bilmədiyiniz xatirəniz varmı?
– Atam rəhmətə gedəndə mənim 5 yaşım olub. Çox məqamlar yadda qalmır. Amma xatırladığım qədər atam bacımı məndən daha çox sevib. Mənə qarşı çox ciddi olub. Otur dediyi yerdən saatlarla qalx deməsə, qalxmazdım. Elə qorxurdum ondan.
– Həyatınızda elə məqam olub ki, atanızın sağ olub həmin anı görməsini istəmisiniz?
– Olub. İndi də olur. Amma ən çox məktəb vaxtı olub. Düzdür, anam tərəf, babamgil məni elə böyüdüblər ki, atalılardan daha az ehtiyac içində olmuşam. Lakin ataya həmişə ehtiyac var. Uşaq olanda sinif yoldaşının atası gəlib onu məktəbdən götürəndə istəyirsən ki, sənin də atan dalınca gəlsin. Təbii ki, o əskiklik həmişə hiss olunub.
– Həyatınızda 3 dəyərli xanım var; ananız, xanımınız və qızınız. Hər biri də fərqli statusda, fərqli yaşda, fərqli xarakterdədir. Onları razı salmaq sizə çətin olmur ki?
– Yoldaşım tez razılaşandı. Amma anamla mən və qızım eyni bürcdənik. Anamla da mən həmişə bir-birimizi “qırırıq”. Yaxşı mənada, təbii ki… (Gülür).
– Ana Səadətlə bala Səadət arasında necə bir Emil Bədəlov var?
– Təbii ki, ananın yeri başqa, övladın yeri başqadır və heç biri digərinin sevgisini üstələyə bilməz.
– Övladınız həyatınızda nələri dəyişdi?
– Məni daha məsuliyyətli etdi. Övlad sahibi olduqdan sonra öncəliklərin dəyişir. Atdığın hər addımı düşünməyə başlayırsan. Hər qərarında övladını, ailəni nəzərə alırsan. Ona daha gözəl bir həyat vermək üçün çalışırsan.
Xəyalə Sadıqova, Rasim Məmmədli