Piri Rəisin xəzinəsi tapılacaqmı?

0
500

O, Osmanlı dönəminin ən böyük və məşhur dəniz komandanlarından biri hesab edilir və adı ətrafında yüz illər boyu əfsanələr dolaşmaqdadır. Bu da əsassız deyil. Onun adı gələndə dənizdə düşmən gəmiləri pərən-pərən düşər, onunla döyüşə girməyə cəsarət etməzdilər. Çünki bu məşhur dəniz qəhrəmanına döyüşdə qalib gəlməyin mümkün olmayacağını Avropada bilməyən yox idi. Bir sözlə, o, məğlubedilməz bir komandan kimi tanınırdı. Bu məşhur dəniz komandanının adı tarixə Piri Rəis kimi düşüb.
Piri Rəis kimdir?
Adı tarixə dünyanın ən məğlubedilməz hərbi dəniz komandanı kimi düşən Piri Rəisin əsl adı Mühiddin Piridir. O, Qaramanlı Hacı Əli Mehmetin oğlu, Osmanlının məşhur dəniz komandanlarından olan Kamal Rəisin bacısı oğlu idi. 14 yaşından həyatını dənizə bağlamış və qısa müddətdə məşhurlaşmışdı. Osmanlı donanması onun dönəmində dünya sularında nəzarəti tam şəkildə əlində saxlayırdı. Onun icazəsi olmadan hər hansı bir dövlətin gəmisinin okean sularında üzməsi mümkün deyildi. Amma qoca yaşında tale onun üzünə gülmədi. Hərbi dəniz səfərlərindən birində ətrafındakı bəzi adamların fitnəsinə uyaraq ələ keçirdiyi Hörmüz adasında talançılıqla məşğul olmağa başladı. Bundan sonra o donanmadakı əsgərləri evlərinə buraxdı. Buna görə də həbs edilməsi barədə hökm çıxarıldı və o, Misirdə tutularaq edam edildi. Edam edilərkən 80 yaşı vardı. Özündən sonra “Kitabi-Bahriyə” (“Dənizçilik kitabı”) adlı əsərini və Amerikanın yerini göstərən və indinin özündə belə dünya coğrafiyaşünaslarını heyrətə salan xəritəni yadigar qoyub. Məşhur dəniz səyyahı Kolumbun o vaxtlar cəmi bir neçə adama məlum olan xəritəsinin yardımı ilə Amerika qitəsini kəşf etdiyini, ancaq buna inanmayaraq ilk dəfə sahillərinə qədəm qoyduğu torpaqları Hindistan adlandırması ilə bağlı son 500 ildə dəfələrlə yazılıb. Kolumbun istifadə etdiyi xəritənin Şərqdən əldə edilərək Avropaya aparıldığı barədə yayılan məlumatları isə 1929-cu ildə Topqapı sarayındakı muzeydən tapılan bir xəritə də sübut etdi. Amerikanı göstərən və XV-XVI əsrə aid edilən bu xəritə üzərində dərhal Atatürkün göstərişi ilə araşdırma aparıldı. Bu zaman xəritənin məşhur türk dəniz komandanı Piri Rəisə aid olması sübuta yetirildi. İlk baxışdan elə görünürdü ki, o dövrdə əsl sensasiya yaradan bu xəritə Amerika qitəsinin kim tərəfindən kəşf edilməsi ilə bağlı bütün mübahisələrə son qoyacaq. Amma belə olmadı. Xəritə Qərbin coğrafiyaçı alimlərinin diqqətini o qədər cəlb etmişdi ki, 1953-cü ildə onun bir surəti təqdiq edilmək üçün ABŞ-a göndərildi. ABŞ-ın antik xəritələrin tədqiqi üzrə tanınmış alimləri M. İ. Valter və Arlinqton H. Malleryenin araşdırmaları daha da dünyanı heyrətə saldı. Belə ki, hər iki tədqiqatçının xəritə üzərində apardıqları araşdırmalardan sonra məlum oldu ki, ondakı coğrafi məkanlar olduqca dəqiq verilmişdir. Alimlərin fikrincə, bu dəqiqlik ancaq kosmosdakı aparatlar vasitəsilə əldə edilə bilərdi. Maraqlıdır, Piri Rəis 500 il əvvəl kosmik fəzaya necə çıxa bilərdi? Bu sualın cavabını tapmaq üçün tədqiqatçılar onun yazdığı “Kitabi- Bahriyə”yə müraciət etmişlər. O, əsərində xəritənin və kompasın ilk dəfə Həzrəti Süleyman tərəfindən hazırlandığını və özünün də dənizçilik və coğrafiya sahəsində çox şeyə qadir olduğuna işarə vurub. Qeyd edək ki, Piri Rəis Amerika qitəsinin xəritəsini oranı görmədən çəkib və qitənin flora və faunası barədə olduqca dəqiq məlumat verib. Sanki o, Amerika qitəsinin hər tərəfini bir neçə dəfə gəzib. Çünki qitə barədə bu qədər dəqiq məlumatı yalnız oranı görən və gəzən adam verə bilər. Hətta o, Amerika qitəsində əsən küləklər və onların istiqamətləri, həmçinin sürətləri barədə çox dəqiq məlumatlar verib.
Mətin Soylunun şübhələri
Tədqiqatçıların fikrincə, Piri Rəis Geliboluda anadan olub. Çox gənc ikən həyatını dənizçiliyə həsr edərək, bu sahədə qeyri-adi bilik nümayiş etdirib. Belə bir fikir vurğulanır ki, Piri Rəis özünə məxsus külli miqdarda xəzinəsini harada isə gizlədib və həmin sərvətin yerini ancaq hazırladığı xəritə ilə müəyyən etmək olar. Türkiyənin tanınmış tədqiqatçı yazarı Mətin Soylu bununla bağlı diqqəti çox maraqlı bir fakta cəlb edib. O xatırladıb ki, vaxtilə alman arxeoloqu Henrix Şlimann Troya xəzinəsini məhz Çanaqqalada olan qədim dövrə aid mənbələrə əsasən aşkar edib və sonra onu gizli yollarla ölkədən çıxarıb. Həmin xəzinəyə aid qiymətli sənət nümunələrinin müəyyən hissəsi hazırda Moskva muzeylərindən birində saxlanılır. Piri Rəisin də dənizdə əldə keçirdiyi xəzinələri özünə aid qalalardan birində, məsələn, elə Gelibolunun özündə saxladığını iddia edən Mətin Soylu bunu sübuta yetirmək üçün onun kitabına istinad edir. O bu kitabın Piri Rəis tərəfindən yonca yarpağı şəklində, özü də Kilitbahir qalasında yazıldığına diqqəti cəlb edərək qeyd edir: “Ola bilməz ki, Piri Rəis kitabını təsadüfən yonca yarpağı şəklində yazıb. Yonca yarpağı hansısa xəzinəyə və ya sirrə işarədir. Piri Rəis əldə etdiyi qənimətləri, adətən, bu qalaya gətirib və oranı özünün əsas yaşayış yerinə çevirib. Çox güman ki, Piri Rəis ona aid xəzinəni də bu qalanın altında və ya ətrafında gizlədib. Tədqiqatçı bununla əlaqədar daha bir maraqlı məqama da diqqəti cəlb edir. O, xəritə ilə Piri Rəisin kitabı arasında bir əlaqə olduğunu iddia edir. Soylu öz qənaətlərinin nə qədər doğru olduğunu yoxlamaq üçün Çanaqqala yarımadasına üz tutur və burada Piri Rəisin kitabını yazdığı Kilitbahir və Sultanbahir (Çimənli) qalalarına gedərək araşdırmalar aparmaq istəyər. O burada bir təsadüf nəticəsində Çanaqqaladakı Eceabadın qaymakamı (bizdəki rayon icra hakimiyyətinin başçısı vəzifəsinə uyğun gəlir- red.) Yaşar Qaradənizlə tanış olur. Qaymakam Soylunun istəyini anlayınca ona hər qalada araşdırma aparmağa razılıq verir. Amma Soylunun araşdırmaları baş tutmur. Belə ki, Kilitbahir qalasında “Nik-inşaat” adlı şirkət bərpa-təmir işləri aparmaq istəyirdi və bunun üçün müvafiq icazə də almışdı. Bunu görən Soylu çaşıb qalır. Çünki o, anlayırdı ki, qazıntılar zamanı Piri Rəisin xəzinəsi üzə çıxa bilər və bu sərvət də Troya xəzinəsi kimi gizlicə ölkədən aparıla və ya hansısa çirkinniyyətli adamlar tərəfindən mənimsənilə bilərdi. Özü də bu təmir-bərpa işləri qalanın xəzinə olduğu ehtimal edilən üç qülləsinin altında aparılmalı idi. Lakin qalada bərpa ərəfəsində Soylu oraya gələn KİV nümayəndələrinə bu işin yolverilməz olduğunu söyləyir və qeyd edir ki, qüllələrin altında ola bilsin ki, Piri Rəisin xəzinəsi gizlədilib. Soylu bu işin yalnız polisin nəzarəti altında aparılmasını tələb edir. Bunu görən şirkətin nümayəndələri Soylunu zorla qaladan çıxarırlar.
Kilitbahir qalasında bərpa işləri aparmaq kimlərə lazım idi?
Qaladan zorla çıxarılandan sonra Soylu anlayır ki, qalanın qazılması və ya onun bərpası adı altında müəyyən məqsədlər güdülür və bu, şübhəsiz ki, bu Piri Rəisin xəzinəsinin axtarılması ilə bağlıdır. Ona görə də bir daha ehtimallarının doğru olmasına əmin olmaq üçün o, xəritəni və kitabı dönə-dönə nəzərdən keçirir. Sonra Soylu gəldiyi qənaətlə bağlı dövlət adamlarına və alimlərə məlumat verir. Çünki “Kitabi Bahriyə”nin 4-cü cildinin 1783-cü səhifəsində hansısa gizlədilmiş xəzinədən bəhs edilib. Müəllif oxucuya məsləhət görür ki, bu kitabı diqqətlə oxu, xeyrini görərsən. Piri Rəis kitabda gizlətdiyi xəzinə və onun yeri barədə açıq şəkildə işarə vurur. Tədqiqatçı Soylu kitabı təkrar-təkrar oxuduqdan və onu xəritə ilə tutuşdurduqdan sonra xəzinə ilə bağlı məsələdə səhv etmədiyini bir daha yəqin edir. Bundan sonra o, yenidən qalaya gedərək bir daha orada tədqiqat aparır və həqiqətən də, xəzinənin Kilitbahir qalasındakı üç qüllənin ətrafında olduğu qənaətinə gəlir. Bundan sonra o, qalada bərpa işləri aparan Avstraliya şirkətinin fəaliyyəti və nə işlə məşğul olması ilə maraqlanır. Məlum olur ki, bu şirkətə lisenziya Avstraliya hökuməti tərəfindən faydalı metalların tapılması üçün verilib. Şirkət əvvəllər öz ölkəsində kosmosdan alınan görüntülər vasitəsilə faydalı metalların axtarışı ilə məşğul olub. Bütün bunlar Soylunun şübhəsini bir qədər də artırır. Necə olub ki, heç vaxt bərpa işləri ilə məşğul olmayan şirkətə , Kilitbahir qalasında xəzinə gizlədildiyi ehtimal edilən üç qüllənin yenidən qurulması tapşırılıb?

Bütün bunların arxasında kimlər və hansı qüvvələr dayanıb? Niyə Türkiyə Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı vaxtında tədbirlər görməyib? Bu suallara cavab vermək çətin olsa da, Soylu Kilitbahirdə aparılan müəmmalı bərpa işlərinin Piri Rəisin xəzinəsi ilə bağlı ola bilməsi barədə şübhələrini Türk Tarix Qurumuna, Çanaqqala valiliyinə və Mədəniyyət Nazirliyinə yazılı şəkildə məlumat verir. Mədəniyyət Nazirliyi onun bu məlumatı ilə bağlı  məsələnin araşdırılması ilə bağlı Çanaqqala valiliyinə göstəriş verir. Araşdırmalar zamanı məlum olur ki, Kilitbahirdəki bərpa işləri qismən də olsa başa çatdırılıb. Bərpa işləri ancaq vaxtilə əsgərlərin hərbi paradı üçün nəzərdə tutulan Namazgah adlı yerdə  davam etdirilirdi. Bərpada iştirak edən bəzi fəhlələrin verdikləri məlumatlara görə, Namazgahdakı qazıntılar zamanı orada mərmi və hərbi texnika aşkar edilib. Amma nədənsə tapılan hərbi sursat  heç kimə göstərilməyib. Çanaqqala Turizm İdarəsi yalnız onu bildirib ki, Kilitbahir qalasında aparılan bərpa işləri vəsait olmadığından tam başa çatdırılmayıb. Qalada bərpa işləri aparılarkən Piri Rəisin xəzinəsinin tapılıb-tapılmadığı barədə suala isə Çanaqqala Turizm İdarəsinin rəhbərliyi: “Sizin sualınız adamda gülüş doğurur”, – deyə cavab verib. Bu isə o deməkdir ki, həmin qurumun rəhbərliyi Kilitbahirdə xəzinə gizlədilməsinə ya inanmayıb, ya da bu məsələni düşünülmüş şəkildə başqa istiqamətə yönəldərək, diqqəti yayındırmağa çalışıb.

 

Xəzinə şübhəsi

Çanaqqala Turizm İdarəsinin Kilitbahirdə Piri Rəisin xəzinəsi olması barədə iddiaları şübhə altına aldıqdan sonra Mətin Soylu yanılmadığını sübuta yetirmək üçün yenidən arxivlərə üz tutur və o, Piri Rəis dövrünə aid digər sənədləri araşdırır. Bu zaman məlum olur ki, Piri Rəis Osmanlı dövləti tərəfindən donanma komandanlığına təyin edilərkən bildirib ki, ələ keçirdiyim torpaqlar Osmanlı dövlətinin olsun, həmin ərazilərdən topladığım qənimətlər isə mənim. Bu şərtlə bağlı dövlətlə Piri Rəis arasında yazılı anlaşma da imzalanıb. Həqiqətən də, dəniz komandanı olduğu vaxtlarda o ələ keçirdiyi torpaqları Osmanlının idarəçiliyinə verib, həmin ərazilərdən yığdığı qənimətləri isə Çanaqqaladakı Kilitbahir qalasına daşıyıb.  Məlumata görə, o, yalnız son səfərlərindən birində ələ keçirdiyi ölkədən üç gəmi yükü qənimət əldə etmişdi və həmin sərvəti də dərhal Kilitbahirə yığmışdı. Nəhayət, Soylu Piri Rəisin adı çəkilən qalada xəzinə gizlətdiyi barədə iddialarını tarixi sənədlərə əsasən sübuta yetirir. Amma məsələ bununla bitmir. Bu dəfə Kilitbahirdə xəzinə olmasını hər vəchlə inkar edənlər Piri Rəisə aid edilən xəritənin saxta olması barədə yeni iddialar qaldırırlar. Həmin iddialara cavab vermək məcburiyyəti qarşısında qalan Soylu yenidən Piri Rəis tərəfindən yazılmış kitaba və xəritəyə müraciət edir. O bu  məqsədlə həmin sahə üzrə tanınmış mütəxəssislərlə də görüşür. “Kitabi-Bahriyə”nin, həqiqətən də, Piri Rəis tərəfindən yazılıb-yazılmadığı araşdırılarkən məlum olur ki, 2 min səhifədən və 4 cilddən ibarət olan bu əsər dənizçilər kapitanına məxsusdur, yəni onun qələmindən çıxıb.

 

Xəritə saxtadırmı?

Soylu bundan sonra bütün diqqəti Piri Rəis tərəfindən hazırlandığı şübhə doğurmayan, lakin saxta ola bilməsi ehtimal kimi irəli sürülən qədim xəritəyə yönəldir. İş orasında idi ki, Piri Rəisə aid edilən xəritənin tanınmış səyyah Toskanellinin hazırladığı xəritə ilə eyni dövrdə ortaya çıxması istər Qərb, istərsə də türkiyəli bəzi araşdırmaçılarda şübhə doğurmuşdu. Onlar iddia edirdilər ki, guya Piri Rəis kimlərinsə vasitəsilə Toskanellinin xəritəsinin surətini əldə edib. Soylu bu şübhələri də aradan qaldırmaq üçün tanınmış xəttat Fuad Başardan özü və türk tarixi üçün xüsusi önəm daşıyan bu məsələnin araşdırılmasında və həqiqətin üzə çıxarılmasında yardım istəyir. Başar uzun araşdırmalardan sonra xəritə ilə “Kitabi- Bahriyə”nin eyni şəxsin qələmindən çıxdığı qənaətinə gəlir. O, Soyluya bildirir ki, xəritə və kitabdakı yazıları hərf-hərf, sözbəsöz tədqiq edib və onların eyni adam tərəfindən qələmə alınmasını heç kim inkar edə bilməz. Bu dəfə Soylu xəritənin Cənubi Amerikanı göstərən hissəsinin təkrar yoxlanmasını ondan xahiş edir. Çünki xəritənin Cənubi Amerika ilə bağlı hissəsindəki mətnlərin dili bir az qəliz gəlirdi. Sanki xəritənin bu hissəsini şərh edən mətnlər türk dilini bilməyən adam tərəfindən yazılmışdı. Doğrudan da “Kitabi-Bahriyə”dəki mətnlərlə xəritədəki Cənubi Amerika ilə bağlı yazılan mətn fərqli idi. Üstəlik, Cənubi Amerika ilə bağlı xəritədəki mətnlərdə avropalı dənizçilər, o cümlədən Xristofor Kolumb xeyli təriflənir, avropalıların mahir dənizçi-səyyahları olması xüsusi vurğulanır. Bütün bunlar da Soylunu və Başarı təəccübləndirmişdi. Çünki inanmaq çətin idi ki, Piri Rəis  dənizlərdə  tez-tez qarşılaşdığı və hər dəfə də məğlub etdiyi düşmənini belə tərifləsin.

Buna görə də Başar yenidən Cənubi Amerika barədə yazılan mətnləri Piri Rəis tərəfindən yazılması şübhə doğurmayan digər yazıları müqayisə edir və böyüdücü cihaz altında bu yazını yenidən nəzərdən keçirir. Yalnız bu zaman məlum olur ki, Cənubi Amerikadan bəhs edilən yazı  zorla seçiləcək dərəcədə başqa xətlə yazılıb. Bütün bunlara əsasən, Fuad Başar bu qənaətə gəlir ki, xəritəyə əlavələr sonradan edilib. Bundan məqsəd də xəritənin saxta olması barədə tədqiqatçılarda şübhə oyatmaq olub. Bəs bunu kim edib? Hələlik bu suala dəqiq cavab vermək mümkün deyil. Belə ehtimal edilir ki, Osmanlı sarayında Qərbə casusluq edən hansı bir şəxs bu tapşırığı çox məharətlə həyata keçirib. Fuad Başarın məsələ ila bağlı gəldiyi qənaəti, hələlik, nə Avropa, nə də Türkiyədəki tanınmış tədqiqatçılar şübhə altına almağa cəsarət etməyiblər.

Digər tərəfdən, Fuad Başar kitab və xəritənin hansısa xəzinə ilə bağlı olması ilə əlaqədar ehtimalların həm doğru ola, həm də doğru ola bilməyəcəyini söyləyib. Lakin  Başar bir məsələdə qətiyyətli mövqe nümayiş etdirib. O deyib ki, xəritə və kitabın xəzinənin yerini  nişan verib-verməməsindən asılı olmayaraq, Piri Rəisin xəzinəsini onun özünə yaşayış yeri seçdiyi Çanaqqalada axtarmaq lazımdır. Soylu isə bununla kifayətlənmək istəməyib. O, xəritənin və kitabın kriminalistlər tərəfindən araşdırılmasına nail olub. Məlum olub ki, həqiqətən də, xəritəyə sonralar xüsusi əlavələr edilib. Soylu yalnız bundan sonra xatırlayıb ki, 1929-cu ildə Topqapı sarayındakı muzeydən tapılan bu xəritə üzərində ilk araşdırmanı alman professoru Kahle aparıb. Kahle o dönəmdə Topqapıda saxlanılan qədim dövrə aid edilən sənət əsərləri üzərində tədqiqat aparıb. Ola bilsin ki, xəritə üzərinə edilən əlavələrdə alman professorunun  da əli olub. Amma bunun sübuta yetirilməsi çox çətindir. Digər bir ehtimala görə isə, xəritəyə Qanuni-Süleyman dövründə (xəritə saray muzeyinə verilərkən) əlavələr edilib. Bütün bunlara baxmayaraq, xəritənin Piri Rəisə aid olduğu və ona sonradan edilən əlavələrin bu xəritəni şübhə altına almaq üçün edildiyi artıq heç kimdə şübhə doğurmur. Xəritəyə edilən əlavələr barədə mübahisələrlə eyni vaxtda Piri Rəisin öz xəzinəsini harada gizlətdiyi barədə çəkişmələr davam edir. Onu da deyək ki, Piri Rəisin övladı olmayıb və o, əldə etdiyi qənimətləri harada gizlətdiyini ən yaxın qohumuna belə etibar edib deyə bilməzdi. Görəsən Piri Rəisin xəzinəsi Kilitbahirdə aparılan bərpa işləri zamanı tapılıbmı? Əgər tapılmayıbsa, bu sərvət haradadır?  Bu suallara yəqin ki, tez-gec cavab tapılacaq.
Əziz Mustafa