Elman Rüstəmovun “fəndi”…

0
314

Mərkəzi Bankın sədri yenə devalvasiyadan danışıb. Deyib ki, növbəti devalvasiya gözlənilmir. Elman Rəstimovun bu açıqlaması əhali arasında ciddi narahatçılıq yaradıb. Bu narahatçılığı sosial şəbəkələrdə yer alan fikirlərdən də açıq şəkildə görmək olur. Təkcə sadə insanlar deyil, mütəxəssislər də növbəti devalvasiyadan danışmağa başlayıblar. Hesab edirəm ki, insanlar tamamilə haqlıdırlar. Elman Rüstəmovun “devalvasiya olmayacaq” açıqlaması növbəti devalvasiyanın xəbərçisi ola bilər. Çünki Mərkəzi Bankın sədri bundan əvvəl iki dəfə bənzər açıqlama verib və hər iki halda da manat kəskin şəkildə dəyərdən düşüb. Elman Rüstəmovun ötən ilin 21 fevral və 21 dekabr tarixli devalvasiyalarından əvvəl manatın kəskin şəkildə ucuzlaşmayacağı ilə bağlı verdiyi açıqlamaları qəzetimizin baş yazısı etmişdik. Qısa müddətdən sonra manat ucuzlaşmışdı. Hətta buna görə bəzi oxucularımız bizə irad bildirmişdilər ki, niyə bu cür məlumatları qəzet səhifəsinə çıxarıb insanları çaşdırırsınız. Əlbəttə, aydın məsələdir ki, burada bizim heç bir günahımız olmayıb. Biz sadəcə olaraq Mərkəzi Bank sədrinin ağzından çıxan sözləri tirajlamışdıq. Amma buna baxmayaraq hesab edirəm ki, oxucular öz iradlarında müəyyən qədər haqlıdırlar. Ən azından Elman Rüstəmovun ikinci devalvasiyadan əvvəlki açıqlamasını verməməliydik. Çünki biz bir dəfə Mərkəzi Bank sədrinin “yalançısı” olmuşduq. İkinci dəfə bunu etməməliydik. Amma gec də olsa “səhvimizidən” nəticə çıxartdıq. Şəxsən mən Elman Rüstəmovun devalvasiyanın olmayacağı ilə bağlı verdiyi açıqlamaya inanmıram. İnanmamağımın səbəbi təkcə bundan əvvəl verilən açıqlamaların həqiqətdən uzaq olması ilə bağlı deyil. Devalvasiyanın olmayacağı ilə bağlı fikirlərə həm də ona görə inanmıram ki, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərdə kifayət qədər ziddiyyətli məqamlar və həqiqətdən uzaq məlumatlar var. Xatırlayırsınızsa, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Həmin tarixdən sonra manat sürətlə ucuzlaşdı. Hətta yanvarın ilk günlərində 1 dollar 1 manat 80 qəpiyə qədər bahalandı. Belə olan təqdirdə Mərkəzi Bank üzən məzənnə rejiminə keçdiyini bəyan etməsinə baxmayaraq, valyuta bazarına müdaxilə edərək 4%-lik marja tətbiq etdi. Bu azmış kimi valyuta məzənnəsini bir gün əvvəldən elan etməyə başladı. Halbuki Mərkəzi Bankın rəsmi saytında yerləşdirilən terminlər lüğətində qeyd olunur ki, üzən məzənnə rejimində məzənnə valyuta bazarında tələb-təklif əsasında, heç bir müdaxilə olmadan formalaşır. Mərkəzi Bank yalnız fövqəladə hallarda valyuta bazarına müdaxilə edir. 4%-lik marjanın tətbiqi və valyuta məzənnəsini bir gün əvvəldən elan edilməsi onu göstərir ki, ya Mərkəzi Bank açıq-aşkar bazara müdaxilə edir, ya da valyuta bazarında fövqəladə vəziyyət yaranıb. Başqa bir ziddiyyətli məqam həyata keçirilən valyuta hərracları ilə bağlıdır. 19 fevral tarixində Mərkəzi Bank bəyan etdi ki, valyuta hərracına 200 milyon dollar vəsait çıxarılıb və 11 bank tərəfindən 23,85 milyon dollar vəsait satın alınıb. Buradan belə göründü ki, bazarda dollara tələbat ciddi şəkildə azalıb. Ancaq bir-neçə gündən sonra, 24 fevral tarixində Mərkəzi Bank bəyan etdi ki, hərraca 30 milyon dollar vəsait çıxarılıb. Ancaq hərracda iştirak edən 14 bankın məcmu tələbi 66,7 milyon dollar olduğu üçün sifarişlər tam təmin olunmayıb. Yəni dollara tələb artıb və Mərkəzi Bank bu tələbi qarşılaya bilməyib. Bu da haqlı olaraq əhali arasında ciddi narahatçılığa səbəb olub. Ardı-arda baş tutan 2 hərrac arasında bu qədər kəskin fərqlər var, insanlar təşvişə düşüb, ancaq Mərkəzi Bank açıqlama verməyi düşünmür. Bu azmış kimi dünən baş tutan valyuta hərracında 24 banka 50 milyon dollar məbləğində vəsaitin satıldığını açıqlayıb. Ancaq hərraca nə qədər vəsaitin çıxarıldığı, tələbin nə qədər olduğu barədə heç bir məlumat verilməyib. Buradan isə belə nəticəyə gəlmək olur ki, dollara tələb artıb və Mərkəzi Bank bu tələbi ödəyə bilmir. Çünki bunun əksi olsa rəqəmləri gizlətməyə ehtiyac qalmazdı. Necə ki, dünənə qədər buna ehtiyac olmayıb. Bütün bunlar isə onu göstərir ki, ötən bir il ərzində baş verən 2 devalvasiyadan sonra Mərkəzi Bank və onun sədri heç bir nəticə çıxarmayıb. Yenə də insanları bu cür “fəndlərlə” yola vermək istəyirlər…

Allahverdi Cəfərov