Çoxuşaqlı anaların hansı hüquqları var?

0
1851

Azərbaycanda çoxuşaqlı anaların hansı hüquqları var? Sovet dövründən fərqli olaraq, indi ölkəmizdə çoxuşaqlı ailələrin sayı azdır. Hətta gənc, 3 uşaqlı ailələr görəndə təəccüblənirik. Sovet dönəmində isə ailələrdə, demək olar ki, ən azı 3 uşaq olardı. İndiki ailələrin çoxuşaqlılığa meyil göstərməmələrinin səbəbləri isə müxtəlifdir. Səbəblərdən biri də budur ki, ailələr maddi təminatı da nəzərə alaraq, 2-dən artıq uşaq dünyaya gətirməkdən imtina edirlər.
Müqayisə üçün qeyd edək ki, sovetlər dövründə dövlət əhalinin artımına nail olmaq üçün çoxuşaqlı ailələrə güzəştlər edirdi. Məsələn, onlara avtomobil, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilirdi. Analar “Qəhrəman ana” adı ilə xüsusi döş nişanları ilə də təltif edilirdilər. Həmin analar vaxtından əvvəl təqaüdə çıxırdılar. O vaxtlar nəinki kənd yerlərində, hətta şəhərdə də çoxuşaqlı ailələr yetərincə idi.
Bəs indi də bu imtiyazlar varmı? Çoxuşaqlı ailələrin sayı nə qədərdir? Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev “Zaman-Azərbaycan”a bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanı çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beşdən çox uşağı olan 3151 nəfər qadının 18 yaşına çatmamış 8984 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət təyin olunaraq ödənilir: “Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 190 nəfər çoxdur. Ümumilikdə, hazırda aylıq sosial müavinət alanların bir qismi də uşaqlı ailələrdən ibarətdir”.
Elman Babayev 2016-cı ilin yanvar ayının statistikası ilə bağlı məlumat verdi. O, qeyd etdi ki, respublikamızda 105 min 497 aztəminatlı ailə (453 min 372 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub: “Həmin ailələrin 29 min 598-i və ya 28 faizi tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı alan ailələrdə ailə üzvlərinin 216 min 529 nəfəri (47,7 faiz) yaşı 18-dək olan şəxslərdir ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin sayı 4824 nəfər təşkil edir. Qeyd olunan ailələrdə 5151 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq, aylıq sosial müavinət də ödənilir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanına əsasən, ölkəmizdə digər sosial müavinətlər kimi, həmin müavinətin məbləği də cari il fevralın 1-dən 10 faiz artırılıb”.
Çoxuşaqlı anaların əmək pensiyası hüququ haqqında məlumat verən Elman Babayev hər uşağa görə 1 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ olduğunu dedi: “Əmək pensiyaları haqqında” qanuna görə isə, beş və daha çox uşaq doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların əmək pensiyası üçün müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır.
Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların əmək pensiyası üçün müəyyən olunmuş yaş həddi də 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Həmin qanuna əsasən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda əmək pensiyası üçün müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır”.
Sonda məlumat üçün qeyd edək ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeydə alınıb. Bu rayonlardan olan üç “Qəhrəman ana”nın hər biri 17 uşaq dünyaya gətirib.
Rasim Məmmədli