“Bel bağlama dollara…”

0
266

Milli valyutamızın dollara nisbətdə bu qədər devalvasiyaya uğraması heç birimizə təsirsiz ötüşmədi. Hamıya məlum bir məsəldə biri soruşur:
– Qardaşını tanıyırsan?
– Yox…
– Necə yəni, öz qardaşını niyə tanımırsan?
– Çünki yoldaş olmamışam…
Dollarla yoldaşlıq da elə bu məsələ bənzəyir. Onun yoldaşlığına indi bütün dünya belə deyir: “Bel bağlama dollara, salar səni yollara…”
Bu əhvalat əslində bizim üçün yeni bir şey deyil. Biz özünə yer edib, bizi bəyənməyənləri çox görmüşük.
Müstəqilliyimizin ilk illərində çoxları uzun müddət ayaq üstdə dura biləcəyimizə şübhə ilə yanaşırdılar. Bu gün, Allaha şükür, siyasi, sosial-iqtisadi inkişaf baxımından dünyada sayılıb-seçilən ölkələrdən biriyik. Bu səviyyəyə çatmağımızda üzləşdiyimiz problemlər müqabilində dolların nazı nədir ki?..
***
Dolların acığına biz çox işlər görə bilərik. Bilirəm, deyəcəksiniz ki, acıq eləmək yaxşı deyil. Bu haqda məşhur bir deyim də var: “Ortaqdan ayrılan ya özünü, ya da öküzünü öldürər”.
Bizə nə özümüzü, nə də öküzümüzü öldürmək gərəkdir. Sovetin başı “yenidənqurma”ya qarışdığı vaxtlarda Çin Xalq Respublikası haqqında rus mətbuatında geniş, maraqlı bir yazı oxumuşdum. Çində aparılan islahatlar nəticəsində kəndlilər sahib olduqları torpağı çox böyük həvəslə becərirdilər. Yazıda belə bir məqam var idi ki, kəndlilər dövlətdən aldıqları maddi-texniki dəstəklə yanaşı, göz yeri görəndən işə başlayıb, göz yeri görənəcən də çalışırmışlar. Zəhmətsevərliyimiz baxımından biz çinlilərdən heç də geri qalmırıq. Dövlətimizin xalqa və xalqımızın da dövlətimizə sədaqəti də sınaqlardan çıxmış bir həqiqətdir.
Dolların acığına daha inadkar olmalıyıq. İnadkarlığın ən gözəl nümunələrindən biri 1995-ci ildə ingilislərin çəkdikləri “Təpə qalxıb, dağ enən ingilis” (”The Englishman Who Went Up a Hill But Came Down a Mountain”) filmidir. Filmdə ingilis kartoqrafları Uels kəndinə gəlirlər. Ölçmə nəticəsində məlum olur ki, bu vaxta qədər dağ zənn etdikləri yüksəklik 283,464 metr hündürlükdə təpə imiş. Onun dağ olması üçün isə 304,8 metr olmalı imiş.
Kartoqraf bu faktı bildirəndə kənd əhalisi sarsılır, dilxor olur, qəzəblənir. Axı bu təpə həmin yerin ən məşhur mənzərəsi idi. Üstəlik, dedikləri bu dağ onları əsrlər boyu işğallardan qorumuşdu. Uzun müzakirələr və təkrar ölçmələrdən sonra məlum olur ki, təpənin hündürlüyü 299,9232 metr imiş və onun dağ adlandırılması üçün 4,572 metr çatmır. Kəndin sakinləri elliklə onların qürur mənbəyi olan bu təpənin yüksəldilməsi üçün xüsusi plan hazırlayırlar və torpaq daşıyıb təpənin yüksəkliyini dağ ölçüsünə – 304,8 metrə çatdırırlar. Bir sözlə, ingilis kartoqraflar əvvəl təpəyə çıxmalarına baxmayaraq, sonra dağdan enməli olurlar.
“El gücü, sel gücü” buna deyirlər. Dövlətimizin gördüyü tədbirlərlə birlikdə biz də, xüsusilə, kənd yerlərində torpağa münasibətimizi dəyişməliyik. Buna isə Allahın bizə bəxş etdiyi ən qiymətli nemət olan zamandan səmərəli istifadə etməklə başlamalıyıq. İngilislər vaxta bizim kimi “qızıl” deməsələr də, onun qədrini bilirlər və onlara görə, saat 8.45 bizdəki kimi saat 9.00 və ya 9.30 deyil.
İnsanın istifadəsinə ən çox verilən də zamandır, haqqında ən çox gileyləndiyimiz də odur. Tarix zamanı yaxşı dəyərləndirən böyük insan nümunələri ilə zəngindir. Napoleon cəmi dörd saat yatardı.
Bir nümunə də Franklindən götürək; Franklinin qəzet nəşriyyatının qarşısındakı dükandan onun kitabını almaq istəyən gənc kitabın qiyməti ilə maraqlanır. Satıcı kitabı bir dollara satdığını deyir. Alıcı: “Bir dollar?” – deyə təəccüblə soruşur və bu təəccüb dolu sualdan sonra kitabı bir az aşağı qiymətə almaq istəyir. Satıcı qiyməti aşağı sala bilməyəcəyini bildirəndə gənc, cənab Franklinin ofisdə olub-olmadığını soruşur. Satıcı onun ofisdə olduğunu, lakin çox məşğul olduğunu bildirir. Alıcı: “Mən onu görmək istəyirəm”, – deyə israr edir. Cənab Franklini çağırırlar. Gənc ondan kitabın ən aşağı qiymətinin nə qədər olduğunu soruşanda: “Bir dollar iyirmi beş sent”, – cavabına təəccüb edir.
– Bir dollar iyirmi beş sent! Niyə? Satıcı indicə mənə bir dollar dedi…
– Doğrudur, – Franklin deyir, – sizin yerinizə olsaydım, işimdən ayrılmaqdansa mən onu bir dollara alardım.
Alıcı təəccüblənsə də, qiyməti endirmək üçün daha bir cəhd edir:
– Yaxşı, mən kitabı ən aşağısı neçəyə ala bilərəm?
– Bir dollar yarıma, – Franklin cavab verir.
– Bir dollar yarım! Axı siz bu dəqiqə bir dollar iyirmi beş sent dediniz…
– Bəli, – Franklin soyuqqanlılıqla cavab verir. Sizin yerinizə olsaydım, indi bir dollar yarım verməkdənsə, kitabı əvvəlki qiymətə alardım.
Alıcı, zamanı istədiyi vaxt sərvətə və ya müdrikliyə çevirmək sənətinin ustasından unudulmaz bir dərs alaraq, dinməzcə pulu piştaxtanın üstünə qoyur və kitabı götürüb, dükanı tərk edir (Pushing Forward s. 63-64).
M. Faradey dostlarından birinə yazırdı: “İstədiyim bircə şey zamandır. Kaş müasir centlmenin boş saatlarını ucuz qiymətə ala biləydim. Vaxta, zamana yüksək qiymət verən insanlar nə qədər çox olsalar da, müasir dövrümüzdə ən çox israf olunan şey də zamandır. Artıq vaxt keçirmək, daha doğrusu, vaxt öldürmək üçün məkanların gündən-günə artdığını nəzərə alsaq, kəndlə şəhər arasındakı fərqin sürətlə azaldığını görərik.
Kənd dedikdə, gözümüzün önünə dərhal torpaq adamları, zəhmətkeş insanlar gələrdi. Bu insanlar sağlam bədənləri, geniş ürəkləri, dəmir əlləri, möhkəm əzələləri… ilə fərqlənərdilər. İndi kənd gəncliyi getdikcə torpaqdan uzaqlaşır. Balta, bel, yaba, dəryaz, kərki və s. kimi təsərrüfat alətləri tutmaqdansa, gənclərin boş-boşuna təsbeh oynadan, nərd və domino daşlarını şaqqıldadan, qız əlləri kimi yumşaq əlləri heç kənd cavanlarına yaraşmır.
Dolların acığına kənd gəncliyi öz dədə-baba əmanəti olan torpağa üz tutmalı, alınlarının təri, əllərinin qabarı ilə ölkəmizin bərəkətini artırmağa çalışmalı, bolluq yaradıb ixrac etməli, dolların bu gün at oynadan meydanını daraltmağa çalışmalıdırlar.
Təbii ki, gəncliyimizin bu işin öhdəsindən gələ biləcək potensial fədakarlığı da var. Bir epizod da bu gözəl xarakter haqqında oxuyaq, sözümüz havada qalmasın.
“Zaman”ın 24 dekabr 2015-ci il tarixli sayında oxuduğum fədakarlıq nümunəsində bir xanım yaşadığı əhvalatı danışır. 1919-cu il, İstanbul başdan-başa ingilislərin işğalı altında olduğu zaman boy-buxunlu cavan bir vəkillə nişanlanırlar. Xoşbəxt bir yuva qurmaq üzrə ikən məhəllədə dedi-qodu yayılır ki, həmin oğlan vəkil deyil, cami önlərindən tabut daşıyaraq dolanır. Hər şey alt-üst olur, nişan pozulur. Aradan beş il keçir. Xanım başqası ilə ailə qurur, bir övladı da olur. 1924-cü il, artıq ölkə azaddır. Bir gün xanım həmin oğlanla rastlaşır. Cavan bu görüşdən özünü itirmiş kimi olsa da, onu çox gözəl, ədəb-ərkanla qarşılayır, çay içməyə dəvət edir. Xanım razılıq verir, qapısında oğlanın adı yazılmış vəkil bürosuna daxil olurlar. İçəridə köməkçiləri öz işləri ilə məşğul idilər. Xanım soruşur:
– Siz, doğrudan da, vəkilsiniz?
– Əlbəttə.
– Yaxşı, vəkillik hara, cami önündən tabut daşımaq hara?
– Məni bağışlayın, – cavan duruxaraq, başını aşağı əymiş halda deyir, – İstanbul işğal altında idi. Hər şeydən şübhələnir, axtarırdılar. Anadoluya, milli qüvvələrimizə ancaq tabutla silah apara bilirdik. Bu, ölkə üçün həyati bir məsələ idi. Onu sizə belə deyə bilməzdim…
Burada ancaq “Sevgisini Vətən naminə qurban verməyi bacaranlara eşq olsun!” demək mümkündür.
***
Benjamin Franklin “Sərvətə aparan yol” (”The Way to Wealth”, 1758) əsərində yazır: “Ayaqları üstündə olan əkinçi dizləri üstündə olan centlmendən ucadır”. (A ploughman on his legs is higher than a gentleman on his knees.)… Gəlin, qalxaq və işə başlayaq, məqsədyönlü işə. Çalışqanlığımızla biz çox iş görə bilərik. Tənbəllik hər şeyi çətin, əməksevərlik isə hər şeyi asan edir. Yuxudan gec duran bütün günü qaçsa da, güc-bəla, gecə işinin öhdəsindən gələ bilər; lakin Tənbəllik çox yavaş yeriyir və Yoxsulluq tezliklə onu ötür. Sən işini idarə et, işinin səni idarə etməsinə imkan vermə; adamı sağlam, varlı və müdrik edən erkən yatmaq, erkən durmaqdır. …Uğurun anası çalışqanlıqdır və Allah zəhmətsevərliyə hər şeyi verir. Elə isə tənbəllər şirin yuxuda olduqları zaman sən dərin şumla, satmağa da, saxlamağa da taxılın olacaq. Sən “bu gün” adlanan zamanda işlə, çünki sabah sənə nələrin maneə olacağını bilmirsən. Bir bu gün iki sabaha dəyər” (Çevirmə müəllifindir – R. A.).
***
Milli valyutamızın layiq olduğu dəyərini tezliklə özünə qaytarmaq üçün milli birliyimizi daha da möhkəmləndirməliyik. Bu birlik, ilk növbədə, məmur-vətəndaş münasibətlərindən başlamalıdır. Məmurlar kreslodan aralanıb camaatın içərisinə daxil olmalı, onların problemləri ilə yerindəcə maraqlanmalıdırlar. Torpağını həvəslə şumladıb əkən kəndli biçindən gözlədiyi məhsulu niyə ala bilmir, sevinməkdənsə niyə məyus olur? Şumdan, tumdan xəbəri olmayanlar traktor sürür, əkinçinin son məhsulunu deyil, daha çox bu gün cibinə nə qədər gəlir girəcəyini düşünür. Uzaq olmayan keçmişdə şum işi ilə ən təcrübəli mexanizatorlar məşğul olardılar, onunla belə, tez-tez aqronomlar tərəfindən şumun dərinliyi, keyfiyyəti yoxlanılardı. Toxum dərdi bir ayrı problemdir. Növü, yeri-yurdu bilinməyən toxumu səpən əkinçi, əlbəttə ki, istədiyi məhsulu ala bilməyəcək. Bu vəziyyətlə bağlı bir tarixi həqiqətə də nəzər salaq: Avstraliya torpaqları buğda becərmək üçün o qədər də əlverişli deyilmiş. 1850-1900-cü illər arasında ölkədə taxıl istehsalı üçün bir çox işlər görülür. Onların arasında ən maraqlısı isə Kembric Universitetindən Vilyam Farrerin (William Farrer) Avstraliya şəraitinə uyğun buğda növləri yetişdirməsi idi. 1914-cü ilə qədər ölkə yalnız qoyun bəsləmək üçün yararlı olması ilə deyil, buğda becərən məkan kimi də tanınmağa başladı.
Allah Ona güvənərək, düz, halal, Onun rizasını qazanmaq üçün atılan hər addıma ağlımıza sığmayan dərəcədə bərəkət verir. Allah bizləri də bu yolda olmağın sevincini yaşayanlardan eləsin. Amin!
Rahib Alpanlı